Elektron ədəbiyyat və sənət portalı

“Mənə düşünməyi məhz bu kitab öyrədib” - SORĞU

Bölmə: Sorğu 08.05.2017

Hələ lap uşaq vaxtlarımızda oxuduğumuz hansısa bir əsər, ömrümüz boyu bizə yol yoldaşlığı edir, çətin, mürəkkəb durumlardan çıxmağımız üçün ən inamlı bələdçimiz olur, dünyagörüşümüzün, şüurumuzun formalaşmasında əsaslı rol oynayır, bəzən isə hətta həyatımızı belə dəyişir. Heç şübhəsiz, sənət, qələm adamlarımızın da mütaliə təcrübəsində belə kitablar olub. Odur ki, bu suala – “hansısa bir əsərin həyatınıza təsiri olubmu?” sualına aydınlıq gətirmək məqsədilə onlara müraciət etdik.

 

Salam Sarvan - şair:

Deyəsən, belə köklü hal olmayıb. Uşaqlıqda, cavanlıqda, bəlkə də, mənə ötəri təsir eləyən obrazlar olub, amma yəqin ki, yaşantılarımda iz buraxmayıblar. Hər halda, elə bir şey xatırlamıram. Son dövrlərdəsə, ümumən, bədii əsəri oxucu zövqüylə oxumuram. Yəni romanda süjeti, personajın taleyini izləmirəm, yalnız müəllifi izləyirəm ki, görüm, hansı yaradıcı labirintlərdən, hansı təfəkkür qatlarından, hansı yazı texnikasından keçir, hardan hara və necə gəlir. Ona görə də, hansısa əsərin hansısa qayəsinin mənim taleyimə təsir etməsi mümkün deyil.


Vilayət Hacıyev – tərcüməçi:

Mənim düşüncəmdə köklü dəyişiklik edən əsər Herman Hessenin “Yalquzaq” romanı olub. Düzdür, bu əsəri tələbə vaxtı oxumuşdum, amma o zaman əsəri tam mahiyyəti ilə dərk etməmişdim. Amma ədəbiyyatın dərinliklərinə varandan, yazıçının başqa əsərləri və bioqrafiyası ilə tanış olandan sonra fikrim dəyişdi və hətta onu Azərbaycan dilinə tərcümə elədim. Hərçənd, təvazökarlıqdan uzaq da olsa, qeyd edim ki, xeyli əvvəl Erix Mariya Remarkın “Zəfər tağı” mənim tərcüməmdə çox bəyənilmişdi, hətta bundan sonra məni SSRİ Yazıçılar Birliyinə üzv qəbul etmişdilər. Bu mənada peşəkar taleyimi, belə demək olarsa, “Zəfər tağı” müəyyənləşdirib, amma içimi, qəlbimi, dünyagörüşümü dəyişən “Yalquzaq”dır.

 

Şərif Ağayar - yazıçı:

Quran, təsəvvüf və buddizm haqqında kitablar həyatımı tam olmasa da xeyli dəyişə bilib. Quranın üstünə çoxlu suallarla getmişdim və xeylisinə də cavab tapıb mənən rahatlandım. Təsəvvüf bütün Şərq poeziyasına, aşıq-irfan şeirinə münasibətimi dəyişdi, dünyanı anlamağıma kömək etdi. Buddizmlə tanışlığımın tarixçəsi uzun deyil. Orada da dərin ruhani dinclik tapdım. Ədəbiyyatda isə mənə əsaslı təsir edən çoxlu müəlliflər var: Nizami, Füzuli, Şekspir, Servantes, Hüqo, Kafka, Folkner, Aytmatov, Pamuk və s.

 

Bəhram Osmanov - rejissor:
Təbii ki, sənətimlə bağlı mən əsasən pyeslər oxuyuram. Polşa dramaturqu Tadeuş Slobodzyanekin “Sinif yoldaşları. Tarixin 14-cü dərsləri” pyesi ilə tanış olduqdan sonra müasir ədəbiyyata münasibətim dəyişdi. Bu əsərdəki qəddarlıq, fanilik hissi məni sarsıtsa da, sonda mərhəmət qalib gəlir. Yaxın vaxtlarda teatrda bu əsərin məşqlərinə başlayacağıq. İnanıram ki, bu, təkcə mənim rejissuramda yeni mərhələ olmayacaq, həm də aktyorların və tamaşaçıların şüuruna, onların dünyagörüşünə və deməli, həm də həyatına təsir edəcək. Bundan əvvəl İsveç dramaturqu Lars Nurenin “Müharibə” pyesi də mənim ədəbiyyata münasibətimi sözün yaxşı mənasında silkələmişdi. Amma lap əvvəldən götürsək, yəqin ki, məni ən çox heyrətləndirən əsər Dostoyevskinin “Cinayət və cəza”sı olub.

 

Mahir Qarayev – şair:

Həyatımı deməzdim, amma yeniyetməlik dövründə oxuduğum iki kitab həyata baxışımı və düşüncə tərzimi dəyişib. Bunlardan birincisi – Cek Londonun “Martin İden” romanı olub. Onda mən doqquzuncu sinifdə oxuyurdum. Bu yaşımda yəqin ki, roman mənə həmin o təsiri göstərə bilməzdi, amma o vaxt yaxşı mənada sarsılmışdım. Yeri gəlmişkən, bir məsələni də deyim ki, hansısa kitabı vaxtında oxumaq lazımdır. Bu mənada, bir sıra çox güclü əsərlər bizim həyatımızda vacib rolu ona görə oynaya, bizə ona görə lazımi təsiri göstərə bilmir ki, onu ya çox tez, ya da çox gec oxumuşuq. Hesab edirəm ki, məhz vaxtında, Universitetin ikinci kursundaykən oxuduğum üçün müsbət təsirini gördüyüm ikinci kitab Ernest Heminqueyin “Əcəl zəngi” romanı olub. Mən düşünməyi, daha doğrusu, qərar verməyi, çıxılmaz vəziyyətlərdən çıxış yolu tapmağın sirrini məhz bu kitabdan öyrənmişəm.