Elektron ədəbiyyat və sənət portalı

Flober “Madam Bovari”ni necə müdafiə etdi?

Bölmə: Beynəlxalq 01.05.2017

Fransa ədəbiyyatı üzrə dünyanın ən zəngin kolleksioneri Jin Bonna bəzi tarixi məktublar, gündəliklər və kitabları satışa çıxarıb. Kolleksiya üç milyon avro məbləğində dəyərləndirilsə də, satışın sonunda qiymətin artacağı ehtimal edilir. Fransa dahilərinin sirlərini əks etdirən qiymətli əlyazmaların satışına aprelin sonunda, Parisdə start verilib.

Kolleksiyaya Qustav Floberin öz naşirinə və Marsel Prustun kirayə qaldığı ev sahibinin oğluna yazdığı məktublar, eləcə də Viktor Hüqonun ruh çağırma seanslarına məftunluğunu təsvir etdiyi gündəliklər daxildir.

Kollkesiyaçıların diqqətini daha çox Floberin öz naşirinə yazdığı məktubda (1857) ədəbsizlikdə suçlanan romanını – “Madam Bovari”ni müdafiə etməsi olub. Müəllif yazır: “Mən bu əsəri gənc qızlara deyil, kişilər və ədəbiyyat üçün yazmışam”. Onun bu məktubunun ictimailəşdirilməsi zamanında qadağan edilmişdi.

Marsel Prust isə ev sahibinin oğluna yazdığı məktubunda qonşularının səs-küyündən gileylənir.

Kolleksioner Jan Bonna ilk günlər məktublarla yanaşı Hüqonun “Səfillər” romanınyla bağlı şəxsi qeydlərinə də güclü tələbatın olduğunu deyib. Qeyd edək ki, Bonnada Fransa ədəbiyyatının arxivini toplamağa həvəs hələ on yaşından yaranıb. Onun kolleksiyasının ilk nümunəsi 1820-ci ilin nəşri – İntibah dövrünün görkəmli nümayəndəsi Fransua Rablenin kitabı olub. O, bu kitabın pulunu üç həftə gündəlik cib xərcini toplamaqla ödəyib. Hələ gənc yaşlarından onun kolleksiyaları dünyanın ən böyük qallereyalarında sərgilənməkdədir.