Elektron ədəbiyyat və sənət portalı

“Yazıçılıq hardasa öncəgörücülükdür” - SORĞU

Bölmə: Sorğu 01.05.2017

Son zamanlar bədii əsərlərdə avtobioqrafik məqamlar daha çox əks olunur. Müəlliflərin bir çoxu həyatda rastlaşdığı, şəxsən yaşadığı hadisələri mətnə köçürərək, bədiiləşdirməyə üstünlük verir. Bəs onların yazdıqları necə, sonradan maddiləşirmi? Müəlliflər öz mətnlərinin mistik tərəfi ilə bağlı nə düşünürlər? Bu sualla yazarlara müraciət etdik.


Sabir Rüstəmxanlı:

Elə yazıçılıq özü hardasa öncəgörücülükdür. Sovet hakimiyyəti dağılmazdan əvvəl qələmə aldığım çoxlu şeirlər var ki, orada bizə zülm edən müstəmləkəçi dövlətin bir gün çökəcəyini, azad olacağımızı yazmışam. Bunu həm öncəgörmə, həm də tarixin gedişatının məntiqi təzahürü kimi qəbul etmək olar. Bəzən isə haradasa bir proses başlayır, onu ruhunla hiss eləyirsən, sonradan sənə elə gəlir ki, yazdığın gerçəkləşib. Məsələn, yolla gedərkən kiminsə haqqında fikirləşirsən və qəfildən həmin adam rastına çıxır. Bu, öncəgörmə deyil. Əslində, hansısa bir qüvvə sanki sənə əvvəldən onun yaxınlaşdığını deyir. Sən də bu dalğaları tutub, o adam haqqında düşünürsən. Əlbəttə, bu cür enerjinin təsiri ədəbi mətndə də keçərlidir. Amma bəzən fantastik bir əsər yazılır, sonradan oradakı hadisələr reallıqda baş verə bilir. Ümumiyyətlə, düşünürəm ki, ədəbiyyatın bir missiyası da əlli, yüz il sonra baş verəcək hadisələri əvvəldən görüb qabaqlamaqdır.

 

Seyran Səxavət:

Qəribədir, özüm də bu barədə çox fikirləşirəm. Maraqlıdır ki, yazdıqlarımın otuz faizi təmasda olduğum insanlar, sadə dillə desək, düşdüyüm vəziyyət, ovqat, yaşadığım hadisələrlə bağlıdır, qalan yetmiş faizi isə sonradan başıma gəlib. Bunu belə yoza bilərəm: görünür, tale-yazı məsələlərini tənzimləyən qüvvə düşünüb ki, onsuz da əsərdə cərəyan edən hadisələrin bir hissəsini vaxtilə yaşamışam, qoy davamı da yerdə qalmasın. Məsələn, ilk romanımda - “Daş evlər”də bir səhnə var: alverçi Zəminə dünyasını dəyişir, məhlə adamları onu dəfn etməyə aparırlar. Qəbiristanlığa yaxınlaşdıqca daxili monoloqlarında doğmalar, tanışlar Zəminənin sağlığında ona lazım olduğundan az diqqət ayırdıqlarına görə özlərini qınayırlar. Dəfndən qayıdarkən, qəbiristanlıqdan uzaqlaşdıqca ölüm qorxusu da uzaqda qalır və beləliklə, o adamların hər biri ürəyində özünə bəraət qazandırır: “Yaxşı eləmişəm, atasına borcum yox idi ki”. Bu əsəri təxminən 1978-79-cu illərdə yazmışam. Çox sonralar oxşar hadisəni bir dəfn mərasimində olduğu kimi yaşamışam.

Yaxud “Yüz ilin kişisi” adlı əsərimdə qəhrəmanın bir nəfər də yaşıdı qalmayıb, bütün tay-tuşları dünyasını dəyişib. Kişi də darıxır. Bulaqdan gələn qonşusunu görür, yadına düşür ki, onun bu yaxınlarda cavan oğlu ölüb. Bunu düşünəndə qaçıb gizlənir, fikirləşir ki, ölməli olan o cavan oğlanın ömrünü oğurlayıb və hələ də yaşadığı üçün özündən utanır. Bu məqamı da yaşadım - bir müddət əvvəl gənc yazar Mövlud Mövlud intihar edəndə . Düzdür, mən heç vaxt canıma qıymaram, çünki düşünürəm ki, Allahın yaratdığına əl qaldıra bilmərəm. Bununla belə, fikirləşirəm ki, o cavan uşaq öldü, amma mən 72 yaşımın içində hələ də yaşayıram.

 

Zahid Sarıtorpaq:

İrreal yaşantıların mətnə çevrilməsi haqda düşünməklə iş bitmir, proses özü-özünə getməlidi. İstər-istəməz haçansa içimdən keçmiş sirr dolu, müəmma dolu və  ölənəcən baş aça bilməyəcəyim elə şeylər var ki, onları şüur axını məndən xəbərsiz sel kimi gətirib yazı prosesinə çıxarıb və əvvəl-əvvəl hiss etməsəm də, sonralar məsələnin nə yerdə olduğunu anlayanda, yerimdəcə donub qalmışam... Məsələn, yeniyetmə çağlarımda tez-tez mistik bir yuxu görürdüm. Uzun müddət gözlərimi yumanda bir göyərçinin uçduğu yerdəcə qəfil ölüb göydən daş kimi enməsini görürdüm, hər dəfə də torpağa çathaçatda bir üzü sarı, bir üzü qırmızı almaya çevrilib yerə çırpılır, mənə sarı diyirlənirdi... Təbii ki, zaman ötdü və mən bunları unutdum. Sonralar özümdən xəbərsiz göyərçin ölüsü və alma tandemi “Əlifba bayramında qətl” romanımdan qırmızı bir xətt kimi keçdi.  Bunun da üstündən xeyli keçəndən sonra, lap bu yaxınlarda çoxdan unutduğum həmin yuxunu təkrar bir də gördüm. İnanmadım. Səhərisi romanın əlyazmalarını bir də vərəqlədim və beləcə, hər şey mənə agah oldu...  

Əslində, mistik düşüncələr havadan, boş yerdən yaranmır. Bu hal özündən xəbərsiz yaradıcı insanın içinə hesablanıb. Çünki şüuraltı savaşlar insanın daxili dünyasına sirayət edir. Bu isə bir yazıçı, şair üçün qələbələr və məğlubiyyətlərlə dolu bir dünya deməkdi.

 



Mirmehdi Ağaoğlu:

“Bu gün səbr elə” romanımda belə məqam olub. Süjetə görə, arvad ərinin xaricə gedib başqa qadınla ailə qurmasına razılıq verir ki, əvəzində kişi ona və uşaqlarına pul göndərsin. Əslində, əsərdə yazdığım epizod təxəyyülün məhsulu idi. Amma kitab nəşr olunandan sonra dostlardan eşitdim ki, belə bir hadisə bu yaxınlarda baş verib.
Hələ çap olunmamış bir əsərim də var, “Sovetski” deyilən məhəlləylə bağlıdır. Obrazlardan biri televizor ustasıdır, Mərkəzi univermağın arxasındakı dükan-emalatxanada işləyir. Bu yaxınlarda qonşularımdan biriylə söhbət eləyəndə məlum oldu ki, o da televizor ustasıdır, “Sovetski”də yaşayıb və həmin univermağın yanındakı elektronika məhsulları mağazasında televizor satırmış. Bəlkə də, burada qeyri-adi heç nə yoxdur. Amma niyə axı hər şey bu qədər üst-üstə düşür? Görünür, mənim məhz onunla rastlaşmağım təsadüfi deyilmiş.