Elektron ədəbiyyat və sənət portalı

Suda həll olmuş kainat

Bölmə: Elm 24.09.2015

Silsiləmiz filosoflardan, onların yaratdığı fəlsəfi sistemlərdən söz açır. Bizə bəlli olan ilk fəlsəfi təlimlər çox qədim zamanlarda – eramızdan əvvəl VI əsrdə yaranıb. Maraqlısı budur ki, fəlsəfənin konkret harada yarandığını söyləmək mümkün deyil. O, təxminən eyni dövrdə bəşəriyyətin bütün sivilizasiya mərkəzlərində, yəni həm Hindistanda, həm Çində, həm də Yunanıstanda yaranıb.

“Fəlsəfə” sözünün özü yunan mənşəlidir. Özünü “filosof”, yəni “müdrikliyi sevən insan” adlandıran ilk şəxs məşhur yunan mistiki və riyaziyyatçısı Pifaqor olub. Bu söz Qədim Yunanıstanda qısa bir zamanda çox populyar olub və “filosof” rütbəsi cəmiyyət içində ən hörmətli, müdrik adamlara aid edilib. Amma məşhur Sokrat bu məqamı  özünün şəxsi nümunəsiylə populyarlaşdıran, müdrikliyi dillər əzbəri olmuş ilk şəxs kimi tarixə düşüb.

İllər, əsrlər keçir, qədim sivilizasiyalar tarix səhnəsindən bir-bir çıxırdı, lakin elmin və incəsənətin çox qədimlərdə yaranmış bütün sahələri kimi, fəlsəfə də yaşayır, inkişaf edir, təkmilləşirdi. Həmin bu təkmilləşmə prosesi bizim günlərədək davam etməkdədir.

İlqar ƏLFİ

***

Yunan müdriklərindən birincisi – Miletli Fales (eramızdan əvvəl 640-562-ci illər) varlı və əsil-nəcabətli bir ailədən çıxmışdı. Onların nəslinin əfsanəvi çar, Avropanın qardaşı, Fiv şəhərinin əsasını qoyan Kadmdan gəldiyi hesab edilirdi. Cavanlıq illərində Fales çox səyahət edir, Babildə yaşayaraq, Xaldey müdriklərinin təlimləriylə tanış olur, Misir kahinlərindən dərs alır.

Ailələrinin imkanlı olmasına baxmayaraq, Fales çox sadə həyat tərzi sürür, vaxtının çoxunu güşənişin olaraq düşünməklə keçirirdi. Yetkinlik yaşına çatandan etibarən anasının evlənmək barədə tələblərinə Fales: “Hələ çox tezdir!” – deyə cavab verirdi. Zaman keçəndən sonra isə: “Artıq çox gecdir!” deyirdi.

Fales astronomiya və həndəsə ilə çox ciddi məşğul olurdu. Yunanlar arasında ilk dəfə o aşkar etdi ki, günəşin ölçüsü çevrənin 1/720 hissədir; ilin ayları otuz gündən, özü isə 365 gündən ibarətdir. Onun həndəsə elmində də əhəmiyyətli kəşfləri vardı. Fales müəyyən etmişdi ki, bərabərtərəfli üçbucaqlarda bütün bucaqlar eyni olur. Belə bir rəvayət var ki, alim bərabərtərəfli üçbucağı ilk dəfə çevrənin içinə yerləşdirəndə möhkəm sevinmiş, tanrılara minnətdarlıq əlaməti olaraq onlara bir öküz də qurban etmişdi...

Fales özünün astronomiya və həndəsə biliklərindən həyatda da istifadə edirdi və əldə etdiyi məlumatlara əsaslanaraq eramızdan qabaq 585-ci il, may ayının 28-də baş verən gün tutulmasının zamanını qabaqcadan dəqiq söyləməyə müvəffəq olmuşdu. O, bundan başqa insanın kölgəsinin boyuna bərabər olduğu anı gözləyərək Misir piramidalarının hündürlüyünü önların kölgəsinə əsasən tam dəqiqliyi ilə ölçmüşdü.

Bu nailiyyətlərə baxmayaraq, Fales özünün bütün zəkasını və elmini dünya, kainat və insan üzərində düşüncələrə həsr etdi. O, elmə dünyanın təməli olan ilkin materiya (yunan dilində - arxe) anlayışını gətirdi və ilkin materiya kimi suyu qəbul etdi. Təbii ki, “su” deyəndə Fales adi fiziki suyu nəzərdə tutmurdu. Falesin “suyu” yaranışın eyni mənşəyə malik olmasının, eyni mənşədən qaynaqlanmasının rəmzi idi. O deyirdi ki, dünya canlıdır və onda saysız-hesabsız ilahilər var. Fales, hətta cansız əşyaların da canı olduğunu söyləyir, buna nümunə kimi, kəhrəbanı, maqniti göstərirdi – bilirik ki, maqnit dəmiri, kəhrəba isə sürtünmədən elektrikləşəndə kağızı özünə çəkir. Fales deyirdi ki, “ruh ölməzdir” və “sudan yaranan nə varsa, elə suya da dönür”. Mütəfəkkir bu sözlərlə dünyanın əbədiliyi və rəngarəngliyi ideyasını ifadə edirdi. Fales deyirdi ki, “sonsuz suda” kainatın əbədi inkişafı üçün hər imkan var, dünyada nə varsa, onun əsasında qatılaşma və seyrəlmə nəticəsində yaranır. Falesin suyun ilkin materiya olması haqda təlimi dünyanı, insanı və onları hərəkətə gətirən qüvvələri bir-birinə bağlayaraq, bütün yunan fəlsəfəsinin təməlini yaratdı.

Yeri gəlmişkən, məşhur “Milet məktəbi”ni təşkil edən Fales və tələbələrini filosof deyil, fizioloq (yunan dilindəki “füzis” – “təbiət” sözündən) adlandırır və bununla da onların əsas diqqətinin bütün varlıqların təbiətinin (daha doğrusu, onların quruluşunun), yaranışın təbiətinin aydınlaşdırılmasına yönəldiyini vurğulayırdılar.

Fales hələ sağlığında özünün müdrikliyi ilə bütün Yunanıstana səs salmışdı. Rəvayətə görə, balıqçılar dənizin dibindən Apollonun qurbanlıqlar üçün üçayaqlı kətilini çıxaranda, Delfi orakulu onu ölkənin ən müdrik adamına verməyi məsləhət görmüşdü və həmin üçayaq Falesə təqdim olunmuşdu. Filosofu həm də məşhur “Yeddi müdrik”in birincisi sayırdılar. Falesin aşağıdakı deyimləri bugünümüzə gəlib çıxıb:

Bütün varlıqlardan ən qədimi Allahdır, zira onu doğan olmayıb.

Ən gözəli fəzadır, çünki hər şey onun içində yerləşir.

Ən sürətli fikirdir, çünki hər şeyi əhatə edir.

Ən güclü labüdlükdür, çünki hər şeyin hakimi odur.

Ən müdrik zamandır, çünki hər şeyi bəlli edir.

Fales fəlsəfi mübahisələrin birində söyləyəndə ki, “həyatla ölüm arasında fərq yoxdur”, ondan soruşurlar: “Onda bəs niyə ölmürsən?” – “Elə buna görə ölmürəm də” – deyə müdrik insan öz opponentlərinə cabab verir.

Bir dəfə də ondan soruşurlar ki, gecə əvvəl yaranıb, yoxsa gündüz, o, cavab verir: “Gecə gündüzdən əvvəl gəlir – düz bir gün”...

Qədim yunanlar filosofları yalnız bir alim deyil, həm də özlərinin həyat müəllimi sayırdılar. Ona görə də Fales insanlarla təmasda olarkən saysız-hesabsız çətin suallara cavab verməli olurdu. Belə sual-cavablardan bir neçəsini sizə də təqdim edək:

Dünyada ən çətin şey nədir? – Özünü dərk etmək.

Ən asan nədir? – Başqasına məsləhət vermək.

Ən xoş nədir? – Uğur qazanmaq.

Tanrı neməti nədir? – Başlanğıcı və sonu olmayan bir şey.

Həyatda olmayan bir şey? – Tiranın qocalığı.

Ən gözəl və ədalətli həyat hansıdır? – Başqalarında qınadığınız hərəkətləri özünüzün törətmədiyiniz həyat.

Xoşbəxt kimdir? – Bədəncə sağlam, qəlbcə həssas və tərbiyə olunmağa meyilli olan.

Falesin başına gülməli işlər də gəlirdi. Bir gecə alim ulduzları müşahidə etmək üçün evdən çıxır. Göyə baxa-baxa gedəndə dayaz bir quyuya düşür. Köməyə çağıranda, onu bayaqdan izləyə-izləyə həmin quyunun yanından keçən qadın tikanlı-tikanlı deyir: “İşə bir bax: sən öz ayağının altını görməyə-görməyə, göylərdə baş verənləri öyrənmək istəyirsən”. Bu pritça fəlsəfədə işləyən mühüm bir prinsipin təməlinə çevrildi: “elmi və fəlsəfi nəzəriyyələr qurarkən, real həyatı unutmaq olmaz”.

Falesin özü heç də zəif insan deyildi. Bir dəfə necə olursa, qərara alır ki, həmşəhərlilərinə israfçılıq etmədən yaşamasının səbəbi pul qazana bilməməsi deyil, belə həyata üstünlük verməsi olduğunu göstərsin. Həmin il zeytun ağaclarının çox bol məhsul gətirəcəyini qabaqcadan bildiyindən Miletdəki bütün yağ istehsal edən müəssisələri kirayələyir. Məhsul toplanandan sonra isə həmin müəssisələri başqalarına daha baha qiymətə bir mövsümlük kirayə verərək xeyli pul qazanır.

Fales dünyasını dəyişəndə onun sərdabəsi üzərində həmşəhərliləri belə bir yazı yazdırırlar:

Bu sərdabə böyük deyil,

Amma onun şöhrəti

Dünyalarda dolaşır.

Çünki qapağı altda

Müdrik Fales, yatır.