Elektron ədəbiyyat və sənət portalı

Hamletin əbədi müəmması və ya sənətin yeddinci möcüzəsi

Bölmə: Müsahibə 28.04.2017

Dünya ədəbiyyatında öz sanbalıyla seçilən əsərlər əsasında zaman-zaman filmlər çəkilir, həmin əsərlərin kitab və film variantları mütəxəssislər tərəfindən müqayisə olunur, gah nəşr, gah da ekran versiyalarına üstünlük verilir. Məsələn, V.Hüqonun “Səfillər”,  M.Servantesin “Don Kixot”, L.Tolstoyun “Hərb və sülh” və s. əsərlər bu qəbildəndir. Azərbaycanda isə S.Rəhimovun “Mehman” (“Qanun naminə”), İ.Şıxlının “Dəli Kür”, F.Kərimzadənin “Qarlı aşırım” (“Axırıncı aşırım”) və bir sıra başqa yazıçıların əsərləri əsasında filmlər çəkilib.  Təbii ki, əksəriyyətimizin gəldiyi qənaətə görə, çox vaxt filmlər, əsasında lentə alındığı nəşr variantlarının kölgəsində qalır. Lakin dünya praktikasında bunun əksi olan nümunələr də var ki, bu da bizi araşdırmalar aparmağa sövq edir.

“Xəzər” dünya ədəbiyyatı dərgisi bu məqsədlə yeni rubrikasını təqdim edir. “Kinolaşan əsərlər” adlanacaq rubrikada dünya ədəbiyyatının bənzərsiz nümunələri, eləcə də yerli yazıçıların əsərləri onların əsasında çəkilən filmlərlə müqayisə ediləcək. Bu zaman həmin əsərin ədəbiyyat və kino müstəvisindəki yerini, nüfuzunu müəyyənləşdirib, rubrikamızın qonaqları ilə birgə müzakirə etməyə çalışacağıq.

İlk  müzakirəmiz Uilyam Şekspirin dünya dramaturgiyasının şah əsərlərindən sayılan “Hamlet” əsəri ətrafında olacaq. Beləliklə, rejissor, kinoşünas Ayaz Salayev və ədəbi tənqidçi Əsəd Cahangir bu mövzu ətrafında fikirlərini bölüşür.

 

 

HAMLETİN ƏBƏDİ MÜƏMMASI VƏ YA SƏNƏTİN YEDDİNCİ MÖCÜZƏSİ

– Gəlin söhbətimizdə “Hamlet” faciəsinin dünya ədəbiyyatındakı yerini dəqiqləşdirək...

Ayaz Salayev: – Bu gün dünyanın istənilən yerində sorğu keçirib, insanlardan dünya ədəbiyyatındakı hansı obrazın onlara daha yaxın, tanış olduğunu soruşsalar,  yəqin, əksəriyyət Hamletin adını çəkəcək. Həqiqətən də, “Hamlet” əsərindən və Hamlet obrazından müasir Avropa insanı yarandı.

Hamleti atası ilə müqayisə etsək, görərik ki, aralarında bir neçə il yox, əsrlər, sivilizasiyalar qədər zaman fərqi var. Hamletin atası orta əsrlərin cəngavərlik qanunlarının adamıdır. Özü  isə atasının aid olduğu dövrdən ən azı yüz il sonranın ziyalısıdır. O, nə etmək istədiyini dəqiq bilir. Məsələn, bilir ki, intiqam almalı və bunun naminə mübarizə aparmalıdır. Anlayır ki, bu intiqamın hədəfi taxtdan salınmış atasına sui-qəsd edərək onun arvadına, hakimiyyətinə sahib çıxmış əmisi Klavdini məhv etməkdir. Bu, ilk baxışdan mümkündür.  Lakin o, məsələnin bununla bitmədiyini də dərk edir, fərqindədir ki, artıq atası kimi cəngavər kralların vaxtı bitib, bundan sonra əmisi Klavdinin timsalında olduğu kimi mənfurlar hakimiyyətə gələcək. O, asanlıqla Klavdidən intiqam alıb onu öldürə bilər. Amma nə faydası, artıq klavdilər – mənfur krallar zəmanəsidir. Məhz belə şəraitdə Hamlet özünü dərk edir.

İkincisi, Hamletin xarakterindəki çox mühüm cəhət ondan ibarətdir ki, o, atasının ruhuna da inanmır, əsl həqiqətə varmaq istəyir. Yeri gəlmişkən, bu ənənə Hamletdən sonra formalaşan Avropa insanının əsas özəlliyidir. Hamlet həqiqətə tam əmin olmaq üçün “Siçan tələsi” adlı tamaşadan yararlanır və bununla da bu qədim əsər postmodernizmi, müasir incəsənəti qabaqlayır. Yəni burada ilk dəfə “tamaşa içində tamaşa” strukturundan istifadə edilir.

Əsəd Cahangir: – “Hamlet” dünya dramaturgiyasının şah əsəridir. Bu faciə intibah dövründə yazılıb, amma Roma allahı Yanus kimi bir üzüylə antik dövrə, o biri üzüylə yeni dövrə baxır. O, bütün zamanlar üçündür. Əsərə ölməzlik qazandıran da budur.

– Sizcə, Renessansdan yeni dövrə keçidin idraki əsasında nə dururdu və bu “Hamlet”də necə əks olunub?

Əsəd Cahangir: – Renessans və yeni dövr eyni dönəmin iki hissəsidir. Renessansda insanmərkəzçi dünyagörüşü hakim idi. Yəni dünyanı Tanrı yaratmayıb, o özü özündən və insan üçün yaranıb; insan və  onun hissləri hər şeyin ölçüsüdür; insan yaranmışların tacıdır; o, xeyiri və gözəlliyi təmsil edir.

Bu düşüncə tərzi XIV əsrdən XVI əsrin sonunacan davam etdi. XVII əsrdə anlamağa başladılar ki, insanmərkəzçilik faciədir. İnsan təkcə xeyir yox, həm də şərdir. Şərin aradan qalxması üçün isə fövqəlbəşər qüvvəyə ehtiyac var. Və beləcə Tanrıçılıqideyasına qayıdış başlandı.

Bunu ilk anlayanlardan biri Şekspir idi. Onun nikbin ruhla aşıb-daşan komediyalardan  faciələrə keçməsinin özülündə də bu özünüdərk anlayışı dayanır. Şekspirin faciələri arasında “Hamlet” xüsusi yer tutur.  Çünki “Hamlet” – Renessans düşüncənin sınmasını və yeni dövrə keçidi çox dolğun əks etdirir. Renessansın birmənalı surətdə rədd etdiyi xristian düşüncəsi bu əsərlə geri qayıdır,  amma antik dövrlə sintez olunur.

– Rus sovet rejissoru Qriqori Kozintsevin 1964-cü ildə çəkdiyi, baş rolda İnnokenti Smoktunovskinin oynadığı “Hamlet” öz dövrünün şah ekran əsəri sayılırdı. Sizcə, bu film Hamlet ideyalarını necə əks etdirə bilib?

Əsəd Cahangir: – Olivyenin əksinə, Kozintsev Elsinoru mebel və xalçalarla bəzəyir. Amma bu, X əsr Danimarkası yox, Yelizaveta dövrü ingilis sarayının dizaynıdır. Rejissor olayları Şekspirin zamanına köçürür.

Sovet rejissoru təbiət görüntülərinə geniş yer verir. Saray yaxınlığındakı dənizin aramsız uğultusu film boyu qəhrəmanın düşüncələrini müşayiət edir, tez-tez Göylər göstərilir, kilsə zənglərinin səsi gəlir. Burda su stixiyası Yeri, hava stixiyası və zəng səsi Göyü, Hamlet bu ikisi arasında qalan insanı rəmzləşdirir. Bu yanaşma Şekspir faciəsinin ən ümumi ruhuna uyğundur. Film rəmzi detallarla zəngindir. Sarayda Klavdinin gah büstünü, gah  ata süvar olduğunu, gah da adi portretini görürük. Diktatorun büstü antik dövrü, at belindəki portreti Napoleon epoxasını, adi portreti isə sovet dövrünü xatırladır. Film Stalinə pərəstiş kultunun yenicə dağıldığı dövrdə çəkilmişdi və rejissor kinematoqrafik dillə öz dövrünə işarə edirdi. Saray körpüsünün altındakı dairəvi quyu vasitəsilə rejissor Elsinorun ölüm dairəsi olduğunu demək istəyir. Hamletin başı üstündə, səmada dolaşan quş şahzadənin azad ruhunu rəmzləşdirir. Ofeliyanın bəsit bir musiqinin müşayiəti ilə robot kimi hərəkətlər etməsi, onun atası və qardaşının əlində oyuncağa çevrilməsinə işarədir. Klavdinin öz qardaşını öldürməsini güzgüyə baxa-baxa etiraf etməsi qatilin öz vicdanıyla üz-üzə qalmasını simvollaşdırır.

Lakin Kozintsevin filminin qəhrəmanları sanki insan yox, ruhdur. Filmə çəkiləndə 40 yaşını keçən Smoktunovski Hamlet üçün çox yaşlıdır. İkincisi, dərhal hiss edirsən ki, istər Smoktunovski, istərsə də Ofeliya rolunun ifaçısı Anastasiya Vertinskaya danimarkalı yox, Stanislavskinin “yaşam” məktəbini keçən rus aktyorlarıdır. Paradoksal haldır ki, filmdəki Hamlet və Ofeliyanın münasibətlərində elə bir “yaşam” hiss olunmur. Solğun çöhrəli aşiq-məşuqun münasibətləri bir qədər sünidir. Rejissor obrazları bir neçə əsrlik hamletşünaslıqdan gələn ideyalarla o qədər yükləyir ki, aktyorlar özlərini necə aparacaqlarını bilmir. Nəticədə film teatrallıqdan tam xilas olmur. Şostakoviçin həddən artıq qabarıq eşidilən musiqisi isə göstərir ki, film özünün musiqi həllini lazımınca tapmayıb.

Ayaz Salayev: – Ümumiyyətlə, “Hamlet” əsasında çəkilən filmlər arasında mən yüksək səviyyəli ekran əsəri görməmişəm. Bütün hallarda kino Hamlet obrazını istismar edib. Hamlet o qədər böyük obrazdır ki, ondan hərə özünəuyğun şəkildə yararlanmaq istəyib. Kozintsevin filmini də buna misal çəkmək olar. Baxmayaraq ki, bu ekran işi 1960-cı illərdə böyük səs-küyə səbəb oldu. Hətta kinoteatrlarda bilet tapılmırdı. Amma o zamanın təmtəraqlı filmi bu gün tamamilə unudulub. Kozintsevin Hamleti kino tarixində heç bir iz qoymayıb. Heç rus sovet kinosu tarixində də izi yoxdur. Kozintsev Hamletdən necə istifadə edirdi? O, təbii ki, sovet sisteminə qarşı bir film çəkməyi düşünürdü. Sistemə qarşı açıq şəkildə film çəkmək cəsarət tələb edirdi. Bu cəsarət tapılmayanda tarixə, özü də ayrı məkanın tarixinə müraciət edilir. Amma belə  edəndə də bəzən təhlükəli olur. “Hamlet”də – orta əsrlər Danimarkasında baş verən hadisələrin rejissor üçün elə bir qorxusu yox idi. İnnokenti Smoktunovskinin Hamletində də istismar halları var. Smoktunovski məqsədinə doğru hərəkət edən və ona çatan bir qəhrəmanı yaradarkən bu obrazı  istismar edir. Bu məqamda bir detalı da deyək. 70-ci illərdə Taqanka teatrında Vısotskinin yaratdığı Hamlet də maraqlı idi. 60-cı illərdə Smoktunovskinin Hamleti necə maraqlı idisə, 70-ci illərdə o məşhurluğa Vısotskinin yaratdığı obraz da nail oldu. Hamlet şüurun faciəsidir. Öz-özünün dərki etmək yolunda üzləşdiyi faciələrə qurban gedir. Smoktunosvki Hamletin bu üzü idi.

– Qeyd olundu ki, Hamlet tamaşa içində tamaşa effektinə malik ilk pyesdir. “Siçan tələsi” tamaşasının əsərdə rolu nədən ibarətdir?

Əsəd Cahangir: – “Siçan tələsi” səhnəciyinin məzmununu Hamletə atasının ruhu danışır. Şekspir bununla sənətin ilahi mənşəyinə işarə edir. İkincisi, yalnız tamaşadan sonra Hamlet əmin olur ki, atasını Klavdi öldürüb. Bu, “sənət həqiqətin güzgüsüdür” fikrini təsdiq edir. Bundan sonra Klavdini öldürmək barədə Hamletin tərəddüdlərinə son qoyulur. Bu isə sənətin həyata təsir gücünü göstərir. Bütün bunlarla Şekspir teatr sənətinə həqarətlə yanaşan hakim elitaya dərs verirdi.

Ayaz Salayev: – “Siçan tələsi” çox unikal bir tapıntı idi. Bir daha təkrar edirəm ki, Şekspir bununla postmodernizmin yolunu açmış oldu. Yəni o, “tamaşa içində tamaşa” üsulunu yaratmaqla sənətdə, ədəbiyyatda cığır açdı. Dünya ədəbiyyatında və kinosunda bu gün də çox populyar olan “roman içində roman”, “film içində film” strukturu başlanğıcını oradan alır. “Hamlet”i bir də buna görə dünya dramaturgiyasının şah əsəri saymaq olar.

Söhbəti apardı: Elmin Nuri                                    

Müzakirənin tam mətnini “Xəzər” jurnalının 2017-ci ilin növbəti (ikinci) sayında oxuya bilərsiniz.