Elektron ədəbiyyat və sənət portalı

Qurban - Dünya müsəlmanlarının müqəddəs bayramı

Bölmə: Tarix 24.09.2015

Qurban bayramı təkcə Allah yolunda heyvan kəsmək anlamına gəlmir, bu, insanın Allah yolunda ən çox istədiyi arzusundan, istəyindən, dəyərindən, nemətindən keçə bilməsi, onu qurban verməyə hazır olmasının simvoludur.

Bu təqvim İbrahim peyğəmbərlə bağlıdır. Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin, oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim peyğəmbəri sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və İbrahim peyğəmbər gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsməyə hazırlaşanda, Allahın göndərdiyi mələk, Cəbrayıl göydən enib onun əlini saxlayır. Mələk bildirir ki, Allah İbrahimdən razı qalıb və oğlu İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Buna görə də Qurban bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.

Gözünün ağı-qarası olan oğlunu Allah yolunda qurban verməyə hazır olması Peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsi kimi qəbul olunur.

Həmin gündən etibarən dindarlar hər il ev heyvanlarından birini Allahın şərəfinə kəsib, Ona öz itaətkarlıqlarını bildirirlər.

İslam dininə görə, heç olmasa, ömründə bir dəfə vacib Məkkə və ya Həcc ziyarətinə getməsi və orada qurban kəsməsi də möminin mühüm borcu hesab olunur.

Bu hadisənin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. Çünki insan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqudur. Allah özünün yaratdığının öz yolunda qurban kəsilməsini qəbul etmir.

Əslində, bu ayin üç səmavi dinin- yəhudilik, xristianlıq və islamın hər birində müxtəlif formada mövcuddur. Lakin İslamda Qurban bayramı xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı dayanır.

İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bənzər ayinlər islamdan çox-çox əvvəllər, müxtəlif ölkələrdə müxtəlif cür icra olunurdu. Məsələn, qədim dövrlərdə qurban verilənlərin əksəriyyəti hərbi əsirlər olurdu. Çünki müharibədə ələ keçirilən əsirləri saxlamaq əlverişli deyildi, onlar izafi məhsul yaratmır, xüsusi gözətçi tələb edir və başqa əlavə qayğılar doğururdular. Buna görə də onların qurban verilməsi ən əlverişli və müqəddəs iş sayılırdı.

Cəmiyyətin ictimai-iqtisadi inkişafının müəyyən pilləsində, insan əməyinin məhsuldarlığı artıb izafi məhsul yaratmağa başladıqda, yəni cəmiyyət siniflərə bölündüyü zaman hərbi əsirləri qurban verib öldürmək əvəzinə, onları qula çevirib işlətməyə başladılar. Bu dövrdən etibarən allahlara verilən qurbanlar, əsasən heyvanlardan ibarət oldu. Ev heyvanları və quşları qurban vermək adət halını aldı.

Atəşpərəstlər isə insanı odda yandırırdılar. Onlar bu yolla guya Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti vardı. Bu ölkələrdə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları çaya atırdılar.

İslam dini ərəb tayfalarının həmişə icra etdikləri qurban vermək adətinə müqəddəslik mahiyyəti verdi, insan qurbanlarına son qoyuldu və bu bayram müsəlmanlığın əsas tələblərindən birinə çevrildi. İslamın bu adətə etdiyi yeganə əlavə ondan ibarət oldu ki, bu mərasimi istənilən vaxt keçirmək əvəzinə, onun hər il hicri tarixi ilə Zilhiccə ayının 10-da keçirilməsi qanuniləşdirildi.

İslam dinində Qurban bayramı böyük bayram (eyd əl-kəbir) adlanır. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsini yad etmək əlaməti olaraq evlərdə və qəbiristanlıqlarda dualar oxunur, ehsanlar verilir.

Şəriətə görə, qurbanlıq heyvanın qüsuru olmamalı və onu kəsən bıçağa xüsusi qurban duası oxunmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altıaylıq heyvan olmalıdır.

Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Bir qurbanlıq heyvan yeddi dindarın adından kəsilə bilər, lakin fərdi qurban daha savablı sayılır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.

Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır.

Beləliklə, bu bayramın və ayinin əsasında orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi dayanır.

Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin islam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun.

Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın.

Qurbanlığın şərtlərindən biri də odur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq islamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə - dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.

Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.

Qurbanı və ya qurban ibadətini ifadə etmək üçün bir sıra islami terminlərdən istifadə olunur. Onların arasında müəyyən məna fərqləri var:

Zəbh: İbrani dilində “zəbah” kəlməsi ilə oxşar olan “zəbh”, “heyvanları qurban bayramı günündə qurban niyyətiylə və ya adi günlərdə yemək üçün kəsmək” mənasındadır.

Nəhr: bu sözün hərfi mənası “boynun şah damarını kəsmək” deməkdir ki, bu da dəvə qurban edilərkən sinəsinə bıçaq və s. sancmaq mənasında işlədilib. Çünki bu cür kəsmək digər kiçik heyvanları kəsməkdən fərqlidir.

Qurban: ibrani dilində “gorban” kimi, “Allah üçün verilən hər hansı bir qurban” mənasına gəlir.

Udhiyyə: “udhiyyə” kəlməsi Quranda keçməsə də, hədis kitablarında keçir və “kitab başlığı” kimi də işlədilir.

Hədy: “Allaha mənəvi cəhətdən yaxınlaşmaq məqsədi ilə və ya həcc vaxtı ehram qadağası pozulduğu üçün Kəbəyə aparılan və ya özü, yaxud pulu göndərilən qurban” deməkdir.

Mənsək: “Qurban ibadəti”ni ifadə etmək üçün işlədilir.

Quranda bu bayramla bağlı  “Rəbbin üçün namaz qıl və qurban kəs!”, “De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür”, “Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını desinlər” kimi münasibətlər göstərilir.

Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Bütün dünya müsəlmanları kimi Azərbaycan müsəlmanları da Qurban bayramını qeyd edəcək, niyyəti olanlar qurban kəsib qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayacaq, ələ düşmüş istirahət günlərindən istifadə edib qohumların görüşünə, yaxınlarının qəbirlərinin ziyarətinə gedəcək, kimsə yenə növbəti dəfə Qurban Bayramının mahiyyətini yada salacaq, bu bir neçə gündə bu bayramın nurundan hərə anladığı tərzdə faydalanacaqdır.

Hazırladı: NARINGÜL