Balıqqulağını kim rəngləyir? - I yazı

Tarix 19.12.2016 192

I yazı

 

- Ay qız, eşitmirsən, gün səni vurar, keç kölgəyə! Başımıza iş açma!

Anası artıq ikinci dəfə idi ki, bayaqdan artırmanın üstüaçıq hissəsində lal-dinməz dayanmış qızına səslənirdi. Günəş qüruba enməyə hazırlaşsa da, qızmar şüalarını yığışdırıb boğçasına qoymağa tələsmirdi.

1922-ci ilin qorabişirən avqust ayı idi. Abşeronun Novxanı bağlarına, günorta olduğu kimi, indi də od ələnirdi. Amma Xəzərdən əsən yüngül meh yağış həsrəti ilə çırpınan üzüm tənəklərinin, tut, əncir, püstə və badam ağaclarının, xışıldayan qızıl qumlu bağlarda dincələn adamların dadına çatırdı. Neçə gün idi ki, xəzri tüğyan edirdi, bağ camaatı quru alaq otlarını, tikan kollarını yandırmağa macal tapmamışdılar, külək də onları narın qumla birlikdə havaya sovurmuş, ətrafa səpələmişdi. Səhərə yaxın hava sakitləşmişdi, dəniz küləyin təlatümündən yavaş-yavaş özünə gəlməyə, sular durulmağa başlamışdı. Dənizi sanki xətt çəkib iki hissəyə bölmüşdülər. Sahilyanı sular firuzəyə çalırdı, xəttin arxasında isə mavi dalğalar ləpələnirdi. Qayaların başına fırlanan qağayıların şıltaq səsləri eşidilirdi, quşlar balıq ovlamaq üçün gah özlərini suya vurur, gah da səs-küy salıb havada pərvazlanırdılar. Artırmada dayanmış qızcığaz elə bil ovsunlanmışdı, gözünü bu sirli mənzərədən çəkə bilmir, dənizin həzin səsini dinləməkdən doymurdu.

Kim bilir, anası səsləməsəydi, üstüaçıq artırmada hələ nə qədər dayanacaqdı.

- Bədurə, bir sözü nə qədər demək olar? Niyə eşitmirsən. Atanın gələn vaxtıdır. Bacınla birlikdə düşün həyət-bacaya əl gəzdirin, samovara da çırpı atın...

Ağamalovlar ailəsi, hər yay olduğu kimi, bu dəfə də Novxanıdakı bağ evlərində dincəlirdi. Ailə başçısı Məlik Ağamalov dövlət qulluğunda çalışdığından, hər gün işə gedib-gəlirdi. Ziyalı adam idi, övladlarında elmə, ədəbiyyata və incəsənətə maraq oyatmağa çalışırdı. Özü də vaxt tapanda ya rəsm çəkir, ya da uşaqları başına toplayıb mütaliə edirdi. Elə Bədurə də kağız üzərində nəsə çəkməkdən həzz alırdı.

Uşaq təsəvvürünə həkk olunmuş bağ mənzərələrini, dənizi, bir də sevimli gəlinciklərini çəkirdi. Anası bu marağa elə də əhəmiyyət vermirdi, amma atası çox bəyənir, qızı həvəsləndirir, ona cürbəcür rəngli karandaşlar alırdı. Bacısı Səyyarə isə torpaqda eşələnməyi sevir, yaş torpaqdan müxtəlif fiqurlar düzəldirdi. Sonra külək bu zərif fiqurları uçuranda ağlamsınırdı.

...Anasının təklifi Bədurənin ürəyincə olmadı. Sevimli məşğuliyyətindən – dənizi seyr etməkdən ayrılmaq istəmirdi. Gözlərini dənizdən çəkməyərək yalnız bunu dedi:

- Dənizə istəyirəm...

Xoşbəxtlikdən atası işdən tez qayıtdı və qızları dənizə çimməyə apardı. Bacıların sevinci yerə-göyə sığmırdı. Ləpədöyəndə xeyli atılıb-düşdülər, sonra yorulub qumda uzandılar. Səyyarə yenə torpaqdan adam fiquru düzəltməyə başladı. Bədurə isə ləpədöyəndən alabəzək balıqqulağı topladı. Balaca ovcuna güclə yerləşirdi. Günəşin axşam şəfəqləri altında balıqqulağılar min rəngə çalırdı. Bədurə atasına yaxınlaşıb ovcunu açdı, yığdığı kiçik balıqqulağılarını göstərdi.

- Ata, onları kim rəngləyir?

- Dəniz.

- Bəs dəniz bu rəngləri hardan tapır? Mənim bu rəngdə karandaşlarım yoxdur axı.

Atası gülümsündü. Bədurənin əlindəki balıqqulağından birini götürüb günəşə tərəf tutdu. Şəffaf idi, min rəngə çalıb par-par yanırdı.

- Bunlar dənizin balalarıdır, qızım. Dənizin məhəbbətindən yaranıblar. Dəniz onlara öz sevgisini, nəvazişini, bir də rəngini bəxş edib. Bu rənglərə heç bir yerdə rast gəlməzsən. Çünki ən böyük rəssam elə ana təbiətin özüdür. Ancaq sən böyüyəndə rəssam olsan, bundan da gözəl rənglər yarada bilərsən. Yetər ki, doğmalarını, əzizlərini, təbiəti sevəsən, onların qəlbini duya biləsən, gözəlliyi qiymətləndirməyi bacarasan...

İllər keçəndən sonra – Bədurə adlı-sanlı rəssam olanda, həmişə atasının müdrik sözlərini xatırlayırdı: “Təbiətin ən boz, sönük mənzərəsinin də özünəməxsus rəng çaları, gözəlliyi var. Əgər rəssam onu görüb, duyub çatdırmağı bacarırsa, deməli, xoşbəxt sənətçidir”.

Bədurə Əfqanlı da belə xoşbəxt sənətçilərdən oldu, çağlayan dənizi, kükrəyib şahə qalxan, özünü sahilin qumlarına, qayalara, daşlara çırpan dalğaları kətana köçürdü, fırça vasitəsilə dənizin necə rəngdən-rəngə düşməsini təsvir etdi.

Hər yay tətilindən dönəndən sonra Bədurə gördüklərini kağız üzərində canlandırmağa çalışırdı. Çəkdiyi rəsmlər məktəb yoldaşlarının, müəlliminin də diqqətini cəlb edirdi. Müəlliminin ona “istedadlısan” deməsi Bədurəni ümidləndirdi. Rəssamlığa marağı daha da artdı. Ancaq orta məktəbi bitirəndə sənədlərini Bakı Rəssamlıq Məktəbinə verməyə cəsarət etmədi – 1929-cu ildə Bakı Pedaqoji Texnikumuna daxil oldu. Rəssam olmaq istəyi isə onu rahat buraxmırdı. Texnikumu bitirdikdən sonra 5 il orta məktəbdə müəllimlik etdi. Elə həmin vaxtlarda – 1931-ci ildə Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə qəbul olundu. Həm işləyir, həm də oxuyurdu. İncəsənət vurğunu olan böyük bacısı Səyyarə isə heykəltəraşlığı seçdi...

Bədurə hələ tələbə ikən dünya incəsənət tarixini öyrənməyə başladı. Moskvada, Sankt-Peterburqda yerləşən qalereya, teatr və etnoqrafiya muzeylərini gəzdi, dünya incəsənətinin nadir və əvəzsiz nümunələri ilə yaxından tanış oldu. Rəssamlığı nadir sənət kimi qiymətləndirərək yeni əsərlər üzərində işləməyə başladı. Amma nədənsə, teatr rəssamlığı onu daha çox cəlb edirdi. Odur ki, diplom işinin mövzusu da Şekspirin “Otello” faciəsi oldu. Və “Otello”dakı mövzudan fərqli olaraq, ona xoşbəxtlik – ömür-gün yoldaşı bəxş etdi...

Fərhad SABİROĞLU