Ən münasib variant

Yazarlar 19.12.2016

Daha bir erməni fəal Azərbaycan, Ermənistan sülh platformasına qoşulub. Vahe Avetyan, Süzan Caginyan və Vahan Martirosyandan sonra Yerevandan olan daha bir fəal - Armen Virabyan erməni-Azərbaycan sülhməramlı Bakı platformasını dəstəklədiyini bildirib.

rmen Virabyan etirazçı “Elektromaydan”ın ön sıralarında gedən və müxalifət lideri, prezidentliyə namizəd Raffi Ovanisyanın etimad etdiyi şəxs olub. Lakin o, Serj Sərkisyanın hərbi xuntasının qurbanına çevrilib və Almaniyaya qaçmaq məcburiyyəti qarşısında qalıb.

A.Virabyan bildirib ki, yaxın günlərdə sülhməramlı Bakı platformasını imzalayacaq və beləliklə, münaqişənin sülh yolu ilə tənzimlənməsini dəstəkləyən dördüncü Ermənistan fəalı olacaq.

A.Virabyan 1985-ci ildə anadan olub, Yerevandakı Maliyyə-İqtisad İnstitutunu bitirib, bir neçə QHT-də çalışıb. Daha sonra İsveçdə və Almaniyada iqtisadi və siyasi təhsil alıb, Yerevana qayıtdıqdan sonra oradakı Amerika Universitetində oxuyub, ingilis, rus, İsveç və alman dillərini bilir.

Sülh platformasından danışarkən, A.Virabyan deyib: “Bu, gözəl və hətta bir qədər gecikmiş təşəbbüsdür. Aydın məsələdir ki, onu dəstəkləyirəm. Arzum budur ki, gələcəkdə Ermənistan, Azərbaycan və Gürcüstan İsveçrə kimi bir konfederasiyada yaşasınlar”.

Amma görünür, S.Sərkisyanın sülhməramlı platforma barədə, ümumiyyətlə, anlayışı yoxdur. Onu sülh yox, qanlı müharibə, mənfur işğalçılıq siyasəti düşündürür. Burnundan o yanı görməyən dardüşüncəli “siyasətçi” dünya ictimaiyyətini və erməni xalqını aldadaraq, Azərbaycanın sülh danışıqlarından boyun qaçırdığını söyləyir. Əməldə isə, bu danışıqlara hər vasitə ilə əngəl törətməyə çalışır.

Bugünlərdə Azərbaycanın işğal altındakı ərazilərinə səfər edən Sərkisyan  “Azadlıq” radiosunun erməni xidmətinə bəyan edib ki, hazırda təmas xəttində xüsusi bir gərginlik yoxdur: “Adi vəziyyətdir, belə demək olarsa, bir il əvvəlkindən xeyli sakitlikdir”.

İrəvan Kukla Teatrının direktoru (!) Ruben Babayan Sərkisyana Qarabağa niyə məhz bugünlərdə getdiyini sual edib. Sərkisyan da bildirib ki, bu səfər onun üçün bir vəzifə borcudur. “Çünki indi elə dövrdür ki, ordu, əhali, Dağlıq Qarabağın sakinləri artıq çətin dövrə hazır olmalıdır. Ordunun çoxlu tələbatı var və bu tələbatı dəyərləndirmək lazımdır. Çünki bizim imkanlarımız hüdudsuz deyil ki, bütün problemləri, bütün məsələlər həll edək. Ona görə də tələbatı qiymətləndirmək, hansı problemin ilk növbədə həll olunmalı olduğunu müəyyənləşdirmək və onları həll etmək lazımdır. Səfərimin məqsədi bununla bağlıdır”.

Bundan sonra Serj əsl üzünü nümayiş etdirib. Onun göstərişi ilə erməni fəalı A.Virabyanın ailəsinə qarşı repressiya maşını işə düşüb. Anası Karina, qardaşı Yelaken, hətta xalası da ciddi sorğu-suala çəkilib. Serji daha çox qəzəbləndirən bu olub ki, Armenin xalası Ermənistan müdafiə nazirinin birinci müavininin həyat yoldaşı imiş.

Onun ailə üzvlərinə təzyiqlər hələ də davam edir. Serjin əlaltıları onlardan tələb edirlər ki, Armeni fikrindən daşındırsınlar. Başqa sözlə desək, erməni, fəal bəyanatla səhv yola düşdüyünü, erməni-Azərbaycan sülhməramlı Bakı platformasını dəstəkləmədiyini elan etməlidir.

Armenin anası jurnalistlərə bildirib ki, təzyiqlər elə  həddə çatıb ki, onun intihar etməkdən başqa, çarəsi qalmayıb: “Serjin repressiya maşını bütün çirkin vasitələrdən istifadə edir: şantaj, ultimatum, hədə-qorxu. Hətta iş o yerə çatıb ki, respublika mətbuatında həm oğlumu, həm də bacımın həyat yoldaşını – nazir müavinini “vətən xaini” adlandırırlar. Lakin Armen məsləkindən dönməyəcəyini və təkzib verməyəcəyini deyir. Ailəmiz  də Serjin hədələrindən qorxmur. Ovladımı sona qədər dəstəkləyəcəyəm”.

Ötən həftə A.Virabyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək ondan kömək istəyib.

Bax belə! Ermənilər gec də olsa, başa düşüblər ki, münaqişənin dinc yolla, qan tökülmədən həlli onlar üçün ən münasib variantdır. Və Serj kimi iblislər bu prosesin qarşısını ala bilməyəcəklər!