Elektron ədəbiyyat və sənət portalı

Səttar Bəhlulzadənin ev-muzeyinin veb-saytının təqdimatı və “Səttar dünyası” portretlər silsiləsinin açılışı olub

Bölmə: 17.12.2016

AzərTAc xəbər verir ki, tədbirdə muzeyin direktoru İradə Abdinova Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən olan Səttar Bəhlulzadənin həyat yolu haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan təsviri sənət tarixində lirik mənzərənin yaradıcısı kimi məşhurlaşan rəssamın əsərləri dünyanın bir sıra ölkələrində nümayiş etdirilib, Praqa, London, İstanbul, Bonn və digər şəhərlərdə fərdi sərgiləri keçirilib. O, əsərləri BMT-nin baş qərargahında nümayiş etdirilən və Avropada fərdi sərgisi olmuş ilk Azərbaycan rəssamıdır.

Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxışında S.Bəhlulzadənin xatirəsinin anılması məqsədilə nazirlik və onun strukturlarının müxtəlif xarakterli tədbirlər keçirdiyini qeyd edib, gənc rəssam E.Aslanovun sərgisinin də məhz belə tədbirlərdən olduğunu bildirib. F.Babayev nazirliyin informasiya texnologiyalarının muzeylərdə tətbiqinə xüsusi diqqət yetirdiyini, bu baxımdan S.Bəhlulzadənin ev-muzeyinin veb-saytının yenilənməsinin vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxışında S.Bəhlulzadənin yaradıcılığından söz açıb.

Xalq rəssamı Arif Hüseynov S.Bəhlulzadə obrazının bir çox rəssam və heykəltəraşlar tərəfindən təsvir olunmasından danışıb. Bu baxımdan gənc rəssam E.Aslanovun “Səttar dünyası” silsiləsini yaratmasının heç də təsadüfi olmadığını, kompüter qrafikası ilə işlənmiş əsərlərin rəssamın obrazını yeni rakursdan görməyə imkan yaratdığını söyləyib.

Rəsmlərin təqdimatından sonra ev-muzeyinin direktoru İ.Abdinova E.Aslanova təşəkkürnamə və hədiyyə təqdim edib.