Elektron ədəbiyyat və sənət portalı

Tərcümə Mərkəzinin nümayəndə heyəti Sofiyada

Bölmə: Ədəbiyyat 19.12.2016

Sərgi çərçivəsində nümayəndə heyətinin Bolqarıstan Tərcüməçilər Birliyi, Bolqarıstan Kitab Sərgisinin rəhbərliyi ilə görüşləri keçirilib. Bolqarıstan Tərcüməçilər Birliyinin rəhbərliyi ilə paytaxtın Sofiya Universitetində baş tutan görüş zamanı Mərkəzin son iki il ərzində ədəbiyyatlararası mübadilələr istiqamətində həyata keçirdiyi layihələrdən, rus dilində Moskvada, ingilis dilində Londonda, türk dilində Ankarada, ərəb dilində Qahirədə nəşr olunan “Müasir Azərbaycan ədəbiyyatı antologiyaları”ndan, habelə dünya ədəbiyyatı nümunələrinin Azərbaycanda geniş təbliğindən söz açılıb. Hazırda çex, ispan, ukrayna, belarus, fransız və gürcü dillərinə tərcümə prosesində olan bu akademik nəşrin bolqar dilinə tərcüməsi, bu işin Bolqarıstanın tanınmış tərcüməçiləri tərəfindən həyata keçirilməsi və Sofiyanın aparıcı nəşriyyatlarında nəşri ilə bağlı danışıqlar aparılıb.

Bolqarıstan Tərcüməçilər Birliyinin sədri İvo Panov:

– Sizin Mərkəzin fəaliyyətini maraqla izləyirik. Məşhur Argentina yazıçısı Adolfo Kasaresin “Morelin ixtirası” kitabını nəşr etmisiniz. Bu, çox maraqlı əsərdir və ümumiyyətlə, Argentina ədəbiyyatı dünyanın aparıcı ədəbiyyatları sırasında həmişə diqqət mərkəzində olub. Mərkəzin ədəbiyyatlararası mübadilələr istiqamətində həyata keçirdiyi bu layihələri, dünyanın ən istedadlı ədəbi simalarının Azərbaycanda tanıdılmasını və təbliğini təqdirəlayiq hal hesab edirik.

Görüşdə Bolqarıstan Tərcüməçilər Birliyinin sədri İvo Panovla yanaşı, qurumun sədr müavinləri Rada Şarlanciyeva və Veselina İjekova, məsul katib Sabina Pavlova, Azərbaycan Respublikasının Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova iştirak ediblər.

Bolqarıstan Kitab Sərgisinin rəhbərliyi ilə baş tutan növbəti görüşdə 2017-ci ildə Sofiyada keçiriləcək sərgidə Azərbaycanın geniş və əhatəli iştirakının təşkili ilə bağlı danışıqlar aparılıb. Söhbət zamanı “Bolqar Kitabı” Assosiasiyası idarə heyətinin sədri Veselin Todorov gələn il keçiriləcək adıçəkilən beynəlxalq əhəmiyyətli tədbirdə Azərbaycan ədəbiyyatının bolqar oxucusuna tanıdılması istiqamətində atılacaq addımlarla bağlı fikirlərini bölüşüb.

Səfər çərçivəsində Bolqarıstan Yazıçılar Birliyinin rəhbərliyi ilə də görüş keçirilib. Görüşdə Azərbaycan ədəbiyyatının beynəlxalq aləmə tanıdılması istiqamətində artıq bir neçə dilə tərcümə və nəşr edilən “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın bolqar dilinə mükəmməl səviyyədə tərcüməsi və Bolqarıstanın ədəbi mühitinə tanıdılması üzrə vacib tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Bolqarıstan Yazıçılar Birliyinin sədri Boyan Angelovla yanaşı, Birliyin baş katibi, şair Xristo Qanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, şair-dramaturq Dmitri Xristov, şair-tərcüməçi Nadya Popova, dramaturq, şair-tərcüməçi Atanas Zvezdinov, şair-tərcüməçi İvan Yesenski, həmçinin Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova iştirak ediblər.

Tədbirlərdən sonra Mərkəzin direktoru Afaq Məsud Bolqarıstanın “Standart” qəzetinin müxbiri, tanınmış jurnalist Olia Al-Ahmedə, Bolqarıstan Jurnalistlər Birliyinin əməkdaşı, tanınmış jurnalist Rozalina Yevdokimovaya müsahibə verib.