Elektron ədəbiyyat və sənət portalı

Uduzan kim, udan kim?

Bölmə: «Aydın Yol»çular 12.12.2016

- Mərc oyunu üçün çoxlu variant yazmışdıq, təhvil verməyə pulumuz çatmırdı. Ona görə də...

Bax belə! Oğurluqla əldə edilən pullar geyimə, yeməyə, bahalı mobil telefon və s. alınmasına yox, oyuna sərf olunub. Asan yolla pul qazanmaq hərisliyi sonda bu uşaqları cinayətə sürükləyib. Övladlarına qayğısız həyat üçün hər cür şərait yaratmağa çalışan, lakin onlara nəzarəti zəiflətmiş valideynlərin xəcalətdən hansı hisslər keçirdiyini anlamaq çətin deyil.

Gəlin düşünək - bu olayda bir məşhur mahnıda deyildiyi kimi, kim uduzdu, kim uddu? Mən heç də mərc oyunlarının əleyhinə deyiləm. Dünyada totolizatorlar, mərc oyunları həmişə olub və yəqin ki, bundan sonra da olacaq. Görünür, insan psixologiyası elədir ki,  bəzi adamların yüksək  dozada  adrenalinə, həyəcanlarını, emosiyalarını və çılğın hisslərini daha qabarıq büruzə verməyə ehtiyacı var. Əsrlər boyu insanlar  “qələbə” və “məğlubiyyət” adlı iki əks qütbün arasında qalıblar. Cəmiyyət mərc oyunlarında bəxti gətirənlərə, yox yerdən varlananlara gizli həsəd aparsa da, bu oyun ucbatından müflisləşən məzlumların acı həyat hekayətlərinə də az şahidlik etməyib.

Sirr deyildir ki, biznesin bu sahəsində ağlagəlməz pullar dövr edir. Nəzərə almaq lazımdır ki, gəlirin böyük qismi idmanın müxtəlif növlərinin (xüsusən də uşaq idmanının)  inkişafına, idman klublarının fəaliyyətinə, möhtəşəm qurğuların, stadionların inşasına, çoxcaylı xeyriyyə tədbirlərinə sərf olunur.

Bütün bunlar təqdirəlayiqdir. Ancaq bu həm də yetkinlik yaşına çatmayanlar arasında bir sıra problemlər yaradıb. Bəzi valideynlər şikayət edir: “Uşağa cibxərcliyi veririk, istəyirik özünə sərf etsin, yaşıdları ilə əylənsin, ancaq sonradan xəbər tuturuq ki, həmin pulu mərc oyununa verib! Heç bilmirik neyləyək?”

Qanuna görə, mərc oyunlarında yalnız 18 yaşından yuxarı vətəndaşlar iştirak edə bilər. Bəs bu qaydaya hər yerdə əməl olunurmu? Belə məntəqələrdən birinin əməkdaşı deyir:

- İndi duraq hər müştəridən şəxsiyyət vəsiqəsi tələb edək? Ödədiyi pulun mənbəyi ilə maraqlanmağa səlahiyyətimiz yoxdur. Uşaqları geri qaytarırıq. Amma elələri də var ki, son qəpiyini gətirir. Bunun ucbatından xirtdəyəcən borc içində olanlar var!

Nə isə... Qaydalar belədir - variantını ver, pulunu ödə! Deməli, iştirakçıların yaş həddinə nəzarət yoxdur, yetkinlik yaşına çatmayanlar asanlıqla kimlərinsə təsiri altına düşüb, bu cür xoşagəlməz əməllərlə qarşılaşmalı olur. Buna görə də müəllimlər, valideynlər, QHT-lər əl-ələ verib geniş izahat işi aparmalıdır. Bunun əvəzində uşaqları idman  qurğularına aparıb onlarla birlikdə yarışları izləmək, yeniyetmələri kütləvi surətdə idman bölmələrinə cəlb etmək daha yaxşı olmazmı?

Dostlarımdan biri də oxşar problemlə üzləşmişdi. Ancaq məsələ razılıqla həll olundu. Dostum oğluna təklif etdi ki, variantlara xərclədiyi pulun müqabilində onu şəhərin ən müasir idman qurğusundakı trenajor  bölməsinə yazdıracaq. Hər şey sülhlə bitdi. İndi dostum özü də oğlu ilə birlikdə həmin o idman zalına gedir...

İstənilən halda, hər bir problemin həlli yollarını axtarıb tapmaq mümkündür. Amma məcburi tədbirlərin səmərə verməyəcəyi də nəzərə alınmalıdır. Yeniyetmələr elə yaş dövründədirlər ki, onlara qarşı münasibət həssaslıq tələb edir.

Övladları, xüsusən də yetkinlik yaşına çatmayanları nəzarətdən kənarda qoymamalıyıq. Onlarla daim ünsiyyətdə olmaq, işləri və problemləri ilə  mütəmadi maraqlanmaq, düzgün yol göstərmək vacibdir. Əks təqdirdə, yaşlı nəsil – biz özümüz uduzacağıq. Və bu məğlubiyyət bir oyunluq yox, həmişəlik olacaq.