Parisin “Şamaxı şahzadəsi”

Tarix 12.12.2016 84

II yazı

..1953-cü ilin soyuq noyabr günü Parisin Sent-Jenevyev-de-Bua məzarlığındakı sükutu bu dəfə kilsə zəngləri pozdu. Keşiş duanı oxuyub bitirmişdi. Adamlar dinməz-söyləməz növbə ilə böyük rus yazıçısı İvan Buninin məzarına yaxınlaşır, tabutun üstünə torpaq atırdılar. Hərbi geyimdə olan çar generalı göz yaşını saxlaya bilmirdi. O, cibindən səliqə ilə bükülmüş yaylıq çıxartdı, içindəki torpağı ovuclayıb məzarın üstünə səpdi və ucadan dedi:

- Əzizim İvan. Sən ömrün boyu vətənə dönməyi arzulayırdın. Qismət olmadı. Qoy bu bir ovuc rus torpağı sənin soyuq məzarını isitsin. Əminəm ki, indi ruhun doğma Rusiyada dolaşır. Rahat yat, dostum, qəbrin nurla dolsun...

Yazıçının yaxın çevrəsi yaxşı bilirdi ki, o, daim vətən həsrəti ilə yaşayır. Əsərlərində də Rusiyaya olan sevgisini tərənnüm edirdi. Yazıçı, şair, tərcüməçi, 39 yaşında Peterburq Elmlər Akademiyasının fəxri akademiki seçilmiş, 1933-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı almış Bunin 1870-ci ildə Mərkəzi Rusiyada, Voronеj yaхınlığında doğulmuşdu. Onun mənsub olduğu zadəgan şəcərəsinin kökləri ХIV əsr Litva rıtsarlarına qədər gеdib çıхırdı.

Gələcək yazıçı ilk təhsilini еvdə almış, 11 yaşında isə Yеlеtsk gimnaziyasına daxil olmuşdu. Lakin ailənin maddi vəziyyəti ağırlaşdığından, təhsili yarımçıq qaldı. O, 1889-cu ildə yеrli “Orlovski vеstnik” qəzеtində korrеktor kimi işə başladı. İki ildən sonra İvanın ilk şеirlər kitabı işıq üzü gördü.        

1895-ci ildə Anton Çехovla ilk görüşü gənc Bunini yaradıcılığa daha da həvəsləndirdi. Sənətə fərqli münasibətlərinə baхmayaraq, rus ədəbiyyatının bu iki böyük simasının səmimi dostluq münasibətləri uzun illər davam etdi.

Buninə ciddi təsir edən sənətkarlardan biri də Lev Tolstoy idi. Buninin  “Хutorda”, “Vətəndən хəbər”, “Dünyanın o biri başında” hеkayələri rus cəmiyyətinin acı rеallıqlarına – 1892-ci ildəki aclığa, vəba еpidеmiyasına, kiçik torpaq sahiblərinin müflisləşməsinə, kəndlilərin Sibirə sürgün еdilməsinə həsr olunmuşdu. Bunin Rusiyada həm də məharətli tərcüməçi kimi tanınmışdı.

O, Oktyabr inqilabı ilə barışmadı. 1920-ci ilə qədər Odеssada yaşadı, sonra isə Fransaya mühacirət еtdi.

...Dəfn mərasimi başa çatsa da, kimsə yerindən tərpənmirdi. İnsanlar sanki yazıçını bu qərib məzarda tənha qoyub getmək istəmirdi. Başını ərinin köksünə qoyub dalğınlıqla məzara baxan, dostlarının yazıçı “Banin” təxəllüsü ilə tanıdığı qadın - məşhur Bakı milyonçusu Şəmsi Əsədullayevin qızı Ümbülbanu bu anlarda qəribə hisslər keçirirdi. “Yəni mənim də ömrüm qürbətdə bitəcək? Bir daha candan əziz sevdiyim Bakını, doğma el-obanı, vurğunu olduğum Xəzəri görməyəcəyəm? Bir gün məni də belə məzarlıqda dəfn edib çıxıb gedəcəklər, azərbaycanlı qızı olduğumu kimdi xatırlayan? İvan Nikolayeviç kimi, mənim də ürəyim vətən nisgili ilə qubar olacaq... Qürbətin acısını uda-uda əriyəcəyəm bu yad məmləkətdə...”

Ümbülbanu yenə də Buninlə ilk görüşünü xatırladı. Məşhur satira ustası Teffinin evində yazıçı ilə şüşəbəndin bir küncünə çəkilmişdilər. Buninin hər kəlməsində vətən həsrəti duyulurdu, sözünün əvvəli də, axırı da Rusiya idi. Mühacirətdə ilk kitabı yenicə çapdan çıxmış Ümbülbanunun timsalında sanki özünə həmdərd tapmışdı. O, yeni dostu - Baninin “Qafqaz günləri” romanını yüksək qiymətləndirirdi. Bu əsərdə Ümbülbanu  Bakıda keçən uşaqlıq və gənclik illərindən, şahidi olduğu ictimai-siyasi hadisələrdən yazır, Azərbaycanı, onun paytaxtını, burada yaşayan insanların həyat tərzini təsvir edirdi. Romandakı hadisələr keçən yüzilliyin birinci və ikinci onilliyində neft milyonçusu Şəmsi Əsədullayevin və onun nəsli ətrafında cərəyan edirdi. Həmin illərdə neft Bakısında tətil, talan və qırğınlar baş alıb gedirdi, ermənilərlə münasibətlər kəskinləşmişdi. Müəllif həmin illəri “dünyanın qarışıq dövrü” adlandırır və ermənilərin törətdiyi əməlləri Fransa ictimaiyyətinə çatdırırdı. Bununla yanaşı, romanda Qafqaz müsəlmanlarının inkişafından, Bakının yeni neft yataqlarından, çiçəklənən mədəniyyətindən geniş bəhs olunurdu. Banin yazırdı:

“Bakı göz görə-dörə dəyişir, Avropa həyat tərzinə keçirdi. Təlatümlü tarixi hadisələrin baş verdiyi bu dövrdə adətlər dəyişir, onsuz da zəifləmiş köhnə ənənələr mövqeyini itirirdi...Təbiətin bu dəyişməzliyi ilə bizim dəyişmiş güzəranımız arasındakı ziddiyyət mənə melanxolik bir ovqat gətirmişdi”.

...Teffi şüşəbəndə gəldi. Əziz qonaqları üçün əlində iki qədəh şərab gətirmişdi, gülümsəyib Ümbülbanuya göz vurdu:

- Banin, ehtiyatlı ol, İvan adlı bu qaragöz oğlan əsl sehrbazdır,  qadınların qəlbini göz qırpımında ovsunlamağı bacarır. Tora düşməyəsən a...

Amma nəsə Buninin qadın sarıdan bəxti gətirmirdi. İlk sevgilisi Varvara onu tərk etmişdi. İlk rəsmi həyat yoldaşı Anna Sakni ilə də xoşbəxtlik tapa bilməmişdi. Belə ki, Annanı ərinin daxili aləmi,  hissləri, yaradıcılıq uğurları əsla maraqlandırmırdı. İkinci həyat yoldaşı Vera ərinin başqa qadınlarla xəyanətinə dözməyərək evi tərk etmiş, lakin bir müddət sonra Bunini bağışlayıb geri dönmüşdü...

Ümbülbanu ürəkdən güldü:

- Teffi, deyəsən, artıq gecdir, mən bu gündən İvan Nikolayeviçin sehrli məngənəsindən çıxa bilməyəcəyəm. Məncə, heç özü də buna razı olmaz. Parisin göbəyində “Şamaxı şahzadəsi”ni tapmaq hər adama nəsib olmur...

Hər üçü güldü. İvan Nikolayeviç şərabdan bir qurtum içib Baninin gözlərinin içinə baxdı.

- Əziz dostum, icazənizlə, sizə yeni şeirimi oxuyum. Məncə, sizə layiq əsərdir, - dedi, sonra da gülə-gülə əlavə etdi. – Dostum Yesenin eşitsəydi, paxıllıqdan ürəyi partlayardı.

 

Üzümə dikilsə mavi gözlərin,

Mən xoşbəxt sanıram özümü onda...

Buludsuz bir günün göyləri kimi

Ümid parıldayır baxışlarında.

 

Qara kirpikləri endirib sussan,

Üzər kədər məni, üzər qəm məni.

Sevirsən, özün də bilmədən amma

Gizli saxlayırsan sən bu sevgini.

 

Amma ki, hər zaman, hər yerdə, hər an

Sənlə yaxınlığı işığa yozdum...

Sənin gəncliyini, gözəlliyini,

Kaş Tanrı qorusun, ey əziz dostum!

 

...Məzarlıqda kimsə qalmamışdı. Təksə iki fəhlə məzarın önündəki əklilləri səliqə ilə yerləşdirirdilər. Qızılgüllərlə bəzədilmiş əklillərdən birinin qara lentində belə yazılmışdı: “Əziz Buninə “Şamaxı şahzadəsi”ndən!”

Fərhad SABİROĞLU