Elektron ədəbiyyat və sənət portalı

Rumın şeirinin “qanunu”

Bölmə: Ədəbiyyat 05.12.2016

 Bu misralar “poetik dilinin mürəkkəbliyinə” baxmayaraq, rumınların ən sevimli şairlərindən olan Nikita Steneskunun şeirindəndir. Yazımızı bu şeirlə başlamağımız həm də “müasir rumın şairi üçün poeziya nədir?” sualına cavab tapmaq istəyimizlə bağlıdır. Əlbəttə, bu şeirdə poeziya haqda düşüncələr yalnız  hissi yanaşmadır, ancaq bu misralarda rumınların poeziya tarixinin ən ümumi cizgilərini də görmək mümkündür: bu cizgilər rumın şeirinin bütün mərhələlərinin içindən qırmızı xətt kimi keçən ekzistensial nisgili, milli kədəri, bəşəri ağrını ümumiləşdirir.

Bəlkə də, dünyada elə bir şair tapılmaz ki, onun şeirlərində yaşadığı dövrün ictimai-siyasi reallıqları, təmsil etdiyi xalqın sarsıntıları hansısa səviyyədə öz əksini tapmasın. Bu sanki ədəbi prosesin əbədi qanunauyğunluğudur. Rumın poeziyası ilə tanışlıqdan yaranan ilk təəssürat bu olur ki, müxtəlif dövrlər üzrə poetik kod dəyişiklikləri siyasi rejimlərin, sosial-ictimai reallıqların dəyişməsilə həmahəngdir. Rumıniyada yeni tarixin başlanğıcı sayılan 1848-ci il inqilabından bu günə qədər bu “qanun” rumın ədəbi prosesində qüvvədədir. Məsələn, əvvəllər romantik şeir dominant idisə, rumın knyazlıqlarının krallığa çevrilməsindən sonra simvolist axın üstün olmağa başladı. Birinci Dünya müharibəsindən sonra avanqardçılar öz manifestləri ilə ədəbiyyata gəldilər... Şərqi Avropa Kommunist blokunun dağılmasının ardınca Rumıniyada tamamilə fərqli bir ədəbi nəsil üzə çıxdı. “Səksənincilər” adlandırılan bu nəslin təmsilçiləri özlərinəqədərki poetik təcrübənin və nəzəriyyələrin üstündən xətt çəkərək yeni poetika təklif edirdilər: onlara görə, modernizmin uzun qış yuxusundan sonra, rumın şeirinin forması da, məzmunu da dəyişməlidir. Bu dalğanın şairləri metaforlara “nifrət edirdilər”. Əvvəl-əvvəl ideoloji senzuranın basqılarından yayınmaq üçün kollektiv şəkildə, qrup halında tirajlanmağa məcbur olan həmin səksənincilər sonradan öz müəllif kitablarını çıxarmağa başladılar. Məsələn, Trayan T.Koşovey sevgi etiraflarının kolleksiyasından ibarət “Bir, iki, üç və ya...” kitabını nəşr etdirdi. Kitabın adı atletika yarışlarının startını parodiya edirdi və lirizm idman azarkeşliyinin yerinə qoyulurdu. Yaradıcılıq kredosu şəxsiyyətin daxili azadlığının qorunması olan Marta Petreu  “Feilləri gətirin” kitabında öz poetikası ilə cəsarətlə “çeynənmiş dilə” qarşı çıxırdı. Marina Marin özünü yunan şairi Silviya Platın ağrıları ilə ifadə edirdi, Adrian George öz poemalarında yeni danışıq dilinin simvolikasını yaradırdı, K.Komartin intellektual sentimentalizm nümunələri təqdim edirdi.

XX əsrin sonlarında ədəbiyyata gələn şairlər əvvəlki poetik şablonlardan çox da uzaqlaşmayaraq, şeirin texnikasında müəyyən dəyişikliklər etdilər. “Doxsanıncılar” adlandırılan bu nəslin nümayəndələri Kristian Popesku, İoan Pop, Mixail Helesanu, Daniel Belinesku, Luçian Vasilesku, Yustin Pansa poetik mətndə parodiyalara üstünlük verməyə başladılar. Ədəbiyyatdakı və cəmiyyətdəki ənənələrə kəskin ironiya və oturuşmuş dəyərlərin dekonstruksiyasına söykənən bu tendensiyanı XXI əsrin əvvəllərində meydana atılan gənclər daha da gücləndirdilər. İkiminincilər nəsli isə reallığın ekzistensial dərki xəttini aparıcı istiqamətə çevirdilər. Bu dövrdə şeirlərin təkcə poetik ovqatında deyil, sintaksisində də radikal dəyişikliklər baş verdi.

Ancaq, əlbəttə ki, müasir rumın poeziyasının nəsillər üzrə təhlilindəki bu ümimiləşdirmələr, onların təmsilçilərinin bir-birini texnika, düşüncə tərzi baxımından təkrarlaması anlamına gəlmir. Adları eyni estetik axın kontekstində çəkilən şairlərin hər birinin özünəməxsus dəstxətti var. Məsələn, doxsanıncılar nəslinin ən məşhuru olan Kristian Popeskunun şeirlərində metafizik ovqat məişət detallarının maksimum istismarı vasitəsilə təqdim olunur.

 

Siçanın varlığndan şübhələndiyimiz mətbəxdə

şübhələri kənara qoyaraq

onunla xeyli vaxt bir yerdə yaşadıq

və bilmədik kim kimin arxasınca düşüb,

kim kimin axtarışındadır.

 

Popeskunun poeziyasında Zaman fəlsəfidir, Məkan fiziki, insan balacadır, amma onun əhatəsində olan ən xırda predmet də nəhəngdir. Bu şairin şeirlərində nitq və baxış yoxa çıxıb, varlıqlar bir-birilə yalnız hərəkətlərin səsilə ünsiyyətdədirlər: adamlar bir-birinə göz qapaqlarının səsilə baxır, bir-birilə addım səslərilə danışırlar.

Bu nəslin başqa bir təmsilçisi İoan Popun poeziyası, demək olar ki, əşyalara can verməklə məşğuldur. Mətndə fikir axınları arasında süni uçurumlar, oxucu üçün krossvord effekti yaratmaq bu şairin özünəməxsusluğudur. Onun hər şeirində eyni zamanda bir neçə informasiya təqdim olunur ki, ilk baxışdan bu informasiyalar arasında əlaqə yoxdur, yalnız oxucu bu rabitəsizliyi aradan qaldıra, bu boşluqları, bu “xanaları” doldura bilər:

 

Paltarımızdakı biz deyilik:

köynəklərimiz canlılar kimi əllərini yelləyirlər ki,

qaç bizim anbarlarımıza

və onları bizdən azad elə...

Bu otağın İspaniyasında

bütün ömrünü tək yaşadın,

təkcə sən bacararsan...

 

Avtoironik oyunlara meyilli olan fantast şair Dana Kofman özündən əvvəlki rumın şeirini vizuallaşdırmaqla məşğuldur. Ekspressionizmlə realizmin bir araya gətirildiyi bu şeirlərdə müəllif əsasən öz portretini yaradır və bu zaman fantast elementlərdən yararlanmaqla oxucunu ətraf mühitdən uzaqlaşdırmağa, bütün diqqəti yalnız insana, insan cizgilərinə yönəltməyə çalışır. Onun şeirlərindən keçən qəribə ssenarilərdə səbəbi bilinməyən metafizik qorxular var, insanı əhatə edən hər şey insanın zahiri quruluşuna köçürülür.

 

Nahardan sonrakı saatlarda

tüstü halqalarını başım üstündə

süzməyə məcbur edirəm.

Hətta bədənimin yarısını

qaldırıram başım üstünə.

Kresloda oturub özümə baxıram:

ax, mənim gözəl əllərim.

Onun başqa bir şeirindən misal:

Çox gözələm, çox qəribəyəm:

hiss edirəm ki, özümü yeməyə hazıram.

Xüsusən indi – bu qoçun

öz buynuzlarını mənə sancdığı zaman.

Paltarıma nəfəs verərkən

minlərlə işıqsaçan nöqtə səpilir parçanın üstünə

və qadınlar heyran olur mənə.

 

Dünyanın hər yerində olduğu kimi, rumın poeziyasının da çağdaş mərhələsinin nüvəsini beş-altı şair təşkil edir. Çevrə bu beş-altı şairlə qapanıb, qalanları bu çevrə boyu hərəkətdədirlər. İkiminincilər nəslindən sonra ədəbiyyata gələn gənclərin yaradıcılığında, hələ ki, ədəbi nəsil özünəməxsusluğu yoxdur. Bu gənclərin əksərinin dünyagörüşü rənglərin tündlüyü ilə seçilsə də, yaradıcılıqlarında bir estetik vurnuxma müşahidə edilir: onlar özünəqədərki ənənələrdən qaçmağa çalışırlar, amma bu cəhdlər, hələ ki, yerində qaçışdır. Və demək olar ki, şeirlərində indiyədək gəlib-keçmiş bütün poetik meyillərin izləri olan yeni nəsil , hələ ki, axtarış mərhələsindədir.

(Şeirlərin tərcüməsi müəllifə məxsusdur)

Salam SARVAN