Elektron ədəbiyyat və sənət portalı

Qəbirstanlıqda məhəbbət əhvalatı

Bölmə: Ədəbiyyat 28.11.2016

ELÇİN

1.

…sonra dəniz tərəfdən yüngülcə bir yaz mehi əsdi və o yaz mehi güllərin, çiçəklərin ətrini bütün ətrafa yaydı, elə bil, bura qəbirstanlıq yox, dağ yamacındakı o gözəl çəmənlik kimi bir yer idi – o gözəl çəmənlik ki, Şölünün uşaqlığı da, yeniyetməliyi, gəncliyi də kəndlərinin böyründəki o çəmənlikdə keçmişdi.

Qəbirstanlıqda iki cür gül-çiçək olur: asfalt cərgələrin kənarlarında, qəbirlərin ətrafında əkilmiş gül-çiçəklər, bir də ziyarətə gələn adamların sinə daşlarına düzdükləri gül dəstələri (bəziləri də elə sellofana bükülü-bükülü sinə daşlarının üzərinə qoyulurdu) və başqa xadimələri bilmirəm, ancaq Şölü bu qəbirstanlıq güllərinin fərqini hiss edirdi – dükanlardan alınıb gətirilmiş sapları kəsik güllərin ətrində Şölü üçün açıq-aşkar bir qəbirstanlıq qəmi, qüssəsi, kədəri var idi, ancaq elə ki, bu gözəl yaz mehi dənizdən əsirdi, elə bil, o qəm-qüssəni, o kədəri də təmizləyib özü ilə aparırdı, qəbirstanlığa təkcə canlı gül-çiçəyin ətri yayılırdı.

Bəzən Şölüyə elə gəlirdi ki, bu canlı gül-çiçək ətrini qəbir daşlarına həkk edilmiş şəkillər də hiss edir, o rəhmətliklərin ruhları da xoşhal olur və həmin yaz günü də şvabradakı yaş əskiylə Muxtar kişinin sinə daşını silə-silə, yenə Şölüyə elə gəldi ki, elə bil, bu rəhmətlik o yaz mehinin ətrafa yaydığı gül-çiçək ətrindən həzz aldığı üçün beləcə gülümsəyir. Rəhmətlik bu həyatda səksən səkkiz il yaşamışdı və yaşlı vaxtlarında da çəkdirdiyi şəkildə bic-bic gülümsəyə-gülümsəyə düz qırx il bundan əvvəl qoyub getdiyi dünyaya baxırdı – görünür, əhli-kef adamıymış. Şəkilin altında Muxtar kişinin ad-familindən sonra yazılmışdı ki, 1888-ci ildə anadan olub, 1976-cı ildə də haqq dünyasına köçüb və belə məlum olurdu ki, Muxtar kişi həm də bu qəbirstanlığın ən yaşlı sakinlərindən biridir, çünki camaatın «Qarğa qondu qəbirstanlığı» dediyi bu qəbirstanlıq elə 70-ci illərin ortalarında – sovet vaxtı salınmışdı.

Bu şəhərin qəbirstanlıqları köhnəlmişdi – bir tərəfdən ölü basdırmağa yer tapılmırdı, o biri tərəfdən də o qəbirstanlıqlarda səliqə-səhman deyilən bir şey yox idi, qatma-qarışıqlıq baş alıb gedirdi, qəbirlər bir-birinə dirənmişdi və həmin qəbirstanlıqlar savadsız mollaların, bir də oradakı yaşları bilinməyən ağaclarda yuva qurmuş qarğaların ümidinə qalmışdı. Şəhərin kommunist rəhbərliyi vəziyyəti belə görüb, nümunəvi qəbirstanlıq salmağı qərara almışdı və şəhərin aşağı hissəsindəki «Qarğa qondu» deyilən təpəliklə dənizin arasında təzə bir qəbirstanlıq üçün yer ayırmış, kiçik bir müdiriyyət yaradıb, ştatlar vermişdi. Buranın adı da şəhər camaatının dilində «Qarğa qondu qəbirtsanlığı» kimi məşhurlaşmağa başladı və düzdür, camaatın çoxu ölülərini köhnə qəbirstanlıqda ata-babalarının, qohum-əqrabalarının yanında dəfn etmək istəyirdi, ancaq «Qarğa qondu qəbirstanlığı» da yavaş-yavaş böyüyürdü. Sovet İttifaqı dağılandan sonra bir ara burda da hərc-mərclik başladı, ancaq yavaş-yavaş ara sakitləşdi, xüsusən Qiyas müəllim müdir olandan sonra bu qəbirstanlıq şəhərin həqiqətən nümunəvi bir qəbirstanlığına çevrildi.

Muxtar kişinin qəbri yeganə qəbir idi ki, Şölü həmişə bu qəbri silib, çör-çöpdən təmizləyəndə illər ərzində ürəyinə hopmuş qəbirstanlıq məyusluğu, elə bil, uçub gedirdi və Şölü bu dəfə də Muxtar kişinin bic-bic gülümsəyən şəkilinə baxa-baxa ürəyində: «- Nə var, nə yox, a kişi? - soruşdu. - Oralarda da kefin kökdü, yoxsa, yox?»

Düzdü, o qəbirstanlıq məyusluğu uçub gedirdi, amma sonra yenə qayıdırdı.

Və bu vaxt yuxarı tərəfdən qəbirstanlığın müdiri Qiyas müəllimin o yaz mehinin yaydığı gül-çiçək ətrinə heç vəchlə uyuşmayan və nəinki uyuşmayan, hətta tamam zidd olan cır səsi gəldi:

- Süleymanova!..

- O mürdəşir üzünü yumuş səni çağırır… - Bunu da iki cərgə aşağıda təmizlik işləri ilə məşqul olan Ziba xala dedi.

Şölü:

- Hə, eşidirəm, çağırır...- dedi.

Öz familyası hər dəfə Qiyas müəllim onu çağıranda Şölünün yadına düşürdü.

- Elə çağırır, elə bil zamministirdi!.. - Bunu yenə də Qiyas məllimin qarasına Ziba xala dedi – bu arvadın aləmində, görünür, «zamministr»dan böyük adam yox idi: «Pax!.. Yoxsa ki, zamministrsən!..»

Ziba xala dağ yəhudisi idi, ancaq Azərbaycan dilini azırbaycanlılardan da yaxşı bilirdi və «Qarğa qondu qəbirstanlığı» işə başlayandan burada işləyirdi, kürreyi-ərzdə də Qiyas müəllimlə cani-dildən intriqa aparan bir adam vardısa, o da Ziba xala idi. Əslində, mən bilən, «Qarğa qondu qəbirstanlığında» işləyənlərin arasında Qiyas müəllimdən ötrü sino gedən adam yox idi, çünki köynəyinin boğazlığı həmişə utülənməmiş olan, həmişə də eyni köhnə qalstukunu taxan, udqunanda nazik və dərisi qırışıq boğazının iri və ucu iti hülqumu qalxıb-enən, əlli yeddi-əlli səkkiz, bəlkə də, altmış yaşlı bu arıq, uzun burun, qarabəniz adamın bir dəfə də olsun, üzü gülməzdi və Allah onun qupquru dilinə heç olmasa bir cıqqanaq şirinlik verməyi də əsirgəmişdi.

Yenə Qiyas müəllimin dənizdən əsən bu gözəl yaz mehinin ətrafa yaydığı gül-çiçək ətrinə qənim kəsilmiş cır səsi gəldi:

- Süleymanova!..

Şölü aşağıdan yuxarı:

- Gəlirəm, Qiyas məllim, gəlirəm. - qışqırdı və Muxtar kişi bu dəfə, elə bil, Şölüyə də, lap elə Qiyas müəllimin özünə də lağ edə-edə gülümsədi.

Şölünün adı Şölə idi və Şölənin heç vaxt ağlına gəlməzdi ki, haçansa qəbirstanlıqda xadimə olacaq, ancaq adamın istəməyindən nə asılıdı? – heç nə, – həyatdı və hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır, quş kimi uçub gedir: düz on il idi ki, bu qəbirstanlıqda xadiməlik edirdi. Bu on ilin son yeddi ili Qiyas müəllimin rəhbərliyi ilə keçmişdi, ona qədər «Qarğa qondu qəbirstanlığına» az qala ayda bir müdir gəlib gedirdi, ancaq yeddi il idi ki, Qiyas müəllimin müdirliyi davam edirdi və heç kimin azacıq da olsun, şübhəsi yox idi ki, Qiyas müəllim ömrünün sonuna kimi də burda müdir olacaq.

Fasilə zamanı – Qiyas müəllim dəqiqəbədəqiqə nəzarət edirdi: saat bir tamamla iki tamam arası – xadimələr süpürgələri, şvabraları səliqə ilə dar dəhlizin divarına söykəyib, nahara başlayanda – kim evdən nə gətirmişdisə, elektrik sobasında qızdırıb qoyurdu öz qabağına – və Ziba xala deyirdi: «- Bu köpəkoğlunu (yəni ki, Qiyas müəllimi) öləndə də burda basdıracaqlar.» Şölü zarafatla: «- Ziba xala, - deyirdi. - Səni Qiyas müəllimlə barışdıracam.» Ziba xala: «- Pax!.. Allah vurmuşdu onu! Yoxsa ki, elə sənin qədrini də çox bilir? Səhərdən axşamacan canını qoyursan burda! O qəbiri təmizlə, buranı sil-süpür!.. Bir xoş söz eşitmisən onnan? Ay eşitdin a!.. Mən öləndə də heç yasıma gəlməyəcək!.. Cəhənnəmə gəlsin! Onunku odu ki,- Ziba xala Qiyas müəllimi yamsılayırdı.- «Suleymanova, az-z-z, buranı bir də sil! Xanukova, az-z-z, bir də geciksən, daha işə gəlmə!..» Elə sənin başunçun!..»

Xanukova (Qiyas müəllim işçiləri ancaq famili ilə çağırırdı) Ziba xalanın famili idi, yaşı da yetmişi haqlamışdı və buna görə idi, ya nəyə görəydisə, tez-tez ölümdən danışırdı. Bir oğlu vardı, Semyon (Ziba xala tez-tez onun adını çəkirdi: «- Mənə nə lazımdı? Heç nə! Syomanın canı sağ olsun!»), ailəsi ilə İzrailə köçmüşdü, deyilənə görə oradakı böyük restoranlardan birində aşpaz işləyirdi və onun bişirdiyi Azərbaycan xörəklərindən – plovdan, dolmadan, xaşdan, çığırtmadan, düşbərə-qutabdan ötrü o restoranın qabağına həmişə növbə düzülürdü. Ziba xalanın qızı isə bir amerikalı zənciyə ərə getmişdi, Pelsinvaliyada yaşayırdı – qız da, Semyon da Ziba xalanı yanına çağırırdı, ancaq Ziba xala heç hara getmirdi, «- Mən Azərbaycansız yaşaya bilmərəm!» - deyirdi və heç kimin şəkk-şübhəsi yox idi ki, o, bu sözləri sidq-ürəkdən, cani-dildən deyir. Semyon istəmirdi ki, Ziba xala qəbirstanlıqda xadimə işləsin, amma Ziba xala deyirdi ki, mən bura öyrəşmişəm və o, bu sözləri deyəndə Şölüyə elə gəlirdi ki, Ziba xalanın ürəyində bir nisgil var ki, onu burada, yəni «Qarğa qondu qəbirstanlığında» dəfn etməyəcəklər – şəhərdə yəhudilərin öz qəbirstanlığı var idi, müsəlmanların öz qəbirstanlığı, xaçpərəstlərin də öz qəbirstanlığı – hətta bütün dinlərin qəddar düşməni Sovet hökuməti də yetmiş il nə qədər çalışdısa da, belə bir qəbirstanlıq ayrı-seçkiliyinin öhdəsindən gələ bilmədi.

Şölünün də yaşı az deyildi, bu il əlli tamam olacaqdı və Şölü də Ziba xala kimi tək yaşayırdı (ümumiyyətlə, bu qəbirstanlıq, elə bil, tək insanlar məmləkəti idi), – oğlu Rusiyada, Barnaul şəhərində polis nəfəri işləyirdi, bir rus arvadla evlənmişdi, iki uşağı var idi, bundan başqa, Şölü artıq bilirdi ki, o arvadın əvvəlki ərindən də iki uşağı var, ancaq Şölü hələ ki, nəvələri görməmişdi – oğlu nə gəlirdi, nə də yanına çağırırdı, təkcə elə məktub yazırdı: necəsən, Novruzda gələcəyəm, ancaq hər Novruz bayramında özü gəlib çıxmırdı, hədiyyə göndərirdi: ya bir yaylıq olurdu, ya bir kofta, ya da bir yun jempir və hər dəfə də Şölüyə elə gəlirdi ki, oğlu il boyu arvadından gizlin pul yığır, eləcə gizlin-gizlin də hədiyyə alıb ona göndərir.

Qızının işləri pis deyildi, ibtidai sinif müəllimi idi, yeddi il bundan qabaq Pedaqoji Universiteti bitirib rayona təyinat almışdı, orda da bir baytar həkimə – yaxşı adam idi – ərə getmişdi, onun da iki uşağı var idi və Şölü onları ildə iki-üç kərə görürdü: bazar günü növbətçi olmadığı vaxtlar Qiyas müəllimdən bir gün icazə alırdı, çantasına əvvəldən tədarükünü gördüyü konfet, peçenye, Moskva kolbasası və başqa şəhər nemətlərindən yığaraq, şənbə sübh tezdən avtobusa minib rayona – beş saatlıq yol idi, – rayonda da başqa bir maşın tapıb, onların yaşadığı kəndə gedirdi, bir gecə qalıb, bazar günü axşam təzədən yola düşürdü, gecə Bakıya gəlib çıxırdı, səhər saat doqquzda da qəbirstanlıqda işə başlayırdı.

- Ay qız, Süleymanova, harda qaldın?

- Gəldim də, Qiyas məllim… Gəldim… - Yoxuşu tələsik qalxan Şölü bir əlində şvabra, o biri əlində də yarımçıq su doldurduğu vedrə, təngnəfəs Qiyas müəllimlə üzbəüz dayandı.

- Eşitmirsən, az-z-z, Qiyas müəllim çağırır səni?- Bunu barmaqları arasında daima siqaret olan Qiyas müəllim dedi – həmişə özü haqqında üçüncü şəxs kimi danışırdı.

Şölü:

- Muxtar kişinin tozunu alırdım… - dedi.

Qiyas müəllim ətli-qanlı bədəni olan Şölünün tələsə-tələsə gəldiyi üçün qıpqırmızı pörtmüş dolu və hamar yanaqlarına baxa-baxa:

- Sənki də elə Muxtar kişi olsun… - dedi və bir-iki dəfə udqundu – udqunduqca da nazik və dərisi qırışıq boğazının iri və ucu iti hülqumu qalxdı-endi.

Qiyas müəllim bu boyda qəbirstanlıqdakı qəbirlərin demək olar ki, hamısını bir-bir tanıyırdı və hansı qəbrin hansı cərgədə, hətta hansı qəbirlərin arasında olduğunu da bilirdi. Adətən, Muxtar kişinin adı çəkiləndə qəbirstanlıq işçilərinin sifətində bir təbəssüm yaranırdı, ancaq Qiyas müəllimin heç dodağı da qaçmırdı və bu dəfə də həmişəki quruluğu ilə sümükləri görünən uzun barmağını qarşı-qarşıya durduğu qəbrə tərəf uzadıb:

- Az-z-z, - dedi.- Sən görmürsən zeytunun budağı nətər uzanıb?

Bu, əlli yaşında – elə Şölü yaşında, Şölu kimi də ətli-qanlı – dünyasını dəyişmiş yazıq Səkinə Nofəl qızının qəbri idi və qəbrin kənarındakı zeytun ağacının təzə bir budağı Səkinə Nofəl qızının başdaşının qabağına uzanmışdı, kənardan baxanda rəhmətliyin adı oxunmurdu. Qiyas müəllim bu dəfə də sümükləri görünən uzun barmağı ilə o təzə budağı göstərə-göstərə və öskürə-öskürə – bu, həmişəki siqaret öskürəyinə oxşamırdı, deyəsən soyuqlamışdı – xırıldamağa başlamış cır səsiylə:

- Bunun bu budağını niyə kəsmirsən, az-z-z?.. - soruşdu.

Şölü:

- Qiyas məllim, - dedi. - İstədim kəsim, amma fikirləşdim ki, bunun əri iki gündən bir gəlir, gül gətirir, əvvəlcə ona deyim, sonra…

Səkinə Nofəl qızının əri doğrudan da tez-tez gəlirdi, hər dəfə də qırmızı qızılgüllər gətirib, səliqə ilə rəhmətliyin sinə daşına düzürdü və arvadının başdaşı ilə üzbəüz durub, başını aşağa salaraq, az qala yarım saat (bəzən lap çox da olurdu) eləcə dayanırdı.

Şölünün sözləri, deyəsən, Qiyas müəllimin ağlına batdı və o, bir az fikirləşib, yenə öskürə-öskürə:

- Yaxşı da… - dedi.

Və Şölü təzədən aşağı endi ki, Muxtar kişinin təmizlik işlərini sona çatdırsın və keçsin cərgədəki növbəti qəbirə.

Arxadan yenə Qiyas müəllimin səsi gəldi:

- Süleymanova!..

Şölü ayaq saxlayıb, geri çevrildi:

- Bəli, Qiyas məllim…

Qiyas müəllim əvvəlcə bir-iki dəfə udqundu və onun aralarındakı məsafədən də görünən iri və ucu iti hulqumu qalxıb endi, sonra:

- Az-z-z, - dedi. - Bax ha, yadından çıxmasın!

Şölü:

- Arxayın olun, Qiyas məllim. - dedi.

Şölü gəlib şvabra ilə Muxtar kişinin sinə daşını silə-silə rəhmətliyin gülümsəyən şəklinə baxdı və fikrindən keçirdi ki, sabah, yəni bazar günü növbətçi olmasaydı, Qiyas müəllimdən bu günün icazəsini alıb, uşaqların yanına gedərdi – şənbə günü xəstəxanalarda, poliklinikalarda olduğu kimi, hələ sovet vaxtından qəbirstanlıqda da iş günü idi və bu qaydanı Qiyas müəllim qoymamışdı, ancaq Qiyas müəllim başqa bir qayda qoymuşdu ki, xadimələr bazar günləri də növbə ilə işə çıxmalı, sil-süpür etməli, səliqə-səhman yaratmalıydı. Qəbirstanlığı başlı-başına buraxmaq olmazdı – insan öləndə baxmır ki, bazardı, ya hansı gündü və Qiyas müəllim növbətçi cədvəli düzəltmişdi – o cədvəl uzrə xadimələr növbə ilə bazar günləri işə çıxırdı və sabah da Şölünün növbəsi idi.

Dənizdən əsən o yaz mehi birdən-birə gəldiyi kimi, birdən-birə də keçib getdi və o gözəl gül-çiçək ətrini də həmişəki kimi özü ilə apardı. Qəbirlərdə yatan rəhmətliklər üçün gətirilmiş güllərin ölgün ətri yenə bir-birinə qarışdı və belə vaxtlarda olduğu kimi, indi də Şölüyə elə gəldi ki, artıq tumurcuqlamağa başlamış ağaclar da o gözəl gül-çiçək ətrinin keçib getməsindən bikef oldu, elə bil, həmişə – yay-qış, gecə-gündüz, göyün üzü açıq olanda da, buludlar topalışanda da qəbirstanlığın üzərində olan kədərli bir aura aşağı enib, bu ağacların üstünə çökdü və onların yaz sevincinə açıq-aşkar bir qüssə gətirdi.

Bir tərəfdən də Qiyas müəllimin – deyəsən, kişi möhkəm soyuqlamışdı – öskürəyi çoxalmışdı və onun o xırıltılı öskürəyi də o qəbirstanlıq qüssəsini, elə bil, daha da artırırdı; elə bil, Qiyas müəllimin o öskürəyi buralara hopmuş o qüssənin səsi, avazı idi.

«Qarğa qondu qəbirstanlığı»nın işçiləri dörd xadimədən, ağacları, gülləri sulayan fəhlədən, bir də müdir Qiyas müəllimdən ibarət idi, ancaq Ziba xalanın dediyinə görə əvvəllər, yəni sovet vaxtı buradakı işçilərin sayı çox olmuşdu və bilmirəm, düzdü, ya yox, amma Ziba xala and-aman edirdi ki, sovet vaxtı hətta buradakı xadimələrdən biri – indi rəhmətə gedib – şəhərin deputatı seçilmişdi.

«Qarğa qondu qəbirstanlığı»nda bir ştat da var idi – gözətçi ştatı və Qiyas müəllim şəhər rəhbərliyi ilə razılaşdırıb, o gözətçi vəzifəsini də özünə götürmüşdü, ancaq Qiyas müəllim müdir maaşından əlavə aldığı gözətçi maaşını özünə götürmürdü, qəbirstanlıqda «Xeyriyyə fondu» yaradıb, həmin maaşı o Fondda yığırdı, o Fondun rəhbəri də, müsahibi, katibəsi də özü idi və Yeni ildə, Novruz bayramında, bir də Respublika günündə işçilərə Fondun hədiyyələrini verirdi. Qiyas müəllim səliqə-səhmanla bir qalın «Fond jurnalı» düzəltmişdi və paylanan hədiyyələrin adlarını da, qiymətlərini də, tarixlərini də bir-bir o «Fond jurnalı»na yazırdı, işçilər də hədiyyələri götürəndə jurnala qol çəkirdilər.

Şölü hərdən Ziba xalanı cırnadırdı: «- Görürsən, Ziba xala, - deyirdi.- Kişi öz halal maaşını da bizimçün xərcləyir. Özü gedib bizim üçün bir-bir hədiyyələr alır? Buna nə sözün?» Ziba xala: «- Pax!..- deyirdi. - Mənə verdiyi duxudan olmaz!.. Sovet vaxtı o duxuları kişi dəlləkləri işlədirdi…» Şölü də gülə-gülə fikrindən keçirirdi (amma demirdi) ki, arvadın, deyəsən, ürəyindən fransız ətri keçir – lap fransız ətri alıb gətirdi Qiyas məllim, sənin, ay Ziba xala, day, harana yaraşır fransız ətri?

Qiyas müəllimin müdirlikdən başqa gecə gözətçisi olmağının bir səbəbi də, görünür, onda idi ki, o, elə burda – qəbirstanlıqda yaşayırdı: qəbirstanlığın sovet vaxtından qalmış kürsülü kiçik inzibati binası ensiz bir dəhlizdən və yanyana tikilib qapıları o ensiz dəhlizə açılan üç otaqdan ibarət idi – birinci otaq xadimələrin idi, ortadakı otaq anbar kimi bir şey idi, iş pal-raltarı, vedrə-süpürgə və s. ora yığılırdı, ondan sonrakı otaq isə Qiyas müəllimin həm kabineti, həm də evi idi.

Axşam düz altı tamamda – vaxtı dəqiq yoxlamaq şəxsən Qiyas müəllimin nəzarətində idi – işçilər çıxıb gedirdi, Qiyas müəllim isə qəbirstanlıqda qalırdı və o işçilərdən də heç kim, hətta Ziba xala da bilmirdi ki, bu adam niyə belə təkdi, niyə yanına heç kim gəlib-getmir? Nahar fasiləsində xadimələr mırt vuranda Ziba xala deyirdi: «- Bilmirsiz ki, çürük taxta mıx götürməz? Bununku ancaq bizə prikaz verməkdi. Köpəkoğlu, elə bil, zamministirdi!..»

 

2.

 

Şölünün mənzili qəbirstanlığa yaxın idi – təpənin o biri tərəfində, dənizdən bir az aralıdakı həyət evlərindən birində – ancaq oradan qəbirstanlıq görünmürdü, görünsəydi əri burda ev tikməzdi, çünki o rəhmətlik qəbirstanlıqdan, ölüdən və ölməkdən çox qorxurdu və Şölü həmişə fikirləşirdi ki, rəhmətlik nə yaxşı xəstələnmədi: on bir il… yox, daha on bir yox, on iki il bundan əvvəl axşam həmişəki kimi metro ilə evə gələndə, elə metroda da qəflətən rəhmətə getmişdi, elə bil, ölməkdən qoxduğu üçün, Allah ona eləcə rahat bir ölüm göndərmişdi. Şölüdən düz on yeddi yaş böyük idi, yaxşı, sakit adam idi rəhmətlik, yaxşı da televizor ustası idi və qazancı da o vaxtlar üçün pis deyildi. Eyni kənddən idilər və o, gəlib kənddə toy eləyib, Şölünü şəhərə aparanda (yəni bura gətirəndə), Şölünün on səkkiz yaşı var idi – əvvəlcə kirayədə yaşadılar, sonra rəhmətlik burda sahə alıb, özü ev tikdi – əlindən hər iş gələn zəhmətkeş bir adam idi. O, eləcə qəflətən haqq dünyasına köçdü, həyatın da pis üzü, elə bil, pusquda dayanıb onun ölməyini gözləyirdi…

Və o yaz günü düz axşam saat altıda işdən çıxıb evə gələndə, həyət qapısını açıb içəri girəndə Şölünü həmişəki kimi toyuqların hürkmüş qaqqıltısı qarşıladı – Şölü həyətdə toyuq-cücə saxlayırdı – və qara qart toyuq yenə başını qaldırıb tərs-tərs ona baxdı, o da:

- Ay səfeh, mənəm də!.. - dedi və güldü.

Doğrudan da yer üzündə toyuqdan səfeh bir məxluqat tapmaq çətin məsələ idi – bu qara qart toyuq cücə vaxtından ömrünü bu həyətdə keçirmişdi, bütün ömrü boyu Şölünün səpdiyi dəni, çörək qırıntılarını yemişdi, amma yenə də Şölünü tanımırdı və hər dəfə də axşam Şölü işdən qayıdanda başını qaldırıb beləcə tərs-tərs ona baxırdı.

Şölü dünən kotlet bişirmişdi, ikisini bu gün işə aparıb naharda yemişdi, ikisini də axşama saxlamışdı, amma o yaz axşamı kotletləri meyili çəkmədi, yemədi, bir az ora-bura vurnuxdu, sonra da hamama girib çimməyə başladı və kisələnə-kisələnə də həmişəlik bir uzaqlıqda qalmış o yamacdakı güllü-çiçəkli gözəl çəmənlik Şölünün yadına düşdü – o gözəl çəmənlik ki, kəndlərindən axan Duruçay o yamacın ətəyindən keçirdi və yay vaxtları 14-15 yaşlı Şölü çayın qırağında oturub ayaqlarını yuyurdu və hərdən gözucu görəndə ki, elə onun yaşıdları olan bir-iki oğlan adda-budda ağacların arxasından gizlincə ona baxır, özünü görməməzliyə vururdu, paltarının ətəyini bir az da yuxarı qaldırırdı, əli ilə baldırına da su çəkirdi və onun ağappaq, dolu və balıq kimi hamar baldırı gün işığında elə o balıq pulları kimi işıldıyırdı.

 

3.

 

Sübh vaxtları maşınların, bu tərəfdəki fabrik-zavodların tüstüsü çəkilirdi və Şölü demək olar ki, hər gün – hər halda, mənim xatirəmdə belə qalıb – yerindən qalxan kimi, ilk növbədə otağın arxa tərəfə baxan pəncərəsini açırdı (həyət tərəfdə toyuq-cücə iyi səhərlər də çəkilmirdi) və top kimi iri döşlərini irəli verib, dərindən nəfəs alaraq, dənizin qoxusunu bütün içinə çəkirdi.

Həmin bazar səhəri də Şölü üçün belə açıldı.

O pəncərədən dəniz özü görünmürdü, ancaq gecələr Şölü soyunub yerinə girəndə, gözləri bərk-bərk qapayıb, heç nə fikirləşməsin—ilan, qurbağa fikrinə dolmasın deyə, hər tərəfi bürümüş sakitlik içində aydınca eşidilən dəniz uğultusuna qulaq asırdı və çox zaman eləcə də yuxuya gedirdi.

Gecələr elə, səhərlər də belə – ilk dəfə 18 yaşında gördüyü dənizin Şölünün həyatında belə bir doğma yeri var idi.

Və o bazar günü Şölü qəbirstanlığın qapısından içəri keçəndə Qiyas müəllim həmişəki kimi qapının qabağında dayanıb saatına baxmırdı (həmişə qapının ağzında dayanıb, saatına baxırdı ki, görsün növbətçi xadimə vaxtında gəlib, yoxsa yox?) və on il burda işləsə də, qəbirstanlığın tamam bir sakitlik içindəki tənhalığı o yaz səhəri Şölünün ürəyində bir xof yaratdı. Tələsik gedib xadimələr otağına girəndə kabinetdən Qiyas müəllimin öskürəyini eşitdi və Qiyas müəllimin mövcudluğu elə o dəqiqə də Şölünün içindəki o xofu əridib yox elədi – Qiyas müəllim varıydısa, deməli, hər şey qaydasındaydı, qəbirstanlıq tənhalıq içində deyildi və xoflanmaq da lazım deyildi.

Şölü gödəkçəsini çıxarıb, göy rəngli xalatını əyninə geydi və ikinci otağa keçib, şvabrasını, vedrəsini götürdü. Divarın o tayından Qiyas müəllimin öskürəyi daha da aydın eşidilirdi – deyəsən, müdir əməlli-başlı xəstələnmişdi, ancaq Şölü Qiyas müəllimin qapısını döyüb, halını soruşmağa ürək eləmədi.

Düzdü, o xof yox olub getmişdi, ancaq Şölünün ürəyi ancaq qəbir daşlarının tozunu ala-ala gəlib Muxtar kişinin şəkli ilə üzbəüz dayananda açıldı və Şölü bərkdən:

- Salam, a kişi! - dedi. - Kefin yenə sazdı?

Elə o anda da Şölünün fikrindən keçdi ki, birdən Muxtar kişi bu sakitlik və tənhalıq içində həqiqətən göydən ona cavab verər, – Şölünün tükü ürpəşdi – onda neyləyər? – qaçar, ya da çığırıb Qiyas müəllimi çağırar?

Şölü daha artıq bir cidd-cəhdlə Muxtar kişinin onsuz da təmiz olan sinə daşını şvabranın ucundakı nəm əski ilə silməyə başladı və Şölü indicə ağlına gələn bu fikirdən hürkmüşdü-nəydisə, çalışırdı ki, Muxtar kişinin o gülümsəyən sifətinə baxmasın, hətta gözlənilməz bir iş də o oldu ki, bu on ildə ilk dəfə Şölünün ağlından belə bir fikr də keçdi: «Bu Muxtar kişi də arsızın biridi…»

Bu qəfil fikirdən Şölünün özünün özünə acığı tutdu, hətta onun içində bir nigarançılıq da yarandı ki, əgər doğrudan da ruh deyilən bir şey varsa, yəqin adamın ürəyindən keçəni də bilir, amma Şölü heç istəməzdi ki, Muxtar kişi ondn incisin və öz-özünə: «- A Muxtar kişi, bu da bir zarafat idi…» - dedi. Sonra da öz-özünə deyinməyə başladı ki, bax də, bazar günü gəlib burda boş-boş şeylər fikirləşir, amma Ziba xala indi, yəqin, skaypla (bu sözü Ziba xaladan öyrənmişdi) Semyonla danışır və sən Semyon kimi oğula bax ki, gəlib Ziba xalaya kompüter alıb, skaypla danışmağı da ona öyrədib. Arvadın yüz doxsan yaşı var, amma kompüterin cikini də bilir, bikini də, Şölü isə Allahın mobil telefonunu düz-əməlli işlədə bilmir və birdən Şölü özünü gülməkdən güclə saxladı: Ziba xala xəbər tutsaydı ki, Şölü fikrində onun yaşını yüz doxsana qaldırıb, ömür-billah Şölünü dindirməzdi və Şölü ilə elə bir intiriqaya başlayardı ki, Qiyas müəllim yalan olardı.

Şölünün urəyindən keçdi ki, yenə dəniz tərəfdən bir meh əsib gələydi, özüylə o gözəl gül-çiçək ətrini də gətirəydi, tumurcuqlamağa başlamış bu ağacları da sevindirəydi, – ancaq adamın ürəyindən keçəni çin eləyən hardaydı? Elə bir varlıq, elə bir güc vardımı? – və Qiyas müəllim siqaret dalınca siqaret çəkə-çəkə qəbirlərin arasında dolaşmadığı üçün, elə bil, «Qarğa qondu qəbirstanlığı»nda bir-birinə qarışmış o ölgün gül qoxusunu daha da ağırlaşdırmışdı.

Qiyas müəllimin nəsə yediyini, xörək bişirdiyini, ya paltar yuduğunu, hətta çay içdiyini də «Qarğa qondu qəbirstanlığı»nda heç kim görməmişdi, fasilə olanda da Qiyas müəllim öz otağına keçib, qapını bağlayırdı və belə məlum olurdu ki, o, bütün işlərini-filanı ya səhər saat doqquzacan, ya da axşam saat altıdan sonra görür və həmin bazar günü Şölü Muxtar kişinin sinə daşının tozunu alandan sonra bir-bir o biri qəbirlərə keçirdi, ancaq Qiyas müəllimin görünməməyi qəbirstanlığı açıq-aşkar kimsəsiz, sahibsiz və baxımsız etmişdi.

Şölü qəbirlərin cərgəsindən çıxıb, inzibati binanın arxa tərəfinə keçdi və müdirin kabinetinin pəncərəsinə tərəf boylandı, ancaq o pəncərə də pərdə ilə elə kip örtülmüşdü ki, heç nə görünmürdü.

Qiyas müəllim hər nə idi, yaxşı idi, pis idi – özü bilər, ancaq insan idi və Şölü binanın ön tərəfinə keçib, içi yarısınacan suyla dolu vedrəni yerə qoydu, şvabranı binanın divarına söykəyərək içəri keçib, dar dəhlizdə dayandı: Qiyas müəllim sinəsindən gələn bir xırıltıyla öskürdü, sonra öskürəyi kəsdi və o inzibati binaya Şölünün heç xoşuna gəlməyən bir sükut çökdü. Şölü bir-iki addım irəliyib kabinetin qapısı ağzında dayandı və Qiyas müəllimin sinədən gələn xırıltılı öskürəyi yenə o sükutu pozdu.

Hamı sakitcə metroda ölmürdü ki…

Və o anlarda Şölünün bədənini qəfil bir həyəcan bürüdü, heç özü də bilmədi ki, qapını necə tıqqıldatdı:

- Qiyas məllim!.. Qiyas məllim!..

Qiyas müəllimdən səs çıxmadı.

Şölü daha artıq bir həyəcan və hürkü ilə:

- Qiyas məllim!.. – dedi.- Mənəm, Şölüdü…

Qiyas müəllimdən yenə səs çıxmadı.

Və Şölü bu dəfə tamam bir qorxu içində qapını itələdi və qapı da arxadan kilidlənmədiyi üçün, cırıldaya-cırıldaya açıldı.

Əynində yalnız mayka-trusik olan Qiyas müəllim, çarpayı kimi istifadə etdiyi köhnə divanın kənarında oturub, sümükləri görünən barmaqlarının arasındakı siqareti sümürtləyir, elə həmin əlinin ovucu ilə də gözünün, burnunun bir-birinə qarışmış suyunu silirdi və siqaret tüstüsü otağı elə doldurmuşdu ki, Şölüyə elə gəldi, elə bil, duman içində hansısa naməlum bir məkandadı, gözü ilə gördükləri də həyatda yox, elə o naməlum məkanda baş verir.

Və Qiyas müəllimin səsi də, «Qarğa qondu qəbirstanlığı»ndan yox, elə o naməlum məkandan gəldi:

- Şölü…

İlk dəfə idi ki, Qiyas müəllim Şölünü adıyla çağırırdı və Qiyas müəllimin bu yeddi ildə ilk dəfə onun adını çəkməsi, Şölünü o naməlum məkandan çəkib özünə qaytardı – cəld addımlarla irəliləyib, pəncərənin örtüyünü yana çəkdi, dəstəyindən tutub dartdı və o pəncərə tayı da cırıldaya-cırıldaya bu yeddi ildə, bəlkə də, ilk dəfə açıldı.

Şölü Qiyas müəllimin qabağında dayanıb, hələ də keçib getməyən o həyəcan və hürkü ilə:

- Nolub, ay Qiyas məllim? - soruşdu.

Qiyas müəllim otağın get-gedə çəkilən dumanı içində nəmi işıldayan gözlərini Şölüyə zilləmişdi və həyəcan Şölünü bürümüşdü ki, birdən həyətdəki qara qart toyuğun baxışları onun gözlərinin qabağına gəldi, amma Qiyas müəllimin baxışlarında tərslik deyən bir şey yox idi, əksinə, aşkar bir yazıqlıq var idi.

Qiyas müəllim bir müddət beləcə Şölüyə baxdı, sonra xırıldayan və bir az da titrəyən səsi ilə:

- Şölü… - dedi. - Küçə itiylə mənim aramda nə fərq var?.. Hı?.. De də, de, nə fərq var?..

Şölü Qiyas müəllimin bu sözlərindən başını tamam itirdi.

Qiyas müəllim o xırıltılı və daha əməlli-başlı titrəyən səsi ilə qırıq-qırıq:

- O küçə… - deyirdi. - O küçə iti kimi… yıxılıb… ölsəm, kim xəbər tutacaq, hı?.. Kim?.. Heç kim…

Və birdən Qiyas müəllim Şölünün qolundan tutdu və Şölü dolu və hamar qolunda Qiyas müəllimin siqaret iyi verən isti nəfəsini hiss etdikcə, elə bil, bu nəfəs, hansısa başqa bir varlığın içindən gəlib, o yüngül dəniz mehi kimi, qoluna dəyib keçirdi.

Qiyas müəllim Şölünü özünə tərəf çəkdi və Şölü divanda onun yanında oturdu – Şölünün əndamının ağırlığından sovet dövründən qalma divanın dəmir yayları cırıltıyla aşağı çökdü.

Qiyas müəllim başını Şölünün dolu və isti döşlərinə sıxıb, gözlərini yumdu və hələ də onun barmaqlarının arasında olan siqaretin tüstüsü Şölünün gözlərini yaşartdı, elə buna bənd imiş kimi, Şölü özü də kövrəldi.

Qiyas müəllimin arıq vücudu Şölünün bədəninə sıxıldıqca, Şölü onun qabırğalarının arasından ürəyinin necə döyündüyünü hiss edirdi və bir müddət beləcə keçdi, sonra sükutu yenə Qiyas müəllimin xırıltılı, amma daha titrəməyən səsi pozdu:

- Şölü…

Şölü:

- Hıy? - soruşdu.

Qiyas müəllim:

- Sabah… - dedi. - Sabah zaksa gedək!..

 

4.

 

O bazar günü Şölü evə gələndə gecə saat ona qalırdı.

Toyuqlar acqarına hinə girib yatmışdılar, Şölü həyət qapısını açanda deyingən bir qaqqıltıyla qaqqıldaşıb, tez də səslərini kəsdilər.

Şölü həyətdəki krantı açıb əlini isladaraq, sifətinə çəkdi və birdən kəndlərindən axa-axa o gül-çiçəkli yamacın ətəyindən keçən Duruçay, Şölünün yadına düşdü, hətta ona elə gəldi ki, sifətinə sığal verdiyi bu su da krant suyu yox, elə o Duruçayın sərin suyudu. Çoxdan idi o gözəl Duruçay Şölünün yadına düşmürdü və o gözəl Duruçay da, onun axıb getdiyi o yamac da, çayın qırağında oturub ayaqlarını suda şappıldadan 14-15 yaşlı Şölü də indi çox uzaqlarda qalıb və Şölünün fikirindən keçdi ki, hə, elədi, ancaq həyatdı də…

Və Şölü bir müddət eləcə ayaq üstə dayandı, sonra evə keçməyib, krantın yanındakı taxta kətildə oturdu.

Göyün üzü tərtəmiz idi, ay çıxmışdı, adda-budda ulduzlar parıldayırdı və o gecə sakitliyində ancaq dənizin uğultusu eşidilirdi.

Şölü iki gündən bir qırmızı qızılgüllər gətirib, səliqə ilə Səkinə Nofəl qızının sinə daşına düzən ərini xatırladı və fikirləşdi ki, sabahda-birigündə Səkinə Nofəl qızının əri yenə o qırmızı qızılgüllərlə gələn kimi, ondan zeytun budağının icazəsini almaq lazımdı.

O ki, qaldı Ziba xalaya, Ziba xala, əlbəttə, dünyanın işlərinə mat qalacaqdı və Ziba xala çox yaşasın, yüz doxsandan da o tərəfə adlasın, ancaq haçansa ölsə, Qiyas onun yasına gedəcəkdi.

Sonra Şölü başını qaldırıb, bir müddət aya, ulduzlara baxdı və birdən-birə ona elə gəldi ki, Muxtar kişi göy üzündən ona baxıb gülümsəyir.

Şölünün də dodağı qaçdı.

2016