Elektron ədəbiyyat və sənət portalı

Üzr istəmək böyüklüyü

Bölmə: «Aydın Yol»çular 28.11.2017

Koreyalılar çox qəribə adamlardır. Hər kəlməbaşı üzr istəyir, bununla kifayətlənməyib bir-birlərinə baş əyir, təəssüflərini də nurlu təbəssümlə bildirirlər.

Bu yaxınlarda “Korean Airlines” şirkətinin rəhbəri Cho Yang-ho mətbuat nümayəndələrini təcili görüşə dəvət edib. Hamı elə düşünüb ki, şirkət rəhbəri biznesi ilə əlaqədar mühüm bəyanat verəcək. Lakin o, qızı Cho Hyun-ah ilə birlikdə kameraların qarşısına çıxaraq jurnalistlərə bildirib ki, bir neçə gün əvvəl təyyarə havaya qalxmazdan əvvəl bu xanım sərnişin, yəni onun qızı, stüardessalardan birinin fındıqları boşqabda yox, kağız paketdə gətirdiyi üçün uçuşu 20 dəqiqə gecikdirib və həmin stüardessanı təhqir edib.

- Qızım Cho Hyun-ah bununla kifayətlənməyib və tələb edib ki, həmin stüardessanı  reysdən kənarlaşdırsınlar. Təəssüf ki, bu xanım istəyinə nail olub. Mən hadisədən gec xəbər tutmuşam. Ona görə də bütün xalqın önündə yalnız bunu deyə bilərəm ki, qızımı düzgün tərbiyə edə bilmədiyim üçün hamıdan üzr istəyirəm!

Vəssəlam! Ancaq zavallı Cho Yang-ho bilmir ki, Azərbaycanda bəzi adamlar, ümumiyyətlə, “üzr istəyirəm” ifadəsinin hansı məna kəsb etdiyini belə unudub. Ötən həftə Zərdab Rayon Təhsil Şöbəsinin məktəblini zorlamaqda ittiham olunan direktorla bağlı yaydığı məlumatı oxuyanda bunu bir daha yəqin etdim.

Əvvəlcə məlumatı nəzərinizə çatdırım: “Zərdab Rayon Təhsil Şöbəsi müdirinin müvafiq əmri ilə Şahhüseynli kənd tam orta məktəbinin direktoru vəzifəsi həvalə olunan Şirəliyev (Tofiqli) Ceyhun Hafiz oğlu noyabrın 14-də saat 23 radələrində həmin məktəbin 11-ci sinif şagirdi, 1999-cu il təvəllüdlü Abduləliyeva Nərgiz Rəmzi qızı ilə onun yaşadığı evin həyətində söhbət edərkən anası görüb və bu barədə Zərdab Rayon Polis Şöbəsinə məlumat verib. Şagirdin valideynlərinin şikayəti əsasında C.Şirəliyev Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, amma haqqında cinayət işi açılmayıb. Hazırda iş Rayon Prokurorluğunun nəzarətindədir və bununla bağlı araşdırma aparılır.

Abduləliyeva Nərgiz Rəmzi qızı tibbi müayinədən keçirilib və heç bir təcavüz halının olmadığı müəyyən edilib”.

Amma bu məlumatdan bir-iki gün əvvəl ölkə mediasının bəzi “qoçaqları” elə bil səs-küy salmışdılar ki, bütün valideynlərin canına vəlvələ düşmüşdü. Xəbərlərdə daha nələr yox idi. “Qələmlərini itiləyib” sanki bəhsə girmişdilər. Məktəbli qızın valideynlərindən, qonşulardan, qohumlardan palaz-palaz müsahibələr alınıb dərc olunurdu. Bircə həyətdəki iti və pişikləri dindirməyi unutmuşdular. Hətta bir “qoçaq” yazısına belə bir başlıq da qoymuşdu: “Qızın anası həyətə çıxanda görüb ki...” Bu “cızma-qaraçının” (jurnalist sözünü işlətmirəm, çünki belələrini jurnalistikaya ləkə hesab edirəm) qoyduğu üç nöqtə əsl sensasiya doğurmalı idi.

Mən nə həmin müəllimi, nə də qızın ailəsini tanıyıram. Zərdabda da vur-tut bir dəfə olmuşam. Ancaq sadəlövh oxucunu çaşdıran, şübhə və tərəddüd toxumu səpən, bir sözlə, bu cür təxribat xarakterli xəbərləri oxuduqca  düşünürdüm ki, axı bu nə deməkdir? Ölkə mediasında nələr baş verir? “Operativ xəbərlər çatdıran bu cızma-qaraçılara” kim haqq verib ki, müəllim kimi müqəddəs bir peşə sahibini, abırlı və ismətli azərbaycanlı qızının təmiz adını ləkələsinlər? Bəs cəmiyyətdə belə çaşqınlıq yaradanlar düşünmürlər ki, sabah bəzi valideynlər bu qondarma xəbəri eşidib öz qız övladlarını məktəbdən yayındıra bilər?

Bəlkə də, zərdablı müəllim öz şərəf və ləyaqətinin təhqir edilməsi ilə bağlı məhkəməyə müraciət edəcək. Bu, bir vətəndaş kimi onun haqqıdır. Bəs bizim -  xəbəri oxuyub həyəcan keçirən, məyus olan, bir müəllimin timsalında bütün müəllimləri  nahaqdan qınayan sadə vətəndaşların haqqını kim qoruyacaq?

Görəsən, koreyalı Cho Yang-ho kimi, kameraların qarşısına çıxıb üzr üstəyən olacaqmı? Çətin...