Elektron ədəbiyyat və sənət portalı

Onları uçurumdan qoruyaq

Bölmə: «Aydın Yol»çular 23.11.2016

...Ekranda üzünü göstərməsələr də onun qorxu və həyəcan dolu səsindən necə iztirab keçirdiyini anlamaq çətin deyildi. Əxlaq və cəmiyyət mövzusuna həsr olunmuş verilişə dəvət olunmuş bu qızın 22 yaşı vardı. Aparıcının və studiyada əyləşən qonaqların suallarına səlist və aydın cavab verirdi. Hiss olunurdu ki, savadlı qızdır, fikirlərini sərbəst ifadə edə bilir.

...Bu qızın həyat hekayəsi çox ağrılı idi. Doğulandan az sonra onu körpələr evinə vermişdilər, sonra da uşaq evində böyümüşdü. Ağlaya-ağlaya deyirdi:

- Həmişə gözləyirdim, bir gün gəlib mənim də əlimdən tutub aparacaqlar, amma görünür, qismətimə hansısa sonsuz anaya övlad olmaq da yazılmayıb. Beləcə, gözüm yollarda qaldı...

Aparıcının “bəs sonra” sualından sonra qız bir müddət susdu, görünür, yaxın keçmişi xatırlamaq ağır idi. Sonra özündə cəsarət tapıb taleyinin qaranlıq səhifələrini aramla vərəqləməyə başladı.

- 18 yaşıma qədər uşaq evində qaldım. Artıq oranı tərk etmək vaxtı çatmışdı. Sənədlərimi hansısa idarəyə göndərdilər, dedilər orda sənə iş tapacaqlar, ev məsələsində köməklik göstərəcəklər. Həmin idarənin qapısını dəfələrlə döydüm. Həticəsi olmadı. Bildirdilər ki, sənin kimi qızlar çoxdur, növbəyə yazılmaq lazımdır, nə vaxt növbən çatar, gələrsən, baxarıq.

- Bəs bu müddətdə harda yaşayırdın, necə dolanırdın?

- Bir rəfiqəmin yanında. Sonra anası məni qovdu ki, əsli-nəcabəti bəlli olmayan adamı evimdə saxlaya bilmərəm! Qaldım küçədə. Soyuqdan donub öləcəkdim. Xəstələnmişdim. Vəziyyətim ağır idi. Tanımadığım bir qadın məni ölümdən qurtardı. Özü yol kənarındakı kafelərin birində xidmətçi işləyirdi, Xırdalanda kiçik daxması vardı. Sağalandan sonra məni də özü ilə kafeyə apardı. Orda çalışmağa başladım və sonra həmin qadının təhriki ilə gecə həyatının çirkab quyusuna yuvarlandım.

Polislər məni dəfələrlə tutub bölməyə aparıb, cərimə ödəyib yenidən köhnə əməlimə dönmüşəm. Hamısı çarəsizlik, kimsəsizlik və evsizlik ucbatından. İnstitutda oxuyan qızlara həmişə həsədlə baxmışam. Mən də ali təhsil almaq istəyirdim, uşaqlıqdan müəllim olmağı arzulayırdım. Ürəyimdə qaldı...

- Bəs niyə ictimai təşkilatlara, ailə və qadın problemləri ilə məşğul olan qurumlara, QHT-lərə müraciət etmədin? Axı onlar sənə havadar çıxa bilərdi, köməklik göstərərdi, pis gündə darda qoymazdılar...

- Belə təşkilatlar haqqında heç bir məlumatım yoxdur, onların harda yerləşdiyindən də xəbərsizəm, heç rəfiqələrim də bilmir...

Həqiqətən, kimsəsiz və tənha gənclərin digər həmyaşıdları ilə müqayisədə problemləri çoxdur. Razılaşın ki, uşaq evlərini tərk edən yeniyetmə iş və yaşayış yeri tapmaqda çətinlik çəkir. Onların cəmiyyətə adaptasiya olunmasında da müəyyən problemlər mövcuddur. Halbuki belə gənclərin normal həyat şəraiti ilə təminatında ilk növbədə cəmiyyət maraqlı olmalıdır.

Sirr deyil ki, kimsəsiz və nəzarətsiz gənclərdən bəziləri gec-tez kriminal dairələrin, insan alverçilərinin təsiri altına düşür. Yaşamaq üçün zəruri şəraiti olmayan belə adamlar cinayət törədir və cəmiyyət üçün təhlükəli ünsürə çevrilirlər.

Bu sahədə müəyyən işlər görülsə də, problemin tam aradan qaldırılması barədə danışmaq tezdir. Məsələn, Bakının bir neçə rayonunda sığınacaq evləri yaradılıb. Şəhərin Nizami rayonunda 50 mənzilli bina istifadəyə verilib ki, burada eyni vaxtda ehtiyacı olan 100 adam məskunlaşa bilər. Hazırda həmin mənzillərdə 18 yaşı tamam olmuş 40-dək kimsəsiz qız yaşayır.

Dövlət kimsəsiz və köməyə ehtiyacı olan vətəndaşlarından qayğı və dəstəyini əsirgəmir. Amma ictimai təşkilatlar, qadın problemləri ilə məşğul olan QHT-lər də bu sahədə işi, profilaktiki və maarifləndirici tədbirləri gücləndirməlidirlər. Çünki o adamlara hər an hiss etdirmək lazımdır ki, tək və kimsəsiz deyillər, hamı kimi bu ölkənin tamhüquqlu vətəndaşlarıdırlar.