Elektron ədəbiyyat və sənət portalı

Yeddidən səkkizəcən

Bölmə: Ədəbiyyat 23.11.2016

Emil ZİDAROV
(Bolqarıstan)

Asen oğrun-oğrun qıza baxdı. O, girdə oturacaqlı, fırlanan stulda oturub, həyəcanla əlindəki yaşıl, toxunma papağı didişdirirdi.

“Utanır, - Asen düşündü. – Laboratoriyada ilk dəfədir. Adətən, dəhlizdə gözləyir”.

- Sizə isti deyil? Bəlkə, əyninizi yüngülləşdirəsiniz?

Bu lütfkarlıq özünə də qəribə gəldi: bu cür cavan qızlardan zəhləsi gedirdi.

- Yox, belə yaxşıdır, sağ olun! Buralar nə pis qoxuyur…

“Qoxu! Hansı kimyəvi laboratoriya yaxşı qoxuyur ki?”

Belə fikirləşməsinə baxmayaraq, qalxıb pəncərəni açdı. Ağ önlük taxmış arıq, sısqa oğlan kaminin ətrafında vurnuxurdu. Kiçik elektrik lampası onun üzünü güclə işıqlandırırdı. Bir anlığa Asenə elə gəldi ki, oğlanın sifəti kolbaya yapışıb.

- Qoruyucu dəbilqəni aşağı sal! – kobud səslə dedi, - özü də, qabağa əyilmə!

Oğlanın üzündə məyusluq ifadəsi yarandı. Qızın yanında danlanmaq xoşuna gəlmədi. Oğlan, deyiləni eləmək əvəzinə, onun üzünə qayıtdı:

- Bir az da ammonyak əlavə etmək lazımdır! Məncə, az qatmışıq.

Asen etiraz etmədi: əlləri uşaq əli kimi yumşaq, seyrək dişli, pırtlaşıq saçlı oğlanın qırımına yaxşı bələd idi. Oğlanı elə buna görə işə götürmüşdü.

- Yevgeni, - qız astadan dilləndi. – Saat yeddi olur.

Oğlan qabağa əyilib, ammonyakla dolu iri şüşənin kranını açdı. Sanki bu sözlərin ona dəxli yox idi. Rezin şlanqdan şəffaf maye süzülməyə başladı. Kolba göz önündəcə qırov bağladı.

- Hələ çox qalır? – qız yenidən soruşdu.

- Bilmirəm, - Asen soyuq səslə cavab verdi. Söhbət etməyin vaxtı deyildi – təcrübənin gedişini izləmək lazım idi. Ümumiyyətlə, bu dəqiqələrdə tək qalmaq istəyirdi. Ona görə də, dedi:

- Sən gedə bilərsən! Təcrübəni özüm tamamlayaram!

Getmək! Yevgeni narazılıqla başını yellədi. Nəticəni öz gözləri ilə görməmiş, heç yana gedən deyildi. Metilenxloridi yenicə əlavə etmişdilər. Hələ bilinmir, bu maddə hansı nəticələri doğuracaq. Amma, Asen bunu sınaqdan keçirmək fikrinə düşübsə, deməli, burada nəsə var. Subaylığı sultanlıq sayan Asen, adamayovuşmaz kimi görünsə də, başı ideyalarla doludur.

Tələbələr ondan yan qaçır. Onun nə qədər istiqanlı, mehriban adam olduğundan xəbərsizdirlər. Görəsən, indi nə barədə fikirləşir? Kolbanın üzərinə əyiləndə, dünya-aləm vecinə olmur. Bax, indi kolbanın novcuğuna metilenxlorid tökür. Kənara bir damcı düşməyə qoymaz! İndi ammonyakla maye qarışacaq…

- Səkkizə on beş dəqiqə işlədi! – qız bəyan etdi. Bilmirdi ki, təcrübənin ən məsuliyyətli məqamıdır.

Şam ağaclarının qoxusu açıq pəncərədən içəri dolur, amma kişilər heç nə hiss etmirdilər. Onların başı ammonyaka qarışmışdı. Elektrik cərəyanının hərəkətə gətirdiyi ammonyak kolbanın divarlarına çırpılırdı.

“Əgər reaksiya sürətlənsə, qarışdırıcının hərəkətini yavaşıtmaq lazımdır! – Asen fikirləşdi. – Yoxsa, hər şey qaynayacaq”. Həyəcanını büruzə verməmək üçün, uca səslə dedi:

- Kranı bir az da aç.

“Diribaş oğlandır! Bundan əla kimyaçı çıxacaq! Amma bu yaşıl papaqlı, nəsə, xoşuma gəlmədi. Elmi işçi fikrini başqa şeylərə ayırmamalıdır! Saat yeddidir… səkkizdir… nə bilim, nə… Radikallar əmələ gəlsəydi, əla olardı!.. Şükür Allaha, heç nə soruşmur! Sual verən adamdan yaxa qurtarmaq çətindir!.. Bəlkə də, qismən parçalanma baş verəcək. Onda polimer alınacaq. Bu da pis deyil! Hər halda, əgər radikallar…”

Metilenxlorid damcıları kolbanın içindəki mayeni qan-qırmızı rəngə boyamışdı. Asen kiçik mühərriki vaxtında söndürməsəydi, qarışıq qaynayıb, yan dəliklərdən kənara tökülə bilərdi.

- Mərkəzi univermaq saat doqquzacan işləyir! – qız tövrünü də pozmadı. O, əlindəki papağı oynatmağındaydı.

Qırmızı rəng birdən-birə çəkilib getdi, rəngli maye şüşənin qırov bağlamış səthinin arxasında gözdən itdi. Asen ammonyakı buxarlanmağa qoymayan şüşə qabı götürüb, onu yarısınacan spirt doldurulmuş çini qabla əvəzlədi. Buz əriyəndən sonra kolbanı dolduran maye görünməyə başladı. Onlar təəccüblə baxıb gördülər ki, maye iki rəngsiz təbəqəyə ayrılıb, özü də, alt təbəqə hərəkətsizdir, yuxarı təbəqə isə, sözün əsl mənasında, qaynayır. 

- Bu kəsif iy hardan gəlir? – qız laboratoriyanın o başından səsləndi.

- Ammonyakın kimyəvi reaksiyalara təsirini öyrənirik, - Yevgeni quru səslə cavab verdi. Boşboğaz adamları sinirə bilmirdi.

Amma axı qızın yüngülxasiyyət, dəmdəməki olmadığını bilirdi. Qız, hətta öz sevimli şairi Şellini tərcümə etməyə çalışırdı.

Qız əli ilə ağzını tutub, əsnədi.

“Bu iy-qoxunun içində necə işləyə bilirlər? Elə bilirlər, nəsə yaradacaqlar!.. İndiki zamanda istedadlı adam var? Yalnız böyük alimlər nəsə eləyə bilər! Yazıq Yevgeni! Hələ bu qaşqabaqlı kişiyə bax! Üzündən zəhrimar yağır! Bu bədbəxtin evi-eşiyi yoxdur? Yaxşı, Yevgenini başa düşdük – o, oxuyur, öyrənir! Bəs bu kişi? Niyə oturub? Niyə təmiz havaya çıxmır?..”

Qız yenidən əsnədi, bu dəfə əli ilə ağzını örtməyə belə ehtiyac duymadı.

Spirtin yerinə qaynar su tökdülər. Yuxarı təbəqə daha şiddətlə qaynamağa başladı, qaynayıb buxarlanandan sonra kolbada yalnız aşağı təbəqə qaldı. Par-par alışıb-yanan, dağ bülluru kimi şəffaf maddə idi. Onu iki dəfə   qaynar suyla yaxaladılar. Elektrik lampasının şüaları maddədə sınıb, tavanda bir neçə parlaq zolaq əmələ gətirmişdi.

- Doqquz! – qız dedi.

- Nə? – ikisi də birdən başını qaldırdı. Onlara qəribə gəlirdi ki, bu məqamda kimsə ağzını açıb danışa bilər.

- Heç nə! Tavanda əks olunan zolaqları sayıram! – Sonra gözlənilmədən əlavə etdi: - Bu gün mənim doğum günümdür!

- Təbrik edirəm! – Asen, heç nə olmamış kimi, dedi. – Univermağa ona görə getmək istəyirsiniz?

Yevgeninin sifəti allandı.

- Ona hədiyyə almaq istəyirəm. Mağazada çex şüşəsindən düzəldilmiş sırğalar satılır. Brilyantdan seçilmir. Ona yaraşar.

“Əlbəttə, yaraşar! Qara zülflərin arasında parıldayar, ətrafa işıq saçar!..”

- Əlbəttə, yaraşar! – Asen razılaşdı. Amma özü başqa şeylər fikirləşirdi: “Bu siçana oxşayan qızın bircə sırğası çatışmır! Hm! Sırğalı siçan. Bunu hardan tapıb?.. Bəlkə, kolbanı sındıraq? Maddəni oradan başqa cür necə çıxartmaq olar? Elə bil, kolbanın dibinə yapışıb…”

O, əlinə dəsmal sarıyıb, kolbanın boğazından yapışdı, onu yüngülcə kaminin kaşı örtüyünə vurdu. Kolba sınmadı. Onda kolbanı bir az bərk vurdu. Bu dəfə şüşə çilik-çilik olub, kaminin ətrafına dağıldı. Şüşəylə birgə kolbanın içindəki maddə də çilikləndi. Qırıntıları qəribə, qeyri-adi işıq saçırdı. Onları yastı şüşə qaba topladılar. Belə daha gözəl görünürdü. 

Oğlan heyranlıqla gözlərini bu daşlara zilləmişdi. Asen bildi ki, bu dəfə suallardan yayına bilməyəcək. Ona görə də, qıvraq addımlarla laboratoriyadan keçib, öz kabinetinə gəldi. Eləcə oturub, fikirləşmək istəyirdi. O, qayıdıb-gələndə, gözləri həmin maddənin qırıntılarından da bərk işıldayırdı. Asen onlardan birini götürüb, kaminin şüşəsinə çəkdi. Kristalın iti tərəfi şüşənin üzərində dərin iz buraxdı. Oğlan maraqla onu izləyirdi.

- Bu nədir? – o soruşdu.

Alim bir qədər susdu. Belə bir vaxtda qızın əczaçı tərəzisi ilə oynaması onu heç açmırdı. O, qızı görməmək üçün üzünü yana çevirib, dedi:

- Düz bir ildir, biz bəzi üzvi birləşmələrin molekullarından hidrogen və xlor atomlarını ammonyakda əridilmiş metalın köməyi ilə ayırırdıq. Bu gün kolbaya metilenxlorid də əlavə etdik. Bax, - o qara lövhəyə yaxınlaşıb, təbaşiri götürdü, - bu, metilenxloridin molekuludur!

- Xlorida… Florida… - qız mexaniki surətdə qafiyə tutmağa başladı: fikirləşirdi ki, görəsən, niyə tərəzinin bir gözü o birindən ağır gəlir.

- Bu dəfə metal öz işini gördü: hidrogenin və xlorun bütün atomlarını ayırdı. Kolbada yalnız karbonun hərəkətli, sərbəst atomları qaldı. Maddənin qırmızı rəngə boyandığı yadındadır? Bundan sonra maddə solğunlaşdı, rəngini itirdi. Bu ona görə baş verdi ki, atomlar kristallik şəbəkə əmələ gətirdi! Xalis karbon kristalı!

Oğlanın çənəsi əsməyə başladı.

- Nə demək istəyirsiniz? – oğlan yad səslə soruşdu.

- Dediyimi eşitdin! Karbonun atomları bir-biri ilə əlaqəyə girdi. İndiki şəraitdə bu, yalnız bir halda baş verə bilərdi: metilenxloridin ilkin molekulundakı atomlar arasında mövcud olan bucaqlar olduğu kimi qalsın!

- Onda… onda… bu… almazdır!

Oğlan tamamilə karıxmış, çaş-baş qalmışdı – belə şeylər, yatsa, yuxusuna da girməzdi. Necə yəni almaz? Niyə almaz?.. Bu, necə ola bilər axı? Bir azca metilenxlorid qatırsan, vəssalam! Buyur, hansı ölçüdə istəyirsən, almaz qarşındadır…

Sevincindən yerə-göyə sığmayan oğlan qızın üstünə cumdu.

- Sən başa düşdün? Başa düşdün? – o, qızın çiyinlərindən tutub silkələdi.

Yaşıl papaq yerə düşdü.

Qız matdım-matdım ona baxa-baxa, gözünü döyürdü.

- Alınmır! Tərəzinin bir gözü o birindən ağır gəlir.

Yevgeni onu qucaqladı.

- Bilirsən, bu gün hansı gündür?

- Niyə bilmirəm! – qız onu birtəhər özündən uzaqlaşdırdı. – Bu gün mənim doğum günümdür. Bu münasibətlə, əgər yalan demirsənsə, sən mənə çex sırğası alacaqsan!

- Çex sırğası nəyinə lazımdır?! – oğlan çılğınlıqla əl-qolunu yellədi. – Mən sənə başqasını düzəldəcəyəm, xalis almazdan!

- Xalis almazı hardan alacaqsan? – qız şübhəylə soruşdu.

Oğlan əlini kristalların düzüldüyü qaba doğru uzadanda isə, səksəkəylə:

- Onları istəmirəm! - dedi. Çex sırğası yaxşıdır! Getdik. Təcrübəniz qurtardı, düzdür? Saat səkkiz oldu!..

Yevgeni indiyəcən Asenin belə bərkdən güldüyünü eşitməmişdi.

Tərcümə edən: Etimad BAŞKEÇİD