Elektron ədəbiyyat və sənət portalı

Türk tarixinin öncülləri

Bölmə: Tarix 23.11.2016

Alp – sözü qədim və yeni türk ləhcələrində qəhrəman, cəsur, igid, çətin mənalarında işlədilir. Bu söz şəxs adı olmaqla yanaşı mövqe, titul və alicənablıq ifadəsi kimi də anlaşılır. Türk dilinin izahlı lüğətlərində alp sözünün qarşılığı igid, qəhrəman, bahadır, cəsur, çətin şəklində izah edilir. Bu sözdən də alpaqut, alpırkanmaq, alpırkamaq, alp yol kimi sözlər yaranıb. Alpaqut – bir rütbə, mənsəb, alpırkamaq – yorulmadan, israrla bir şeyin üstündə işləmək və qəhrəmancasına hərəkət etmək mənasındadır. Alpırmaq – özünə igid yaraşığı vermək, həvəslə çalışmaq anlamındadır. Alp yol isə təhlükəli, çətin yol deməkdir.

Alpərən sözünün mənası igid, bahadır, alplıq sözünün mənası isə qəhrəmanlıq olmaqla yanaşı, özündə alplıq etmək, cəsarət, hünər göstərmək kimi anlamları daşıyır. Bu qədim türk sözü “alıp” şəklində olaraq eyni məna daşımaqla altay, abakan, qazax, qırğız ləhcələrində hələ də yaşayır və xüsusi ism kimi bir çox qəhrəmanlıq dastanlarının əsas personajlarının adı – Alıp Karğışa, Alıp Salay, Quzğun Alıp, Alıp Soyan – kimi işlədilir. Bu halda “alp” sözü “alıp” şəklində işlənsə də öz keçmiş mənasını ifadə edir.

Alp sözü müstəqil şəkildə işlənildiyi kimi, digər şəxs adları ilə yanaşı da işlənir. Bunlardan Alp Arqun, Alp Arslan, Alp Arslan Böri Bars, Alp Arslan Kütlüg, Alp Bilgə Xaqan, Alp Ər Xan, Alp Kütlüg Külüg, Alp Küçlük, Alp Laçın, Alp Saru, Alp Taş, Alp Tigin, Alp Durmuş, Alp Ürək və s. adları misal çəkmək olar. Alp sözü ilə eyni məna daşıyan bagatur və sökmən sözləri də mövcuddur. Bagatur sözü bahadır, qəhrəman mənasını verir. Sökmən sözü isə igid, qəhrəman anlamını daşıyır. Lakin bu sözlər türk mədəniyyətində olan sözlər arasında müstəqil şəkildə, ya da digər sözlərlə birlikdə “alp” sözü qədər geniş yayılıb. Alp sözünün müstəqil şəkildə, ya da digər adlarla birlikdə uzun zaman kəsiyində mütəmadi olaraq istifadə edildiyi məlumdur.

 

İlhami DURMUŞ
(Türkiyə)

Türk mədəniyyətində “ər” sözündən də uzun zaman istifadə olunub. Bu sözün lüğəti izahı mərd, qəhrəman, igid, əsgər, adam, işini bilən, bacarıqlı, həyat yoldaşı deməkdir. Ər sözü ilə yanaşı başqa sözlər də işlənir ki, onlardan ər adam, ər qardaş, ər oğlan, ər oğlu və başqalarını nümunə kimi göstərmək olar. Ər adam – mərd, ər qardaş – oğlan qardaş, ər oğlu – əsilzadə mənasını verir.

Ər sözü türk mədəniyyətində geniş yayılıb. Müstəqil şəkildə işləndiyi kimi, digər adlarla yanaşı da işlənib. Bunlardan; Ər Bağan, Ər Bəy, Ər Boz, Ər Doğan, Ər Doğmuş, Ər Guş, Ər Oğlı, Ər Sığın, Ər Taş, Ər Tigin, Ər Tokuş və Ər Toğrul kimi şəxs adlarını misal çəkmək olar.

Tonqa sözü də türk mədəniyyətində geniş yayılan sözlərdən biridir. Tonqa igid, qəhrəman, qüvvətli, şövkətli mənalarını verir. Bu söz eyni zamanda rütbə və titul kimi də işlənə bilir. Ondan yaranan “tonqalıq” sözü də “güclü, qüvvətli” mənasını verir. Tonqa həm də bəbirə verilən addır. Bəbir dərisindən kürk hazırlanır və müharibə vaxtı döyüşçülər dəridən kürk geyinərdilər. Onu geyinən hər bir kəsdə “suda batmaz, odda yanmaz, heç bir silah təsir etməz” kimi bir inanc olub.

Tonqa sözündən əmələ gələn “tonqala” feli isə igidlərin və güclülərin gördüyü işi görmək mənasında başa düşülür. Türk dilində çox işlənən “böbür” adı da kökünü bəbir sözündən götürülüb. Böbürlənmə, böbürtü və böbürlənmək sözləri də çox güman ki, “böbür” sözündən yaranıb. Tonqa sözünün başqa anlamı da məkr, hiylə, tələ deməkdir.

Tonqaya başlamaq”, ya da “tonqaya düşmək” fikirləri özünü pis vəziyyətə salacaq bir oyuna düşmək, tələyə düşmək mənasında anlaşılır.

Mahmud Kaşqari türk tayfaları arasında “tonqa” sözünün geniş yayıldığına, ancaq mənasının itdiyinə diqqəti çəkir. Türklər arasında çox qədimdən işlənən bu sözdən nədənsə indi geniş istifadə edilmir. Bu sıradan Alp Ər Tonqa, Alp Qılınc Tonqa, Tonqa Alp Ər, Tonqa Tigin və Tonqa Tonqa adlarına rast gəlmək olar.

Yazılı mənbələrlə yanaşı “tonqa” sözünə arxeoloji qazıntılar zamanı əldə edilən tapıntılarda da rast gəlmək olur. Qazıntılar zamanı açılan kurqanlardan “tonqa”təsvirləri tapılıb. Bunun ən gözəl nümunələri Qazaxıstan ərazisində açılan Əsik kurqanından tapılan “qızıl libaslı adam” kimi tanıdığımız adamın libasındakı “tonqa” təsvirini göstərmək olar. Qəhrəmanın libasının döş hissəsində “tonqa” kimi bir heyvanın başı təsvir edilib. Bu heyvanın qanadlı təsviri ona fövqəlbəşər özəllik verir. Kurqanın və oradan tapılanların İskit/Sak dövrlərinə aid edilməsi və “tonqa” təsvirinin bir qəhrəmanlıq əlaməti kimi təqdim edilməsi diqqət çəkir. Ayrılıqda isə bu təsvir yazılı mənbələri təsdiq etmək baxımından da əhəmiyyətlidir.

Alp Ər Tonqa adı

Türk mədəni abidələri arasında Alp Ər Tonqa adına çox tez-tez rast gəlmək mümkündür ki, bu da tək bir şəxsin adını ifadə edir. Alp və Tonqa adları ilə yanaşı, Alp Kutluq Tonqa Bilgə Qılınc Tamgaç Xaqan, Alp Qılınc Tonqa Bilgə Türk Toğrul Xaqan adları da konkret titil kimi anlaşılır. Alp və Ər adları ilə yanaşı üçüncü bir ad yanaşı, işlənərək Alp Ər Xan, Alp Ər Taysı adlarını formalaşdırır. Tonqa adına Tonqa Alp Ərdən başqa Tonqa Tigin, Tonqa Tonqa və Tonqa Ürək adlarında da rast gəlmək olar. Bu səbəbdən də Tonqa adlarının nə zaman və kimlərə aid edildiyini aydınlaşdırmaq vacibdir.

Yuxarıda adları çəkilən şəxslərdən biri – Tonqa Tigin, Kapgan Xaqan dövrlərində – 714-cü ildə Beşik Balıq tərəflərdə çinlilərlə döyüşdə ölən və xanədan mənsubu olan adamlardan biridir. Tonqa Tiginin dəfn mərasimi 715-ci ilin fevral ayında baş tutub və Oğuzların Tongra bəyi Alpağut (Yılpağut) on qohumuyla birlikdə bu mərasimdə iştirak edib.

Mahmud Kaşqari “tonqa” sözünü izah edərkən dəfələrlə bu adın adam adı kimi işləndiyini qeyd edir. Bu izahdan sonra türklərin böyük xaqanı Əfarsiyabın əsl türk adının Tonqa Alp Ər olduğunu, bu adın da bəbir kimi qüvvətli, igid bir adam mənasında işlədildiyini nəzərə çatdırır.

İran dastanlarında

Alp Ər Tonqa

İran dastanları arasında Əbül-Qasim Firdovsi Tusinin ölməz əsəri olan “Şahnamə”də əfsanə ilə gerçəklik paralel təqdim edilərək zəngin və qiymətli bir İran tarixi təsvir olunub.

“Şahnamə” bir çox məsələlərə işıq saldığı kimi, dastanda əsas yerlərdən birini “Turan-İran müharibəsi” tutur. Burada Turan qəhrəmanı kimi Əfarsiyabın adı çəkilir və onun mübarizələrdə keçən həyatına diqqət ayrılır.

Dastanda Əfarsiyabın atasının adı Peşenk kimi verilir. Əfrasiyabın İran ətrafında ilk dəfə görünməsi Nevzər zamanına təsadüf edir. O vaxt Turan hökmdarı Peşenk oğlu Əfrasiyabı böyük bir orduyla Nevzərin üstünə göndərir.

Üç döyüşdən sonra Nevzər əsir düşür. Əfrasiyab Nevzəri öldürəndən sonra taxta Zev çıxıb. O, Əfrasiyabla döyüşsə də, sonunda aclıq təhlükəsinin hər iki tərəfə ağır başa gələcəyini nəzər alıb sülh bağlayırlar.

Keyqubaddan sonra İran taxtına Keykavus keçib. Keykavus bir çox əngəlləri aradan qaldıraraq İranın müstəqilliyini qoruya bilib. Əfrasiyab onun müstəqillik əldə etməsindən yararlanaraq İrana ordu göndərib, qələbə qazanıb və İran hökmdarı olub.

“Şahnamə”yə görə Keykavusun oğlu Siyavuş atasından inciyərək Əfrasiyabın ölkəsinə gedir və Əfrasiyab onu qızı Firəngizlə evləndirir. O ərəfədə turanlılarla iranlıların növbəti müharibəsi başlayır. Qoşunların başında bir tərəfdə Keyxosrov, digər tərəfdə isə Əfrasiyab dayanır. Savaşda Əfrasiyab məğlub olub ələ keçir və yaxın adamlarıyla birlikdə Keyxosrov tərəfindən qətlə yetirilir.

“Şahnamədə”ki xronoloji ardıcıllığa nəzər yetirsək dörd mərhələdə təsvir edilən döyüşlərin ikinci mərhələsində saklarla farsların uzun çəkən müharibələrindən söz açıldığını görə bilərik. Bu baxımdan da, Turan hökmdarı kimi qeyd edilən Əfrasiyabı sak kimi qəbul etmək lazımdır.

Türk Dastanlarında

Alp Ər Tonqa

“Oğuz xaqan dastanı”nda Oğuzun uşaqlıq, gənclik və qocalıq dövrü təsvir edilib. Dastanda daha çox onun qəhrəmanlığına yer ayrılıb. Dastan Oğuzun göy tüklərə və göy yalı olan bir erkək canavara qalib gəlməsiylə başlayır. Oğuz Türküstandan Qara dənizin şimalındakı çöllərə, Qafqazlardan Ön Asiyaya qədər olan bütün ölkələri fəth edir. Burada qəhrəman olaraq Alp Ər Tonqa adı çəkilmir, lakin Oğuzun fəth etdiyi ölkələrə nəzər saldıqda iskit-sak dövrlərində fəth edilmiş ərazilərlə Oğuzun fəth etdiyi əraziləri müqayisə etmək imkanı yaranır. Bir qədər əvvəl də qeyd etdiyimiz kimi Mahmud Kaşqari türklərin böyük xaqanı Əfrasiyabın əsl adının “Tonqa Alp Ər” olduğunu bildirib, onunla bağlı ağıtlara (ağılara) geniş yer ayırıb.

Bu ağılara bütövlükdə nəzər saldıqda Alp Ər Tonqanın ölümünün xalqa çox pis təsir etdiyini görmək olar. Deyilir ki, onun ölümüylə dövlət çökdü, yaxşılıqlar, ədalət, böyüklük azaldı, əvəzində isə pisliklər çoxaldı və pis adamların dövranı başladı. İnsanlar dövlətin xoş günlərinin həsrəti ilə yaşadılar. Burada Alp Ər Tonqanın həyatı ilə bağlı hansısa bir məlumat verilmir. Amma çox qədimlərə gedən bu ənənələrin şüurlarda yaşadığı diqqəti çəkir. Belə bir qəhrəmanın türk mədəniyyətində böyük dövlətlərin mövcud olduğu dövrlərdə ortaya çıxdığı güman edilir.

Türk mənbələrində

Alp Ər Tonqa

Alp Ər Tonqa haqqında dəyərli məlumatları Yusuf Has Hacib verir. O, əvvəlcə “söz”ü mədh edib: “İnsanın bəzəyi sözdür, bu söz çox müxtəlifdir, ey dilim, tez ol, yaxşı sözlü insanı mədh et. Türklərdə buna bənzər bir atalar sözü var, mən də onu deyirəm: Ağlın bəzəyi – dil, dilin bəzəyi – sözdür, insanın bəzəyi – üz, üzün bəzəyi – gözdür”.

Daha sonra müəllif dünyadakı bəylər arasında türk bəylərinin öz yeri olduğunu qeyd edir və onların da arasında Alp Ər Tonqaya xüsusi diqqət çəkir. Onun bildirdiyinə görə Tonqa Alp Ər “məlumatlı, çox fəzilətli bir adam olmaqla, savadlı, dərrakəli və xalqın sevgisini qazanan bir şəxsiyyətdir. Geniş dünyagörüşü olan yüksək bacarıq sahibi və bənzərsiz igiddir. Onsuz da bu aləmdə ancaq fərasəti olan insan dünyaya hakim ola bilər”.

Ebdülqazi Bahadır Xan da özünün “Türklərin soykökü” adlı əsərində səlcuqların soylarının kınıklarla bağlı olduğuna diqqət çəkir. Onun verdiyi məlumata görə Əfrasiyabın bir oğlu Keyxosrovun əlindən qaçaraq, türkmənlərin kınık qəbiləsinə qoşulub, onların arasında yaşayaraq yaşa dolub ki, biz də onun nəslindən sayılırıq. Əsərdə otuz beş arxa dönənimizin adı çəkilir və adı çəkilən soyun Əfrasiyaba aid edildiyi qeyd olunur. Bu məlumat Əfrasiyabın – yəni Alp Ər Tonqanın türklərin atası olduğunun təsdiqi baxımından çox əhəmiyyətlidir.

(davamı var)

Dilimizə uyğunlaşdıran Əyyub QİYAS