Elektron ədəbiyyat və sənət portalı

Fikrət Sadıqın son yazısı

Bölmə: Ədəbiyyat 23.11.2016

 

Dil yalan deyə bilər və çox vaxt deyir də.

Dilə aldananlar qulağıyla sevənlərdir.

Qulağıyla sevənlər varsa, demək, qulaq qəlbi də aldada bilir və ən təhlükəlisi budur... Amma göz qəlbin aynasıdır – gözdə yalan olmur.

Sevginin də ən mötəbəri gözdən oxunandır...

Şair Fikrət Sadıq gözlərindəki ünvanlı-ünvansız sevgilərini götürüb Haqqın dərgahına qovuşdu...

...Daim təvazökar, sakit, sayğılı...

Mənə olan sevgisini çal qaşlarının kölgə saldığı gözlərindən sezmişdim. Kefim kök olanda ani baxır, çətin zamanlarımda əlimi əlində saxlayıb bir xeyli baxırdı – iç kitabımı, can dəftərimi oxuyurmuş kimi baxırdı. Və hər iki halda sevgisi gözümdən yayınmırdı; elə bilirdim ünvanı özüməm...

Çox illər sonra, atamın xatirəsinə yazdığı bu yazını oxuyanda içim isindi – sən demə, Əlfi sevgisi ilə baxırmış mənə, gözlərindəki sevgi məni Əlfi gözündə görmək istəyindən doğurmuş.

Lakin nə xoşbəxtəm ki, Fikrət Sadıqla hər görüşəndə, iki böyük şəxsin qədim və qərəzsiz sevgisindən qovumu alışdırır, içimi qızdıra bilirdim...  

Hər görüşəndə, soruşurdu ki, Əlfinin xatirə kitabı nə vaxt çıxacaq, görmək istəyirəm…

İndi ikisi də haqq dünyasındadı. Heyif bu son yazısı ilk dəfə işıq üzü görür

Ölümündən sonra...

İlqar ƏLFİ

 

Nə dərinmiş Xəznə dərəsi!

Əlfi Qasımovun xatirəsinə

 

Əlifbanın ilk hərfi əlifdir.
Əlfi sözü əlifdən yaranıb.

Mən addan başladım, çünki ad – koddur, qapını açıb girirsən insanın qəlbinə. Nə görürsənsə, orda görürsən.

Bu ikinci yazıdır ki, addan keçirəm mətləbə. Əlfi bu adı ata-anasından və Allahdan alıb qorudu. Gördüyü hər işdə - uşaq çağında, tələbəlikdə, müəllimlikdə, jurnalistikada, yazıçılıqda, dostluqda və ən çox insanlıqda elə Əlif oldu – birinci oldu.

Əlfini düşünəndə, yadıma mütləq ağır müharibə illəri düşür (1941-1945-ci illər). Onda 13 yaşım olardı, bizim evlə üzbəüz bir müəllim ailəsi yaşayırdı. Sadə, mehriban qonşular idi. Ata – müəllim davaya getdi, qayıtmadı. Qara xəbəri gəldi. Ana – müəllimə bu müsibətə dözmədi, üç uşağını bu ögey dünyada yetim qoyub, köçdü. Böyük qızları (təəssüflər ki, adını xatırlaya bilmirəm – üstündən 66 il keçib) oxuduğu orta məktəbdə kitabxanaçı işlədi, özü təhsilini davam etdirə bilmədi, amma kiçik bacı-qardaşını oxutdu. Böyük qızın böyük ürəyinə baxın, siz Allah! Kiçik qardaşı Cavidi (şair adı olduğundan unutmamışam) oxutdu, böyütdü, əsgərliyə göndərdi, qayıdandan sonra ali məktəbə qoydu, mühəndis elədi, Vətənə layiqli oğul, vətəndaş yetişdirdi. Onda mən uşaq ağlımla başa düşürdüm ki, bu çox əzablı bir ömürdür. Böyük qız bu ömrü yaşadı. Yalnız qardaşını evləndirəndən sonra özünü düşündü. Oxudu. Gec də olsa, arzusuna çatdı. Saçları ağarmağa başlayanda isə özünə bənzəyən sadə bir insanla həyat qurdu...

Uşaqlıqdan şeirə, sözə meyilli olduğumdan elə hey fikirləşirdim ki, keşkə gücüm çataydı, böyük bacının çəkdiyi əzabın bircə gününü qələmə alaydım.

Çox-çox sonralar oxuyub gördüm ki, Əlfi Kürdəmirdə olmaya-olmaya, bu ailəni görməyə-görməyə həmin əhvalata bənzəyən bir əsər yazıb. Başdan-başa ibrətli həyat və həyat həqiqətləriylə dolu! Hamı gördü ki, bu əsəri ürəyi yaxınlarına yanan bir adam yazıb. O kitab özünü yaxınlarına, doğmalarına qurban verməyi öyrətdi bizə! Vaxtilə oxucuların əlindən düşməyən o kitab Əlfini aləmə tanıtdı. Mən o illərdən bəri və ondan sonra da heyrət içində çaşıb qalmışdım ki, kişidə, özü də sərt bir kişidə ana ürəyi ola bilərmiş! İnsaf və ədalət etalonu, məhək daşı – mərdliyin ölçü vahidi idi Əlfi!

Kitab nəşrində (Nəşrkomda) işləyəndə görürdüm ki, o, hər addımımızda bizi qoruyur. 60-cıların uğurları onu sevindirirdi. Onların meydana çıxmasında, kitablarının işıq üzü görməsində Əlfinin zəhməti vardı. Əlfi mənim kimi gənc, amma arxa-dayaqsız şairləri çağırır, əsərlərini nəşr planına saldırır, planda olanların kitablarının həcmini artırırdı. Bütün sonrakı müzakirələrdə cavanların müdafiəsinə qalxırdı

Nəşrkomda o, yetim-yesir atası idi. O kitablar işıq üzü görəndə, müəlliflərdən çox Əlfi sevinərdi. Səpdiyin dənin sünbülünü görəsənməkdən də böyük mükafat olarmı? Hər birimizin boynunda Əlfinin haqqı-sayı vardı. Bu yaxşılıqlar İnsan Əlfinin ürəyindən su içmişdi.

O, bu dünyaya yaxşılıq etmək üçün gəlmişdi. Mənə təzə mənzil vermişdilər. Müəyyən səbəblərə görə köçə bilmirdim. Əlfi qonşum idi və bir qonşu kimi də əvəzi yox idi. Bir-iki dəfə soruşdu ki, təzə mənzilinə niyə köçmürsən, mən də hər dəfə təzə bəhanə gətirdim. Bir dəfə də maşın yolladı ki, “köç, xeyir işi ləngitmə”.

Əlfi həm ictimai, həm də dövlət işində özü idi. Cəmiyyət də, dövlət də onun üçün sadə insanlardan ibarət idi. Əlfi üçün insan birinci idi. Bilirdi ki, insan varsa, Vətən də var.

İnsan üçün də Vətən birincidir.

Əlfi qarabağlı idi. Nə yaxşı ki, Topxana hadisələri ondan sonra baş verdi. Yoxsa onun məhəbbət səpən qələmi od püskürərdi. O elə anadangəlmə əsgər idi. Yazdığı ilk şeirin adı da “Xalq arzusu” olub. Bütün qalan şairlər ilk şerlərini sevgidən yazıblar. Mən demirəm ki, o sevməyib – sevib və sevgisi də ürəyincə olub. Amma ən böyük sevgisi Yerlə Göyün qovuşduğu nöqtə olub! Yerin – Qarabağla Şamaxının ən incə çiçəklərindən; Göyün – Günəşlə Ayın nur saçaqlarından hörülmüşdü bu sevgi! İşıqla süslənmiş ürəklərdə göyərmişdi...

 

***

 

İndi görək Əlfi nə yazıb!

“Adilənin taleyi” kitabı 60-cı illərin müntəxəbatlarında əbədi və layiqli yerini tutmuşdu. Bir kitabının adı “Ulduz karvanı” olub. Görüb ki, yazıb. “Bir kitabının adını “Məni qınamayın” qoymuşdu. İnanmıram onu nədəsə qınayan adam tapıla. “Vətən çağıranda” vətənsevərlikdən, “İnsan qaranquş deyil” və nəhayət, “Toy gecəsi”... insan, insan, yenə insan və səadətdən bəhs edirdi. Bu adlar altında toplanan və çap olunan hekayə, povest və romanlar Əlfinin yuxusuz gecələri, düşüncələri və gələcəyə yolladığı məktublarıdır. Adlara fikir verin, görün bir-birinə necə yaraşırlar. Şairanə və dolu! Öz ömrü yarımçıq qalsa da (58 il nədir ki...) yazdıqları dopdolu və bütövdür.

Adətən bu cür yazılarda portreti çəkilən yazıçının əsərlərinin təhlili yox, yaratdığı surətlər, gördüyü təbiət mənzərələri, onun özünün surəti və təbiəti açılır. Tam olmasa da, qismən onun əsas məziyyətlərindən danışılır. Onu olduğu kimi xatırlamaq xəyalın imkan xaricindədir. Bütün hüceyrələrindən həyat fışqıran, hərəkətlərindən təmkin, hiss və ağıl çağlayan, ürəyindən mehr-məhəbbət saçan, sevinənlə sevinən, ağlayanla ağlayan, hələ gənclik çağlarında müdrikləşən Əlfi özü bütöv, sözü bütöv bir əsatir qəhrəmanı idi sanki.

Üzünün girdəliyi, saçı, bığı, qaş-gözü, gözlərindəki günəş işığı onu qədim türk döyüşçüsünə - ər oğlu ərə bənzədirdi. Bu yalnız zahiri oxşayış deyildi. Ürəyi – ürəyinin özəyi, məqsədi – məqsədinin cövhəri yüzilləri keçib gəlmiş və bizə bu qırımda, bu qılıqda görünmüşdü, əsl-kökünə sadiq bir övlad kimi.

Dost kimi də əsl idi. Qədim dastanlardakı dostlar təki, dostlarını özündən çox istərdi. Bu xeyirxah, əliaçıq, comərd insanda dostluğun bütün əlamətləri vardı. Dostluq onun üçün ünsiyyətin ən vacib vasitəsi olmuşdu.

Deyirlər Tanrı öz dərgahına əvvəlcə yaxşıları seçib aparır. Əlfi o seçilmişlərdən idi. Təkcə gülüşü bir dünyaya dəyərdi. Səsi, zarafatları, yeyib-içməyi təkrarolunmazdı. Belə bir əminlik var ki, insanları bir-birindən ayırmaq üçün barmaq izlərinə baxılır. Demə, dünyaya bu qədər insan gəlib-gedib, heç birinin barmaq izi başqasınınkına bənzəmir. Amma Əlfinin tək barmaq izləri yox, yerişi, baxışı, eyhamı da özünəməxsus və yalnız özününkü idi.

İnsan gəldi-gedərdi. Bu, çərxi-fələyin işidi. Çərxi-fələk kamil bir mühəndis qurğusudur. Külli-bəşər bir alın yazısının əlində acizdir. Mən də acizəm, sən də!

Oğlu İlqarın səbir və məhəbbətlə bir yerə topladığı şəkillərə baxdım. Donmuş xatirələr! Şəkillərdə bir insan ömrü! Amma şəkillər ömür deyil. Əslində təşnə adamın rast gəldiyi sısqa bulaqdır şəkillər. Gördüklərinə gördüklərini duyunca baxanda, sısqa bulaqdan da doyunca su içmək olarmış! Adam gedir – şəkil qalır. Elə adamı yandıran da budur.

Qəlbinə yaxın tutduğun adam haqqında xatirə yazmaq daş daşımaqdan ağır işdir. Bir də görürsən ki, əsl sözü deməmisən. Hər sözü demək olmur.

 

***

 

Hayıf deyildi üzbəüz oturub söhbət eləmək!
Qarabağı yada salmaq!
Xarı-bülbülü görmək!
Xanın səsini eşitmək!
Burda deyiblər: sən saydığını say, gör fələk nə sayır.
Nə dərinmiş Xəznə dərəsi!
Nə uzunmuş Cıdır düzü!
Nə çəkilməz dərd imiş bu ayrılıq, Allah!

 

Fikrət SADIQ
Bakı, 2009-cu il