Elektron ədəbiyyat və sənət portalı

O dünyayla bu dünya arasında

Bölmə: «Aydın Yol»çular 14.11.2016

Məlumata görə, bu ilin ilk 9 ayında əhalinin sayı 4 min 700 nəfər azalıb. 2016-cı il yanvarın 1-nə əhalinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12 min nəfər az olub. Ümumiyyətlə, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Ermənistan əhalisi 634 min 700  nəfər azalıb.

İrəvanın rəsmi statistika qurumu kiçik bir xətaya yol verib. Belə ki, azalanların sayından bir nəfəri çıxmaq lazımdır. Həmin adam sağdır, özü də İrəvanda yaşayır, amma bütün sənədlərdə adının qarşısında yazılıb ki, guya dünyadan köçüb!

İnanmırsınız? Bunu Ermənistan polisinin pasport və viza məsələləri üzrə idarəsinin rəisi Mnatsakan Baçixçiyan da təsdiq edə bilər. O, əvvəlcə müxalifətçi erməni jurnalisti Süzan Caginyanın düz gözlərinin içinə baxıb və utanmadan, qırmızı-qırmızı deyib:

- Necə olub ki, siz indi mənim qarşımda dayanmışınız? Axı çoxdan ölmüşünüz! Əlimdə daşdan keçən sənəd var!

Deyirlər, Süzan əvvəlcə qorxuya düşüb ki, bəlkə, elə doğrudan dünyasını dəyişib, heç özünün də xəbəri olmayıb. Sonra güzgüyə baxsa da, gözlərinə inanmayıb və cumub yaxınlıqdakı marketə.

- Qızlar, salam, necəsiniz?

Satıcı qızlar isə özlərini elə aparıblar ki, guya Süzanı nə görür, nə də eşidirlər. Əlini başına atıb ki, yoxlasın - bəlkə, adamı gözəgörünməz edən papaq taxıb? Əfsus!

Müxalifətçi jurnalistin görəcək günləri bundan sonra başlayıb. Hansı idarəyə gedibsə, qapını üzünə bağlayıblar ki, bizim ruhlarla işimiz yoxdur. Hətta MİS-dən arayış almaq istəyəndə, əməkdaş qadın ona bildirib:

- Utanmırsınız? Ölmüş adam üçün arayış almağa gəlmisiniz...

- Necə yəni ölmüş? Axı mən sağam, bu da şəxsiyyət vəsiqəm!

- Bilmirəm. Qeydiyyat kitabında yazılıb ki, Süzan Caginyan dünyasını dəyişib!

Artıq bir neçə aydır ki, zavallı jurnalist ölkədən çıxa bilmir, yediyi, içdiyi haram olub – dövlət onu “görmür”, çünki müxalifətçi jurnalisti canlı hesab etmək erməni məmurlarına sərf etmir. Süzanın bir əlacı qalıb ki, məhkəməyə getsin, amma “ölüdən” ərizə qəbul edən kimdir?

Əslində Serj və onun əlaltıları görmə və eşitmə qabiliyyətini çoxdan itiriblər. Özlərinə lazım olan şeyləri, məsələn, pulu yaxşı görürlər. Əhali var, ya yoxdur, sayı azalıb, yaxud adamlar acından ölürlər, bütün bunlar Serjin vecinə də deyil.

Məsələn, məlum olduğu kimi, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara hər dəfə baş çəkir, günahsız məhkumların məktublarını onların ailələrinə çatdırırlar. Azərbaycan dövləti və digər beynəlxalq qurumlar bu adamların qanunsuz mühakimə edilməsini dəfələrlə Ermənistan rəhbərliyinin nəzərinə çatdırıb və əsirlərin geri qaytarılmasını tələb edib. Amma nə fayda? Rəsmi İrəvan yenə nə görür, nə də eşidir, özlərini elə aparırlar ki, guya bu  məhbuslar yerli-dibli mövcud deyil.

Bir jurnalist kimi Süzanı görmək yəqin indi rəhbərliyə sərf eləmir. Bu mətləbləri yaxşı bilir. Ona görə də səbrini basıb gözləsə yaxşıdır. Kim bilir, bəlkə, “öldürdükləri” kimi, onu bir gün qəbirdən xortladıb “diriltdilər”?!