Elektron ədəbiyyat və sənət portalı

Bir günün nigarançılığı

Bölmə: Ədəbiyyat 07.11.2016

Ernest HEMİNQUEY,
(ABŞ)

O, pəncərələri bağlamaq üçün otağa daxil olanda biz hələ yatağımzdan qalxmamışdıq. İçəri girən kimi, xəstə olduğunu hiss elədim. O titrəyirdi, sifəti ağappaq ağarmışdı. Asta yerişindən harasınınsa ağrıdığı hiss edilirdi və sanki hər addım atdıqca ağrısı daha da çoxalırdı.

- Nolub sənə, Şatz?

- Heç nə, bir az başım ağrıyır.

- İstəyirsən, get bir az uzan.

- Yox, yaxşıyam.

- Get, get bir az uzan, paltarımı geyinib mən də gəlirəm.

Amma mən aşağı düşəndə o, yerində uzanmamışdı. Paltarları əynində buxarı qarşısında oturmuş və doqquz-on yaşlı xəstə, yazıq bir oğlan uşağının görkəmini almışdı. Əlimi alnına qoyan kimi, qızdırmasının olduğunu hiss elədim.

- Şatz, get otağına, bir az yat, xəstələnmisən.

- Yox, istəmirəm, yaxşıyam.

Bir azdan həkim çağırdıq. Həkim gələn kimi, ilk işi xəstənin hərarətini ölçmək oldu.

- Neçədi?- həkimdən soruşdum.

- Yüz iki.

Həkim müxtəlif rəngli kapsullarda üç dərman verdi, gedərkən onlardan necə istifadə etmək lazım olduğunu dedi. Dərmanlardan biri qızdırmanı salmaq, digəri turşuluğun artmasının qarşısını almaq üçün idi. Üçüncü dərman isə işlətmə dərmanı idi. Həkim izah elədi ki, turşuluğun qarşısı alınmasa, xəstə qripə tutula bilər. Deyəsən, o, qrip haqqında hər şeyi bilirdi, əgər qızdırması yüz dörd dərəcədən yuxarı qalxmasa və xəstə pnevmaniyadan qoruna bilsə, qorxulu heç nə yoxdur.

Həkimi yola salandan sonra balaca bir kağızda Şatzın temperaturunu və dərmanların verilmə vaxtlarını yazdım.

- Bəlkə, sənə nəsə oxuyum, qulaq asasan, Şatz?

- Bilmirəm, oxumaq istəyirsənsə, oxu,- dedi.

Onun rəngi-rufu hələ də ağappaq idi, gözlərinin altı qaralmışdı. Sakitcə çarpayıda uzanmış və sanki bütün ətrafındakılardan uzaqlaşaraq öz aləminə qapılmışdı.

Mən ucadan Hovard Paylın “Piratların kitabı” əsərini oxumağa başladım. Amma bir az oxuyan kimi gördüm ki, fikri başqa yerdədir.

- İndi necəsən, Şatz? - soruşdum.

- Elə bayaqkı kimi, - dedi.

Mən çarpayının ayaq tərəfində oturub o biri dərmanın vaxtı gələnəcən özüm üçün kitab oxumağa başladım. Bir neçə səhifə oxuduqdan sonra elə bildim ki, o, artıq yuxuya gedib. Amma gözlərimi kitabdan qaldıranda onun oyaq olduğunu və çox qəribə bir tərzdə çarpayının ayağına baxdığını gördüm.

- Niyə yatmırsan? Yum gözlərini, bir azca yat. Dərmanın vaxtı gələndə səni oyadaram.

- Yox, yatmaq istəmirəm, oyaq qalmaq istəyirəm.

Bir neçə dəqiqədən sonra isə dedi:

- Ata, əgər darıxırsansa, get. Mən tək də qala bilərəm.

- Yox, narahat olma, darıxmıram.

- Yəni, deyirəm getmək istəsən, get. Mənə görə narahat olma.

Mənə elə gəlirdi ki, o, qızdırmanın təsiri ilə belə danışır. Saat on birdə onun dərmanını verəndən sonra bir az təmiz havada gəzmək üçün evdən çıxdım.

Hava soyuq, amma günəşli idi. Hər tərəfi örtmüş nazik qar donduqdan sonra adama elə təəssürat bağışlayırdı ki, sanki bütün çılpaq ağaclar, kol-kos, yerə tökülmüş çır-çırpı, otlar və torpaq qarla rənglənib. İrland cinsindən olan balaca, qırmızı itimiz də yanımda idi. Yollar buzlu olduğundan, it yeriməkdə çətinlik çəkir, tez-tez sürüşərək yıxılırdı. Mən özüm də iki dəfə yıxıldım. İkinci dəfə yıxılanda ov üçün özümlə götürdüyüm tüfəngi də əlimdən saldım.

İlk hədəfim ətrafını kol-kos örtmüş təpənin aşağısındakı kəklik dəstəsi oldu. Onlardan ikisini vura bildim. Sonra kəkliklər havaya uçub təpənin arxasında gözdən itdilər. Bəziləri ağacların budaqlarına qondu. Çoxu isə sıx kolların arasına girib görünməz oldular. Oradan çıxmaları üçün qarla örtülü kolların üstünə tullanıb onları hürkütmək lazım idi. Bu vəziyyətdə də dəqiq nişan almaq mümkün olmurdu. Ona görə də cəmi ikisini vura bildim. Beş gülləm hədəfdən yayındı. Sonra vurduğum kəklikləri də götürüb, növbəti günlər burada ov edəcəyimi düşünərək kefi, kök halda evə yollandım.

Evdə dedilər ki, Şatz heç kimi otağına buraxmır.

- Gəlməyin, istəmirəm, - deyirdi, - istəmirəm, siz də mənim kimi xəstələnəsiniz.

Mən onun otağına qalxdım. Gedərkən onu necə qoymuşdumsa, elə o vəziyyətdə də qalmışdı. Sifəti yenə də ağappaq idi və yenə də gözlərini çarpayının ayağına zilləmişdi. Qızdırması olduğundan, yanaqlarında xəfif bir qızartı da vardı.

Onun istiliyini ölçdüm.

- Nə qədərdi?

- Yüzə yaxın. - cavab verdim. Amma əslində yüz iki yarım idi.

- Səhər yüz iki idi - dedi.

- Sən hardan bildin?

- Həkim deyəndə eşitdim.

- İstiliyin çox da yüksək deyil, narahat olma.

- Narahat olmuram, - dedi - amma fikirləşməkdən özümü saxlaya bilmirəm.

- Fikirləşmə, nə fikirləşirsən? Bir az rahat ol.

- Rahatam onsuz da. - dedi və başını qaldırıb qabağa baxdı.

Deyəsən, o, nəsə başqa bir şeyi özünə əməlli-başlı dərd eləmişdi.

- Al, bu dərmanı da iç.

- Səncə, bunların bir xeyri olacaq? - soruşdu.

- Hə, əlbəttə, olacaq.

Bir azdan piratlar haqqında kitabı ucadan oxumağa başladım. Amma o yenə də məni dinləmirdi. Ona görə də oxumağı dayandırdım.

- Ata, səncə, nə vaxt öləcəm?

- Nə?

 - Deyirəm, səncə, ölməyimə nə qədər qalıb?

- Nə ölmək? Nə danışırsan?

- Mən bilirəm. Həkim deyəndə eşitdim ki, istiliyim yüz ikidir.

- Yüz iki dərəcədən heç kim ölmür. Nə boş-boş danışırsan?

- Məni aldatma, ata! Fransada oxuyanda uşaqlar deyirdilər ki, adamın qızdırması qırx dörddən yuxarı qalxanda ölür. Mənimki yüz ikidir.

Sən demə, o, düz səhər saat doqquzdan, bütün günü ölümünü gözləyirmiş.

- Ay səni, səfeh Şatz,- mən dedim - Allah sənə ağıl versin. Bunlar başqa-başqa şeylərdir. Kilometrlə mil kimi. Ölüb eləməyəcəksən, qorxma. Bu termometr başqasındandır. Burada doxsan səkkiz dərəcə normaldır. Sən dediyində isə otuz yeddi dərəcə normaldır.

- Düz deyirsən?

- Hə, düz deyirəm. Bunlar kilometrlə mil kimi fərqli şeylərdir. Bax, məsələn, biz maşınla yetmiş mil gedəndə neçə kilometr getmiş oluruq?

- Hə, başa düşdüm - Şatz dedi və çarpayının ayağına dikilmiş baxışlarındakı narahatlıq yavaş-yavaş itməyə başladı. Elə bil ki, çiyinlərindən dağ boyda yük götürüldü. Səhərisi gün o, ən xırda şey üçün belə ağlayıb axşamacan yatağından qalxmadı.

Tərcümə edən: Təvəkkül ZEYNALLI