Acınacaqlı statistika

«Aydın Yol»çular 07.11.2016

Mətbuatın verdiyi məlumata görə, Azərbaycanda qadınlara qarşı cinayətlərin sayı artıb. Statistik göstəricilər də həyəcan təbili çalmağa əsas verir.

Ötən həftə Qəbələ rayonunun Kürd kəndində 1991-ci il təvəllüdlü 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızı amansızlıqla qətlə yetirilib. Dəhşətlisi budur ki, qadını əri öldürüb və bu işdə ona öz valideynləri kömək ediblər. Sən demə, Səbinə əvvəllər də həyat yoldaşı, qayınanası və qayınatası tərəfindən 5 dəfə döyülüb, xüsusi işgəncələrə məruz qalıb.

Bu ilin son doqquz ayında qadınlara qarşı 4552, o cümlədən zorakılıqla bağlı 1747 cinayət işi qeydə alınıb. Hüquqazidd əməllərə görə 2104 nəfər məsuliyyətə cəlb olunub. Cinayətlərin 13 faizi (4552-dən 591-i) ailə-məişət münaqişəsi zəminində baş verib.

Qonşu Türkiyədə qadına qarşı zorakılıq baş verəndə bütün cəmiyyət, televiziyalar ayağa qalxır və bu hadisəni ictimai qınaq obyektinə çevirirlər. Amma Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Nədənsə, QHT-lər də bu məsələdə fəal deyillər. Bu cür faciələrə adi, sıradan bir hadisə kimi baxırlar.

Məsələ burasındadır ki, ictimai qurumlar biganə qaldıqca, qadına qarşı şiddət daha da güclənə bilər. Ona görə də bu məsələyə vaxtında münasibət bildirmək və diqqəti problemlərin həllinə yönəltmək vacibdir. Bu kimi hadisələrin qarşısını almaq üçün sosial şəbəkələrdə geniş aksiyalar təşkil olunmalıdır.

…Kriminal xəbərlərdə göstərilən bir süjetə ürəkağrısı ilə baxdım. İndi müstəntiqin qarşısında yumağa dönmüş bu kişi (əgər ona kişi demək mümkündürsə!) gecə törətdiyi cinayəti guya xəcələt çəkə-çəkə danışırdı. Klassik ssenari: cavan adam kənddə həmtayları ilə xeyli miqdarda spirtli içki qəbul etdikdən sonra da səndələyə-səndələyə evə qayıdaraq…

- Həyat yoldaşınız sərxoş olduğunuza görə sizi tənbeh və ya təhqir etdimi?

- Yox… Bilmirəm… Sərxoş idim… Deyəsən, uşağı yatızdırırdı. Dedim, çay gətir, çox gec gətirdi, mən də dözmədim, əvvəl döydüm, sonra da…

- Bir stəkan çaya görə uşaqlarınızın anasını qətlə yetirmisiniz, peşmançılıq hissi keçirirsinizmi?

- Oldu da! Öldürmək istəmirdim… sərxoş idim…

Heç şübhəsiz, bu adamı mühakimə edib uzun müddətə həbsxanaya göndərəcəklər və bəlkə də, orada ağlı başına gəldi. Amma bəs ailə, uşaqlar? Bundan sonra anasız böyüyəcək körpələrin taleyi necə olacaq? Əzizlərinə qarşı belə amansızlıq göstərən cinayətkarların qarşısına kim sədd çəkəcək?

Amma yaxşı sonluqla bitən əhvalatlar da var. Yasamalın “Dağlı məhəlləsi” deyilən ərazisində usta Ənvəri hamı tanıyırdı. Ev təmiri ilə əlaqədar ona müraciət edənlər çox idi. Çünki əlindən hər iş gəlirdi. Amma Ənvərin bir şakəri vardı - tez-yez içir, evə sərxoş gəlib arvadını, qızlarını döyürdü. Onu dəfələrlə polis şöbəsinə aparmışdılar, tənbeh edib cərimələmişdilər, xeyri olmamışdı. Qohum-əqrəba, qonşular da təngə gəlmişdilər. Nəhayət, toplaşıb belə qərara gəldilər ki, Ənvəri düzgün yola qaytarmaq lazımdır. İndi hər axşam qonşulardan biri onların evində “keşik” çəkirdi, əsasən də ağbirçək, yaşlı qadınlar. Evə sərxoş qayıdan Ənvər bu qadınları görüb utanırdı, əl-qol ata bilmirdi… Qonşuluqda yaşayan qadınlardan biri ona belə nəsihət vermişdi:

- Evdə iki qızın böyüyür, sabah sənin qapına kim elçi düşəcək? Qadına əl qaldıran kişi ilə kim qohum olar? Balalarının gələcəyini fikirləşmirsən?

Ənvər artıq çoxdandır ki, içkini tərgidib, ötən günləri xatırlayanda xəcalət çəkir…

Məncə, insanlar bu bəla ilə birlikdə mübarizə aparmalıdır. “Mənə nə” deyib qapısını bağlayanlar bilməlidir ki, bu neqativ hallardan dolayısı yolla hamımız əziyyət çəkirik.

Televiziyalar qadına qarşı şiddəti qınaq obyektinə çevirməlidir. Hər bir konkret halda faktı dərhal ictimailəşdirmək lazımdır. Bu məsələnin həlli yolunda yalnız hüquq-mühafizə orqanları deyil, bələdiyyələr, icra hakimiyyətləri, ümumiyyətlə, bütün cəmiyyət birgə çalışmalıdır.