Elektron ədəbiyyat və sənət portalı

Haram ianə

Bölmə: «Aydın Yol»çular 29.10.2016

Müxalifətçinin sözlərinə görə, bu pullar bir neçə xeyriyyə təşkilatı arasında bölüşdürülməli idi. Lakin siyasətçi narahatlığını bildirib ki, Kerkoryan əvvəllər də Ermənistana xeyli miqdarda təmənnasız pul verib, ancaq həmin vəsaitlər haradasa “itib” və ünvanına çatmayıb. Çox güman ki, indiki ianəni də oğurlayıb bölüşdürəcəklər...

Zavallı və sadəlövh Vardan! Neçə il Xarici İşlər Nazirliyinə başçılıq edib, ancaq hələ də bir çox mətləbləri anlaya bilməyib. Ay-hay! Məgər bilmir ki, belə pullar hardan gəlib, hara gedir? Serjin başı xarab olub ki, 2 milyardı aşan dolları gətirib versin camaata? Alın, mən yeyə bilmirəm, siz yeyin!

Yəqin, cənab Oskanyan uşaqlığında yaxşı padşahlar haqqında çoxlu nağıl oxuyub və ona elə gəlir ki, Ermənistanın indiki başçısı da belə humanist rəhbərlərdəndir. Amma bir məsəl var, deyirlər, oğrudan oğruya halaldır. Nəcə? Çox sadə! Milyardçı Kirk Kerkoryan sərvətini harda və necə toplayıb? Beverli-Hilzin ən varlı işbazlarından biri olmuş bu erməni, Las-Veqasdakı məşhur otel və kazinolarında 40 faiz paya malik idi. Qumar biznesi ona fantastik gəlir gətirirdi. Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri qanunsuz erməni quldur dəstələrinin yaradılmasına, silah və sursat alınmasına ətək-ətək pullar xərcləyib. Həmişə də çirkin məqsədini gizlətməyib və deyib ki, “Qarabağ müstəqil olandan sonra orada dəbdəbəli otel və kazinolar tikdirib ikinci Las-Veqas yaradacaq və bu diyarı dünyanın möhtəşəm turizm mərkəzinə çevirəcək”. Amerika mətbuatının yazdığına görə, bu adam Serjlə dostluq edirmiş. Hətta Serj Avropada olarkən kazinoda 70 milyon avro uduzanda ona yardım əlini də uzadıb. Nə isə. Amma Kerkoryanın “arzusu” ürəyində qaldı, haram pulları axıra qədər yeyib qurtara bilmədi, yəqin, indi cəhənnəmdə yanır...

Bəs bu pullar kimə qismət oldu? Digər oğru və fırıldaqçı, qaniçən və xain Sərkisyana! Oğrunun pulunu başqa kim yeməlidir ki? Özü də guya Qarabağa yardım adı altında!

Vardan, axı sən hamıdan yaxşı bilməlisən ki, Dağlıq Qarabağ probleminin çözülməsinə əngəl törədən məhz Serj Sərkisyandır. Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin yeganə həlli ərazilərin işğaldan azad olunması, Dağlıq Qarabağın erməni və Azərbaycan icmasının muxtar statusda yenidən sülh şəraitində birgə yaşayışı şərtləri daxilində mümkündür.

Ermənistan diplomatik korpusunun keçmiş rəhbəri kimi, Oskanyana yaxşı məlumdur ki, münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Helsinki Yekun Aktı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrinə əsaslanır. Ancaq Ermənistanın və erməni lobbisinin təsiri altında olan bəzi məhdud dairələr Qarabağın “müstəqilliyi” kimi utopik və cəfəng fikirlərlə Azərbaycana təzyiq göstərməyə çalışır və imkan düşən kimi, ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirirlər. Təxribat və bəhanələrlə münaqişənin həllinə mane olan tərəf Ermənistandır. Xunta rejiminin hökm sürdüyü bir ölkə ilə hansı razılaşmadan söhbət gedə bilər?

Yəqin yaxşı bilirsiniz ki, Ermənistan əhalisinin 70 faizindən çoxu nəinki yoxsulluq, hətta aclıqdan əziyyət çəkir. İşsizliyin səviyyəsi 50 faizə qədər yüksəlib. 2,5 milyard dollar büdcəsi olan ölkənin xarici borcu 5 milyarda yaxınlaşır. Məncə, Ermənistana 2  yox, 102 milyard ianə  ayrılsa da, vəziyyət olduğu kimi qalacaq.

Əgər keçmiş nazir kimi, 2 milyard dolların hara qeyb olduğu sizi maraqlandırırsa, özünüzə çox əziyyət verməyin, cənab Oskanyan, sadəcə, Serjdən soruşun...