Elektron ədəbiyyat və sənət portalı

Bakıda VII Avropa Film Festivalı keçiriləcək

Bölmə: Beynəlxalq 01.11.2016

AzərTAc xəbər verir ki, bu barədə VII Avropa Film Festivalının açılışına həsr olunmuş mətbuat konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard məlumat verib.

O, artıq yeddinci dəfə keçirilən festivalın “Park Cinema” kinoteatrlar şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunduğunu deyib. Bildirib ki, festivalın proqramına 2015-2016-cı illərdə istehsal olunmuş və müxtəlif mükafatlara layiq görülmüş filmlər daxildir. Festivalda nümayiş ediləcək filmlər vasitəsilə Avropa mədəniyyəti müxtəlif rakurslardan göstəriləcək. Orijinal dildə və ingilis dilində alt yazı ilə təqdim olunacaq filmlərin nümayişi pulsuzdur.

Malena Mard qeyd edib ki, festival çərçivəsində izləyicilər üçün esse və jurnalistlər üçün məqalə yarışması keçiriləcək. Yazılar Aİ-nin Azərbaycandakı nümayəndəliyinin “facebook” səhifəsində yerləşdirilməlidir. Qaliblər fevralda keçiriləcək Berlin film festivalında iştirak etmək imkanı qazanacaqlar. Festivala ilk dəfə qatılan ölkələrində olacağını bildirən “Park Cinema” kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev bildirib ki, festivalın keçirildiyi müddət 10 günədək artırılıb.

N.Quliyev festivalda maksimal sayda iştirakçı və tamaşaçı sayını təmin etmək üçün Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və “Park Cinema” kinoteatrlar şəbəkəsinin genişmiqyaslı PR kampaniyası həyata keçirdiklərini qeyd edib.

Festivalın Yunanıstan və İspaniya filmləri ilə açılacağını deyən direktor Azərbaycanın Avropa Film Festivalında “Qırmızı bağ” dramı ilə iştirak edəcəyini söyləyib.

N.Quliyev festivalın Azərbaycan və Avropa kino xadimlərinin mübadilə aparmaları üçün əlverişli platforma olduğunu söyləyib. Bildirib ki, festivalda Yunanıstan, İspaniya, Avstriya, Fransa və Xorvatiyadan aktyor və rejissorlar iştirak edəcək.

Nəzərə çatdırılıb ki, filmlər proqrama əsasən “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Park Bulvar”, “Metropark” və “Flame Tower” kinoteatrlarında nümayiş olunacaq.

İspaniyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xose Luis Dies və Yunanıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Konstantinos Adamopoulos ölkələrinin festivalda nümayiş olunacaq filmləri barədə məlumat veriblər.

Bildirilib ki, Yunanıstanı festivalda rejissor Pantelis Vulqarisin ölkənin kino akademiyasının altı mükafatına layiq görülmüş “Kiçik İngiltərə” dramı təmsil edəcək. Rejissor David Truebenin komediya-dram janrında çəkdiyi və festivalın ilk günündə təqdim olunacaq İspaniya istehsalı olan “Bağlı gözlərlə yaşamaq asandır” filmi də bir sıra mükafatlar, o cümlədən ən yaxşı film nominasiyası da daxil olmaqla, altı Qoyya mükafatı qazanıb.

Qeyd edək ki, festival Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, ittifaqa üzv dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirlikləri və “Park Cinema” kinoteatrlar şəbəkəsi ilə birgə təşkil olunur.