Elektron ədəbiyyat və sənət portalı

Dünyanın 10 ən uzun romanı

Bölmə: Ədəbiyyat 08.10.2016

 

  1. Kalki Krişnamurti – “Ponninin oğlu” romanı. 2400 səhifədən ibarət bu əsərdə 900 000 söz var.

Tamil dilində, tarixi janrda yazılmış bu roman 1950-ci illərdə beş cilddə nəşr edilib. Əsərdə Çola sülaləsinin hökmdarlarından biri, X-XI əsrlərdə hakimiyyətdə olmuş Arulmojivarmandan bəhs edilir. Oxucunun əsəri oxuyub bitirməyə nə qədər vaxt sərf edəcəyini deyə bilmərik, çünki hər oxucunun mütaliə tempi fərqlidir. Kalki Krişnamurti bu romanı üç il yarıma yazıb bitirib.

  1. Mahmud Dövlətabadinin “Kelidar” əsəri 2836 səhifədən və 950 000 sözdən ibarətdir.

İranda məşhur olan bu roman 1984-cü ildə işıq üzü görüb.  Əsərdə İranın şimal-şərqində yerləşən Xorasan əyalətinin Səbzavar şəhərində yaşayan kürd ailəsinin qonşuları ilə olan düşmənçiliyindən bəhs edilir.  Romanda hadisələr İkinci Dünya müharibəsindən sonra İran siyasətinin ən həssas dövründə cərəyan edir. Dövlətabadi əsəri 15 il ərzində ərsəyə gətirib. Lakin yazıçının zəhməti hədər getməyib. Əsər İranda  oxucular tərəfindən ən çox sevilən kitablar arasındadır.

  1. Tomas Mannın “İosif və qardaşları” əsəri 1492 səhifədən ibarətdir.

Epik roman olan bu əsər 1943-cü ildə İsveçdə çapdan çıxıb. Əsər Bibliyadakı İakovdan İosifə qədər olan məşhur süjetlərin nəql edilməsindən ibarətdir. Romanda hadisələr Misirdə Amarın hakimiyyəti dövründə – təqribən bizim eradan 1300 il əvvəl baş verir. Dörd hissədən ibarət romanı Tomas Mann 16 ilə yazıb. 

  1. Semyuel Riçardsonun 1534 səhifəlik “Klarissa və ya gənc qadının hekayəti” əsərində 984 870 söz var.

Özündə müxtəlif sənədləri və gündəlikləri əks etdirən bu əsər 1748-ci ildə nəşr edilib. Əsərin süjet xəttini ailəsi tərəfindən qəbul edilməyən bir xanımın faciəsi təşkil edir. Ancaq açıq deyək ki, 1 milyona yaxın söz oxuyacaq oxucu əsərdən xöşbəxt sonluq gözləməsin.

  1. Karl Uve Knausqordun “Mənim mübarizəm” adlı əsəri 3600 səhifə və 1 000 000 sözdən ibarətdir.

Bu, altı avtobioqrafik əsərdən ibarət və yazıçının özünün  2009-cu və 2011-ci illərdə çap etdirdiyi romandır. Knausqordun öz dostlarında, tanıdığı ailələrdə gördüyü acı həqiqətləri əks etdirməsi, təfərrüatlara varması əsəri oxunaqlı etdi və yazıçıya böyük şöhrət gətirdi. Hər şeyi açıq, səmimi yazmaq, hətta yazıçının həyat yoldaşını belə özündən çıxarmışdı. Ancaq oxucu tərəfindən gözəl qarşılanan bu əsər satış rekordu vurdu. Təkcə Norveçdə yarım milyon nüsxə kitab satılmış, daha doğrusu,  kitabı ölkənin hər 9 nəfərindən biri almışdı.

  1. Şekspirin “Yay gecəsində yuxu” pyesinin Arno Şmidt tərəfindən alman dilinə tərcüməsi 1536 səhifədən, 1 100 000 söz və 6 800 000 işarədən ibarət olub.

Arno Şmidt də Hans Volşleger kimi, Edqar Ponun əsərlərini alman dilinə tərcümə edə-edə tərcümə problemlərindən roman yazmaq qərarına gəlib.

  1. Robert Müzillin “Simasız insan” kitabı 1774 səhifədən ibarətdir.

Üç kitabdan ibarət olan roman 1913-cü ildə Avstriya-Macarıstan monarxiyasının son günlərindən bəhs edir. Romanda bir çox əhəmiyyətli məsələlər qaldırılır: həqiqət, mülahizə, cəmiyyət və ideyalar... Müəyyən məsələlərdə müəllif Avropanın 1918-ci ildə üzləşdiyi problemləri öncədən görə bilib. Təəssüf ki, əsəri tamamlamağa, sonluq verməyə yazıçıya ömür vəfa etməyib.  Müzillin heç bir əsəri, ona, 13 il ərzində yazdığı bu əsər qədər uğur, şöhrət gətirə bilmədi. 

  1. Saentologiyanın atası L.Ron Habbardın “Torpaq missiyası” adlı 10 cildlik əsəri 3992 səhifədən və 1 200 000 sözdən ibarətdir.

Naşirlərə inansaq, bu əsər “uzaq gələcəkdə baş verəcək satirik elmi-fantastik macəradır”. Lakin bəzi tənqidçilər bu əsəri məsxərəyə qoydu. Hətta bir müddət onların təkidi ilə əsərin çapına qadağa da qoyulmuşdu. ABŞ-ın Corciya ştatının Dalton şəhərciyində romanı, “iyrənc mazoxizm, uşaqlara zorakılıq, homoseksualizm, nekromantiya, qanlı qətl və başqa antisosial, qanunazidd hərəkətlər aşılaması, pozğunluq və digər hadisələrlə bağlı epizodların təkrarlanması” iddiası ilə yerli kitabxanalardan yığışdırdılar. Onu da qeyd edək ki, 10 cildlik əsərin bütün cildləri bestseller oldu.

  1. Marsel Prustun “İtirilmiş günlərin axtarışında” romanı 3031 səhifə, 1 267 069 sözdən və  9 609 000 işarədən ibarətdir. 

13 cildlik bu roman ədəbiyyat tarixində ən uzun roman kimi Ginnesin rekordlar kitabına daxil edilib. Bir insanın dilindən nəql edilən hekayətdə hadisələri onun uşaqlıqdan yetkinlik yaşına qədər olan azadlıq duyğuları, xatirələri müşayiət edir. 1913-1927-ci illərdə çap edilmiş əsər XX əsrdə digər yazıçıların yaradıcılığına da təsir etdi. Həmin əsər modern roman sayılır. Qısa desək, çox uzun, amma çox maraqlı kitabdır.

  1. Corc de Skyuderi və Madlen de Skyuderinin “Artamen” əsəri 13 095 səhifədən və 2 100 000 sözdən ibarətdir.

Əgər ciddi mühakimə yürütsək, bu əsər XVII əsrdən bəri rəqiblərinə heç bir şans vermir: 10 cilddə nə az, nə çox – 2 100 000 söz var. Əsərin müəllifi Corc de Skyuderi sayılsa da, çox vaxt onun bacısı Madlen de Skyuderinin də şərikli müəllif olduğunu iddia edirlər. “Saspens” elementləriylə, saysız-hesabsız süjet “tvist”ləri və aktiv hərəkətlərlə dolu olan bu əsər, mahiyyətcə romantik hekayədir. İrihəcmli olmasına baxmayaraq, əsər öz dövründə son dərəcə məşhur olub. Romanın təkrar nəşri yalnız onun internet vasitəsi ilə oxunması üçün təşkil edilmiş akademik layihədən sonra reallaşıb.

Hazırladı: NARINGÜL