Elektron ədəbiyyat və sənət portalı

“Düma ilə Coys arasında”kı həqiqət

Bölmə: Ədəbiyyat 08.10.2016

Artıq Kamal Abdulla nəsri ədəbiyyatımızın hüdudlarından xeyli kənara çıxıb, əsərləri dünya xalqlarının onlarla dilinə çevrilib, kitabları 20-yə yaxın ölkədə nəşr olunub.

Əlbəttə ki, bütün bunlar Azərbaycan ədəbiyyatına xidmətdir, eyni zamanda da ədəbiyyatımızın nüfuz dairəsinin genişlənməsi yönümündə atılan təqdirəlayiq addımlardır.

***

Kamal Abdullanın yeni nəşr olunmuş “Düma ilə Coys arasında” adlı kitabını oxuyanda məhz bütün həyatını ədəbiyyata həsr eləmiş, Sözün qəhrini çəkən, layiqli qələm adamlarını görməyə və dəyərləndirməyə can atan, ədəbi məkanı mənasız iddiaların deyil, abırlı Sözün, sanballı əsərlərin məkanına çevirməyə çalışan qələm adamının yanğısını aydın hiss edirsən.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli kitaba “Bir dünyalıq ədəbiyyat söhbəti, yaxud esselərdən ibarət roman” adlı geniş ön söz yazıb və çox haqlı olaraq kitabı “esselərdən ibarət roman” adlandırıb. Şəxsən mən həmin “roman”ın mətnini təşkil edən ayrı-ayrı esseləri müxtəlif vaxtlarda mətbuatda oxumuşam. Bununla belə, ağlıma da gəlməzdi ki, o parçaları bu qədər ustalıqla bir-birinə “qaynaq” etmək, bütov və böyük cazibə qüvvəsinə malik olan mətnə çevirmək, ilk baxışda hiss olunmayan, amma elə bil sənə altıncı duyğunla agah olan süjet ətrafında birləşdirmək, elə esselərdən də ibarət ön söz və son sözlə tamamlamaq mümkün olarmış. Amma İlahi duyumun möcüzəsi baş verib, həqiqətən, esselərdən ibarət bütöv roman yaranıb ki, bunu da Kamal Abdullanın növbəti uğuru saymaq olar.

Mənə görə, ədəbiyyatda esse, hardasa, musiqidə cazı xatırladır, bu janrda yazıçı öz azadlığının zirvəsinə çatır, bəlkə də elə duyduğu o azadlıq sevincindən ağlagəlməz improvizələr eləyir, mövzu kompozisiyasının, ciddi süjet xəttinin, obraz bütövlüyünün … fikrini çəkmədən yalnız öz ruhunun diktə elədiklərinə qulaq asır. Vaxtilə Sabir Rüstəmxanlının “Ömür kitabı”nı, sonralar Afaq Məsudun “Duyğular imperiyası”nı mütaliə eləyəndə, nəhayət, bir neçə il əvvəl Kamal Abdullanın “300 azərbaycanlı” esselər toplusunu oxuyanda eyni hissləri keçirmişdim. “Düma ilə Coys arasında” kitabını oxuyanda isə esseylə bağlı qənaətim daha da möhkəmləndi.

Mənə elə gəlir, Kamal Abdulla kitabın mətninə daxil olan ayrı-ayrı essləri qələmə alanda nə vaxtsa o esseləri bir süjet ərtafında birləşdirmək fikrində olmayıb, amma hər növbəti esseni yazan vaxt şüuraltında gizlənmiş İlahi kod həmin hissələr arasında gözəgörünməz bağlılıq yaradıb… 

***

“Niyə Düma ilə Coys arasında?” Yəqin ki, bu “esselərdən ibarət roman”la hələ tanış olmayan oxucunun ağlına gələn ilk sual budur. Kamal Abdulla ədəbiyyatın “qəlizlik-asanlıq” qütblərini dünya ədəbiyyatının bu iki siması ilə müəyyənləşdirir: asan, macəralarla dolu, hətta “çimərlikdə belə oxumaq mümkün olan” Aleksandr Düma-Ata ilə oxucudan sonsuz hövsələ, səbir və müəyyən hazırlıq tələb edən Ceyms Coys arasındakı bu ədəbi məkan, Kamal Abdullanın təbirincə desək, “qara dəlik”, bəlkə də, elə əsl ədəbiyyat məkanıdır: “Bir tərəfdə Düma, o biri tərəfdə Coys. Arada isə “qara dəlik”.

Və bu qara dəliyin içində saysız-hesabsız mənəvi sərvət nümunələri… Ədəbiyyat elə bu qara dəlikdə özünə yer eləyib deyəsən, başqa cür deyil… “Qara dəliy”in içinə düşdünsə, çıxmaq olmur. Və bu ədəbiyyat Düma ilə Coys arasında uzanan, onları birləşdirən yolun özüdür”.

Beləcə, “esse-roman”da Kamal Abdullanın üz tutduqları bütün qələm sahibləri də - hesab eləyək ki, Füzulidən Qan Turalıyacan – həmin “qara dəliy”in, yəni geniş ədəbi məkanın içindədirlər, hərəsinin də öz yolu, öz dəst-xətti, öz nəfəsi və öz intonasiyası var. Üstəlik, həmin ədəbi məkanda təkcə şairlər, nasirlər, ədəbiyyatşünaslar, tənqidçilər yox, həm də “literturşina” problemi var…

Akademik İ.Həbibbəyli haqlı olaraq qeyd edir ki, “Kamal Abdullanın “özü üçün icad etdiyi” Düma ilə Coys arasındakı ədəbiyyat yolunun müəyyən edilməsi, əslində müasir elmi və ədəbi fikir üçün son dərəcə yeni və zəruri olan nəzəri qənaətdir. Böyük ədəbiyyata təkcə bələdliklə yox, eyni zamanda, sözün ən yaxşı və ciddi mənasında daxili tələbatdan gələn iddiaçılardan birinə çevrilmədən “Düma ilə Coys arasında”kı ədəbiyyat yolçuluğunda özünün məsuliyyətli cığırını düşünüb-daşınmaq mümkün olmazdı…”

***

Bu “esselərdən ibarət roman”ı – “Düma ilə Coys arasında” kitabını çox rahatlıqla “Umberto Eko və Kamal Abdulla arasında” da adlandırmaq olardı. Kamal Abdullanın böyük italyan yazıçısı, mərhum Umberto Eko ilə bir neçə il əvvəl evində baş tutan görüşlərinin və iki saatlıq ədəbiyyat söhbətlərinin bütün əsas məqamları kitab boyu oxucunu izləyir. Müəllif unudulmaz Umberto Eko ilə görüşdən sonra beynində, aralarında baş verən söhbətin bəzi məqamlarının düzənini quranda, özünün ifadə elədiyi kimi, “çox sadə bir həqiqətin işığı gözünü qamaşdırıb” və beləcə, asan oxunan Düma ilə çətin oxunan Coys arasındakı “qara dəlik” ideyasına gəlib çıxıb. Kamal Abdullaya görə, “…bu, ikisinin arasındakı yoldur, ya boşluqdur, dəlikdir, ya nədirsə, ora düşən artıq bu dünyanın adamı olmur. O biri paralel dünyaların da sakininə çevrilir.

Bir ayağı ilə bu dünyanın torpağında, o biri ayağı ilə digər paralel dünyalarda özünə yer eləyir”. Həm də ədəbiyyata yoluxdunsa, bu xəstəlikdən sağalmaq mümkün deyil. “Ya roman və hekayə, şeir və pyes mətnlərinin içində azıb qalacaqsan, ya da Mətn haqqında mətn yazmaqla məşğul olacaqsan”.

Kamal Abdulla ortaya qoyduğu kitabını da məhz “ədəbiyyat xəstəliyi”nin nəticəsi sayır və heç də səhv eləmir. Həqiqətən, mövcud ədəbi məkanın mənzərəsini yaratmaq, Söz sənəti ilə bağlı düşüncələrini qələmə almaq, yaranan ədəbi nümunələrə münasibət bildirmək, “görməzlik sindromu” ilə üzləşmiş qələm adamlarının (əsasən də cavanların) haqqını müdafiə eləmək, ədəbiyyat yoluna, yəni Düma ilə Coys arasındakı “qara dəliyə” yenicə düşənlərə yol göstərmək – bu qədər işlərə vaxt və əsəb sərfindən çəkinməmək məhz o “xəstəliyə” yoluxmaq əlamətidir.

Düma ilə Coys arasındakı ədəbi məkan isə həddən artıq geniş və sonsuzdur. Kamal Abdulla kitabında həmin məkana birun (aşkar) və əndərun (gizlin) oyunlarını, “Sonsuz lüğət”i (mətnin gizləndiyi yeri), darıxan adamları (Hüseyn Cavid, Azad Mirzəcanzadə, Rüstəm Behrudi), Don Kixotun ölümünü, aldanmış oxucunu, yaşanmamış həyatın ilğımını (mətn və “literaturşina”), insanın yol duyğusunu … sığışdırmağı bacarır. Onun fikrincə, “Müəllif öz qəhrəmanına onun yaşadığı yox, yaşaya biləcəyi həyatın bir qırığını, bəzən də bir kəsiyini, ya da bütövünü göstərir. Müqayisə edilən hissələr, yəni, yaşanan həyatla yaşana biləcək həyat arasındakı fərq mənəvi baxımdan o qədər böyük alınır ki, burada yerinə yetməmiş arzular, ümidlər və puç olmuş xəyallar xam torpaqlar kimi şumlanır. Beləliklə, əsərin öz-özlüyündə, bəzən də əsas süjetdən aralı duran məxsusi arxeoloji dərinlik yaranır. Buradan katarsisə də (!), yenidən intibaha da (!), günah hissini yaşamağa da, əzabçəkmə çalarlarının yeni təsvirlərinə də əvvəlcədən tanış olmayan, elə onun üçün də xüsusi maraq doğuran cığırlar, lağımlar açılır”.

***

Kamal Abdulla “Düma ilə Coys arasında” yaranmış, yaranan və yaranacaq böyük ədəbiyyat haqqında düşünəndə yaradıcı adam üçün vacib olan əsas bir prinsipi müəyyənləşdirir: “...Əsər - qəhrəmanlarının xəyal və arzularının, həyata keçirmək istədikləri niyyət və düşüncələrinin, əslində yaşanmamış həyatın ilğımıdır... Yaşanmamış, amma yaşaya biləcəyi həyatın ilğımı onun üçün bir nəfəslikdir”.

Fikrimizcə, onun “Düma ilə Coys arasında” adlanan “esselərdən ibarət roman”ının qayəsi də ədəbiyyatımızın dünyaya açılmış nəfəsliklərindən biridir. Kamal Abdulla bu missiyaya doğru “Yolun əvvəli və axırı”, “Gizli “Dədə Qorqud””, “Sirriçində dastan və yaxud Gizli “Dədə Qorqud””, “Mifdən yazıya və yaxud Gizli “Dədə Qorqud””, “300 azərbaycanlı” kitabları ilə yol gedərək, Düma ilə Coys arasındakı həqiqətə gəlib çıxıb…

Nəriman ƏBDÜLRƏHMANLI