Elektron ədəbiyyat və sənət portalı

Kolumbiya səfirliyində Markes gecəsi

Bölmə: Ədəbiyyat 08.10.2016

Toplantını giriş sözü ilə Kolumbiya səfirliyinin müvəqqəti işlər vəkili, xanım Marta Galindo açıb. Qısa tanışlıqdan sonra o, yazıçının həyat yolu və yaradıcılığından danışıb, 1982-ci ildəki Nobel çıxışından və “Akkordeon” əsərindən parçalar səsləndirib. Sonra söz Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyevə verilib. Daha sonra Mərkəzin dil və tərcümə mütəxəssisləri İlqar Əlfi, Mahir Qarayev, Etimad Başkeçid, Fərhad Abdullayev, Azərbaycan Dillər Universitetinin İspan dili kafedrasının müdiri Aynur Quliyeva, Dillər Universitetinin professoru Hüseynağa Əzimov, Təhsil Nazirliyinin əməkdaşları Tural Əhmədov və Tural Cəfərov, Azərbaycan Diplomatik Akademiyasının İspan dili fakültəsinin koordinatoru Sezar Qrahales və başqaları Markesin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə Markesin Azərbaycan dilinə tərcümə olunan əsərlərindən danışılıb.

Dəyirmi Masada aparılan fikir mübadiləsini “Aydın Yol” qəzetinin oxucularına təqdim edirik.

Marta Galindo: İlk öncə Kolumbiyanın Azərbaycandakı səfirliyinə təşrif buyurduğunuz üçün sizə ən səmimi təşəkkürlərimi bildirirəm. Kolumbiya Respublikasının Azərbaycandakı Səfirliyi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbir Markes yaradıcılığına həsr olunub. Gələcəkdə də belə dəyirmi masaların keçirilməsini nəzərdə tuturuq. Azərbaycanla Kolumbiya arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur. Mədəniyyət sahəsi bu istiqamətdə önəmli yerlərdən birini tutur. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə əməkdaşlığımız bir ildir ki, başlayıb və uğurla davam edir. Bu əməkdaşlığın əsasını məndən öncəki səfir qoyub, mən də öz növbəmdə əlaqələri genişləndirməyə çalışıram.

Yaşar Əliyev: Bizə Kolumbiya haqqında geniş məlumat verməyə xüsusi ehtiyac yoxdur. Çünki hamımız Markesin yaradıcılığını maraqla oxumuşuq. Şəxsən öz adımdan deyə bilərəm ki, Markesi öyrənəndən sonra kolumbiyalıları bəlkə, onların özlərindən də daha yaxşı tanımağa başladım. Bizim xalqlarımızın oxşar cəhətləri ilə bağlı fikirlər səslənir. Bu mülahizələrin təsdiqi kimi deyə bilərəm ki, avropalı oxucu “Yüz il tənhalıqda” əsərinə ekzotika kimi yanaşsa da, həmin romandakı qeyri-adi obrazlar mənə uşaqlığımdan tanışdır. Ümumiyyətlə, Makondanın həyat tərzi bizim üçün ekzotika ola bilməz. Bu mənada biz Markesin əsərlərini magik realizm kimi yox, realizm nümunəsi kimi oxumuşuq. Bir məqamı da qeyd edim ki, Azərbaycan ədəbiyyatı Latın Amerikası ədəbiyyatı ilə müqayisədə daha qədimdir. Bizim poeziyamızın yaşı çoxdur, amma nəsrimiz daha cavandır. “Taledən qaçmaq olmaz” – bu ideya əsasında dünya ədəbiyyatında bir çox maraqlı əsərlər yazılıb. Markesin “Patriarxın payızı” da bu barədədir. Patriarx falçının dediyi taledən qaçmaq üçün nə qədər cəhd eləsə də, mümkün olmur. Amma Azərbaycan realist nəsrinin banisi Axundovun eyni mövzuda 150 il bundan əvvəl qələmə aldığı “Aldanmış kəvakib” əsərində Şah Abbas taledən qaça bilir, Yusif Sərracı öz yerinə taxta oturdub, ulduzları aldadır. Təəssüflər olsun ki, bizim nəsrdə Axundovun başladığı xətt davam etdirilmədi. Sovet dövrü ədəbiyyatı bəzi istisnalarla ideologiyaya tabe oldu. Bu, ayrıca söhbətin mövzusudur. Markesə gəlincə, məncə, müasir Azərbaycan ədəbiyyatına onun qədər təsir edən ikinci bir yazıçı tapmaq çətindir.

Ümumilikdə, XX əsr dünya ədəbiyyatını iki hissəyə bölmək olar: Markesə qədərki və Markesdən sonrakı ədəbiyyat. Biz bu gün yüzlərlə digər Latın Amerikası yazarlarını da Markesin işığında oxuyuruq. Bu yazıçının böyüklüyü, onun milli koloritli Makondasının Kolumbiyanın və ümumilikdə bütün dünyanın balaca bir maketi olmasındadır. Makonda kəndi artıq bizim hamımızın kəndidir...

M.G: Şəxsən mən iki dəfə Markeslə görüşmüşəm. O, xaraktercə çox şən bir adam idi. Yazıçının səksən illik yubileyi mənim şahidi olduğum ən möhtəşəm hadisələrdəndir. Həmin gün Markes çox xoşbəxt idi. Min beş yüz nəfərlik teatr salonunda İspaniya kralı, ABŞ-ın eks-prezidenti Klinton, Kolumbiyanın beş eks-prezidenti, yazıçının Kubadan, Meksikadan olan yaxın dostları iştirak edirdi. O zaman yubilyar bir nitq söylədi və dedi: “Mən bilmədim, bütün bunlar nə zaman baş verdi”. Xatırladım ki, ilk dəfə “Yüz il tənhalıqda” əsərinin nəşrindən imtina etmişdilər. İkinci dəfə yazıçının, əsəri hətta Meksikadan Argentinaya göndərmək üçün belə pulu yox idi. Maliyyə problemləri yaşayan yazıçı həyat yoldaşının zinət əşyalarını satmalı oldu.

“Yüz il tənhalıqda”nı yazarkən Markes düşünmürdü ki, gələcəkdə bu əsər, demək olar ki, bütün dillərə tərcümə olunaraq, dünyanın ən çox satılan kitablarından birinə çevriləcək...

Sezar Qrahales: Burada daha çox Markesin ədəbi yaradıcılığı haqqında danışıldı. Əlbəttə ki, onun əsərlərinin öz oxucuları var. Amma mən yazıçının kölgədə qalan jurnalistika fəaliyyətindən danışmaq istəyirəm. Onun publisist yazıları da oxuculara böyük təsir göstərib. Məsələ burasındadır ki, Markesin məqalələri də məhz onun ədəbi düsüncəsinə söykənirdi. Müəllifin əsas məqsədi ölkə sakinlərində ictimai-siyasi həyatda baş verən hadisələrə maraq yaratmaq idi. Bunun üçün Markes çox gözəl bir üslub seçmişdi – insanlar sanki hər hansı xəbəri deyil, bədii əsəri oxuyurdular. Bununla da, Markes istədiyinə nail oldu. Mən onun publisistikasından iki əsəri xüsusi qeyd edərdim – “Dənizçinin hekayəsi” və “Qaçırılma”. Burada o, təkcə xəbər vermir, həm də mənəvi məsələlərə toxunur, ən başlıcası, insanlarda mütaliəyə maraq oyadır.

Aynur Quliyeva: Yəqin ki, Markes sevgisi mənə valideynlərimdən keçib. Uşaqlıqdan mənə bu yazıçını o qədər sevdirmişdilər ki, dissertasiya işimi də məhz ona həsr elədim. Sonra isə qərara gəldim ki, “Yüz il tənhalıqda” əsərini orijinaldan tərcümə edim. İndi ən böyük arzum bu tərcüməni bitirib oxucuların ixtiyarına verməkdir. Deməliyəm ki, bu, heç də asan iş deyil. Çünki Markesin xüsusi üslubu var. Bəzən onu pessimist yazıçı kimi təqdim edirlər, deyirlər ki, Markes dünyanı qara rənglərdə görür. Amma mən belə düşünmürəm. Sadəcə, onun əsərlərində güclü istehza, dövrünə ironiya var. Markesin dili nağıl dilidir. Çox sadə şeyləri, reallığı yazır, amma üslubu fərqlidir və bu da ona gözəllik verir.

Mahir Qarayev: Çox şad oldum ki, artıq Markesi orijinaldan tərcümədə oxuya biləcəyik.

Mən Markesin “Bu yazıq tərcüməçilər” adlı kiçik essesini dilimizə çevirmişəm. Yazıçı bu məqaləni, onun əsərini fransızcaya çevirən tərcüməçi ilə birgə çalışdıqdan sonra yazıb. Burada tərcüməçilərin nə qədər əziyyət çəkdiklərindən danışılır. Kitab çıxanda Markes tərcüməçinin adının bir kənarda, diqqət çəkməyən yerdə kiçik şriftlərlə yazıldığını görəndə bu qənaətə gəlir ki, onların əməyi layiqincə qiymətləndirilmir. Yazıçı onu da vurğulayır ki, tərcüməçilər çox böyük iş görürlər, amma onların adları bəzən heç xatırlanmır...

İlqar Əlfi: Kolumbiya xalqının tarixində iki önəmli hadisə olub. Bunun biri itkidir – böyük Kolumbiya dövləti parçalanıb, ondan Haiti, Panama, Ekvador kimi dövlətlər yaranıb, yəni ölkə kiçilib. İkinci hadisə qazancdır və o qazanc Markesdir. Markes, doğrudan da, bizə çox doğma müəllifdir. Əvvəla, ona görə ki, onun təfəkkürü Qərb yox, Şərq təfəkkürdür, yəni bizim təfəkkürdür. Mən Markessevərlərin diqqətinə kiçik bir faktı çatdırmaq istəyirəm: Markes yaradıcılığında magik realizmin kökləri unudulmuş bir İran yazıçısından – Sadiq Hidayətdən gəlir. 1936-cı ildə Bombeydə ilk magik realizm nümunəsi onun qələmindən çıxaraq çap olunub. Başqa bir İran yazıçısı Bozorg Ələvi xatirələrində yazır ki, Markes 1950-ci illərdə Parisdə “El Espekdator” qəzetində müxbir kimi çalışanda onunla görüşüb. O zaman aralarında Sadiq Hidayətlə bağlı söhbət olub. Markes deyib ki, Hidayətin romanı hindu nağıllarını xatırladır. Bundan sonra onlar Sadiq Hidayətin Parisin Per-Laşez məzarlığındakı qəbrini birgə ziyarət ediblər. İran mühacir mətbuatı yazır ki, Markes özü də təsirləndiyi müəlliflər sırasında Sadiq Hidayətin adını çəkib.

M.Galinda: Markes barədə bu fikirləri azərbaycanlı dostlarımızın dilindən eşitmək, onu nə qədər yaxından tanıdığınızı görmək mənim üçün xoşdur. Doğrudan da, “Yüz il tənhalıqda” əsəri ispandilli ədəbiyyatı iki hissəyə ayırır: Markesə qədərki ədəbiyyat və Markesdən sonrakı ədəbiyyat. “Yüz il tənhalıqda” əsərini ədəbiyyat tarixindəki yeri və mövqeyinə görə “Don Kixot”la müqayisə etmək olar. Siz qeyd etdiniz ki, Azərbaycanda Markesdən ilhamlanan yazıçılar var. Nobel mükafatına layiq görülmüş türk yazar Orxan Pamuk da Markes yaradıcılığından çox bəhrələndiyini etiraf edir. Mən çox istərdim ki, bizim görüşlərimiz ənənəyə çevrilsin və növbəti görüşlərimizdə Azərbaycan ədəbiyyatı barədə danışaq. Daha çox müasir Azərbaycan ədəbiyyatı ilə maraqlanıram və istəyirəm ki, yaxın illərdə özümlə Kolumbiyaya Azərbaycan yazıçılarının ispancaya tərcümə edilmiş əsərlərini aparım. Ümid edirəm, Tərcümə Mərkəzi ilə birgə səylərimiz nəticəsində bu, bizə müyəssər olacaq.

Hamınıza təşəkkür edirəm.

Rəbiqə NAZİMQIZI