Elektron ədəbiyyat və sənət portalı

ISESCO İcraiyyə Şurasının sessiyasında Azərbaycanla bağlı təklif

Bölmə: Beynəlxalq 08.10.2016

Sessiyanın açılışında çıxış edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri tədbirin əhəmiyyətini vurğulayaraq, qurumun ötənilki sessiyasının və 12-ci Baş Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

İclasın gündəliyində duran məsələlərin müzakirəsi zamanı İcraiyyə Şurasının üzvü kimi çıxış edən Vasif Eyvazzadə Azərbaycan-ISESCO münasibətlərinin ölkə rəhbərliyinin dəstəyi ilə daim inkişaf etdiyini, ötən həftə Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forumda baş direktor Əbdüləziz bin Osman əl-Tuveycrinin ölkəmizin ərazi bütövlüyü, işğalçı Ermənistanla bağlı qətiyyətli mövqeyinin və çıxışının cəmiyyətimizdə yüksək qarşılandığını deyib.

Baş katib, habelə ISESCO-nun “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna tərəfdaşlığının, dövlətimizin başçısının ölkəmizdə ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması barədə sərəncamlarının önəmini qeyd edib. V.Eyvazzadə münaqişə regionlarında mədəni irsin vəziyyəti və onun müdafiəsinin təşkili məqsədilə proqram həyata keçirilməsini, eyni zamanda, ISESCO-ya üzv ölkələrin Milli komissiyaları arasında əməkdaşlığı gücləndirmək məqsədilə layihələrin hazırlanmasını təklif edib.

İclasdan sonra şöbə müdiri ISESCO-nun elm, təhsil və mədəniyyət sahələri üzrə məsul departament rəhbərləri ilə görüşlər keçirib və Milli Komissiya ilə bu istiqamətdə əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparıb.