Elektron ədəbiyyat və sənət portalı

Sürüşkən millət

Bölmə: «Aydın Yol»çular 08.10.2016

Tədbirlər çərçivəsində prezident Serj Sərkisyan da ənənəvi olaraq hökumət və dövlət rəhbərləri ilə birlikdə İrəvandakı Yerablur abidəsini ziyarət edib. Ziyarət zamanı bəzi vətəndaşlar prezidentə yalvararaq işıq pulunu ödəmək üçün pul istəyiblər.

“Aravot” qəzetinin yazdığına görə,  tədbirdə jurnalistlər bir neçə dəfə Sərkisiandan xahiş ediblər ki, heç olmasa, bu bayram günündə bir neçə suala cavab versin. Sərkisyan isə jurnalistləri qınayıb ki, onlar əvvəlcə dövlət başçısının bayramını təbrik edə bilərdilər. Bundan sonra jurnalistlər xorla prezidenti təbrik ediblər, Serj öz təşəkkürünü bildirib və... arxasını jurnalistlərə çevirib. Qəzet daha sonra yazır ki, Sərkisyan onun müxbirinin  sualına da  cavab verməyib. Sual isə belə imiş: “Doğrudanmı biz tam müstəqilik?”

Qəzetin yazdığına görə, bu məqamda qadınlardan biri ağlaya-ağlaya prezidentə yaxınlaşıb: “Yalvarıram, mənə 100 min dram verin (100 min dram 200 dollardır), gedim, işığın pulunu ödəyim, uşaqlarımla gecə vaxtı qaranlıqda qalmışıq.”

Sərkisyan isə qadının əlindən tutub, istəyib ki, qadın şikayətinə son qoysun. Qadın yenə də israra pul istəyib və bu, Serji  əsəbiləşdirib:

- Eşitdim də! Axçı, nə hayasızsan! Mən artıq göstəriş vermişəm, daha nə istəyirsən? Dedim axı, cibimdə pulum yoxdur, ümumiyyətlə, dram gəzdirmirəm. Gedərsən Armenin yanına, o, hər şeyi həll edər!

Əlbəttə, Serj cibində dram gəzdirməyi özünə ar bilir. Bir də axı pula nə ehtiyac? Heyif deyil çek? Əl boyda kağız parçasıdır, nə əlin çirklənir, nə də pul sayırsan. Məsələn, o, Avropada səfərdə olanda kazinolardan birində 70 000 avro uduzanda, tələsik çek yazıb aradan çıxmışdı.

Serjin ömrü boyu cibində pul olmayıb. Əvvəllər, 1976-cı ildə İrəvan elektrotexnika zavodunda çilingər işləyəndə də cibində siçan oynayıb.

Bir dəfə maaş gününə 15 gün qalmış Serjə təcili pul lazım olur. Sən demə, sevgilisi Ritanın (Rita Aleksandrovna Sərkisyan, Serjin həyat yoldaşı, Xankəndində doğulub, musiqi müəllimidir, 1983-cü ildə ailə qurublar) ad günü imiş, kişinin də hədiyyə almağa pulu yox! Balacaboy qara oğlan düşür sexin canına, başlayır borc pul dilənməyə.

- Suren əmi, ay Suren əmi, maaşacan mənə 25 rubl borc ver də…

Suren də dəzgahı söndürüb əyri-əyri Serjə baxıb deyir:

- İtirmişəm ki, verim? Pulu yerdən yığıram? Maaşın hamısını arvad əlimdən alır, gündə 50 qəpik papiros pulu verir. Sürüş burdan!

Serj digər ustaya – Artaşesə yaxınlaşır, yazıq görkəm alıb borc istəyir.

- Atana borcum var? Buna bir bax! Yumurtadan dünən çıxıb, pul istəyir. Sənin vücudun 25 qəpiyə dəyməz, o qədər pul nəyinə gərəkdir axı?

- Hədiyyəsiz getsəm, Rita canımı alacaq…Ver də, noolar, vicdanım haqqı qaytaracam.

- 25 manatı qazanmaq lazımdır!

- Nə desən, eləməyə hazıram…

- Mahnı oxuya-oxuya rəqs elə!

Serj ağzında “Sarı gəlin” mahnısını zümzümə edərək sexin ortasında əllərini yana açıb süzməyə başlayır. Xeyli oynadıqdan sonra, Artaşes onu dayandırıb deyir:

- İndi sən qarabağlısan deyə, bizi avam sayırsan? “Sarı gəlin” Azərbaycan mahnısıdır. Mənə kəf gəlirsən? Sürüş burdan!

Serj kor-peşman qayıdır. Deyirlər, Rita üçün də ad günündə hədiyyə əvəzinə bu mahnını oxuyub…

Nə isə, dünyanın işini bilmək olmur. Amma  Sərkisyanın ona yalvarıb 200 dollar istəyən qadını hansı Armenin yanına göndərdiyi də məlum deyil. Vay o gündən ki, həmin Armen də o arvada deyə: “Sürüş burdan!”