Rasim Sadıxov: “Azərbaycana rəqəmsal texnikanı ilk dəfə mən gətirmişəm”

Müsahibə 19.07.2017

Orxan Əzim: “Eləsinə 100 min manatlıq aparat da versən, yarıdan deyil”

Atalar və oğullar mövzusu bəşər övladının yaranışından mövcud olub. Bu məsələ məişətdən tutmuş elmin, sənətin müxtəlif sahələrində də zaman-zaman bəzən yumşaq, bəzən isə çox sərt formada ifadə olunan fikir ayrılıqları, yaxud oxşarlıqları şəklində təzahür edib.

Elə biz də rubrikamızda bu məsələlərə toxunmağa, yaşlı və gənc nəsli təmsil edən sənət adamlarını sözün yaxşı mənasında üz-üzə qoymağa, onların müxtəlif hadisələrə yanaşmalarını aydınlaşdırmağa və bu yanaşmaları sizlərə təqdim etməyə çalışacağıq.

“Atalar-oğullar” rubrikasının budəfəki qonaqları fotoqraflar Rasim Sadıqxov və Orxan Əzimdir.

 

- Söhbətə elə oradan başlayaq ki, fotoqraf üçün mövzu necə yaranır? Çəkdiyiniz konkret fotonun ideyası haradan gəlir?

Rasim Sadıxov: Gördüyümüz hər şey, bizim və başqalarının başına gələn bütün hadisələr mövzudur. Çox zaman ideya gözlənilmədən, ekspromt gəlir və biz buna hazır olmalıyıq ki, onu gerçəkləşdirə bilək. Şəxsən məni daha çox təbii xronika maraqlandırır. Özüm də tədbirlərə gedəndə çalışıram ki, canlı kadrlar götürüm. Donuq, standart şəkilləri sevmirəm. Foto elə danışmalıdır ki, sözə ehtiyac qalmasın. Fotoqrafın gözü qartal gözü kimi iti olmalıdır, yəni o, başqa heç kəsin görə bilmədiyini görməlidir. Sənin reportajına bir dəfə baxan adam sonradan sənin imzanı axtarmayacaqsa, deməli, bu, sənin sənətin deyil. Tamaşaçı artıq məhz konkret fotoqrafın işlərini axtarmalıdır ki, görək filankəs bu dəfə nə çəkib.

Orxan Əzim: Fotoqrafiya kiminçünsə kommersiya məqsədi daşıya bilər, amma mənim üçün bu, ruhən özümü rahat hiss etdiyim məkan, mənim yalnız özümə aid olan dünyamdır. İstər deprerssiv anlar olsun, istər sevincli məqamlar, özümü məhz bu sənətdə ifadə edirəm. Kimdənsə, nədənsə inciyəndə fotoaparatı götürüb iki-üç kadr da olsa çəkirəm ki, özümə gəlim. Daha çox hissiyyatla işləyirəm. Hiss edirəm ki, bu gün yaxşı fotoreportaj hazırlamaq lazımdır, kameranı götürüb, məkanı müəyyən edirəm, gedib çəkirəm. Fikir vermişəm, bu cür işləyəndə reportaj da uğurlu alınır. Çalışıram ki, kiminsə çəkdiyi mövzunu təkrarlamayım. Bəzən fotoqraflar çəkilişə qrup şəklində gedirlər. Çox zaman bir nəfər hansısa səhnəni görüb çəkirsə, o birilər də eynisini təkrarlayırlar. Amma mən hər hansı səhnədən impuls ala bilmirəmsə, yalnız “qonşudan qalma dala” prinsipi ilə eyni kadrı çəkə bilmərəm. Çalışıram belə hallarda həmişə komandadan bir-iki addım öndə gedim, buna görə də çox zaman kadrı ilk əvvəl mən görürəm. Sənədli fotoqrafiyanı, real hadisələr, sosial faktlarla bağlı işləməyi, dağınıq məkanlarda çəkilişlər aparmağı daha çox sevirəm. Reportaja getdiyim məkan barədə mütləq müəyyən informasiyaları öyrənib dəqiqləşdirirəm. Amma olur ki, bir də görürsən, təsadüfən hansısa kadr özü gəlib səni tapır. Fikrimcə, fotoqraf daha çox mütaliə etməli və oxuduqlarını beynində vizual şəkildə incələməlidir. Çünki bunlar sənə  çəkilişlərdə lazım olur. Bəzən oxuduğun və ya filmdə gördüyün səhnəyə uyğun kadrları tutub qeydə ala bilirsən. Bəlkə də, cəmiyyətin böyük əksəriyyəti o kadrı qəbul etməyəcək, ya maraqsız hesab edəcək, amma beş-on nəfər bilici - bu, peşəkar da ola bilər, adi tamaşaçı da - ona etinasız qalmayacaq. Daha çox sosial mövzular işləyirəm. Bilirəm ki, burada çəkilməli olan nəsə var, amma ona düzgün rakursdan yanaşıb sənə lazım olan kadrı almalısan. Bəzən sənə lazım olan bir kadrı almaq üçün 10-15 və daha çox şəkil çəkməli olursan. Biri o birindən cəmi bir millimetrlik məsafədən çəkilmiş şəkillər tamam fərqli ola bilər. Mən bunu “Köç” silsiləsi üçün işləyəndə hiss elədim. Dağın fonunda pəncərəni çəkirdim.  Millimetr-millimetr obyektivi yaxınlaşıdırıb kadrları tuturdum, onuncu şəkildə gördüm ki, pəncərənin yanına 2 quş da düşüb - üçbucaq effekti öz-özünə tamamlanırdı. Halbuki ilk kadrda bu səhnə yox idi. Məsələn, günəş şüası altında 10 saniyə fərqi ilə iki şəkil çək, fərqli mənzərə olacaq, işıq oynayacaq. Çünki yerini dəyişən Günəşlə birgə kadrın estetikası da dəyişir. Axşama doğru çəkilən şəkil isə daha rəngarəng görünəcək.Haradansa fotoreportaj hazırlamaq üçün bütün kənar təsirlərdən azad olmalısan ki, hətta şüuraltı olaraq belə nəsə sənə təsir etməsin. Buna görə də bütün çəkilişlərdə telefonu səssiz rejimə keçirirəm, bəzən ümumiyyətlə, söndürürəm. Fasilə etdiyim zaman da yalnız ən vacib zənglərə cavab verirəm. Təsəvvür edin ki, dəniz səviyyəsindən 6 min metr hündürlüyə həvəslə qalxıb orada bir qalanın şəkillərini çəkmək istəyirsən, elə çathaçatda zəng gəlir, kimsə öz qayğılarını bölüşür və sən istədiyin kimi işə konsentrasiya ola bilmirsən.

 

- Müasir dövrümüzdə fotokameralar, texniki avadanlıqlar, kompüter proqramları daim yenilənir. Fotoqraflar üçün bu yeniliklərə uyğunlaşmaq çətin olmur ki?

R.S.: O qədər də çətin olmur. Burada sadəcə bir qədər bilik lazımdır. Yeri gəlmişkən deyim ki, Azərbaycana rəqəmsal texnikanı ilk dəfə mən gətirmişəm. Rəqəmsal texnikaya sahibləndikdən sonra kompüter proqramlarını öyrənməyə başladım. Birinci dəfə belə fotoaparatı 70-ci illərdə Moskva sirkində İqor Kioda gördüm. İlk rəqəmsal aparatımın – “SonyMagia”nın ölçüsü 0,9 piksel idi, indiki kameraların pikseli 24 milyondur. O zaman hamı mənə gülürdü ki, “plyonka”nı heç nə əvəz edə bilməz. Amma mən rəqəmsal texnikanın bir gün hamı üçün əlçatan olacağına inanırdım. Yadıma gəlir ki, Naxçıvanda Gəmiqaya tarixi problemi qalxanda – ermənilər bu tarixi abidəni dünyaya özlərininki kimi təqdim edirdilər - Ulu öndər ora böyük bir tədqiqat qrupu apardı, onların arasında mən də vardım. Ora qışda qalxmaq mümkün deyil, yayda isə, ümumiyyətlə, dəhşət isti olur. Təsəvvür edin ki, buradakı hərarətə heç ilan və əqrəb də dözmür. Amma nə vaxtsa orada insanlar yaşayıb. Bir anlıq düşündüm ki, buradan aşağı mənim meyitimi düşürəcəklər. Orada çəkiliş aparanda fikir verdim ki, oradakı həmkarlarım hardasa 200-300 foto çəkmişdilər, məndə rəqəmsal kamera olduğundan aşağı 25-30 min foto ilə düşdüm. Hətta çəkə-çəkə az qala gedib Ermənistan sərhədinə çıxmışdım...

O.Ə.: Fotoqrafların arasında tez-tez belə deyirlər ki, texnika az şeyi dəyişir, əsas görən gözün olmasıdır. Amma mən dəfələrlə bunu test eləmişəm.

Keyfiyyətli və keyfiyyətsiz fotokamera ilə eyni kadrı eyni rakursdan və eyni vaxtda çəkmişəm. Fərq dərhal hiss olunur. Amma məsələnin başqa tərəfi var: əgər foto mediaya çıxırsa, təyin olunmuş ölçü var - 15:10. Saytlar 1500:1000 pikseldən artıq fotoşəkli qəbul etmirlər, çünki həcm böyüdükcə yüklənmə gedir. Yəni ən yüksək keyfiyyətli aparatla çəkdiyin şəkli də 5 dəfə azaldırsan, eyni şey alınır. Xəbər jurnalistikasının özəllikləri var. Qaynar xəbər fotolarında kadrın düz tutulmasına, işıq-kölgə konrtastına əhəmiyyət vermirlər, dünyada belə qəbul olunub, xəbər üçün hadisə anını qeydə almaq kifayət edir, şəkildə ekspozisiya-kompozisiya kriteriyaları pozula da bilər. Çünki hadisə zamanı anı tutmalısan. Məsələn, Bakıdakı məlum yanğın hadisəsindən çəkdiyim həmin məşhur fotoda fokus azca pozulmuşdu. O anı fotoya həkk etmək cəmi 5 saniyə çəkdi. Art janrında isə məsələ başqa cürdür - əvvəlcədən hər şeyi qurur, hazırlayırsan, sonra çəkirsən. Bu fotolardakı kiçik qüsurlar belə müzakirəyə çıxarılır. Xüsusən də əsərlərini sərgiyə çıxarmaq istəyirənsə, burada texnika yüzdəyüz rol oyanır.

İntəhası bizdə fotoqrafların 95 faizinin görən gözü yoxdur, çünki öz üzərlərində işləmirlər, mütaliə etmirlər, filmə baxmırlar,  müzakirələrdə iştirak etmirlər. Eləsinə 100 min manatlıq aparat da versən, yarıdan deyil.

 

- Fotoqrafiyada kompüter proqramlarından istifadə necə qəbul olunur? Bu, məqbuldurmu, yoxsa belə hallar gerçək sənətin təhrifi sayılır?

R.S.: Jurnalistikada kompüter-foto proqramlarından istifadə məqbul deyil. Bu proqramlardan əsasən şou aləmi üçün tətbiq edirlər. Kim nə deyir desin, nəticədə bəzən biz tamaşaçını aldatmalı oluruq ki, həqiqətən də, filankəs bu qədər gözəldir. Təxminən on il əvvəl anamı bir tədbirə aparmışdım, bir müğənni ilə rastlaşdıq. Anam onu görən kimi dedi ki, ay Rasim, bu adam həyatda nə eybəcərdi, siz bunu şəkildə mələk kimi göstərirsiz. Yəni tamaşaçı aldanır. Jurnalistikada bu qəbul olunmur. Çünki reallığı təhrif etmək olmaz. Bəzən də hansısa müğənni zəng edir ki, beş il bundan əvvəl sizin saytda mənimlə bağlı fotoreportaj gedib, o şəkilləri silin, mən artıq plastik əməliyyat etmişəm, indi başqa cür görünürəm. Cavab verirəm ki, axı bu da tarixdir, əvvəl elə idin, indi başqa. Amma reklam çəkilişləri üçün fotoqrafiyada əlavə proqramlardan istifadə etmək zəruridir. Məsələn, mən tələbələrimə bunu zarafatla belə izah edirəm: təsəvvür edin ki, siz maşın sürürsünüz, qarşınıza hansısa sərinləşdirici içkinin böyük reklam lövhəsi çıxır, oradakı qız, ya oğlan o qədər gözəl olmalıdır ki, yolda fikriniz yayınıb, az qala qəza şəraiti yaransın. Əks halda, deməli, o, yaxşı reklam deyil.  

O.Ə.: Janrdan asılıdır. Fəşn, toy, art üslublarında olar, lazımdır. Məsələn, reklam materiallarında rəng çalarlarının əlavə olunması normal qəbul olunur. Çünki müştərini cəlb etmək üçün onu aldadıb inandırmaq vacibdir. Məsələn, restoran bukletlərindəki şəkillərlə reallıq fərqlənir, yemək süfrəyə gələndə görürsən ki, şəkildəki effekt deyil. Adi tamaşaçı bəlkə bunu hiss etmir, çünki artıq reklam materialı onun beyninə işləyib. Dəfələrlə fəşn janrında çalışmağa cəhd göstərmişəm, nəsə alınmayıb. Amma bu, sənədli janrda qətiyyən qəbul olunmur, burada olanları gördüyün kimi, təbii şəkildə çəkməlisən, sonradan onun üzərinə rəng qatmaq olmaz. Yalnız azca kontrast əlavə edə və ya rəngli şəkli ağ-qaraya çevirə bilərsən. 

 

- Fotoqrafiyada müəllifin üslubu mütləqmi hiss olunur? Məsələn, bir əsərə baxmaqla onun hansı fotoqrafın əl işi olduğunu müəyyən edə bilərsinizmi?

R.S.: Əlbəttə, edə bilərəm. Hər fotoqrafın öz üslubu var. Məsələn, mənim şəkillərimi dərhal tanıyırlar. Bəzən imza qoymağı unutduğum məqamlar olur, zəng vurub soruşurlar, xeyir ola, filan fotoya imza qoymamısan?

Dediyim odur ki, peşəkar fotomüxbirlərin hərəsindən bir şəkil seçib masaya qoysalar, dərhal biləcəyəm ki, hansı şəklin müəllifi kimdir. Çünki hamısının dəst-xətti mənə tanışdır. Bilirəm ki, filan şəkli yalnız filankəs çəkə bilər. Əlbəttə, fotoqrafiyada təqlid də olur, amma daim kimisə təkrarlamaq mümkün deyil. Əvvəl-axır hər fotoqraf öz cığırını, dərst-xəttini tapır. Çünki bu sənət növü beyinlə birbaşa əlaqəlidir. Dünyada eyni cür düşünən iki beyin mövcud deyil. Əlbəttə, hansısa ideyaları oğurlamaq mümkündür, amma fotoqraf daima kimisə təkrarlaya bilməz axı.

O.Ə.: Dünya fotoqraflarının əsərlərinin cəmi 5-10 faizini izləmişəm. Hamı deyir, onları izləmək, yaradıcılığından xəbərdar olmaq lazımdır. Amma mən bunun zərərli ola biləcəyindən ehtiyat edirəm. Məsələn, əgər “Pulitser” mükafatını qazanmış fotoda personajın əli, ya gözləri qabardılıbsa, sən də özündən asılı olmadan kiminsə portretində eyni detalları qabardacaqsan. Amma yerli müəllifləri izləyirəm, bunula yanaşı çalışıram ki, onların da fotoları beynimdə ilişib qalmasın. Bizim müəlliflərdən beş nəfərin fotosunu göstərsinlər, tapacağam, hansı kimindi. Çünki kimin işıqla, kadrla, orta nöqtəylə probleminin olduğunu bilirəm. Əlbəttə, belə problemlərdən məndə də var. Sadəcə, bunu müzakirə etməkdən çəkinmək lazım deyil.

Özündən böyükləri və kiçikləri dinləməli, onların iradlarını eşitməlisən. Amma çox zaman bizdə yaşlı, cavanla ünsiyyətə girmək istəmir və ya cavan nəsə öyrənməyə can atmır.

 

-  Jurnalistika və eləcə də fotoqrafiya ilə bağlı seminarlarda ən təzad doğuran məqamlardan biri ekstremal situasiyalarla bağlıdır. Məsələn, müharibə şəraitində bəzən insani borcla peşə öhdəliyi arasında dilemma yaranır. Müxbir, fotoqraf yaralı əsgəri və ya  köməksiz uşağı ölümdən qurtarmağa tələsməlidir, yoxsa bu anları çəkib, yazıb dünyaya göstərməlidir? Bu suala cavabınız varmı?

R.S.: Bəzən keçdiyim master-klasslarda belə misal çəkirəm: təsəvvür edin ki, hərbi əməliyyat bölgəsində pusquda durub çəkiliş apardığınız zaman əsgərlərin ana və iki uşağı güllələdiyini görürsünüz, əlbəttə, siz etiraz edə bilərsiniz, amma bu heç nəyi dəyişməyəcək, növbəti qurban siz olacaqsınız. Amma siz pusqudan çıxmadan o cinayəti fotoya köçürüb dünyaya çatdıra bilsəniz, bununla qatilin cəzalandırılmasına nail ola bilərsiniz. Yaralı əsgərə yalnız o halda kömək etmək olar ki,  artıq sənə lazım olan kadrları almısan. İlk əvvəl də peşəkar maraqlar gəlməlidir. Əksi baş verirsə, deməli, sən jurnalist, ya fotoqraf deyilsən, həkimsən.

Təbii ki, soyuqqanlı olmaq lazımdır. Fotomüxbir müdaxilə etməməlidir, onun işi faktı müşahidə edib qeydə almaqdır. Bosniyada müsəlmanlara qarşı edilən zorakılıqlardan bəhs edən bir film var, real faktlara əsaslanır: beş min kişini qadınlardan ayırıb edam edirlər və təsadüfən əcnəbi jurnalistlər bu hadisəni lentə alır. Onlardan biri daim yerli əhaliyə kömək eləməyi düşünür. Təsəvvür edin ki, o, müdaxilə etsəydi də, yenə adamları öldürəcəkdilər, jurnalistlər də sağ çıxmayacaqdılar, üstəlik, bu fakt dünyaya məlum olmayacaqdı. Bosniyada, bəlkə də, buna qədər dəfələrlə belə qətliamlar olub, amma fakt kimi yalnız bu hadisə məlumdur, çünki ortada şəkillər var. Yeri gəlmişkən, o şəkillər yayılandan sonra BMT Bosniya müsəlmanlarının xeyrinə qərar qəbul etdi.

O.Ə.: Təlimlər zamanı mənə bu sualı verdilər ki, seçim qarşısında qalsan, yaralıya kömək edərsən, ya işini görərsən? Səmimi cavab verdim ki, bu situasiyanı yaşamamışam, deyə bilmərəm. Binəqədidəki yaşayış binasında yanğın barədə eşidən kimi hadisə yerinə getdim, fotoaparat üstümdə idi, çatan kimi başladım çəkməyə. Çünki kədərlənməyin adı yox idi, sən xəbəri verməlisən, sənin vəzifən şəkil çəkməkdir və tamaşaçıya sənin bunu hansı əhvali-ruhiyyədə etməyin maraqlı deyil.

Demək olar ki, bütün kadrları ağlaya-ağlaya çəkirdim, arada özümü saxlaya bilmədim, başladım yardım etməyə. O zaman başa düşdüm ki, hələ müharibə zonasında çəkilişlər etməyə hazır deyiləm. Bunun üçün müəyyən psixolji hazırlıq keçmək lazımdır. Yanğın zamanı min iki yüzə yaxın foto çəkdim, onlardan çoxunu yayımlamamışam, heç bundan sonra da üzə çıxarmayacağam, ağır fotolardır. Hamı kədərli, dəhşətli fotolar paylaşırdı. Amma mən polislərin körpəni xilas etdikləri anı seçdim, çünki bu, pozitiv hisslər aşılayan foto idi. Dünya mətbuatında ilk dəfədi çap olunurdum, amma bu mənim gözümdə deyildi. Çəkilişdən cəmi yarım saat sonra fotonu aldılar və səhəri bütün dünya qəzetləri onu manşetdən verdi. Məni isə daha çox həmin körpəni taleyi narahat edirdi. “Bir saniyənin payı” adlı qısametrajlı bir film var - fotoqrafın uşağı əsgərin əlindən almaq imkanı olur, amma o, uşağın yalvarışlarına məhəl qoymadan yalnız öz işini görür, nəticədə uşaq ölür, amma onu lentə alan fotoqraf ilin adamı seçilir. Yalnız zalda tamaşaçı onun qələbəsini - eyni zamanda insan, uşaq ölümünü alqışlayanda müəllifin vicdanı oyanır və o, intihar edir. Ölümlə bağlı çəkdiyim fotonun mənə gətirəcəyi uğuru istəmirəm. O körpə sağ qalmasaydı, mən, ümumiyyətlə, fotoqrafiyadan gedə bilərdim. O hadisədən sonra mən iki-üç gün havalı gəzdim. Yalnız o uşağın həyatda olduğunu biləndən sonra rahat oldum. Özüm də atayam, istər-istəməz adamın gözü qarşısına öz ailəsi gəlir. Təkrar edirəm, müharibədən, bədbəxt hadisələrdən çəkdiyim şəkillərə görə “Pulitser” almaq istəməzdim. Bu mükafatı sülhdən çəkməklə də qazanmaq olar. Qoy müharibə olmasın, uşaqlar ölməsin.

 

- Çəkdiyiniz əsərlər sırasında sizə ən əziz olanı varmı?

R.S.: Var. Bu, 1988-ci ildə Azadlıq meydanında üçrəngli bayrağımızı ilk dəfə görüb çəkdiyim şəkildir. Meydan Azərbaycan SSR-in bayraqları ilə dolu idi və onların fonunda qeyri-adi dərəcədə uzun saplaqlı bayraq seçilirdi. Milis izdihamı yarıb onu dalğalandıran adamı saxlamaq istəyirdi. O bayraq havada təxminən bir dəqiqə yarım qaldı, mən dərhal onu çəkdim. Bu, dünyalara dəyən bir an idi. Həmin gündən sonra üçrəngli bayraqlarımız meydanda artmağa başladı. 

O.Ə.: 2010-cu ildə əqli cəhətdən zəif uşaqların internat məktəbinə yemək aparmışdıq. Təsadüfən fotoaparatı özümlə içəri keçirə bildim. Bu uşaqların xəstəliyinin qarşısında dünya tibbi çarəsizdir, sizə o mənzərəni sözlə çatdırmağa əziyyət çəkirəm. 8-12 yaşlı uşaqlar küftə ilə necə davranacaqlarını, hətta necə yeməli olduqlarını bilmirdilər. Neçə yerdə kövrəldim. Yeməyi üzünə sürtən, boşqaba baxıb gülən, küftəni bütöv yeməyə cəhd göstərənlər vardı. O şəkilləri çox böyük ağrıyla çəkdim. Təsəvvür edin ki, onları nəinki üzə çıxarmamışam, hətta bu arxivə cəmi iki dəfə baxa bilmişəm, arasından lazım olan şəkilləri seçib fotoreportaj şəklinə sala bilmirəm, çox ağırdır...

 

- Günümüzdə demək olar ki, hamının rəqəmsal fotoaparatı, heç olmasa, fotokameralı telefonu var. Bu, fotoqrafa tələbatı azaltmır ki?

R.S.: Yox, heç nə dəyişməyib, texnika nə qədər yenilənsə də, adi insanlar üçün əlçatan olsa da, yenə sənətkar sənətkarlığında qalır. Mən bizim sayta işləməyə gələn fotomüxbirlərə də deyirəm, indi hamının əlində fotoaparat, telefon var, əgər siz onlardan seçilməyəcəksinizsə, bu sahədə işləməyin. Bahalı kamera hər şeyi həll eləmir. Keyfiyyətsiz, ucuz kamera ilə də yaxşı şəkillər çəkmək olar. Başqa məqamı da deyim: hərdən mənə deyirlər ki, bir tədbir var, filankəs gəlsin çəksin. Soruşuram nə qədər verəcəksən, deyir üç yüz manat. Deyirəm, yox, onun işi çıxdı, qoy başqası gəlsin, ona nə qədər pul verəcəksən? Deyir, yüz əlli manat, amma sən özün gəlsən, min verərdim. Deməli, məsələ avadanlıqda deyil. Bilirsiniz ki, bizim saytda fotolar satılır. Burada belə bir sistem tətbiq etmişəm, kimin fotoreportajında şəkillər daha çox alınırsa, o daha yaxşı maaş alır. Belə sistem effekt verir.

O.Ə.: 2014-cü ildə dünya fotoqraflarının illik gəlirlərini hesablayıblar, ən sonuncu yerdə fotojurnalistlər olub. Mobiloqrafiya janrı yaranandan sonra keyfiyyət heç bir rol oynamır, operativlik onu üstələyir. Hadisə anını çəkib göndərirsən. Amma böyük yaradıcı layihələrdə, şübhəsiz ki, peşəkarlıq əsas meyardır. Ümumiyyətlə, mən son vaxtlar sifarişlə işləmirəm. Əvvəla, iki hissəyə bölünmək istəmirəm. İstəyirəm sənətin zirvəsinədək çatam. Bir ara toy sifarişləri götürürdüm, amma sonra gördüm ki, toydan sonra sosial mövzunu işıqlandıra bilmirəm, şənlik ab-havası, ya sifarişdən aldığım qonorarın məbləğinin reportajdan qazandıqlarımı bir neçə dəfə üstələməsi şüuruma təsir edir.

 

- Hamını, hər şeyi çəkən fotoqraflar özləri çox zaman diqqətdən kənarda qalır, çünki özləri obyektivə düşmürlər. Bəs sizin özünüzü kim çəkir?

R.S.: Mən çox adamlarla yaxın olmuşam. Amma o məşhur adamların əksəriyyəti ilə birgə şəklim yoxdur. Məsələn, Ulu öndərin Naxçıvanda keçirdiyi ağır vaxtlarda onunla görüşdüm, xeyli şəkil çəkdim, tarix üçün onunla şəkil çəkdirə bilərdim, şans vardı, amma işə elə aludə olurdum ki, öz şəklim yadıma da düşmürdü. Buna çox peşmanam. Ümumiyyətlə, xaricdə fotoreportaj janrında belə bir tendensiya var, sonuncu şəkildə fotoqraf – müəllif özü də çəkilir, bu həm də, sanki imza, möhürdür. Amma indi mənim şəklimi tez-tez çəkirlər. Əsasən tələbələrim çəkir. Ona görə də fotoqrafları görən kimi dərhal özümü yığışdırıram ki, indi çəkib, “Facebook”da yerləşdirəcəklər.

O.Ə.: Elədir, rejossorlar, ssenaristlər kimi biz də çox zaman kənarda qalırıq.

 

- Fotoqrafiya ilə bağlı xüsusi arzunuz varmı?

R.S.: 35 ildə yığdığım fotoarxivi rəqəmsallaşdırmaq istəyirəm. Lentdəkiləri köçürməyi başqa heç kəs bacarmayacaq. Məsələ lenti kompüterə köçürmək deyil, bunu asanlıqla etmək olar, sadəcə, hər şəkillə bağlı qeydi tapıb sistemləşdirmək lazımdır. Bunun üçün 10-15 il vaxt gərəkdir. Allah qismət eləsə...

O.Ə.: Beynimdə iki layihə var. Biri nyu janrı ilə bağlıdır, sadəcə, bizim cəmiyyət çox mühafizəkardır, hələ bu tip şeylərə hazır deyil. Bir də, çəkilişini etməyi arzuladığım 5-6 məkan var: Çernobıl, Livan, Suriya, Liviya, Əfqanıstan, İraq. Bu il, borc götürmək bahasına da olsa, heç olmasa, Çernobıla gedəcəyəm. Orada çəkiliş etmək arzum çoxdan var, həm də, bu il o bəşəri qəzanın üstündən 30 il keçir.

Rəbiqə NAZİMQIZI