Elektron ədəbiyyat və sənət portalı

Taleyi göylərdə yazılan aktyor

Bölmə: Tarix 01.10.2016

Deyirlər, insan öz alın yazısı ilə birgə doğulur. Yəni onun bütün həyatı əvvəldən-sona qədər, səhifə-səhifə, anbaan göylərdə yazılır və bu qismətdən qaçmaq, istəsən də onu dəyişmək mümkün deyil. Hələ ki, bu iddiaların heç bir sübutu tapılmayıb.

Amma bir həqiqət də mövcuddur: insan öz həyatının müəyyən anında ya qeyri-ixtiyari, ya da bilərəkdən elə bir addım atır ki, alın yazısı dəyişir, tale üzünə yeni qapılar açır...

Bəlkə də, hacı Həşim səkkiz yaşlı övladını mollaxanaya gətirəndə bütün bunları düşünmürdü. Amma dünyagörmüş bu adamın qəlbi tərəddüdlə dolu idi: bəlkə, hələ gec deyil, aparıb məktəbə yazdırım?

Hacı Həşimin uşağı mollaxanaya verməkdə məqsədi heç də o deyildi ki, balaca Mustafa böyüyəndə ruhani olsun. İstəyi bir ata kimi övladını oxumuş, savadlı, ziyalı insan görmək idi. Həşim İranın Mərənd şəhərində doğulmuş, sonra da Tiflisə köçmüşdü. Paronbəyov karvansarayında bəzzaz dükanı açmışdı. Tacir də olsa, açıqfikirli adam idi, dövrün tanınmış ziyalılarından bir çoxu ilə sıx ünsiyyəti vardı. Hacı yaxşı anlayırdı: zaman günbəgün dəyişir, sabahı bilmək olmaz, onsuz da son vaxtlar inqilab havası qoca Tiflisi də çənginə alıb. Belə bir məqamda övlad böyüdüb tərbiyə etmək də hər kişinin işi deyil. Ona görə də qoy Mustafa bu çətin məqamda hər şeydən baş çıxara bilsin, gözüaçıq böyüsün, məhəllədəki bəzi ailələrin uşaqları kimi avam olmasın.

Mollaxanada söhbət uzun çəkdi, ordan-burdan xeyli söhbət etdilər. Hacı Həşim ayrılarkən molla Hüseynin əlini sıxdı, sonra da tərəddüdlə dedi:

- Uşağın əti sənin, sümüyü mənim, amma...

Molla Hüseyn xırda gözlərini qıyıb əlini dümağ saqqalına çəkdi:

- Hacı, heç bir əmması ola bilməz, öz balam kimi baxacam ona, arxayın ol.

- Allan səndən razı olsun, Hüseyn ağa, sənə özümdən çox inanıram, amma təvəqqem budur ki, şəriəti öyrətməklə bahəm, Mustafaya ara-sıra ana dili dərsi də keçəsən, uşaqdır, qoy həvəslənsin, kitabdan, nağıldan oxusun...

Beləliklə, səkkiz yaşlı Mustafanın həyatı dəyişdi. Bəlkə də bu hadisə onun taleyində baş verən ilk dəyişiklik idi. Kim bilir, atasının yolu bu mollaxanaya düşməsəydi, həyatı hansı məcraya yönələcəkdi? Amma gerçəyi danmaq olmaz: illər ötəcək, indi başını aşağı dikib səssiz-səmirsiz dayanan bu oğlan bir gün Azərbaycanın adlı-sanlı aktyoru Mustafa Mərdanova çevriləcək. Necə bilirsiz, alın yazısına inanaq, ya yox?

Onu başqa uşaqlardan ayırıb, həm də ana dili dərsi keçməyə başladılar. Mollaxanada yoxsul uşaqlarına əsl zülm verirdilər, bəzən onları heç bir səbəb olmadan falaqqaya salır, çubuqla döyürdülər. Mustafanı incitməsələr də, yoldaşlarının qışqırığına, iniltisinə dözə bilmirdi, onların halına acıyırdı...

Mustafagil Tiflisin səfalı guşəsində, Kür çayının sahilində yaşayırdılar. O, saatlarla çayın sahilində oturub baxışlarını lal axan suya dikir, nəfəsini çəkib Kürün nazlı zümzüməsini dinləyir, dostları ilə Şeyx Sənanın, çariça Tamaranın heykəlinə baxmağa gedir, qədim Tiflisin qənbər döşənmiş səkilərində dolaşmaqdan doymurdu. Qəlbində baş qaldırmış qəribə hissləri heç cür anlaya bilmirdi. Çevrəsindəki gözəlliklərdən zövq alır, xəyallar onu qoynuna alıb uzaqlara aparırdı.

Şənbə və bazar günləri şəhər kənarındakı Qırdzanis bağlarında el şənlikləri təşkil olunurdu. Mustafa dostları ilə bu şənliklərdə iştirak etməyi sevirdi. Kürün sahilində, Ortaçalada xalq sənətkarları - Əbdül Baği Zülalovun ifasında “Ay bəri bax, bəri bax”, Məcid Behbudovun oxuduğu “Qaçaq Nəbi” və digər xanəndələrin oxuduğu muğam və təsnifləri böyük həvəslə dinləyirdi, kütləvi tamaşalara maraqla baxırdı. Elə o zamandan da balaca Mustafanın qəlbində tamaşaya maraq oyanmışdı, özünü aktyor kimi müxtəlif geyimlərdə, qrimdə təsəvvür edirdi.

1905-ci ilin payızında taleyin hökmü onu Tiflisdəki 3-cü gimnaziyaya gətirib çıxartdı. Burada ayda iki dəfə şəriət dərsləri keçirilirdi. Keşiş rus və erməni, molla isə müsəlman uşaqlarına dərs keçirdi. Gimnaziyada latın, alman dili öyrədilir, Azərbaycan və gürcü dilinin tədrisinə isə əhəmiyyət verilmirdi. Ancaq Mustafa bu fənlərə xüsusi maraq göstərir, dilləri müstəqil surətdə öyrənirdi...

1909-cu il gimnaziyanın dördüncü sinfində oxuyan Mustafa üçün sözün əsl mənasında dönüş ili oldu. Səhər dərsə gələndə dostu İbrahim dedi:

- Mustafa, eşitmisən, “Kazyonnı teatr”da “Faust” operasını göstərəcəklər. Bəlkə, gedək?

- İbrahim, mən “teatr” sözünü çox eşitmişəm, amma heç vaxt orda olmamışam, mənə yoldaşlıq etsən, böyük həvəslə gedərəm.

- Mən razı, onda gedirəm bilet almağa!

...Mustafa sehrli bir aləmə düşmüşdü. Tamaşa salonu təsəvvür etdiyindən də gözəl idi. Qızıl suyuna çəkilmiş çilçıraqlar, məxmər oturacaqlar və nəhəng pərdə onu valeh etmişdi. Orkestr uvertüra çalmağa başlayanda, hətta diksindi də!

Gördüyü ilk tamaşa Mustafada dərin təəssürat oyatdı. Gur işığa boyanmış rəngarəng dekorasiya, səhnədə baş verənlər, aktyorların oyunu ona kəşf olunmamış dünya kimi görünürdü. Bəli, “Faust” öz işini görmüşdü. Teatrın qoxusu Mustafanın burnundan getmirdi, bu ab-hava onu ovsunlamışdı, sənət sevgisi artıq qanına, canına hopmuşdu. İndi hər axşam teatra getməyi, müxtəlif tamaşalara baxmağı arzulayırdı. Lakin gimnaziya direktorunun icazəsi olmadan teatra getmək qadağan olunmuşdu. Buna baxmayaraq, Mustafa dostları ilə bilet alıb gizlincə teatra gedir, bu sehrli aləmlə hər görüşü böyük səbirsizliklə gözləyirdi.

Bir dəfə gimnaziyanın inspektoru Mustafanı teatrda gördü və tamaşa salonundan qovdu. O, ağlaya-ağlaya evə qayıtdı, sanki qəlbinə sağalmaz yara vurmuşdular. Ancaq məsələ bununla bitmədi. Direktordan icazəsiz teatra getdiyi üçün ertəsi gün onu karserə salıb dörd saat qaranlıq zirzəmidə saxladılar.

Lakin nə direktorun hədəsi, nə karserdə keçirdiyi məşəqqətli saatlar onu inadından döndərə bildi. Çünki taleyinin bu səhifəsi göylərdə artıq çoxdan yazılmışdı. Qərarı qəti idi: aktyor olacağam!

Fərhad SABİROĞLU