Elektron ədəbiyyat və sənət portalı

Xeyransa nənənin ətəyi

Bölmə: «Aydın Yol»çular 01.10.2016

Xeyransa nənə gecəni pis yatmışdı, ara-sıra küləyin səsinə oyanmışdı. Səhər açılsa da, yatıb yuxuya qalmışdı. Deyirlər, səhər yuxusu şirin olur. Ahıl qadın yatağında oyan, buyana çevrilirdi. Deyəsən, yuxu görürdü: tanımadığı dəbdəbəli bir salona düşüb, enli kürsüdə qara geyimli, uzun hörüklü hakimlər əyləşib və onlardan biri Xeyransa nənəyə baxıb gülümsünür:

- Hörmətli Xeyransa xanım! Rəngi solmuş nimdaş ətəyinizlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciətinizə baxıldı. Müəyyən etdik ki, ətəyinizin itməsində əsas günahkar...

Xeyransa nənə tər-su içində yerindən dik atıldı. “Bismillah” deyib yataqdan qalxdı. “Allah xeyirə calasın, bu nə yuxu idi? Nə ətək, nə məhkəmə?” Fikirli-fikirli eyvana çıxdı ki, axşamdan yuyub sərdiyi camaşırları zivədən yığsın. Baxdı ki, hər şey yerindədir, bircə ətəkdən başqa. Boylanıb həyətə baxdı. Külək ətəyi zivədən alıb düz həyətin ortasına atmışdı. “Andıra qalsın bu küləyi” deyib başmaqlarını geyindi, aşağı endi.

Əyilib ətəyi yerdən qaldırmaq istəyirdi ki, qonşuluqda yaşayan üç kişi ona yaxınlaşdı. Xeyransa nənə bu adamları yaxşı tanıyırdı: bütün günü avara-avara gəzib, həyətdə domino oynamaqdan başqa məşğuliyyətləri yox idi...

Dolu bədənli kişi amiranə səslə dedi:

- Xeyransa nənə, ətəyə toxunmaq olmaz!

- Niyə, a bala?

- Veşdokdur!

- Nədir?

- “Veşşestvennoe dokozatelstvo”! Yəni əşyayi-dəlil!

- Bıy, nə danışırsan, başına dönüm, bu mənimdir də, öz ətəyimdir.

Cılız kişi isə əlini belinə qoymuşdu, ciddi tərzdə dilləndi:

- Bəzi məsələlər var, onları təcili ayırd eləmək lazımdır.

- Ay oğlum, nə məsələ? Burda başa düşməli nə var ki? Ətəyimi külək atıb yerə, gəlmişəm aparmağa da...

- O sizə elə gəlir ki, külək atıb. Məncə, burda iqtidarın barmağı var, çünki külək də onların adamıdır. Deməli, iddia etmək olar ki, ətəyin yerə düşməsində iqtidar günahkardır.

Üçüncü kişi fikrini qısa ifadə etdi:

- Avropa Komissiyasını çağırmışıq, qoy gəlib baxsınlar, rəy yazsınlar, sonra sənədləri ötürək Avropa Məhkəməsinə. Son sözü onlar deyəcək!

Xeyransa nənə “məhkəmə” sözünü eşidən kimi, bayaq gördüyü qarışıq yuxunu xatırladı.

- Yuxum çin oldu, başıma gələnlərə bax! Ay qardaşlar, ətəyimi verin gedim, mən heç kimdən şikayətçi deyiləm.

Kişilər razılaşmayıb qadını sorğu-suala tutmağa başladılar.

- Xaricdə qohumun var?

- Şamaxıda yaşayan bacımdan başqa heç kimim yoxdur...

- Aha... Komissiya üzvlərinə elə belə də deyərik: Şotlandiyada qohumları yaşayır. Hər ikisi “ş” ilə başlayır!

- Xeyransa xala, keçən il sizə bir oğlan gəlirdi e...

- Hə... bacım nəvəsi Emini deyirsən?

- Aha...Emin Hüseynov. Həmin o səfirlikdə gizlənən!

- A bala, bizimkinin soyadı Həsənovdur, Rusiyada oxuyur, qonaq gəlmişdi.

- Deyərik ki, həmin o Emini bu ətəyin altında gizlədib Azərbaycandan qaçırıblar, gördüz, veşdokdur!

- Xeyransa nənə, qohumlarından futbol oynayan var?

- Ay başına dönüm...

- Məsələ aydındır. İqtidar qorxur ki, məsələnin üstü açılar, ona görə də ətəyi oğurlayıb yox etmək istəyir. Külək, filan, hamısı bəhanədir. Ancaq sən fikir eləmə, Xeyransa nənə, heç qorxub eləmə. Çünki Avropa Şurası, Avropa Komissiyası sənin arxanda durub.

Səsə qonşular axışıb gəldi. Hamı Xeyransa nənə ilə şelfi çəkdirmək istəyirdi. Amma bir suala heç cürə cavab tapa bilmirdilər: Xeyransa nənə ilə şəkil çəkdirmək cinayətdir, ya yox?

Xeyransa nənə daha ətəyini eyvandakı zivədən asmır...