Elektron ədəbiyyat və sənət portalı

Səsin əbədi sükutu

Bölmə: Tarix 01.10.2016

Azərbaycan ta qədim dövrlərdən zəngin düşüncə, fikir, mühakimə ənənəsinin formalaşdığı məkanlardan olub. Bu məkan Qərbdən Şərqə, Şərqdən də Qərbə hərəkət edən ticarət karvanlarının, Günbatanı Gündoğana birləşdirmək istəyən orduların, əzazil şahların, didərgin alimlərin, yurdsuz şair-sənətkarların əsas sığınacaq ümidi olub. Ta qədimdən Azərbaycanda formalaşan multikultural düşüncənin ifadə forması olan musiqinin tarixi də neçə-neçə əsr əvvəllərə gedib çıxır. Bu sirli Şərq musiqisi Səfiəddin Urməvi, Əbdülqadir Marağayi kimi filosof-musiqiçilər tərəfindən sistemləşdirilərək, elmi kontekstdə də öyrənilib. Adıçəkilən musiqişünaslar muğamları sistemləşdirib bəzi musiqiləri nota almaqla yanaşı, həm də bir çox musiqi alətlərinin ideya müəllifləri olublar. Hətta Səfiəddin Urməvinin özü bir neçə musiqi aləti hazırlayıb. Təəssüflər olsun ki, orta əsrlərdə şah saraylarından tutmuş, bazar meydanlarına qədər səsi ilə insanları məftun edən bir çox musiqi alətlərimiz sonradan tarix səhnəsindən silindi. Təqdim edəcəyimiz yazıda da vaxtilə musiqi tariximizdə ifa olunan, lakin hazırda unudulan musiqi alətləri haqqında, qısa da, olsa məlumat verəcəyik:

 

Tarixə qovuşan simli musiqi alətləri

 

Rəvayətə görə, qartalın parçaladığı bir heyvanın bağırsaqları ağacın budaqlarına dolaşır. Sonradan quruyub tarıma çəkilən bağırsaq külək əsdikcə titrəyərək müxtəlif səslər çıxarmağa başlayır. Bu səsləri eşidən qədim insanlar ilk simli çalğı alətini icad edirlər.

Əfsanədə həqiqətə uyğun bir fakt var: doğrudan da, tarixən simli çalğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə müəyyən üsullarla heyvan bağırsağından hazırlanıb.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz tarixi əhəmiyyəti olan çoxsaylı simli musiqi alətlərinin bəziləri zaman-zaman şəkildən-şəklə düşərək, dəyişikliklərə məruz qalaraq indiki dövrə qədər gəlib çıxsa da, bəziləri “yarı yolda qalıb”.

Tarix səhifələrində uyuyan bir neçə musiqi aləti haqqında daha geniş danışaq:

Çəng: Bir sıra Şərq xalqlarının çəngi olsa da, Azərbaycandakı alət onlardan ən böyük diapazona malik olanı idi. Azərbaycan çənginin 31-32 simi olub. Qərb alimləri bu aləti sonradan böyüdüb, təkmilləşdirib müasir arfa formasına saldılar. Çəng sözünün “tutmaq”, “yapışmaq” mənasını verdiyini güman etmək olar.

Çağdaş arfa musiqi alətinin ibtidaisi sayılan çəngin yaranma tarixi çox qədimlərə gedib çıxır. Əsasən saray məclislərində istifadə olunan zərif və incə səsli çəng Mesopotamiya və Misir sivilizasiyalarına aid edilir. XVI-cı əsrin II yarısına kimi Azərbaycanda da çəngdən istifadə edilib. Şərq əfsanələrində bu alətin ilahi qüvvələr tərəfindən yaradıldığı deyilir. Hətta onu “Müqəddəs mələk” də adlandırırdılar. Orta əsrlərdə Azərbaycanda geniş yayılan çəng haqqında yazılı mənbələrdə və miniatür sənət əsərlərində məlumat olduqca çoxdur. Nizami Gəncəvi “Yeddi gözəl” və digər poemalarında, eləcə də klassik şairlərimizin bir neçəsi öz əsərlərində çəngdən bəhs ediblər.

XIV əsr görkəmli Azərbaycan musiqişünası Ə.Marağayi musiqi alətlərinə aid əsərində çəng haqqında yazırdı: “Bu, məşhur alətdir. Onun üzünə dəri çəkilir və sim əvəzinə sap bağlanır. Sazdan istifadə edənlər həmin sapları pərdələr adlandırırlar. Bəzən ona 24 sim bağlayırlar”.

Eramızdan çox-çox əvvəllərə aid edilən çəng musiqi aləti XVIII əsrin II yarısına kimi Azərbaycanda istifadə edilib. Alətin müxtəlif növləri olub. Xromatik sırası 24 səsdən ibarət olan çəngin üzünə balıq və ya ceyran dərisi çəkilirdi. Simləri hər zaman ipək və bağırsaqdan hazırlanıb. İfası arfada olduğu kimi sağ və sol əllərin barmaqları ilə icra olunub. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında çəngdən bu cür bəhs olunur:

 

“Sazın ipək telli xoş avaz almış,

Çəngin qulağına halqalar salmış

Zil pərdədən qalxan nəğmələr gözəl

Çəngin ətəyində nazlanır qəzəl”.

 

İkri: Ən qədim Azərbaycan aləti sayılır. Çəngdən daha sadə və daha qədimdir. Böyük musiqişünas və filosof Əbdülqədir Marağayi “Musiqi alətləri və onun növləri” əsərində bu alətin özəllikləri barəsində geniş bilgilər verib. Onun yazdıqlarına əsasən, ikridə pərdələr ağacdan, çəngdə isə sapdandır. Bu fakt ikrinin arfanın ən qədim növlərindən olmasına sübutdur.

Nüzhə: Azərbaycanın ən qədim musiqi alətlərindən olan nüzhə orta əsrlərin böyük musiqişünas alimi və filosofu Səfiəddin Urməvi tərəfindən icad edilib. Çağdaş arfadan o qədər də fərqlənməyən nüzhənin 81 simi olub. Simlərdən hər üçünün eyni ucalıqda köklənmiş olduğunu nəzərə alsaq, nüzhə musiqi alətində 27 müxtəlif səsin mövcud olduğunu deyə bilərik.

Tənbur: Türkdilli xalqlar arasında ən geniş yayılan simli musiqi alətlərindən biri də tənburdur. İkisimli alət Şirvan bölgəsinə məxsusdur. Amma Təbriz sakinləri tənburu çox sevdikləri üçün ona Şirvan-Təbriz tənburu adını veriblər. Tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla - baş və şəhadət barmaqları ilə çalınmasıdır.

Onun özünəməxsus səs ahəngi var. XIX əsrin ikinci yarısınadək Azərbaycanda geniş istifadə olunub. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Qətran Təbrizinin və bir çox orta əsr klassiklərimizin əsərlərində tənbur haqqında maraqlı məlumatlar yer alıb. 1530-cu ildə ustad Soltan Məhəmmədin çəkdiyi Zöhhakın edamı rəsmində yerdə oturub iki telli, qısaqollu Şirvan tənburu çalan musiqiçinin təsviri verilib.

Rud: qədim simli çalğı alətlərimizdən biri də ruddur. Bu gün hamımıza çox yaxşı tanış olan udun sələfidir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi aləti sayılan rud XVI əsrə qədər gəlib çatıb, sonra isə yerini uda verib. Orta əsr Azərbaycan klassikləri ruda da biganə qalmayıblar.

Farsca “bağırsaq” mənasını verən rud, Nizami Gəncəvinin dediyinə görə, qədim yunan filosofu Platon tərəfindən icad edilib. Sonradan Şərqə keçərək, xüsusən də, Azərbaycanda özünün ən təkmil formasına sahiblənib. Dörd simi olan aləti, hətta çağdaş gitaraların azacıq qalın forması da hesab etmək olar.

Bərbət: Mizrabla çalınan simli musiqi aləti olub. Ud tipli alətlər sırasına aid edilən bərbətin gövdəsi böyük, qolu isə uzun olub.

Adı, təbii ki, maraqla qarşılanır. Qeyd edək ki, Bərbət orta əsrlərdə yaşayan ünlü bir müğənni, musiqiçi olub və bu aləti çox gözəl ifa etdiyi üçün ona ifaçının adını veriblər. Bərbətin Azərbaycana ərəblərin işğalından sonra gəldiyini də qeyd edirlər. Nizami bu iki alətin birgə səslənməsini belə təsvir edib:

 

“O məclisdə işarət başlayan zaman

Çaldılar çəng ilə bərbəti haman.

Bərbətlə çəng səsi axıb müxtəsər

Tük ilə rəng kimi birləşmişdilər”.

 

Bərbətə bağırsaqdan hazırlanan 6 qoşa sim bağlanır, üzü isə şam ağacından hazırlanır və ona bir neçə yerdən səs rezonatorları qoyulur. Uddan fərqli olaraq, bərbətin qoluna 10-12 pərdə bağlanır. Onun diapazonu böyük oktavanın “mi” səsindən I oktavanın “si” səsinə kimidir.

Bu alətlər - çəng, bərbət və onların müxtəlif növləri Azərbaycandan başqa, İranda, İraqda, Türkiyədə və həmçinin Orta Asiya ölkələrində geniş istifadə edilib.

Çəqanə: İndiki kamançanın sələfi olan və formaca ona çox bənzəyən çəqanə dördsimli çalğı aləti olub. Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarət idi. Çəqanənin doqquzhissəli uzunsov çanağı yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanıb. Dayaq rolunu oynayan uzun dəmir şiş çanağın alt hissəsindən keçərək qol ilə çanağı birləşdirir. Çanağın üzü 5 mm. qalınlığında şam ağacından hazırlanan taxta üzlüklə örtülür və onun üzərində səs rezonatorları üçün oyuqlar açılır. İfaçı şişi yerə dayayaraq, aləti şaquli vəziyyətdə saxlayır və sağ əlində tutduğu kamanla səsləndirir.

Çoğur: Mizrabla səsləndirilən simli musiqi aləti olan çoğurun yaxşı tanıdığımız kanona (əslində onun adı qanundur) çox bənzəri var. Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi mərhələləri olub. Tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş-aşıq məclislərində “çağır”, “çaqur”, “çuqur”, “çoğur” adlı musiqi alətindən geniş istifadə edilib. Böyük Şah İsmayıl Xətai öz “Dəhnamə”sində bir neçə dəfə çoğurun adını çəkir.

 Rübab: Rübabın vətəni ərəb ölkələri hesab edilsə də, o, qədim Azərbaycan miniatür-rəssamlarının sayəsində şöhrət qazanıb. X əsrdə yaşamış görkəmli alim Əl-Fərabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir. Başda Nizami Gəncəvi olmaqla bir çox dahilər – Qətran Təbrizi, Məhsəti Gəncəvi, Şah İsmayıl Xətai rübab vurğunları olublar. Məhsəti Gəncəvi həm də çox mahir rübab çalarmış.

Səntur: Toxmaqla çalınan alət olub. Toxmaqla çalındığına görə, həm simli, həm də zərb musiqi aləti sayılır. Azərbaycanda isə XIX əsrə qədər istifadə edilib. Sənturun ən qədim növü Şumerlərə qədər gedib çıxır.

Elmin NURİ