Elektron ədəbiyyat və sənət portalı

Günah yazdadı

Bölmə: Ədəbiyyat 23.09.2016

Kamilo Xose SELA
(İspaniya)

Yağışdan sonra hava torpaq qoxuyur. Yazdı! Ətirli güllücə artıq çiçəkləyib və doqquzdon öz budaqlarını yenə yola tərəf sallayıb. Həyat sanki təzələnir – bəlkə, doğrudan da, belədir! Və hər şey buna daha çox sevinmək üçün elə bil dilbir olub. Daşı qaldırıb altından bal kimi parıltılı peyinqurdu, ya tezcə əkilib qonşu daşların altına soxulan qırxayaq tapırsan, başqa daşların altında isə zəhəri insan üçün ölümcül olan qaramtıl gürzə gizlənib... Şabalıd ağacının kəlləsində yenə qaratoyuq oxuyur, payızbülbülü böyürtkən kolluğunda eşələnir, sığırçınlar bərkdən civildəyib yenə dəstəylə uçuşur və haçaquyruq çaydaçapanlar yenə daşdan daşa tullanırlar. Yazda qan qaynayır.

Şabalıd ağacları evi gizlədib. Onlar ucadılar, yoğun gövdələrinə – ağacların ən azından iki yüz yaşı var – dolaşan sarmaşıq yuxarılarda yarpaqlara qarışır. Şabalıdlar çox sıxdırlar, budaqları uzanıb yola sallanır, az qala yolu kəsir. Evin arxasında mal-qara üçün pəyə, onun üstündə isə günəmuzd işləyənlərin qaldığı otaqdı. May artıq sona çatır və günəmuzdçular pəncərəni açıq qoyub yatırlar.

Şabalıd meşəsindən bir cığır yola çıxır, o biri cığır köşkə aparır. Köşkün dəmir çəpəri, taxta skamyası, sarmaşan paxladan və qoxusu baş çatladan doqquzdondan gümbəzi var. Köşkü örtən yarpaqlar gecələr ay işığını buraxmır, ancaq gündüzlər skamyanın söykənəcəyində “Kristina” adını, onun altında isə oxla dəlinmiş ürəyi seçmək olar... Bunu günəmuzdçu bıçaqla qazıyıb, o, buralı deyildi, sonra da birdəfəlik çıxıb getdi.

Kristina günəmuzdçular olan yerdə yatmır. O, xanımın iki qulluqçusu ilə mansardda, dam pəncərəsi kreton pərdəli və o cür də abajuru olan balaca otaqda yatır. Kristina sağıcıdı, buna görə qulluqçular, şəhərli qadınlar ona yuxarıdan-aşağı baxırlar. Ancaq Kristina onlara fikir vermir.

Pəyənin üstündəki otaqda yalnız kişilər, hərdən də artıq heç bir xatası olmayan hansısa qarı yatır, xanım əxlaq məsələsində çox ciddidi və işdən qovduğu qızlar az olmayıb... Ancaq günəmuzdçulara hökmü çatmır, bu da onu özündən çıxarır. “Ax, – deyir, – əgər bu fırıldaqçılar məndən asılı olsaydılar!” Onlarda nəsə bir şey sezəndə, ərinə şikayətlənir, ancaq adətən, bunun nəticəsi olmur. Cavanlığında dinc durmayan qoca, milad günü olsa da, yumşaq tərzdə cavab verir: “Günah yazdadı...” Bunu deyə-deyə fikri dağınıq halda əlindəki dəyənəyi döşəməyə vurur, ya kreslonun qoltuğunu barmaqlarıyla döyəcləyir; iri polad qaşlı nişan üzüyü taxılmış bu güclü kəndçi barmaqlar cavanlıqda kuzeni Qilyermonun dişlərini vurub tökdüyünə görə öz sahibini məşhurlaşdırıb... Yazı günahlandırıb qapıdan çıxaraq, şabalıd meşəsinə gəzməyə gedir. Yolda hansısa bir qızla rastlaşsa, başını tərpədib gülümsəyir.

Bir dəfə Kristina ilə köşkə gedən cığırda rastlaşıb, ona söz atıb ağlatmışdı. Qıza nələr deməmişdi! Bunu danışanda xanımın qulluqçularından Marqarita ona məsxərə eləmişdi, ancaq o biri gün hava yaxşı olduğundan, heç kimə bir söz demədən həmin cığırla tək getmişdi. Başına ağ-sarı çobanyastıqlarından çələng qoyub, donunun yarığına isə zəngçiçəyi budaqları taxmışdı... Ağa gəzməyə çıxmışdı və Marqarita onu görüb demişdi: günaydın, çənab. Ağa dayanıb cavab vermişdi: günaydın, Marqarita, əzizim... Bir az susmuşdular, sonra ağa soruşmuşdu ki, ona soyuq deyilmi, axı əyni yalındı...

Gecə Marqarita gülə-gülə hər şeyi o biri qulluqçu Esperansaya danışmışdı. Kristina pərt olub yatağında qurcuxmuşdu və gözünə yuxu getməmişdi; yerindən durub geyinərək küçəyə çıxmışdı. Hava isti olduğundan, alt yubkasının üstündən çiyninə vur-tut kofta atmışdı.

Kristina ququ quşunun quqquldamasını yaxşı yamsılayırdı... Beş dəqiqə sonra artıq ağanın qoluna girib köşkə tərəf gedirdi; köşkdə o, qızı qucaqladı. “Mən siz kişilərdən qorxuram... Mən bu gün heç özümdə deyiləm...” O, cavab vermədi. Kristina çardağa ayaqyalın qayıdırdı, tuflisini əlində tutmuşdu. Gecə isti olsa da, bircə alt yubkada olduğundan üşümüşdü... Yerinə uzanıb, ətrafa qulaq verdi. Marqarita ilə Esperansa hələ qayıtmamışdı.

 

II

 

Quşlar sübhçağında sevişirlər və səsləri aləmi başına götürür. İşçilər isə quşlar sevişənə qədər çiyinlərində balta, iki nəfərin daşıdığı mişar, ya öküz qoşulmuş araba ilə paxla, kartof əkilmiş çölə gedirlər. Kristina belində böyük bardaq cığırla yola enir: o, inək sağmağa gedir. Üzündə şən təbəssüm, quşların oxuduğu və bulaqların ətrafında adam boyu qıjıların bitdiyi şabalıd meşəsinə tərəf baxır. Pəyədə yadellinin düzəltdiyi üçayaqlı skamyada oturub inəkləri sağacaq.

Marqarita ilə Esperansa hələ durmayıblar. Xanım gec durur... Di gəl, iri qarnına dəri kəmər bağlayan ağanı sübh tezdən işçilərin arasında görmək olar. Yaşı yetmişə adlayıb, ancaq özünə cavan oğlan kimi baxır: saqqalı səliqəylə daranmış olur və hər səhər əllərini yuyur.

Xanım qız da anası kimi gec durur. O da anası kimi hündür, dolu, alyanaqdı, hətta adları da eynidi... Qız anasından qırx yaş kiçikdi, bu qırx il ərzində isə adətlər çox dəyişib. Qızın iyirmi iki yaşı var (xanım ərindən bir az böyükdü). Qız yuxudan ayılıb gərnəşir, ancaq yerindən qalxmır; adyala bürünüb o biri böyrüüstə çevrilir; pəncərəyə dırmaşan sarmaşığa baxır və quşların cəh-cəhinə qulaq asır. Yatanda pəncərəni bağlasa da, pəncərə taxtalarını örtmür, səhərin açılmasını seyr eləməyi xoşlayır...

Ağa çəliyə söykənib, pəyəyə yaxınlaşır; Kristinadan mal-qaranı soruşur və pörtmüş Kristina hər şeyin qaydasında olduğunu deyir. Sonra ağa ağacların necə kəsildiyinə baxmaq üçün meşəyə gedir.

Dodaqlarında bic bir təbəssüm var. O yorulmaq bilməyən işçidi və çox bərk yeriyir.

Ağa yenə Kristinanı ağladır. Ancaq Kristina bunu daha Marqaritaya danışmayacaq... O dikəlir, lalə qoparıb ağzına alır. Sonya yenə inək sağmağa davam eləyir. Badyanı götürüb başına qoyaraq evə qayıdır.

Gözlərinin altı kölgələnmiş solğunbənizli, sızanaqlı gənc bəyzadə yaşca bacısından kiçikdi. Xanım səhər yeməyi vaxtı hər dəfə təkrarlayır: idmanla bu qədər məşğul olmaq axmaqlıqdı. Bəyzadə diksinir, çünki Esperansanın hər gecə hara getdiyini yalnız o bilir. Ata həmişə oğlunun tərəfini saxlayır. Arıqdı? Gözlərinin altı qaralıb? Təbii şeydi, əzizim. Bu yaşda oğlan... Və söhbəti öz sevimli sözlərilə kəsir: günah yazdadı!

Bəyzadə kobud saydığına görə Kristinadan uzaq durur, ancaq qız çobanın xoşuna gəlir, çünki elə özü də kobuddu. Çoban çoxdan Kristinanın qulağına bir söz pıçıldayıb, hətta onu qucaqlayıb. Kristina onun qucaqlamağına imkan verib, ancaq deyib: yox, indi olmaz, nə vaxt ağzıma lalə alsam. Çoban yolun kənarındakı ayıdöşəyi kolluğunda gizlənib, Kristina gələndə əlindən tutur. Süd dolu badyanı yerə qoyurlar. Sonra yolun çox hissəsini badyanı çoban özü aparır. Kristinanın kefi kökdü, keçi kimi hoppana-hoppana gedir, ancaq evə çatanda fikrə gedir və canından üşütmə keçir, ona elə gəlir, hamı ona gizlincə bic-bic göz qoyur...

Ağa madyanı yəhərləməyi əmr eləyir. O, şəhərə gedir. Əri evdə olmadığından, nizam-ntizamı qorumaq üçün xanım indi gərək daha artıq ayıq-sayıq ola. Qulluqçular yelbeyindilər, günəmuzdçular isə abırsızın yekəsi! Ancaq buna baxmayaraq, Kristina gecə doqquzdonun ətrini başqasıyla, ququ quşunun səsini eşidəndə, vaxt itirməmək üçün düymələrini aça-aça qaçıb gələn odunçu ilə qoxulamaq istəyir. Köşkdə onun çiyninə söykənib Aya tamaşa etmək necə yaxşıdı!

Marqarita da yerində uzanıb qalmayacaq; doğrudu, ağa yoxdu, amma... Ağa şəhərdən ona don üçün parça gətirəcək, qırmızı güllü parça. Özü vəd eləyib. Esperansa həmişəki kimi gizlicə gedəcək. Cırcıramalar bütün gecəni cırıldayır, ancaq səs o qədər yeknəsəqdi ki, bu səsə öyrəşirsən və az qala onu eşitmirsən, sanki sükutun özü cingildəyir.

Həkim atı bağlayıb birbaşa evə gedir. O, pəncərələri sayır: bir, iki, üç, dörd... ancaq səhv eləyir, gecə çox qaranlıqdı. Barmağıyla pəncərəni döyür: Mariya!.. Yavaşdan çağırır, qışqırmağa ehtiyac yoxdu: qızın qulağı darı dəlir.

Xanım pəncərəsinin döyülməsinə təəccüblənir. Mariya! O, pəncərəni açır və otağına bir kişi tullanır: “Görürsən, bura ən əlverişli yerdi...” Xanım dillənmir, istəyir, həkimin nə qədər həyasız olduğunu görsün.

O hiddətlənib, belə hadisəni ürəyinə yaxın buraxmır – bircə bu çatışmırdı! Anca, bununla belə... Nəfsini boğsa da, şeytan içindədi... Bunu anlayıb dəhşətə gəlir: mənə nə olub? Yox, bu, mümkün deyil, o, yalnız həkimin nə qədər həyasız olduğunu bilmək istəyir.

Xanım qız qonşu otaqda yatağına uzanıb titrəyir. Ağlı əsassız qorxuları qovmağa çalışır. O gələ bilməz! – ürəyində deyir. Bu vaxt Kristina ilə odunçu köşkdə qucaqlaşıb, doqquzdonun qoxusunu sinələrinə çəkə-çəkə Aya tamaşa eləyirlər... Marqarita pəyənin yanında vurnuxur. On dəqiqə sonra o, artıq çörəkçiyə deyir: əgər gəlməsəydin, soyuqlayacaqdım. Gecə elə soyuqdu ki!

Həkim səhv elədiyini anlayır.

- Heç bilmirəm, – xanıma deyir, – necə olub ki, bu qədər vaxt susmuşam... Qızınız bizi eşitməz? Təki ağlına pis bir fikir gəlməsin! Bilmirəm, necə olub ki, bu qədər vaxt susmuşam. Bu, vicdan borcudu; özüm özümə dedim ki, Mariyanı xəbərdar eləmək üçün onunla harada görüşüm? Dərhal da qərara gəldim: onun otağında! Ona görə içəri girəndə dedim: bura ən əlverişli yerdi! Dediyim kimi, bu, mənim borcudu... Sizin əriniz...

- Mənim ərim?

- Hə, sizin əriniz...

- Nə olub ki?

- Onu...

Həkim uydururdu, çünki əslində belə bir şey bilmirdi. O, Kristinanı günahlandırırdı... Necəsə, vəziyyətdən çıxmaq üçün, onları gördüyünü dedi. Pəncərədən çıxıb səbirsizliklə qonşu pəncərəni taqqıldatdı – bu dəfə yanılmadı. Sübh şəfəqləri onu sevgilisinin ağuşunda yaxaladı.

Həkimin atı ağaca bağlanan cilovu qırıb, qaçıb getdi. Ağanın atı şahə qalxıb, onu yerə çırpdı.

- Paho! – yolun kənarında oturub donquldandı. – Günah yazdadı!

 

III

 

Odunçu, xanımın yanına gəlib dedi: “Senyora, Kristinanı qovmayın, mən günahkaram. Yalvarıram, məni bağışlayın...”

Ancaq Kristina bağlamasını götürüb göz yaşlarını axıdaraq, şoseyə çıxan cığırla gedirdi.

Ağa atdan yıxılanda əzildiyindən yatağa düşmüşdü; ona qızı qulluq eləyirdi. Xanım otağa gəldi, çarpayının ayaq tərəfində oturub gülümsəyə-gülümsəyə dedi ki, onun rəfiqəsi artıq şose ilə gedir. Ağa qaşqabağını töküb, Marqarita üçün aldığı güllü parçanın olduğu çamadana baxdı. Ola bilməz, o düşündü, vur-tut on dəqiqə əvvəl dəhlizdən keçirdi.

Xanım bayaqkı kimi istehzayla gülə-gülə sözünə davam elədi: “Rəqibinin odunçu olduğunu da indicə bildim...”

- Sənə kim deyib?

- Özü dedi, indicə yanımda idi.

- Onu soruşmuram. Qızın adını kim dedi?

- Həkim. O, bu gecə mənim otağımda idi...

Qız atasına səhər yeməyi apardığı sinini əlindən saldı. Sonra halı xarablaşdı, həkim çağırası oldular. Ağa həkimi görmək istəmədi və arvadına dedi: o, səni əclafcasına aldadıb. Dediyi Kristina deyil, başqasıdı, ürəyin istəyir, axtar tap. Onda xanım tapşırdı ki, həkim onun gözünə görünməsin. Sakitləşmək üçün ürəyində dedi ki, hər halda, öz adamımızdı. Həkim yad adam olmadığına və xanım qızla tək qaldığına görə, onu çox orijinal üsulla müalicə elədi.

Çoban papağını əlində didişdirə-didişdirə xanımın yanına gəldi. Boğazını arıtlayıb dedi: senyora, and içirəm ki, Kristinada günah yoxdu, günah məndədi...

- Necə? Sən də?

Xanım Kristinanın arxasınca adam göndərdi, indi fikri başqa yerə yönəlmişdi. İndi əri ilə işi olanlar günahkardı, qalanların ona dəxli yoxdu. Kristina sevinə-sevinə gəlib, yerə qədər əyilərək ona təzim etdi.

Sonra xanım Esperansanı çağırtdırdı, ondan nəsə öyrənməyə ümid eləyirdi. Dedi: olan olub, Esperansa, səni bağışlayıram, ancaq hər şeyi düz danış, ağa ilə sənin aranda nə var?.. Esperansa hönkürüb pıçıldadı:

- Ah, senyora, mən sizin oğlunuzla...

- Necə, mənim oğlumla?

Bəyzadə təcrübə keçmək üçün kollecə göndərildi, ancaq ora gedib çatmadı – atası onu geri qaytarıb, dərənin o tərəfindəki balaca evə köçürdü. Xanımın işdən çıxardığı Esperansaya isə tapşırdı ki, oğlundan muğayat olsun...

Həmin vaxt xanım Marqaritanı çağırıb, onu ailəsinə qəsd eləməkdə suçladı. Marqarita kobud tərzdə cavab verdi ki, xanım nə istəsə deyə bilər, onun heç vecinə də deyil. Xanım da onu qovdu. Marqarita şabalıd meşəsindən xeyli aralıdakı kənddə məskunlaşdı. Ağanın zədəsi sağalanda isə onu dərənin o tərəfindəki həmin evə köçürdü. Evdə səliqə-səhman yaratmaq üçün köçürdüyünü düşünmək olardı: hər şeyi yumaq, bağı təmizləmək lazımıydı. Ağa da oraya köçdü: oğluna göz olmaq belədə daha rahat idi. Xanım qız ürəktutmasından əziyyət çəkirdi və həkim ona şəraitini dəyişdirməyi məsləhət gördü, məsələn, qoy dərənin o tayındakı evə getsin. Orada qoca atasının qulluğunda durar.

Həkim onu tez-tez yoluxurdu... Ah, bu əsəblər!

 

IV

 

Vaxt öz axarı ilə gedirdi, yaz da ötüb keçdi. Soyuqlar düşdü, belə soyuqlarda adamlar sətəlcəm olurlar... Xanımı kilsə qəbiristanlığında dəfn eləyəndə yağış çisələyirdi.

Tərcümə edən: Saday BUDAQLI