Elektron ədəbiyyat və sənət portalı

Xəfi-Əlayi

Bölmə: Elm 18.09.2015

Qədim vaxtlardan insanlar ayrı-ayrı bitkilərin xüsusiyyətlərinə bələd olmuş, onların köməyi ilə tutulduqları azarlardan xilas olmağa çalışmışlar.

İllər, əsrlər ötdükcə, xalq təbabəti ilə məşğul olan mütəxəssislər yetişdi və yazı mədəniyyəti ortaya çıxdıqdan sonra təbabətin təcrübələri qələmə alındı.

Müxtəlif müalicə üsullarına həsr edilmiş əsərlər yüzilliklər boyunca katib və xəttatlar tərəfindən köçürülür və kitabxanalarda saxlanılırdı.

Təbabət sahəsində yazılmış risalələr digər xalqların dillərinə tərcümə edilir və beləliklə, təbabət barədəki biliklər zənginləşirdi.

Orta əsrlərdə təbabətə aid çoxsaylı dəyərli əsərlər yazılıb.

Onlar ayrı-ayrı xəstəliklər, onların əlamətləri və müalicə üsulları, insan bədəninin xüsusiyyətləri, dərmanlar, ədviyyələr, sürtmə məlhəmləri, otlar, meyvələr, təbiblərə verilən məsləhətlərdən ibarət idi.

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmin müxtəlif sahələrini əhatə edən əlyazmalar arasında təbabətə həsr edilmiş çoxlu sayda abidələr qorunub saxlanılır.

Onların arasında Zeynəddin bin Əbu İbrahim İsmail ibn Həsən ibn Əhməd ibn Məhəmməd Əl-Hüseyni Əl-Qorqaninin “Xəfi-əlayi” (“Xəstəliklər və onların müalicəsinin müxtəsər şərhi”) əsəri xüsusi yer tutur.

Qeyd etmək lazımdır ki, Qorqani öz vaxtının tanınmış və müdrik şəxsiyyətlərindən olub. Mənbələrin verdiyi çoxsaylı məlumatlara görə, olduqca savadlı və dərin elmi biliyə malik olan Zeynəddin Əl-Qorqani ərəb və fars dillərini mükəmməl bilib, dünyanın bir çox alim və təbiblərinin əsərləri ilə yaxından tanış olub.

Tibbi dərindən bilən Qorqani dərmanlar hazırlayır, xəstələri müalicə edirdi.

Müasir tibb elminin yüksək səviyyədə inkişaf etdiyi bir zamanda xəstəliklərin təbii bitkilərlə müalicəsinə xüsusi diqqət yetirilir.

Belə bir zamanda “Xəfi-əlayi” kimi əlyazmaların əsaslı öyrənilməsinə ehtiyac artır.

Odur ki, qədim və zəngin keçmişi olan tibb tarixini öyrənib, gələcək nəsillərə çatdırmaq bizim müqəddəs borcumuzdur.

 

Zeynəddin Əl-QORQANİ

(Əvvəli ötən saylarımızda)

 

On ikinci bab qaraciyər xəstəlikləri haqqındadır.

İsti qaraciyərin əlamətləri susuzluq, bədənin sağ tərəfində və qaraciyər nayihəsindəki istilikdir.

Əlacı ilk olaraq, xəstənin çiyin damarından qan almaqdır.

Sonra 4 və ya 7 gün ərzində belə xəstələrə sübh tezdən pərpərəng toxumu ilə iskəncəbinin qarışığını, səhər açılandan sonra isə badam yağı ilə kəşkab (qurut və arpa toxumundan hazırlanmış şorba) verərlər.

Səhərlər kasnı suyu və quşüzümü suyu içmək də xeyirdir.

Bu xəstəlik zamanı bədəni meyvə şirələri vasitəsi ilə rütubətləndirmək məsləhətdir.

Kətan suyuna qarışdırılmış sənaməki, nar şirəsi və adi zirinc şərbətini də belə xəstələrə vermək faydalıdır.

Ağrı yumşalandan sonra xəstəyə təbaşir dərmanı (bambukun gövdəsindəki düyünlərdə yığılan mineral duzlar) verər və səndəl, qızılgül, xırdalanmış kudu, quşüzümü suyu və adi mərsin yarpağının suyu, bir az məstəki ağacının kitrəsi və darçını qarışdırıb, qaraciyərin üzərinə təpitmə qoyarlar.

Soyuq qaraciyərin əlamətləri dilin ağarması, üz rənginin qaralması, ağ, qatı sidik və iştahanın açılmasıdır.

Xəstəlik ağır keçərsə, çirkab suya bənzəyən ishalın meydana çıxması kimi əlamətlər büruzə verər.

Soyuq qaraciyərin əlacı fındıq yağı, acı badam yağı, 2 danək kəkliyin qurudulmuş və döyülmüş qaraciyəri, 1 danək rəvənd kökü və 5 dirhəm şəkərə qoyulmuş qızılgül ləçəyini qarışdıraraq dərman hazırlamaq və 3 gün ərzində səhərlər xəstəyə verməkdir.

Belə xəstələrə kəklik qaraciyəri yemək çox faydalıdır.

Bundan başqa, ərəb dəvəsinin südünü içmək soyuq xıltların ishal yolu ilə xaric olmağına kömək edir və qaraciyərdəki keçməzliyi aradan qaldırır.

Aşağıdakı kimi təpitmə qoymaq da bu baxımdan xeyirlidir:

Hərəsindən 2 dirhəm olmaqla, həqiqi əzvay şirəsi, məstəki ağacının kitrəsi, acı yovşan, 5 dirhəm təzə əzvay, hərəsindən 3 dirhəm olmaqla nərdotu, ərəb xurması və sokk (ərəb xurması və müşkdən hazırlanan ətriyyat), 1 dirhəm zəfəran, mum və adi mərsin qarışığını bir yerə qatıb dərman düzəldir və qaraciyər nahiyəsinə qoyurlar.

 

On üçüncü bab dalaq xəstəlikləri haqqındadır.

Bu xəstəlik bədənin sol tərəfində yaranan ağırlıq və şiddətli susuzluq halları kimi əlamətlərlə özünü büruzə verir.

Əlacı xəstənin çiyin damarından və ya sol əlin çeçələ və adsız barmaq arasındakı damarından qan almaq və kasnı suyu ilə cirə (badyan) suyunun qarışığını ona verməkdir.

Hərəsindən 2 unsiya (29,86 qr) olmaqla, quşüzümü suyu və kərəviz suyunu qarışdırıb xəstəyə vermək də xeyirdir.

Belə xəstələri sövdaqovucu dərmanlar vasitəsi ilə sifraq etdirmək lazımdır.

Bu məqsədlə, hərəsindən 1 misqal olmaqla, acı iyarəc dərmanı və aqarik göbələyini, yaxud 2 dirhəm aqarik göbələyini 2 unsiya iskəncəbinlə qarışdırıb xəstəyə verirlər.

Ətirli göyərtilərin suyu, söyüd ağacıının yarpağının suyu və dərəngi yarpağının suyu da bu baxımdan xeyirlidir.

Kölgədə qurudulmuş söyüd ağacının yarpağı və dərəngi yarpağından xəstəyə hər səhər 2 dirhəm versələr, ağrı sakitləşər.

Soyuq dalaq xəstəliyinin əlamətləri ağırlıq hissinin az olması və susuzluq halının olmamasıdır.

Əlacı: 1 danək acı badam yağı, dördhissəli tiryaq dərmanı, 5 dirhəm toz halına salınmış qızılsarmaşıq və 1 unsiya iskəncəbini qarışdıraraq dərman düzəldir və xəstəyə verirlər.

Hərəsindən 5 dirhəm olmaqla, qızılsarmaşıq və döyülmüş yerqulağı kökünün qabığını döyüb bişirir, 5 misqal iskəncəbi ilə qarışdırıb xəstəyə verirlər.

Bundan başqa, belə xəstələrə ammoni ağacının qatranını sirkədə həll edəndən sonra üzərinə eyni miqdarda döyülmüş badam ləpəsi və sədəfotu yarpağını əlavə edib, təpitmə qoyurlar.

Ənciri sirkədə qaynatdıqdan sonra üzərinə döyülmüş və bişmiş yerqulağı kökünün qabığı və döyülmüş xardalı əlavə edərək dərman düzəldir və dalaq nahiyəsinə təpitmə qoyurlar. Bu təpitmə həm isti, həm də soyuq dalaq xəstəliklərinə xeyirdir.

 

On dördüncü bab sarılıq xəstəliyi haqqındadır.

Bilmək lazımdır ki, sarılıq xəstəliyi zamanı xəstənin gözünün içi və dərisi saralır və ya qaralır.

Saralma səfra çoxluğu, qaraciyər və öd kisəsində yaranan öd durğunluğuna dəlalət edir.

Dərinin qaralması xəstəliyin dalaq mənşəli olmadığından xəbər verir.

Bu haqda “Zəxire” kitabında bəhs olunub.

Saralma ilə müşahidə olunan sarılıq xəstəliyinin əlamətləri şiddətli susuzluq, ağızda acılıq və köpüklü sidik olar.

Xəstəlik ağırlaşarsa, xəstənin damarından qan almaq və ona işlətmə dərmanı vermək lazımdır.

Qan çiyin damarından, yaxud sağ əlin çeçələ və adsız barmağı arasındakı damardan alınmalıdır.

İşlətmə dərmanı hazırlamaq üçün bişirilmiş acı yovşan, sarı mirobalanlar, innab, qara gavalı, hind xurması, qızılsarmaşıq toxumu, kasnı toxumu, süsən kökü, şahtərə və aqarik göbələyini qarışdırmaq lazımdır.

Bu məqsədlə, xəstəyə şarangə və sənaməkini kasnı suyu ilə qarışdıraraq vermək olar.

Pendir tutulduqdan sonra pendirin çıxan suyu da bu baxımdan çox faydalıdır.

Belə xəstələrə hər səhər iskəncəbi və yaxud kasnı suyu ilə iskəncəbi verərlər.

4 saat keçdikdən sonra keşkaba kərəviz kökü, cirə kökü, kasnı kökü və kasnı toxumu əlavə edib vermək məsləhətdir.

Xəstənin qızdırması yüksələrsə, ona hər səhər iskəncəbiyə qarışdırılmış kasnı suyu, pərpərəng toxumu, turş və şirin nar şirəsi verərlər.

Keşkaba badam yağı ilə şəkər və ya kasnı toxumu ilə kasnı kökü qatıb vermək də münasibdir.

Belə xəstələrə suyun içində (suda) oturmaq da xeyirdir. Həmin suya 2 unsiya turp suyu, 1 unsiya reyhan suyu və yarım dirhəm boraks qarışdırsalar, başdan-ayağa bütün dərinin sarılığını azaldar.

Döyülmüş və bişmiş çuğundur yarpağını gülabda həll edərək, ballı suya qarışdırıb xəstəyə vermək də bu baxımdan faydalıdır.

Bundan başqa, 1 dirhəm döyülmüş və bişirilmiş qızılboya otunu toyuq yumurtasının tam bişməmiş sarısına və ya 4 dirhəm zöhrətüklü adiantı bişmiş xırdazirə toxumuna qarışdıraraq xəstəyə vermək də bu baxımdan xeyirlidir.

Dərinin qaralması ilə müşahidə olunan sarılıq xəstəliyi zamanı xəstənin çiyin damarından və sol əlin çeçələ və adsız barmağı arasındakı damardan qan almaq, pendir tutduqdan sonra pendirin çıxan suyu ilə xəstəni sifraq etdirmək və öd durğunluğunu aradan qaldıran müalicəni aparmaq lazımdır.

 

(Ardı gələn sayımızda)

Farscadan tərcümə edən: Zemfira MƏMMƏDOVA