Elektron ədəbiyyat və sənət portalı

Prezident İlham Əliyev Mingəçevirə səfər edib

Bölmə: Beynəlxalq 23.09.2016

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son dövrdə Mingəçevirdə görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, Ümummilli liderin adını daşıyan parkın ərazisi üç hektardır. Parkda şəlalə kompleksi və yeni kafe tikilib, mövcud “Ana və uşaq” kafesi müasir üslubda yenidən qurulub, geniş yaşıllıq işləri görülüb.

***

Mingəçevir Şəhər Tarix Muzeyinin əsaslı yenidənqurmadan sonra təqdimatı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, Mingəçevir Şəhər Tarix Muzeyi 1968-ci ildə Mingəçevir Dövlət Dram Teatrının binasındakı bir otaqda fəaliyyətə başlayıb. 1985-ci ildən 2015-ci ilədək isə doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyətini davam etdirib. Lakin sonradan Heydər Əliyev prospektində yerləşən əvvəlki Heydər Əliyev Muzeyinin binası yenidən quruldu və Mingəçevir Şəhər Tarix Muzeyi də həmin binaya köçürüldü. Yenidənqurma işlərindən sonra indi binanın ümumu sahəsi 810 kvadratmetr təşkil edir.

Muzeydə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən, ölkəmizin inkişafı istiqamətindəki xidmətlərindən bəhs edən fotoguşə yaradılıb.

Bildirildi ki, üç fond otağından, 50 nəfərlik müşavirə və 2 ekspozisiya zallarından ibarət olan muzeydə 16 min eksponat qorunur və onlardan 400-ü ekspozisiya zallarında nümayiş etdirilir. Bu son dərəcə qiymətli eksponatlar ölkəmizin dünyanın qədim insan məskənlərindən olduğunu bir daha təsdiqləyir.

Diqqətə çatdırıldı ki, muzeydə nümayiş etdirilən eksponatların bir çoxu ötən əsrin ortalarında Mingəçevir Su Elektrik Stansiyasının tikintisi zamanı aparılan qazıntı işləri zamanı tapılıb.

***

Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində şəhərdə aparılan abadlıq və tikinti işləri ilə tanış olub.

Dövlət başçısı görülən işləri əks etdirən stendlərə baxdı.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevə Sahil və Füzuli parklarında görülən işlər, habelə Kür çayının sol sahilində kiçik gəmilər və qayıqlar üçün yanalma platforması, digər layihələr barədə məlumat verdi.

Diqqətə çatdırıldı ki, Nigar Rəfibəyli küçəsində yerləşən Sahil parkının ərazisi 380 metr uzunluqda genişləndirilib. Bu ilin aprel ayında başlanmış inşaat işləri artıq başa çatıb. Daxili imkanlar hesabına həyata keçirilmiş tədbirlər nəticəsində parkın genişləndirilmiş sahəsi 1,2 hektara çatdırılıb. Genişləndirilmiş parkda 3500 kvadratmetr sahəyə dekorativ tamet tavaları döşənib, 30 dekorativ işıq dirəyi quraşdırılıb, yeni oturacaqlar və digər lazımi avadanlıqlar qoyulub. Parkın ərazisində 1000 ağac, 5000-ə yaxın gül kolu əkilib. Yamac boyu 1860 kvadratmetr yaşıllıq sahəsi salınıb, 940 kvadratmetr sahədə çay daşlarından bərkitmə işləri aparılıb. Yeni su təchizatı şəbəkəsi yaradılıb, 1,2 hektar sahəyə su xətti çəkilib.

Prezident İlham Əliyevə şəhərdəki Füzuli parkı haqqında da məlumat verildi.

Bildirildi ki, şəhərdə Füzuli küçəsi boyunca 450 metr uzunluğunda park salınıb. Parkda inşaat işlərinə 2015-ci ilin may ayında başlanıb və 2016-cı ilin sentyabr ayında başa çatıb. Dövlət büdcəsi hesabına həyata keçirilmiş işlərin ümumi dəyəri 2 milyon manatdır. Ümumi sahəsi 3 hektar olan parkın girişində Məhəmməd Füzulinin büstü qoyulub, 2 dairəvi və düzbucaqlı fəvvarə, uşaq-əyləncə, idman qurğuları quraşdırılıb, mini futbol meydançası salınıb. İstirahət üçün bütün lazımi avadanlıqlar quraşdırılıb. Ərazidə çoxlu sayda dekorativ ağac və gül kolları əkilib, 10 min 740 kvadratmetr sahədə çəmənlik salınıb.

Şəhərdə abadlıq-quruculuq işləri davam etdirilir.

***

Səfər əsnasında Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində də iştirak edib.

Azərbaycan Prezidentinin Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində sənaye zonalarının təşkil olunması ilə bağlı irəli sürdüyü təşəbbüsün mahiyyətində dayanan mühüm amillərdən biri də sənaye parklarının yaradılmasıdır. Bunu Prezident İlham Əliyevin 2015-ci ilin fevralında Mingəçevir Sənaye Parkının yaradılması və bu parkın fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamlar da təsdiqləyir. Bununla da əsas diqqət ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsinə, sahibkarlığın dəstəklənməsinə, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkilinə və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yönəlib.

Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə həvalə olunub. Sənaye Parkının fəaliyyətinin təmin edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan “Mingəçevir-Toxucu” ASC ləğv edilib və onun 15 hektara yaxın torpaq sahəsi icarə hüququ ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin daimi istifadəsinə verilib.

Dövlətimizin başçısı Sənaye Parkının baş planını, burada yaradılacaq müəssisələrlə bağlı məlumatları əks etdirən stendlərə baxdı.

İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verdi ki, Mingəçevir Sənaye Parkının tikinti sahəsi 120 min kvadratmetr təşkil edəcək. İnşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyulması nəzərdə tutulub. Parkda ilkin mərhələdə 2 min, sonra 5500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulub.

Layihə rəhbəri Mehriban Axundova bildirdi ki, Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisə inşa ediləcək. Pambıq ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton iplik istehsalı nəzərdə tutulub. Azərbaycanda böyük tələbat olan akril ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə il ərzində 3 min ton məhsul hazırlanacaq. Bu, idxaldan asılılığı qismən aradan qaldıracaq. Yun ipliyi istehsalı müəssisəsində ildə 3 min ton məhsul istehsal ediləcək.

Diqqətə çatdırıldı ki, corab istehsalı müəssisəsinin tikintisi ilə ilkin mərhələdə Azərbaycanın corab məhsullarına tələbatının 50 faiz ödənilməsi, illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corabın istehsalı nəzərdə tutulub. Ayaqqabı istehsalı müəssisəsində illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək.

Qabaqcıl texnologiyaların tətbiq olunacağı bu müəssisələrdən başqa, Sənaye Parkında tibbi kosmetika məhsulları istehsalı müəssisəsinin yaradılması da planlaşdırılıb. Müəssisədə pambıq mahlıcının və ipliyin tullantılarının təkrar emalı nəzərdə tutulub. Tullantılardan sterilləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən çöplər və makiyaj bezləri istehsal olunacaq.

Diqqətə çatdırıldı ki, toxuculuq müəssisəsində pambıq parçalar istehsal ediləcək. Azərbaycanda növbəti 5 il ərzində xam pambığın istehsalının 700 min tona çatdırılacağını nəzərə alsaq, o zaman Sənaye Parkının nəzdində fəaliyyət göstərəcək pambıq ipliyi istehsalı müəssisəsinin əhəmiyyəti aydın görünür. İllik istehsal gücü 15 milyon metr təşkil edəcək müəssisə müasir avadanlıqla təchiz olunacaq. Bununla yanaşı, hazırlanacaq xam parçanın boyanması üçün parkın nəzdində illik gücü 15 milyon metr olan boyama müəssisəsi inşa ediləcək.

Ölkədə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng tikiş müəssisəsi də Mingəçevir Sənaye Parkında inşa ediləcək. Müəssisədə iki minə yaxın yeni iş yeri açılacaq.

Sonra dövlətimizin başçısı Mingəçevir Sənaye Parkının təməlini qoydu.

Daha sonra Azərbaycan Prezidenti Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.