Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan hökmdarlarının “stolüstü kitabları”

Bölmə: Tarix 23.09.2016

Qədim Şərq mədəniyyətinin tərkib hissəsi olan Azərbaycanda orta əsrlərdə elm, ədəbiyyat və mədəniyyətin yüksək inkişafı bir sıra məsələləri vərdiş halına salmışdı. Vərdişlərdən biri də kitab toplamaq və mütaliə etmək idi ki, hətta Şərqdə ən azı altı əsr (XI-XVII əsrlərdə) əksər hökmdarlar belə buna riayət etməyə borclu idilər. Hökmdarlar qanlı savaşların və hər zaman üzləşə biləcəkləri saray xəyanətlərinin, xalq üsyanlarının əhatəsində olmalarına baxmayaraq, kitab mütaliəsinə, həyata keçirilməsi vacib sayılan proses kimi baxırdılar. Bunun da bir neçə əsas səbəbi var idi: birincisi, hakimiyyətin irsən keçdiyi səltənətlərdə hökmdar ata gələcəkdə onu əvəz edən övladının elm, kamal sahibi olmasına çalışırdı. Ölkənin ən yaxşı alim, mütəfəkkir və mədrəsə müəllimləri varisin savadlı, müdrik olması üçün əlindən gələni edirdilər. Təsadüfi deyil ki, Azərbaycan, eləcə də Şərq ölkələrinin tarixində bir çox hökmdarların müəllimləri dövrün görkəmli filosofları olub. İkinci səbəb isə, hər hansı hökmdarın idarəçiliyi dövründə hansısa dini təriqətin xüsusi nüfuz sahibi olması ilə əlaqədardır. Bu zaman ölkənin əsas fiquru olan hökmdar həmin təriqət başçısı ilə hesablaşmaqla yanaşı, onun və başqalarının təriqətin ideologiyasını əks etdirən kitablarını oxuyar və bu mənbələrdən ali məclislərdə misallar gətirərdi.

Üçüncü səbəb isə, Şərq dövlətlərində (başda ərəblər olmaqla) erkən orta əsrlərdə antik yunan və Roma dövrünə aid dəyərli əsərlərin yerli dillərə tərcümə olunması idi. Qeyd edək ki, müsəlman Şərqinin dünyaya verdiyi töhfələrdən biri də antik dövrə aid olan fəlsəfi, elmi və bədii əsərlərin ərəb, fars, türk və başqa dillərə tərcümə edilməsi oldu. Yoxsa həmin əsərlərin heç biri dövrümüzə qədər gəlib çıxmazdı. Azərbaycandakı hökmdarlar, şahlar da antik dünyanın əsas düşüncə hegemonları olan Aristotelin, Platonun əsərlərini sanki bir hökm kimi mütləq oxuyub, öyrənirdilər. Aristotelin “Ritorika”, “Metafizika”, “Utopika”, Platonun “Dövlət” əsərləri səltənət sahiblərinin “stolüstü kitabları” idi.

XII əsrdə Azərbaycanda Atabəylər dövlətinin əsasını qoyan Şəmsəddin Eldəgiz dövlətdə ali mənsəb sahibi olmazdan əvvəl, sonuncu Səlcuq hökmdarı II Toğrulun övladlarının - Məhəmməd Cahan Pəhləvanın və Qızıl Arslanın müəllimi, tərbiyəçisi olub. Uşaq çağlarından onları yetişdirən Şəmsəddin Eldəgiz gələcək varislərinə antik dünyanın fikir nəhənglərinin kitablarını, o cümlədən bir çox Şərq mütəfəkkirlərinin əsərlərini oxudurdu. II Toğrul və xanımı Möminə xatun övladlarının yüksək dərrakə sahibi olmalarından çox məmnun idilər. Bu fakt Şəmsəddini sultan ailəsinə daha da yaxınlaşdırdı. İş o yerə çatdı ki, II Toğrul öləndən sonra dul qalan Möminə xatunla məhz Şəmsəddin evlənəsi oldu ki, bu da Atabəylər dövlətinin formalaşmasında əsas fakta çevrildi. Bir zamanlar tələbələri, sonradan isə ögey oğulları olan Məhəmməd və Arslan onun sayəsində qılınc tutmaqla bərabər, qələmə də biganə qalmırdılar. Şəmsəddin onların hər ikisinə Firdovsinin “Şahnamə”sini, Sədinin “Gülüstan”ını, İbn Sinanın fəlsəfi əsərlərini əzbərlətmişdi. Hər iki qardaş bu bilgilər sayəsində müdriklik, ədalət, kamal məfhumlarını ömürlərinin sonuna qədər özlərində gəzdirdilər. Məhz bu səbəbdən ara-sıra qəzəllər də yazan Məhəmməd Cahan Pəhləvan dövrün şair və mütəfəkkirlərinə qayğısı ilə seçildi. Belə ki, Şamaxıda şah zülmündən qaçan Xaqani Şirvani ona sığındı, Nizami Gəncəvi onun istəyi ilə “Xosrov və Şirin” poemasını yazdı. Əslində “Xosrov və Şirin”in yazılmasının səbəbi da Məhəmməd Cahanın uşaqlıqdan mütaliə etdiyi “Şahnamə” poeması olmuşdu.

Yəni Atabəy hökmdarı fars ruhunun tərənnüm olunduğu “Şahnamə”yə oxşar əsər yazılmasını və orada əsasən türk qəhrəmanın ön plana çıxarılmasını Nizamidən istəmişdi.

 

“Şahnamə” və “Gülüstan”

 

Adıçəkilən əsərlər nəinki fars, hətta bütün Şərq mədəniyyətinin nəhəng ədəbi inciləridir. Müxtəlif dillərə tərcümə olunan bu iki əsər əksər Şərq hökmdarlarının, bəlkə də, əzbər bildiyi bədii nümunələr idi. Hökmdarlar hələ taxta çıxmazdan əvvəl, yəni varis titulu daşıyan zaman tərbiyəçiləri onlara “Şahnamə”ni oxudardılar. “Qurani-Kərim”dən sonra gələcək şahlara ən çox diktə edilən poemanın qəribə yazılma tarixçəsi var. Digər adı “Şahlar haqqında kitab” olan əsər İranın VII əsrədək olan qədim tarixini özündə əks etdirir. “Şahnamə”nin müəllifi olan Firdovsi bu ləqəblə bütün Şərqdə tanınıb. Firdovsi “Şahnamə” poeması üzərində 35 il işləyib. Demək olar ki, həyatının yarısını bu poemaya həsr edib. Əsərə görə, Sultan Mahmud Qəznəvi

Firdovsiyə külli miqdarda qızıl pul vəd etsə də, poemanı bəyənmədiyi üçün vədinə xilaf çıxır. Əsərin hər beyti üçün qızıl yox, gümüş pul verir. Şair bunu özünə və poemasına hörmətsizlik kimi qəbul edir və sultanın göndərdiyi gümüş pulların hamısını elə oradaca kasıblara, fəqirlərə paylayır. Şairin bu hərəkəti sultanın acığına gəlir. Bu hadisədən sonra Firdovsi öz doğma yurdunu tərk etmək məcburiyyətində qalır və lap qoca yaşlarınadək vətəndən kənarda yaşayır. Sonradan geri qayıtsa da, artıq gec idi.

 Azərbaycan hökmdarlarından Məhəmməd Cahan və Arslanla bərabər, Şirvanşah Axsitan, İbrahim Dərbəndi, Şah İsmayıl Xətai, Şah Təhmasib və başqaları “Şahnamə”nin daimi oxucularından olublar. Firdovsinin yaratdığı möhtəşəm “Şahnamə” poeması 120.000 beytdən, yəni – 240.000 misradan ibarətdir. Bu, dünya ədəbiyyatı tarixində ən böyük poemadır. Poema sırf fars dilində yazılıb. Bu da fars dilinin “gəlmə” sözlərdən təmizlənməsində və inkişafında əvəzedilməz rol oynayıb.

Yuxarıda adını qeyd etdiyimiz “Gülüstan” əsəri də ( Sədi Şirazi) hökmdarlar masasının bəzəyi olub. Bəzi şahlara dərs deyən müəllimlər, “Qurani Kərimin” oxunuşundan dərhal sonra Sədinin “Gülüstan”ını tədris edirdilər. Bu səbəbdən də həmin proqram Azərbaycanın bir çox mədrəsələrinə ayaq açmışdı. Mədrəsə şagirdləri Qurandan sonra “Gülüstan”a keçirdilər. Müdərrislər bu əsəri şagirdlərin əxlaqlı, hikmətli və ədalətli şəxsiyyət kimi formalaşması üçün tədris edirdilər.

Sədi Şirazinin 1258-ci ildə tamamladığı ”Gülüstan” əsəri yazılan islami nəsihətlərdən, dini baxımdan ədalət, təvazökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı, əsər dərviş mədəniyyəti haqqında məlumat verir. “Gülüstan”da əhvalatlar, lətifələr, hikmətli sözlər, məsləhətlər və qısa şeirlər epik formada yazılıb. Əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim olunub. Ona qədər isə, təbii ki, Şərq hökmdarlarının da stolüstü kitabı olub. Şah İsmayıl Xətai Sədidən sitatlar gətirməyi sevərmiş. Həmçinin Qaraqoyunlu hökmdarı Cahan şah Həqiqi də Sədinin “Gülüstan” əsərindən çox faydalanıb. Əxlaqi didaktik qəzəllər müəllifi olan Cahan şah Həqiqinin yaradıcılığına “Gülüstan”ın təsiri çoxdur.

Sədi öz səyahətləri zamanı şeirlərini dərviş libasında oxuyur, şeyxlərə, sufilərə qoşulub azadlıqsevərlərlə oturub-dururmuş. Bütün bunlar onun dünyagörüşündə böyük dəyişiklik yaradır. Şair xalqlar arasında mövcud olan əlaqələri, adət və ənənələri bütün dərinliyi ilə görür və tanış olur. Bütün bunlar “Gülüstan”ın nə dərəcədə vacib əsər olduğuna bir sübutdur. Əsər Şiraz hakiminin ədalətinə ithaf edilib.

 

Hər zaman aktual olan üç əsər

 

Şərq dünyasında həm hökmdarların, həm də sadə xalqın sevə-sevə oxuduğu, hər zaman öz aktuallığını qoruyan üç əsər var ki, Azərbaycanda da ayrı-ayrı dövrlərdə səltənət sahibi olan kəslər bu bədii nümunələri sevə-sevə oxuyublar. Bunlar “Qabusnamə”, “Kəlilə və Dimnə” və “Tutinamə”dir.

Şərq ədəbiyyatının qiymətli nümunələrindən olan “Qabusnamə” özünün məzmun rəngarəngliyinə və bir çox əxlaqi-didaktik məziyyətlərinə görə geniş şöhrət qazanıb, bir çox dünya xalqlarının dilinə tərcümə edilib. Bu hikmət kitabı dövranın acısını-şirinini dadmış qoca atanın öz oğluna nəsihəti və vəsiyyətindən bəhs edir. Fars mənşəli Ziyarilər xanədanının son sahibi olan Qabus ibn Vəşmgir, aqibətindən nigaran qaldığı oğlu üçün hikmətli məktublar silsiləsi yazır. “Qabusnamə” sanki bütün hökmdar ataların özlərindən sonra varisləri üçün qoyduğu bir vəsiyyətnamədir. Əsər elə bu səbəbdən də ölkə idarəçiləri tərəfindən hər zaman oxunub, onların indiki dillə desək, “stolüstü kitabları” olub.

“Kəlilə və Dimnə” ilə “Tutinamə” bir-birilərinə məzmun və forma cəhətdən çox yaxındılar. Birində iki çaqqal həyat həqiqətlərini təmsil dilində çatdırır, o birində isə sərçə, Şərq dünyasının eybəcərliklərini, naqisliklərini ironik tərzdə təqdim edir.

“Kəlilə və Dimnə”nin Depşelem adlı bir hind hökmdarının zamanında yazıldığı deyilir. Belə ki, bu əsərin hökmdara ithaf edildiyi və hökmdara məsləhət və nəsihət səciyyəsi daşıdığı fikri mövcuddur. Təmsil janrının ilk və ən önəmli örnəklərindən olan “Kəlilə və Dimnə”dəki hekayətlər siyasətdən xeyirxahlığa qədər bir çox fərqli mövzunu özündə birləşdirir.

Kitab beş fəsil və bir girişdən ibarətdir. Hər fəsildə bir əsas hekayət, onun içində də kiçik hekayətlər, nəzm şəklində nəsihətlər var.

“Kəlilə və Dimnə” əsasən Səfəvi şahlarının ən çox müraciət etdiyi kitablardan olub.

Elmin NURİ