Elektron ədəbiyyat və sənət portalı

Repressiyalar dövrünün kinosu

Bölmə: Mədəniyyət 23.09.2016

1933-cü ildə Almaniyada hakimiyyəti ələ keçirən Adolf Hitler belə bir vaxtda dünyanın yenidən bölüşdürülməsi niyyətini həyata keçirməyə başlamışdı. SSRİ-nin siyasi elitasının İ.V.Stalinin rəhbərliyi altında qurduğu hakimiyyət artıq yadfikirliyə qarşı total mübarizəyə başlamışdı. Qurulmuş nəhəng repressiya aparatı çar dövründən qalmış və yeni sistemin yetişdirdiyi kadrları amansızcasına məhv edirdi. 1934-cü ildə Leninqradda S.M.Kirovun öldürülməsilə daha da genişlənən repressiya dalğası qısa müddət ərzində saysız-hesabsız insanın taleyini dəyişdirdi. Bu qarşısıalınmaz dalğa, təbii ki, kinematoqrafiyadan da yan ötmədi.

SSRİ-yə daxil olan bütün respublikalar kimi, «sosializm quruculuğu yolu ilə irəliləyən» Azərbaycanda da eyni sosial və iqtisadi dəyişikliklər baş verirdi. «Leninin vəsiyyətləri, Stalinin göstərişləri və M.C.Bağırovun rəhbərliyi altında yaşayıb-yaradan»

Azərbaycan xalqı partiyanın qarşıya qoyduğu vəziələri yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etmişdi. Ötən əsrin 20-ci illərində və 30-cu illərin əvvəllərində sənayeçiləri, torpaq və mülk sahiblərini, milli idarəetmə strukturlarını tədricən məhv edən sistem 30-cu illərin ikinci yarısından total şəkildə ziyalıların, siyasi və hərbi kadrların repressiyasına başladı. Bu dövrdə milli düşüncəmizdə əvəzsiz yeri olan H.Cavid, Y.B.Çəmənzəminli, M.Müşfiq, Ü.Rəcəb və başqaları ilə yanaşı, ilk kinorejissorumuz və qüdrətli səhnə ustası A.M.Şərifzadə, ilk kino təşkilatçımız Ş.Mahmudbəyov, səhnə və ekranla bağlı olan mədəniyyət və incəsənət xadimləri amansız repressiyanın qurbanı oldular. Sistem, hətta öz yetirmələri olan Əliheydər Qarayev, Ayna Sultanova, Ruhulla Axundov və başqalarına da rəhm etmədi.

Azərbaycan səsli kinosunun başlanğıcı belə bir sosial-iqtisadi və mənəvi dövrə təsadüf etdi. 1935-ci ildə yenidən təşkil olunmuş Azərbaycan XKS yanında Foto-Kino İdarəsi film istehsalı və nümayişilə bağlı məsələləri siyasi-ideoloji nəzarətin, eyni zamanda maddi təminatın imkan verdiyi çərçivədə həll etməyə çalışırdı. İdarə öz fəaliyyətini XKS-nın 1936-cı ilin 10 fevralında yaradılmış İncəsənət İşləri İdarəsilə əlaqəli şəkildə qurur, ilk ideoloji nəzarət instansiyası kimi, göstəriş və təlimatları həmin idarədən alırdı. Bu qurumun rəisi Ruhulla Axundov, müavinlərisə Y.K.Çubar və Q.Sultanov təyin edilmişdilər. Bununla da Az.FKİ faktiki olaraq öz sahəsində icraçı quruma çevrilmişdi. «Azərkino», «Azərfilm» və «Azərfoto» trestləri həmin idarənin tabeliyinə verilmişdi. Kadr, mövzu, repertuar, texnika və s. üzrə siyasət İncəsənət İşləri İdarəsi tərəfindən müəyyənləşdirilirdi.

1936-cı ildə yeni təşkilati qurum siyasi-ideoloji rəhbərliyin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün fəaliyyətə başladı. Həmin ilin bədii filmlərin istehsalı planına «Dumanlı Təbriz» (Ssenari müəllifləri Qrebner, M.S.Ordubadi), «Bolşevik Həsən» (A.Popov, Xaçumyan, Həsənov), «Ölüm vadisi» (Q.Musayev), «Xoşbəxt vadi» («Ceyfun və Ulçar», Yevlaxov, A.Tatişvili), «Ölülər» (K.Mints), «Çempionlar» (A.Popov və Xaçumyan), «Kor çalğıçı» (B.Tatişvili), «Qara qızıl» (A.Tolstoy, O.Leonidov), «Dənizçi Sindbad» (K.Tomski), «Bakı» («28 aprel», Filimonov, Speşnev), «Aldanmış kəvakib» (İ.Əfəndiyev), «Şiraz gülləri» (Qurviç, S.Rəhman), «Telli» (C.Cavadzadə), «Üç qardaş» (M.Mikayılov), «Qəza» (Natarov, Y.Fidler), «Bolşeviklər» (Kudryavtsev), «Şöhrət» (Yevlaxov), «Göyçay» (Axundzadə) ssenariləri salınmışdı ki, onlardan yalnız «Ölüm vadisi» və «Ceyfun və Ulçar» istehsalata buraxıldı.

Növbəti 1937-ci ilin planında «Dəniz ekspedisiyası» (Filimonov, Speşnev, Safronov), «Xalqlar dostluğu» (Ə.Məmmədxanlı, Q.Musayev), «Kəşfiyyatçılar» (neft mövzusu, Vaysenberq, Zakirov), «Razılıq» (pambıq mövzusu, Y.Zilberberq), «Maşinistlər» (dəmiryolu nəqliyyatı mövzusu, Qroxov) bədii filmlərini çəkmək nəzərdə tutulmuşdu. Ehtiyat mövzular kimi, «Düşmənçilik» (tarixi-inqilabi, C.Cahanbaxş, Turenev), «Böyük yol» (müasir, Novoqrudski), «Kəndlilər» (tarixi-inqilabi, G.Mdivani), «Öz yolu ilə» (tarixi-inqilabi Y.Zilberberq) filmlərini çəkmək planlaşdırılmışdı. Lakin nəzərdə tutulan mövzulardan yalnız «Kəndlilər» filmi, o da 1938-ci ildə istehsalata buraxıldı. Həmin dövrdə «Mavi dəniz qoynunda» lentinin çəkilişi başa çatdırılmışdı. «Bakılılar» tammetrajlı, «Dəcəl dəstə» və «Hazır ol» qısametrajlı lentləri üzərində iş isə davam etdirilirdi.

Azərbaycan səsli kinosunun ilk illərində filmlərin çəkilişinin yarımçıq qalması adi hala çevrilmişdi. Bunun da əsas səbəbkarı «Azərfilm»in bədii filmlərin istehsalı şöbəsinin rəisi K.İ.Tomski idi. 1934-cü ildə dəvət olunan, AFKİ ilə 3 illik müqavilə bağlayan, lentlərin istehsalına və səviyyəsinə cavabdeh olan Tomskinin günahı ucundan «Məhəbbət oyunu» filmi başa çatandan sonra dəfələrlə düzəlişlər aparılmasına baxmayaraq, bədii səviyyəcə zəif alınmış və mətbuatın tənqid hədəfinə çevrilmişdi. Bununla yanaşı, qısametrajlı «Altıncı hiss» lenti SSRİ Baş Kinematoqrafiya İdarəsi tərəfindən çıxdaş olunmuş, «Direktiv bant» bədii-sənədli, «Abbasın bəlası» multiplikasiya filmləri rəhbərlik və tamaşaçılar tərəfindən mənfi qarşılanmışdı. Tomski öz səhvlərini düzəltmək üçün tədbir görmür, dağıdıcılıq xəttini davam etdirir, yaradıcı əməkdaşları işdən soyudurdu. O, «Ceyfun və Ulçar», «Ölüm dərəsi» filmlərinin ssenarisinə də cinayətkarcasına yanaşmış, nəticədə bu lentlərin istehsalını ləngitmişdi. «Azərfilm» işçilərinin davamlı şikayətlərindən sonra Moskvaya qaçan Tomski AFKİ rəisinin teleqramlarına cavab vermir, Bakıya dönməkdən imtina edirdi. 1936-cı ilin oktyabrında o, vəzifəsindən azad olundu və məhkəməyə verildi.

«Ceyfun və Ulçar» lentinin quruluşçu-rejissoru Y.Kazayev, rəssamı V.Aden, rejissor köməkçisi Fətəliyev, H.Uruymaqov, N.Bədəlov idi. O filmdə baş rollara A.M.Şərifzadə, Ü.Rəcəb, M.Mərdanov, M.Sənani və başqaları çəkilirdilər. Oktyabr ayında çəkilişlər müvəqqəti dayandırıldı. Çünki avqust-sentyabr aylarında cəmi 63 kadr çəkilmiş, 2000 metr plyonka sərf edilmişdi. Padabadda və Qafanda lentə alınan filmin birinci quruluşçu-rejissoru V.Nijni, operatoru B.Smirnov, direktoru Qaramov, məsləhətçisi B.Tatişvili öz işlərinin öhdəsindən gələ bilmirdilər. Nəticədə filmin direktoru Q.Aleksandrovski təyin olundu, ssenarini B.Tatişvili ilə yenidən işləmək üçün Şpikovski dəvət edildi. Lakin ssenaridə çoxlu düzəlişlər aparılmasına, obrazların dəyişdirilməsinə, aktyorlardan N.Kondratenko, K.Dauşvili, C.Əliyev, K.Məmmədov, Ə.Quliyevin azad olunmalarına baxmayaraq, çəkilişdə dönüş yaratmaq mümkün olmadı. «Azərfilm» rəisini əvəz edən Q.Babayev F.Plukene, B.Kerski və B.Babariqodan ibarət komissiya yaradıb, səhlənkarlığın səbəblərini araşdırmağa çalışsa da, bir nəticə əldə edilmədiyindən, bədii rəhbərliyi S.M.Eyzenşteynə həvalə olunan filmi xilas etmək mümkün olmadı.

Eyni taleni «Ölüm dərəsi» filmi də yaşadı. Qılman Musayevin ssenarisi üzrə Q.Braginski və B.Koçetovun lentə aldığı bu filmin quruluşçu operatoru F.Novitski, quruluşçu rəssamı G.Əliyev, rejissor assistenti M.Babayev, rejissor köməkçisi A.Allahverdiyev, operator assistenti L.Koretski, direktoru A.Səmədbəyov, inzibatçısı D.Yevdayev idi. Əsas rolları B.Mlixtin, Y.Aqurov, N.Dubrovin, Ə.Məlikov, İ.Əfəndiyev, R.Kazımov, A.Terequlova, T.Qornik, B.Fərəməz ifa edirdilər. Lentin uğursuzluğa düçar olduğunu görən Az.FKİ rəhbərliyi vəziyyəti xilas etmək üçün ssenari üzərində işləmək təklifilə Milkinə dəvət göndərdi. Lakin əsasən maddi məqsəd güdən ssenariçinin başdansovdu işi rəhbərliyi qane etmədiyindən, məsuliyyət Q.Braginskinin üzərinə qoyuldu. İkinci cəhd də uğursuzluğa düçar olduğundan, 1936-cı il oktyabrın 8-də filmin bağlanması, çəkiliş qrupunun və yeni dəvət edilmiş aktyorların (M.Babayeva, Ə.Hüseynzadə, M.Sənani, A.Tahirov, Ə.Qəmərlinski, Ə.Qurbanov, F.Qədri, Y.Sadıxov) azad olunması haqqında qərar qəbul etdi.

Təxminən eyni vəziyyətin digər filmlərdə də yaranması təhlükəsini hiss edən Az.FKİ rəhbərliyi uğursuzluqdan yaxa qurtarmaq üçün sərt tədbirlər görürdü. İstehsalın ilk mərhələsi kimi, ssenarilərin mükəmməlliyinə diqqət yetirən rəhbərlik bu sahədə işləyənlərə lazımi şərait yaratmağa çalışırdı. Ssenariçilər «həyatla tanış olmaq üçün rayonlara, hətta başqa respublikalara ezam edilirdilər. «Azərfilm»in ssenari şöbəsinin işçisi C.Cahanbaxş «Düşmənçilik» bədii, kinodramaturq Y.Zelberberq isə «Pambıq çöllərinin staxanovçusu» sənədli filminin ssenarisi üzərində işləmək üçün Gəncəyə göndərilmişdilər. Lakin çox zaman bu cür addımlar da filmlərin səviyyəsinin yüksəlməsinə təsir göstərə bilmirdi.

Davamı gələn sayımızda

NƏRİMAN