Elektron ədəbiyyat və sənət portalı

Qan qohumluğunun fəsadları

Bölmə: «Aydın Yol»çular 23.09.2016

...Yeni Yasamalda yaxından tanıdığım bir taksi sürücüsü var. Çox zəhmətkeş, səmimi və istiqanlı adamdır. Yaşı 40-a çatmasa da, saçları tamam ağarıb, üzündəki nisgil də elə ilk baxışdan hiss olunur. Bir gün saçlarının belə tez ağarmasının səbəbini soruşdum. Əvvəl susdu, gözləri doldu, sonra cibindən bir şəkil çıxarıb mənə uzatdı. Yataqda yanaşı uzanmış iki qızın fotosu idi.

- Dərdim özümə bəsdir, qardaş. Allah mənə ekiz qız övladı bəxş elədi. Sevincim çox qısa sürdü. Hər ikisi anadangəlmə yataq xəstəsidir. Həyat yoldaşımın 35 yaşı var, dərddən beli bükülüb, qoca qadına bənzəyir, ağlamaqdan gözlərinə mirvari suyu gəlib. Qızların 13 yaşı var, çox çətinliklə danışırlar, sərbəst hərəkət edə bilmirlər, qucağımızda gəzdirməyə məcburuq...

- Xəstəliyin səbəbi nədir? Həkimlər çarə tapa bilmir?

- Beyin hüceyrələrinin və hərəkət aparatının iflici. Həkimlər çoxdan qərar verib: bu uşaqların sağalmaq ümidi yoxdur. Bilirsiz, övlad şirin nemətdir, ondan necə imtina etmək olar? Görünür, qismətim belə imiş... Deyirlər ki, xəstəliyin əsas səbəbi bizim qan qohumluğumuzdur. Valideynlərimin arzusuna əməl etdim, əmim qızı ilə aulə qurdum. Amma nəslimizdə heç vaxt, heç kim bu xəstəliyə tutulmayıb. İkimiz də sapsağlam adamlarıq. Bəs bu bəla hardan bizə tuş gəldi?

Valideyn üçün bundan böyük dərd ola bilərmi? Amma digər faktlar da mövcuddur. Azərbaycanda xeyli ailə var ki, qan qohumları ilə nikaha giriblər və sağlam övladlar dünyaya gətiriblər. Genetik araşdırmalarla məşğul olan mütəxəssislər bunun özünü də anormallıq sayır və nəsillərin hansısa mərhələsində təhlükəli xəstəliklərin əvvəl-axır özünü büruzə verəcəyini söyləyirlər.

Bəs insan taleyində xöşagəlməz fəsadlar törədən qohumlararası nikahlara görə kim mənəvi məsuliyyət daşımalıdır? Axı bu kimi ürəkdağlayan faktlar şəxsi müstəvidən çıxaraq ictimailəşir. Rəsmi məlumatlara görə, bağlanan nikahların 18-19 faizində bəy və gəlin qan qohumluğundadırlar. Elə bu səbəbdən də son 30 ildə hemofiliya xəstəliyinə düçar olanların sayı bir neçə dəfə artıb. Belə nikahların qadağan olunması ilk növbədə xalqın genofondu, gələcək nəsillərin sağlamlıq problemləri ilə bağlıdır.

Düzdür, yad insanların evliliyindən də xəstə uşaq dünyaya gələ bilər, amma bu risk qohum evliliklər arasında daha yüksəkdir. Çünki elə xəstəliklər var ki, onlar zahirən bilinmir, insan müayinədən keçəndə onun genetik xəstəlik daşıyıcısı olduğu aşkar edilir. Odur ki, qohumlar arasında genetik xəstəliklər daha çox rast gəlindiyindən, onların bir-biri ilə izdivaca girməməsi daha məqsədəuyğundur.

Ərəb ölkələri, Misir və Türkiyə kimi ölkələrdə isə bu göstərici daha da yüksəkdir. Qohum nikahların ən çox rast gəlindiyi ölkələrdən olan Türkiyədə bu səbəbdən uşaqlarda bir sıra irsi xəstəliklərin yüksək olduğu müşahidə edilir. Belə ki, Türkiyədə qurulan ailələrin 30-35 faizi qohum nikahların payına düşür.

Ölkəmizdə qohumluq tellərinin daha güclü olduğu bölgələr var. Əhali arasında belə bir fikir formalaşıb: “Qız gözümüzün qarşısında böyüyüb, ədəbli, təhsilli, evdardır. Niyə axı o, başqasına qismət olsun? Oğlan da özümüzünküdür, ətimi yesə də, sümüyümü atmaz, qocalanda mənə həyan olar!”

Səhiyyə və tibb müəssisələri, ictimai təşkilatlar və xüsusən də qadın və ailə problemləri ilə məşğul olan QHT-lər bu məsələdə müstəsna rol oynamalı, əhalinin müxtəlif təbəqələrinə qan qohumları arasında izdivacın gələcək ailəyə sağlamlıq baxımından vura biləcəyi ağır fəsadları geniş izah etməlidir.