Elektron ədəbiyyat və sənət portalı

İki hekayə

Bölmə: Ədəbiyyat 17.09.2016

Günel İMRAN

 

Üzük

 

Günorta idi. Günəş onun gözünü qamaşdırır, metro girişinə yaxın yerdə asfalt üzərində oturmuş dilənçi qarının fəryad dolu səsi isə əsəblərinə toxunurdu. Dilənçinin gözləri görmürdü. Cavid cibindən çıxardığı təkqaş brilyant üzüyü qarının ovcuna qoyaraq, metro girişinə yaxınlaşdı. Qarı ovcundakı üzüyə baxa-baxa qalmışdı. Günəşin altında üzük daha çox parıldayırdı. Üzüyü görən dilənçi özünü yalandan korluğa vurduğunu da unutdu. Çəliyini yerdə qoyub naməlum istiqamətdə getdi. Cavid adətən hər səhər eyni saatda metroyla işə gedir, qatarda adətən eyni insanlarla qarşılaşırdı. Yolda tanımadığı insanların söhbətinə qulaq asmaq xoşuna gəlirdi. Bu günsə işə həmişəki kimi səhər deyil, günorta gedəsi olmuşdu. Ötən gün axşam üçillik sevgilisinə etdiyi evlilik təklifinə yox cavabı aldıqdan sonra içib sərxoş olaraq küçədə skamyada yatmışdı. Səhərə yaxın evə gələndə isə özünə gəlməsi vaxt almışdı. Buna görə də işə gecikmişdi. Fikirli olduğuna görə gələn qatarlara əhəmiyyət verməyib, bir neçə qatarı ötürdü. Özünə gələndə sərnişinlərin azlığına təəcübləndi. Səhərlər metroda adam çox olardı. İndi isə sərnişin az idi. Qatara minib xoşuna gələn yerdə əyləşdi. Cavid dünənki hadisəni xatırlayanda ürəyi sanki hülqumunda döyünürdü. Qoyunları saymağa başladı. Çox adam yuxusuzluqdan əziyyət çəkəndə sayırsa, Cavid kefi pis olanda həmişə beləcə ürəyində saymaqla sakitləşirdi:

- Bir qoyun. İki qoyun, bir keçi. Üç qoyun, iki keçi, bir inək. Dörd qoyun, üç keçi, iki inək, bir at. Beş qoyun...

Qatar növbəti stansiyaya yaxınlaşır, qapılar açılır. Qatara başında gülməli bantı olan qız daxil olur. Bantın üzərindəki iri plasitk ağ gül çox bayağı görünürdü. Qızı görəndə Cavidi gülmək tutmuşdu. Qızsa boş yerləri ötürərək, nazlana-nazlana gəlib Cavidin yanında əyləşdi. Qızın adı Aysel idi. Cavid hələ bunu bilmirdi. Yerişi, baxışı ilə nəzər cəlb etməyi yaxşı bacaran Aysel diqqət mərkəzində olmağı sevirdi. Cavid “Ona necə güldüyümü görmədi, yoxsa bu qədər boş yerləri qoyub niyə yanımda otursun” - düşündüyü vaxt qız ona gülümsəyirdi. Yaxından baxanda qızın başındakı bant daha da zövqsüz görünürdü. Cavid yanaşı oturduqlarına görə qıza baxmağa utanırdı. Çünki yanındakı adamı süzməyi ədəbsizlik sayırdı. Qızın iyirmi yaşı olardı. Ağ köynək, qara şalvarda məktəbliyə oxşayan qızın üz cizgiləri xoşagələn idi. Çox qısa saçları var idi. Başındakı bant həm diqqəti cəlb edir, həm də onun görkəmini korlayırdı. Qız çantasından qalın bir kitab çıxarıb vərəqlədi. İngilis dilini öyrənməyə başlayanlar üçün olan kitabı vərəqləyəndə gah səhifələrə, gah da Cavidə baxırdı.

Ayselə görə, qatarda sanki Cavidlə özündən başqa kimsə yox idi. Qarşı tərəfdə əyləşənlərə fikir vermirdi. Aysel yandakı boş yerlərə baxmayaraq, Cavidə çox yaxın oturmuşdu. Elə bil kitabı Cavidə göstərmək üçün vərəqləyirdi. Qız kitabını çıxaranda Cavid saymağı dayandırdığını xatırladı:

- Harda qalmışdım, görəsən... Bir qoyun. İki qoyun, bir keçi. Üç qoyun, iki keçi, bir inək . Dörd...

Qızın əlindəki kitabın arasındakı qələm yerə düşdü. Cavid yerdə diyirlənən qələmi götürüb qıza uzadarkən barmaqlarının ucları bir-birinə toxundu. Bu an qız onun gözlərinin içinə baxaraq güldü.

- Dörd qoyun, üç keçi, iki inək, bir at. Beş qoyun, dörd keçi, üç inək, iki at, bir pişik. Altı qoyun, beş keçi, dörd inək, üç at...

“Bax, indicə baxacaqsan. Başqa yolun yoxdur. Xoşuna gəlmişəm” - Aysel gözlərini ona zilləyərək ürəyində bunları deyirdi.

Qatar artıq iki stansiya getmişdi, amma kitabın səhifəsi dəyişməmişdi. Cavid kitaba baxırdı. Dil öyrənməyə yeni başlayanlar üçün ... Aysel onun kitaba baxdığını görəndə “kaş evdən çıxanda daha qəliz bir kitab götürəydim” düşündü.

- Beş... Yox. Altı qoyun, beş keçi üç it, iki at, bir pişik. Yeddi qoyun, altı keçi... Görəsən adı nədir?

Bunları ürəyində sayarkən Cavid Ayselə qəti baxmırdı.

“Özündən yaman razıdır. Bir buna bax. Axı niyə baxmır mənə heç. Bəlkə, gözlərində nəsə problem var?! Eynəyi evdə qalıb məni yaxşı görmür.”

Aysel üzdə təmkinini qorumağa çalışsa da, oğlanın ona əhəmiyyət verməməsinə əsəbiləşirdi. Qatar stansiyaya yaxınlaşanda Aysel Cavidə baxa-baxa kitabı çantasına qoydu. İlk dəfə idi ki, özünə inamı sarsılmışdı. Yerindən qalxarkən ayağı büdrədi. Cavidin üzərinə yıxılmaq üzrəykən başqa bir sərnişin onun qolundan tutub yıxılmağa qoymadı. Aysel qapıya yaxınlaşdı. Ayağını qatardan çölə atan anda yenidən arxaya dönüb oğlana baxdı. Cavid tərəddüd edirdi. Amma qapı bağlanan anda yerindən qalxaraq cəld qapıya tərəf qaçdı. Bağlanmaq üzrə olan qapını aralayaraq qatardan çıxanda kütləyə qarışan qız Cavidin onun arxasınca gəldiyini bilmirdi. Və Cavid ona ilk dəfə salam verdi. Onlar eskalatorla qalxanda, eskalatorun digər istiqamətiylə düşən həmin dilənçi qadın üzüyü baha qiymətə satdığına görə sevinirdi.

 

Dairə

 

Xoruz hələ banlamamışdı. Böyük karton yeşiyi içinə yerləşdirdiyi zənbilini sürüyə-sürüyə çürük taxta qapını açıb küçəyə çıxdı. Lap küçə alverçisinə, məhəllənin həndəvərində səfillənən, nə soruşsan “biş manat ” deyən çinlilərə oxşayırdı. Zığlı-palçıqlı yolları ayağındakı qaloşla arxada qoydu. Sonra zənbilə üstdən qoyduğu bükülünü açdı. Burnu yeyilmiş çəkməsini geyindi. Qaloşu isə qəzetə büküb zənbilə qoydu. Əlini qaldırıb yaxınlaşan avtobusu saxlatdı. Avtobusa mindi, hər səhər pirojki satdığı məkana yollandı. İşi pis getmirdi, iki-üç saata hamısını satıb evə qayıdırdı. Onun işlərindən xəbərdar olan sürücü on dənə pirojki aldı. Yanındakı konduktora tərəf dönüb:

- Ə, ye, utanma. Acından ölürəm, bir də baxıb görəcəksən heç nə qoymamışam qalsın. İşində ol. Zalımın qızı qəşəng bişirir.

Sürücü ilə konduktor sellofan torbanı açıb pirojkiləri yeməyə başladılar. Sürücü yağlı əlləri ilə gah pirojki yeyir, gah da sükandan bərk-bərk yapışırdı. Buna baxanda pirojkini bişirən qadını öyümək tutdu. Qusmamaq üçün ağzına nanəli konfet atdı. Ürəyində haqq- hesab apardı:

“Əşi, neyləyim mən? Bütün günah siçan dərmanı satan Səriyyədədir. Geydirmə dərmanı satıb bütün məhəlləyə...Yoxsa camaat öz başının çarəsini qılardı. Hər yeri siçan basıb. Az qalır, siçanların əlindən evimizi də qoyub qaçaq”.

Onların pirojki yeməyinə baxdıqca, un kisəsində gördüyü siçanlar gözünün önünə gəldi. Siçan balalarını necə qovaladığını və sonra həmin undan böyük ləyəndə xəmir yoğurmağını xatırladı. Hələ evdən çıxanda oğlunu pirojki yemək istəyəndə görüb tez onu uşağın əlindən almışdı. Siçan dərmanı satan Səriyyə isə bu sürücünün arvadı idi.

Sürücü ilə konduktor pirojkiləri yedikdən sonra qəzet vərəqlərinə əllərini sildilər Sonra hamısını pirojkinin sellofan torbasına yığdılar. Sürücü torbanı avtobusun pəncərəsindən birbaşa küçəyə atdı. Torba süpürgəçi qadının qarşısına düşdü. İşindən boğaza yığılmış süpürgəçi hirslənib avtobusun ardınca “Adamlığı olmayan heyvan” - deyə qışqırdı və bunun onun taleyinə yazılmasına görə dərin bir köks ötürdü. Torba ona tanış gəlməsə də, bu torbanı pirojki satan qadın süpürgəçinin ərindən almışdı. Kişi pirojkisatan qadını aldadaraq sellofan torbaları öz qiymətindən baha satdığına sevinmişdi. Süpürgəçinin süpürdüyü yoldan azca uzaqlaşmışdılar ki, avtobusun benzini qurtardı. Sürücü bu işə məəttəl qaldı. Axı yetərli benzin olmalı idi. Sürücü çarəsiz halda ora-bura baxdı və sərnişinlərə düşmələrini söylədi. Hamı kimi pirojkisatan qadın da yarıyolda düşdü. Çox gözlədi, başqa avtobus gəlmədi. İşlərin düz getməməyindən, bəxtsizliyindən üsyankarcasına şikayət etdi. Sonra zənbilindən qaloşunu çıxarıb yenidən geyindi. Uzun yolu piyada, zənbilini sürüyə-sürüyə getməyə məcbur oldu. Əgər pirojkisatan qadının qarajda qarovulçu işləyən əri avtobusun benzinini gecə vaxtı rezin şlanqla çəkib oğurlamasaydı, benzin həqiqətən bütün yola kifayət edərdi.