Elektron ədəbiyyat və sənət portalı

Nuru Paşadan yadigar qalan məğlubedilməzlik rəmzi

Bölmə: Tarix 17.09.2016

1918-ci ilin avqust-sentyabr aylarında Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsi uğrunda gərgin döyüşlər başlanır. Göyçaydakı ilk döyüşdə daşnak-bolşevik qüvvələr məğlub olub geri çəkilir. Bakıya - ölkənin paytaxtına gedən yollardakı duman bir az seyrəlir. 1918-ci il sentyabr ayının 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu, Azərbaycan Milli Korpusu və çoxsaylı azərbaycanlı könüllü Bakıya daxil olaraq şəhəri erməni-bolşevik qüvvələrindən təmizləyir. Bakının azad edilməsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Məşhur milyonçu və tanınmış xeyriyyəçi Zeynalabdin Tağıyev ordunun şərəfinə ziyafət verir.

Bu gün xalqımızın yaddaşında Nuru Paşa ilə bağlı xoş xatirələr yaşayır. Bir çox tarixi mənbələrdə göstərilir ki, Nuru Paşa bir hərbçi kimi uğurunu Azərbaycanda əldə edib. Qardaş ölkədə qazandığı qələbələrlə təkcə Osmanlı dövlətinin deyil, Azərbaycanın da hərb tarixində və ümumən Türkiyə-Azərbaycan tarixində silinməz izlər qoyub.

Həmin günlərdə Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsində şəhər sakinlərinin də böyük fədakarlığı olub. Qoynunda böyüdüyü şəhərini azad görmək istəyən sakinlər xilaskar türk əsgərlərinə hər addımda kömək ediblər. Camaat onları öz evində saxlayaraq qonaqpərvərlik göstərib, mənəvi dəstək olublar.

Türk əsgərlərinə kömək edən, onlara ocağının başında yer göstərən insanlardan biri də İçərişəhər sakini Şıxəli Hacıyev olub. Çox xeyirxah və vətənpərvər olan Şıxəli Hacıyev 1880-ci ildə İçəri şəhərdə dünyaya göz açmışdı. Sövdəgər nəslindən olan Şıxəli kişinin Bakı şəhərinin mərkəzində bir neçə yerdə qalanteriya dükanları var imiş. 1918-ci ilin mart ayında ermənilərin Bakıda törətdikləri soyqırımının canlı şahidi olan Hacı Şıxəli neçə-neçə ailəni ölüm təhlükəsindən qorumuşdu. O şəhərini azad görmək istəyirdi. Türk əsgərləri ölkənin paytaxtına daxil olanda Hacı Şıxəli onlara əlindən gələn köməyi edib, xeyirxahlığını bu xilaskarlardan əsirgəməyib. Hacı Bakını azad edən türk əsgərlərinə həssaslıqla, hörmətlə yanaşıb. Var-dövlətini şəhərimizin erməni-bolşevik dəstələrindən azad edilməsi yolunda səxavətlə xərcləyib. Xeyli müddət onları yataqla, ərzaqla təmin edib. Türk əsgərlərinə mənəvi dəstək olaraq onları döyüşə, daşnak-bolşevik qüvvələrini məhv etməyə ruhlandırıb.

Məhz belə xeyirxah və cəsarətli insanlar sayəsində Bakımız, qədim İçərişəhərimiz istilaçı qüvvələrdən azad edilib. Həm Bakı qoçularının, həm də Hacı Şıxəli kimi ləyaqətli insanların hesabına ermənilər İçərişəhərdə soyqırımı törədə bilməyiblər. İçərişəhərin küçələrinə onun sakinlərinin qanı tökülməyib.

Türk əsgərlərinin şəhər sakinləri tərəfindən yerlərdə belə mehriban qarşılanması xəbərləri general-mayor Nuru Paşaya da gəlib çatırmış. Tabeliyində olan əsgərlərin belə sevinclə qarşılanması onun da ürəyini açırmış. Şəhər sakinlərinə olan hörmət və rəğbətini artırırmış.

1918-ci il noyabr ayının 10-da Azərbaycan hökuməti Nuru Paşanın şərəfinə təntənəli ziyafət verib. Azərbaycan hökumətinin sədri F.X.Xoyski, Müsavat Partiyasının lideri M.Ə.Rəsulzadə çıxış edərək Nuru Paşaya və onun komandanlıq etdiyi qoşunların əsgər və zabitlərinə göstərdikləri qəhrəmanlıq və fədakarlığa görə Azərbaycan xalqı adından minnətdarlıq ediblər.

Şəhər sakinləri ilə görüşlərində Qafqaz İslam Ordusunun komandanı bu mehribanlığa görə onlara minnətdarlığını bildirirdi. Həmin gərgin günlərdə İçərişəhərə gələn Nuru Paşa sakinlərlə görüşmüş, türk əsgərlərinə göstərdiyi mehribanlığa, vətənpərvərliyə görə yadigar olaraq, üzərində Fateh Sultan Mehmetin möhürü və ay-ulduz həkk olunmuş qəməsini Hacı Şıxəliyə vermişdi. Hacı Şıxəli Nuru Paşanın ona bağışladığı qəməni ömrünün sonuna kimi iftixarla qoruyub saxlamışdı. Onun ölümündən sonra isə Nuru Paşanın hədiyyə etdiyi qəməni onun oğlu Məmməd Naib qorumuşdu. İndi isə həmin qiymətli hədiyyə Hacı Şıxəlinin nəvəsi, hazırda Mirzə Fətəli Axundzadə adına Milli Kitiabxanın beynəlxalq əlaqələr üzrə direktor müavini Mələk xanım Hacıyevadadır. Nuru Paşanın bağışladığı qəmə bu ailədə, bu evdə qardaşlıq və məğlubedilməzlik rəmzi kimi saxlanılır və maraqlananlara ürəkaçıqlığı ilə nümayiş etdirilir.

Nuru Paşanın 1918-ci ildə Hacı Şıxəliyə qəməsini bağışlaması haqqında məlumatı ilk dəfə onun nəvəsi Mələk xanım Hacıyevadan eşitdim. Bir əsrə yaxın yaşı olan həmin qiymətli hədiyyəni görmək üçün Mələk xanımın iş yerinə getdim. Qəməni görəndə heyrətimi gizlədə bilmədim. Evdə, ailədə onu yaxşı qoruyub saxlamışdılar.

Qəməyə toxunanda sanki qandan yaddaşım oyandı. Bir vaxtlar Bakını erməni-bolşeviklərdən azad etmiş qüvvələrin komandanı olmuş general-mayor Nuru Paşanın üstündə gəzdirdiyi qəmənin üzərində indi mənim barmaqlarım gəzirdi. Doğrudan da, çox iftixar duyulası anlar idi. Qəməyə məğlubedilməzlik və azadlıq rəmzi kimi baxdım. Onun sahibi canı, qanı bahasına ölkəmizin paytaxtı Bakı şəhərini erməni-daşnak qüvvələrindən azad edərək təzədən xalqımıza qaytarmışdı. Buna görə Azərbaycan xalqı Nuru Paşanı həmişə böyük ehtiramla anır, hörmətlə xatırlayır.

Müxtəlif rakurslardan qəmənin şəklini çəkəndən sonra Mələk xanım Hacıyeva onunla bağlı xatirlərini çözələdi. Nənəsi Tubu xanımın danışdıqlarını dilə gətirdi:

- O illəri xatırlayan nənəm həmişə bizə danışardı ki, erməni-müsəlman qırğınında babanız bu evdə çoxlu türk döyüşçüsü saxlayırdı. Onların aralarında elə zabitlər var idi ki, Türkiyədən birbaşa bu evə babanıza görə gəlirdilər. Şıxəli hərbçiləri ürəkaçıqlığı ilə qəbul edir, yedirib-içirdir, döyüşmələri üçün əlindən gələn köməkliyi edirdi. Türk əsgərləri Bakını azad edəndən sonra Türkiyəyə qayıtmağa hazırlaşırdılar. Yola düşən gün babamız onlara yaxşıca bir ziyafət də verdi. Türk əsgərləri bizdən göz yaşları içində ayrıldılar.

Görkəmli sərkərdə Nuru Paşanın Hacı Şıxəliyə hədiyyə etdiyi qəmənin üstündə əski əlifba ilə bir cümlə yazılıb. Bu sözlərin mənasını bilmək əlbəttə ki, mənim üçün maraqlı idi. Mələk xanımdan öyrəndim ki, cümləni Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət tərcümə edib. Qəmənin üstündə bu sözlər yazılıb: «Döyüşdə zərbə endirmək, döyüşə hazır olmaq, haqqını ödəmək». Döyüşə, mərdliyə, igidliyə çağıran çox dəyərli sözlərdir. Buradan belə nəticə çıxarmaq olur ki, savaş zamanı nəinki sərkərdənin, zabitin, əsgərin, hətta qılıncın, bıçağın qəmənin də döyüş vəzifəsi var. Təbiidir ki, bütün bunlar müharibələrin yazılmış və yazılmamış qanunlarıdır.

Sözsüz ki, 1918-ci ilin mart soyqırımı günlərində erməni-bolşevik qüvvələrinin İçərişəhərə daxil ola bilməməsində türk əsgərləri ilə bərabər, qədim İçərişəhərimizin Hacı Şıxəli kimi hörmətli, nüfuzlu sakinlərinin də əməyi çox olub. Xalq yolunda çəkilən zəhmət, görülən iş heç vaxt unudulmur. Hacı Şıxəli kimi xeyirxah insanlar indi haqq dünyasına qovuşsalar da, qədirbilən xalqımız həmişə onları hörmətlə xatırlayır.

Düşünürəm ki, Nuru Paşanın Hacı Şıxəliyə qəməsini bağışlamasında da bir rəmz var. General ona başqa bir əşya da verə bilərdi. Amma görkəmli sərkərdə qəmə hədiyyə edib. Çünki qəmə döyüş ləvazimatıdı, savaş alətidi. Yəqin general bununla demək istəyib ki, nə qədər erməni kimi düşməniniz var, silahınızı əlinizdə hazır tutun, həmişə döyüşə hazır olun, şəhər və kəndlərinizi, torpaqlarınızı yağılardan gözbəbəyiniz kimi qoruyun.

Vahid MƏHƏRRƏMOV