Doğma dillərin uzaq gizlinləri

Yazarlar 17.09.2016

Mirzə Ələkbər Sabir təqribən yüz il əvvəl Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə tərcümənin lazım olmadığını “Osmanlıdan tərcümə türkə, bunu bilməm” misrası ilə ifadə edirdi...

Amma bir məsələ də var  ki, o vaxt Osmanlıda və Rusiya imperiyasının Azərbaycan da daxil olmaqla, bir sıra regionlarında az qala ortaq türkcədə danışırdılar, ona görə də bir-birlərini başa düşmək çətin deyildi. Ötən yüz ildəsə hər iki dilin lüğət tərkibi xeyli dəyişdiyindən, artıq böyük Sabirin fikrilə razılaşmaq olmaz.

Əlbəttə, hər bir dilin qorunması və zənginləşdirilməsi uzun çəkən prosesdir. Bu proses dövlətin gördüyü tədbirlərlə məhdudlaşmır, həmin prosesdə müxtəlif qurumlar və fərdlər də iştirak edirlər. Məsələn, bir neçə il əvvəl Azərbaycan teleefirində Türkiyə türkcəsində nümayiş etdirilən filmlərin, teleserialların yayımı qadağan edildi, türk dilinə xarici dil statusu verildi. Amma həmin qadağa daha bir ağrılı vəziyyəti – Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə tərcümənin ümumi mənzərəsini də ortaya qoydu. Məlum oldu, bu sahədə vəziyyət heç də ürəkaçan deyil.

İndiyədək Türkiyə türkcəsinin dil qatlarını kifayət qədər gözəl ifadə edən – Nəcib Fazil Qısakürəyin hekayə və pyeslərini, Ahmet Hamdi Tanpınarın “Saatları qurma institutu”, Orxan Pamukun “Mənim adım Qırmızı”, “Qara kitab”, Elif Şafakın “Eşq”, “Qara süd”, “Ustam və mən”, İskəndər Palanın “Şah və Sultan”, “Od”, Ahmet Ümitin “İstanbul xatirəsi”, Gül İrepoğlunun “Cariyə”, “Gölgəmi qoydum zanbaq bağçalarında”, Mehmet Mollaosmanoğlunun “Cənnət ayrıcı” romanlarını və bir sıra başqa əsərləri Türkiyə türkcəsindən dilimizə çevirmişəm. Həmişə də Azərbaycan ədəbi mühitində Anadolu türkcəsindən dilimizə tərcümənin zəruriliyinə ehtiyac olmadığı barədə fikirlərin formalaşmasından narahatlığımı ifadə etmişəm. Adını “uyğulama” qoyub əndrəbadi mətnləri oxuculara sırıyanlar kifayət qədərdir. Bu da Azərbaycan türkcəsinin korlanmasına gətirib çıxarır. Çünki Anadolu türkcəsində aldadıcı - formaca dilimizdəkilərə oxşar, mənaca tamam fərqli sözlər istənilən qədərdir. Nəticədə, məsələn, “merdiven” (pilləkən) “nərdivan”, “leylak” (yasəmən) “leylək” kimi... təqdim olunur, gülməli-ağlamalı məna təhrifləri meydana çıxır.

Tərcüməşünaslığın ən yeni sahələrindən olan qohum dillərdən tərcüməylə bağlı çox uzun və qiymətli zaman itirmişik.

Bir çox xalqlarda qohum dillərdən tərcümə nəzəriyyəsi və təcrübəsi formalaşdığı halda (məsələn, rus-bolqar, rus-belarus, rus-ukrayna və s.), biz Türkiyədə və türkdilli respublikalarda yaranan əsərləri dilimizə əsasən ruscadan çevirmişik, nəticədə “suyunun suyu” alınıb, indi də Türkiyə türkcəsindən əlimizə keçəni, qohum dillərdən tərcümənin çox spesifik, ilk baxışdan nəzərə çarpmayan, amma dərində kök salmış xüsusiyyətlərini nəzərə almadan “tərcümə” edirik.

Tanınmış türkoloq-alim, filologiya elmləri doktoru, professor Əsgər Rəsulovun bir neçə il əvvəl nəşr etdirdiyi “Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili” monoqrafiyasında qohum dillərdən tərcümə nəzəriyyəsilə bağlı indi ədəbi təsərrüfatımızda mövcud olan vəziyyəti çox dəqiq ifadə edən fikriylə də tamamilə razıyıq: “...Türkcədən azəricəyə tərcümədə “oxucu nəzarəti xofu”, görünür, bəzən o qədər güclü olur ki, mütərcimlər “eyni dil” (aldadıcı oxşarlıq) stereotip düşüncə səbəbiylə əməklərinin istehza ilə qarşılanacağı ehtimalına görə, yaxud da öz səhvlərini əvvəlcədən sığortalamaq naminə, türkcədən etdikləri tərcümələrin altına “azəricələşdirən”, “Azərbaycan dilinə uyğunlaşdıran”, “dilimizə nəql edən”, “azəricəyə işləyən”, “dilimizə uyğulayan” və s. yazırlar...”. Doğrudan da, adı nə olursa-olsun, ortaya çıxan məhsul tərcümədir və söhbət yalnız onun səviyyəsindən gedə bilər.

Şübhəsiz, Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə tərcüməni, ümumiyyətlə, qəbul eləməyənlər də var. Bunu yalnız şəxsi mülahizə sayırıq, çünki onda belə çıxır, Türkiyə türkcəsində hər hansı bir əsəri oxuyanın əlinin altında mütləq türkcə-azərbaycanca lüğət də olmalıdır ki, demək olar, hər cümlədə rast gəldiyi anlaşılmayan sözləri başa düşmək üçün o lüğətə baxsın. Görkəmli dilçi-ədəbiyyatşünas, yazıçı Kamal Abdullanın “...ən çətin tərcümə, əslində yaxın dillərdən tərcümədir” fikri, güman edirik ki, bu sənətə ciddi münasibət bəsləyən hər kəs üçün həqiqətdir.

Fikrimizcə, Türkiyə türkcəsindən tərcüməni türkcənin qatlarına, gizlinlərinə bələd olanlar etməlidirlər.

Qohum dillərdən tərcümənin çətinliyinə gəlincə, gərək tərcüməçilər, xüsusilə də gənc tərcüməçilər bunu heç vaxt unutmasınlar.