Elektron ədəbiyyat və sənət portalı

“Ən yeni ədəbiyyat” antologiyasına daxil ediləcək imzalar müəyyənləşib

Bölmə: Ədəbiyyat 17.09.2016

Toplantıda antologiyanın hazırlanması prosesində görülən işlər müzakirə edilib, heyət üzvləri – ədəbi tənqidçilər Vaqif Yusifli, Əsəd Cahangir, Rüstəm Kamal və Mərkəzin Elm, təhsil və mədəniyyət şöbəsinin müdiri, yazıçı-tərcüməçi Yaşar Əliyev, dil mütəxəssisi, yazıçı-tərcüməçi Etimad Muradov təqdim olunan nümunələrin bədii keyfiyyəti, dil və üslub xüsusiyyətləri və s. barədə fikirlərini bölüşüblər. Toplantıda səslənən fikir və təkliflərin qısa xülasəsini oxuculara təqdim edirik:

Ə.Cahangir: Öncə şeirlər barədə fikrimi bildirmək istərdim. Heç bir tərəfkeşlik etmədən, hətta ədəbi mühitdə yerindən və mövqeyindən, tanınıb-tanınmamasından asılı olmayaraq hər bir şairin yaradıcılığına diqqətlə yanaşmağa çalışmışam. Bütün təqdim olunan nümunələri iki, bəzilərini, bir neçə dəfə oxumuşam. Elə gənc şair olub ki, iki yüz misra təqdim edib, içərisindən yüzünü də seçmişəm.

R.Kamal: Yəni, hər şeir ayrıca bütöv vahid kimi qalıb, kəsilib-doğranmayıb…

Ə.Cahangir: Təbii, hər bir şeir tam olaraq qalır. Nasirlərə gəlincə, əksəriyyəti özü seçdiyi bir hekayəsini göndərmişdi, amma eyni zamanda üç-dörd hekayəsi arasından birini seçdiyim nasirlər də var. Bu almanax dünyanın nə əvvəli, nə də axırıdır. Adını zəif qismində qeyd etdiyimiz gənclərin yeni və maraqlı yazıları olarsa, bunu mütləq gələn almanaxlarda nəzərə alacağıq.

E.Muradov: Tərcümə Mərkəzinin də məqsədi elə budur ki, maraqlı imzalardan heç biri kənarda qalmasın və istedadsız şəxslərin yazıları bu antologiyaya daxil edilməsin.

V.Yusifli: Müəyyən olunmuş, təxminən otuz şairin poeziya nümunələri siyahısında, demək olar ki, istedadsız yazı yoxdur. Uzaqbaşı, kiminsə mətnləri kiminləsə müqayisədə bir qədər zəif, ya güclü görünə bilər.

Ə.Cahangir: Yeri gəlmişkən, gənclər arasında öz imzasıyla seçilən bir neçə gənc də var ki, onların diqqətdən kənarda qalmasını istəməzdik. Məsələn: Anar Həbiboğlu çox istedadlı şair idi, bu yaxınlarda rəhmətə gedib. Əruzda yazan gəncləri də bu müəlliflərin arasında görmək çox xoş olardı.

Y.Əliyev: Təklifləriniz nəzərə alınacaq və adıçəkilən imzaların hamısı siyahıya əlavə olunaraq, yekdil fikir bildirilməsi üçün heyət üzvlərinə təqdim ediləcək.

Ə.Cahangir: Oxuduğum bədii nümunələri 4 kateqoriyaya bölmüşəm. Birinci, birmənalı şəkildə çap olunmasını istədiyim imzalar. İkinci, birincilər qədər olmasa da, yazıları az-çox maraq doğuran gənclər. Üçüncü, bu imzaları antologiyaya daxil etmək də olar, etməmək də. Dördüncü, hələ ki, əsərlərinin bu səpkili antologiyalarda yayımlanmasını münasib bilmədiiklərim. Bu imzalar arasında eləsi var ki, hekayəni yaxşı, maraqlı başlayır, amma mövzunun bədii həllini verə bilmir.

Y.Əliyev: Kənan Hacının, İlqar Fəhminin və Şərif Ağayarın yaşı 40-ı keçdiyi üçün onları məhz bu antologiyaya yox, digər toplulara daxil edə bilərik. Bəzi gənc yazarlar da var ki, əslində, normal mətnləri var, amma bizə zəif hekayələr göndəriblər, onların başqa hekayələrinə də baxmaq olar.

Ə.Cahangir: Elə müəllif var ki, şeir də təqdim edib, hekayə də, amma şeirləri daha münasibdir.

R.Kamal: Uşaq mətnləri yazan müəlliflərdən də istedadlılarını siyahıya əlavə etməyimiz məqsədəuyğun olardı.

E.Muradov: Siyahını yeniləyib, yenidən sizlərə təqdim edəcəyik.

R.Kamal: Ola bilsin, son mərhələdə də siyahıdan çıxdaş edəcəklərimiz olacaq.

Y.Əliyev: Əlbəttə, artıq bizlər üçün mənzərə kifayət qədər aydın olsa da, siyahı hələ qaralama mərhələsindədir, yəqin ki, yenə müəyyən təmizlənmələr, yaxud əlavələr olacaq.

V.Yusifli: Düşünürəm ki, həm poeziya, həm də nəsr üzrə yekun siyahıda ortaq məxrəcə gələ biləcəyik.