Elektron ədəbiyyat və sənət portalı

Bir dəniz çağlayırdı...

Bölmə: Tarix 17.09.2016

Xəbər lentindən oxudum ki, BMT-nin qərarı ilə 1978-ci ildən etibarən hər il sentyabrın sonuncu həftəsi  “Beynəlxalq Dəniz Günü” kimi qeyd olunur. Sevindim. Deməli, dünyalar qədər sevdiyim, könül verdiyim Xəzərimin bayramıdır.

Məncə, bu lacivərd dənizin hər damlası şirin xatirələrlə, kitablara sığmayan ömür hekayətləri ilə doludur, yaxşı günümüzdə də, pis günümüzdə də bizə qucaq açıb sözümüzü dinləyən Xəzər müqəddəs sirrlərimizi həmişə canfəşanlıqla qoruyub. Bəlkə də, gələcəkdə insanlar suyun dilini anlamağı öyrənəcəklər, dənizlə danışıb, söhbətləşəcəklər. Xəzərin insanlara deməyə o qədər sözü var ki...

...1968-ci ilin qızmar yay günlərindən birində, Abşeronun mərkəzində, Bilgəh bağlarından dənizə aparan qumsallıqla üç uşaq və bir kişi irəliləyirdi. Atamla qonşu Poqosun oğlu Roma irəlidə gedirdilər, biz də “demokrat Elman”la (İrandan köçüb gəldikləri üçün dostumuzu belə çağırırdıq) onlara çatmağa çalışırdıq. Velosipedimin – “28”-in pedallarını qumda güclə fırladırdım, tərs kimi Elman da tullanıb arxa oturacağa minməyə çalışırdı.

Yol kənarında su quyusu vardı, üstünə “İmam ehsanı” yazmışdılar. Vedrəni sallayıb su çəkdik, buz kimi idi, sərinlədik.  Roma atamla  böyüklərə xas tərzdə söhbət edirdi.

- Sabir əmi, düzdür ki, siz də, Gülya xala da (anamın adı Bibigül olsa da, qonşular belə çağırırdılar)  Yerevanda işləmisiz?

- Bəli, Azərbaycan dilində çıxan “Sovet Ermənistanı” qəzetində. Mən texniki redaktor olmuşam, Gülya xala da korrektor. Niyə soruşursan?

- Heç... - Romanın səsində acı bir məyusluq duyuldu. - Mənim 11 yaşım var, amma hələ Yerevanı görməmişəm. Atam deyir ki, çox gözəl şəhərdir...

- Hə, Yerevan pis deyil. Ancaq Bakıya çata bilməz. Dəniz sahilində belə gözəl şəhərin tayı-bərabəri yoxdur. Həm də axı, bura sənin doğma səhərindir. Bakıda doğulmusan...

Roma sanki atamı eşitmirdi, elə bil öz-özü ilə danışırdı.

- Deməli, Yerevanın da dənizi olsaydı, dünyanın ən gözəl şəhəri olardı, hə?

Atam gülümsündü:

- Bu, Allahın işidir, oğlum. Yəqin, biz Allahın çox xoşuna gəlmişik ki, müsəlmanlara belə gözəl, özü də bərəkətli dəniz bəxş eləyib.

Roma sanki deyilənləri eşitmirdi, gözlərini bir nöqtəyə zilləyib qalmışdı.

- Sabir əmi, amma atam deyir ki, Ermənistan əvvəllər çox böyük ölkə olub. Hətta elə böyük olub ki, bir ucu gəlib çıxıb Xəzər dənizinə. Sonra azərbaycanlılar gəlib erməniləri öldürüblər, onların torpaqlarını əllərindən alıblar. Düz deyir?

Atam köks ötürdü, dərhal cavab vermədi. İndi anlayıram ki, o, Romanın uşaq qəlbini qırmamaq üçün ürəyində yumşaq sözlər axtarırmış.

- Yox, dostum, Poqos səhv danışır, səni də çaşdırır. Atan yaxşı ustadır, əlindən hər iş gəlir. Amma oxumayıb, təhsil almayıb. Ona görə də nağıl danışır. Bax, sən, elə siz hamınız, böyüyərsiz, instituta daxil olarsız, tarixi öyrənib görərsiz ki, kim kimin torpağını əlindən alıb, kim kimə hücum edib, kim Bakının göbəyinə qədər gəlib, kim azərbaycanlı anaları, qocaları, uşaqları qılıncdan keçirib!

Çox sonradan bildim ki, atam XX əsrin əvvəllərində Azərbaycanda və Bakıda baş vermiş erməni-müsəlman davasına, erməni daşnaklarının azərbaycanlıları kütləvi surətdə məhv etməsinə, soyqırımına işarə edirmiş. Şübhəsiz, biz, 1968-ci ildə bunları bilmirdik.  Çünki Sovet dönəmində bu barədə danışmaq yasaq idi.

Atam susdu. Cibindən “Avrora” qutusunu çıxarıb papiros yandırdı, dərin qüllab vurub sözünə davam etdi:

- Roman, bəlkə sən tarixçi oldun, hə? Birdən bu barədə əsər yazmalı oldun? Amma bil ki, tarix həqiqəti sevir. Yalan ayaq tutar, yeriməz.  Yadında saxla ki, Azərbaycan çox qədim ölkədir, azərbaycanlılar da həmişə yadelli düşmənlərə qarşı ölüm-dirim savaşı aparıblar.

Roman  birdən sanki nəyi isə xatırlayıbmış kimi canlandı:

- Sabir əmi,  bax, “demokrat” Elman zavmaq olmaq istəyir, Fərhad jurnalist. Mən də hərbçi olacağam. Anam deyir ki, hərbçilər yaxşı maaş alırlar, onlara dərhal ev verirlər. Evimiz yoxdur axı... (Poqos orda-burda ustalıq edirdi, onun-bunun komasında yaşayırdı.)

Bu hadisəni təsadüfən xatırlamadım. Biz “Min bir gecə” nağıllarını oxuyub “ala-bula boz keçi”ni əzbərləyəndə, məktəbdə xalqlar dostluğuna aid divar qəzetləri buraxıb disputlar keçirəndə, poqosların evində sən demə əsl anti-azərbaycan təbliğatı gedirmiş. Poqoslar, romanlar qonşuluqda sakitcə, yazıqcasına və yaltaqcasına yaşayaraq, çörəyimizi yeyiblər, özləri isə “Böyük Ermənistan” xülyası ilə yatıb-durublar.

Biz onlara evimizin qapısını açanda, süfrəmizin başında oturdanda, ən yağlı tikəmizi yedirdəndə, kirvə eləyəndə bunlar pusquda durmuş yırtıcı canavar kimi məkrli planlarının nə vaxt həyata keçəcəyini gözləyiblər.

Gözünüzün kökü saralacaq, yox, lap qaralacaq, sonra da kor olacaq, ancaq nə torpağımızın bir qarışını, nə də çağlayan Xəzərin bir damlasını  görəcəksiz! 

P.S. “Demokrat Elman”ın ailəsi İrana köçə bilmədi, atası vətən həsrəti ilə dünyasını dəyişdı. Elman həqiqətən mağaza müdiri, mən isə jurnalist oldum. Həmin yaydan sonra Roma ilə yollarımız bir daha kəsişmədi. Amma Roma yəqin ki, hərbçi oldu. Allah bilir, indi haradadır. Nədənsə mənə elə gəlir ki, Qarabağ döyüşlərində şəhid olmuş igid əsgərlərimizin ölümündə, əsir düşmüş vətəndaşlarımızın işgəncələr içində vəhşicəsinə güllələnməsində, dünyanı sarsıdan Xocalı soyqırımında Romanın bir hərbçi kimi barmağı var. Bəlkə, o, ASALA-nın fəal üzvlərindən biri kimi azərbaycanlılara qarşı terror fəaliyyəti ilə məşğuldur? Əgər elədirsə, haram olsun ona Xəzərin balıq “payı”, anamın çörəyi boğazında qalsın.

...Heyf ki, balıqçı Səfərəlini dəniz apardı. Sağ olsaydı, mahir bilici kimi dənizə baxıb qarşıda bizi nələrin gözlədiyini dərhal söyləyərdi, ermənilərin məkrli planlarından xəbərdar eləyərdi. Nə isə...

Fərhad SABİROĞLU