Elektron ədəbiyyat və sənət portalı

Ədəbiyyat üzrə Nobel almış 5 Rusiya yazıçısı

Bölmə: Ədəbiyyat 18.09.2015

Maraqlı faktlardan biri də budur ki, Nobel mükafatını təqdim edəndə yalnız laureatların adlarını elan edirlər, nominasiyaya aid digər məlumatlar isə 50 il ərzində məxfi saxlanılır.

Bu faktdır ki, Nobel mükafatına layiq görülən yazıçıların əksəriyyəti ABŞ və Avropa ölkələrindəndir. 106 dəfə təqdim olunan Nobel laureatı adını 111 nəfər qazanıb. Keçmiş SSRİ-dən olan laureatlar xeyli dərəcədə azdır. Bundan əlavə, belə bir fikir formalaşıb ki, keçmiş SSRİ-dən və Rusiyadan olan laureatların əksəriyyəti yalnız Sovet hakimiyyətini tənqid etdikləri üçün mükafatlandırılıb. Nobel mükafatına layiq görülmüş beş rus yazıçısını təqdim edirik.

İvan Alekseyeviç Bunin – 1933-cü ildə Nobel mükafatına layiq görülüb. Ona mükafat “Rus klassik nəsrinin inkişafına xidmət edən ciddi sənətkarlığına görə” verilib. Qeyd etmək lazımdır ki, İ.Bunin Nobel mükafatını mühacirətdə olduğu zaman alıb.

Boris Leonidoviç Pasternak – 1958-ci ildə Nobel mükafatına layiq görülüb. Mükafat Pasternaka “müasir lirik poeziyada əhəmiyyətli nailiyyətlərə, eləcə də böyük rus epik romanının ənənələrinin davam etdirilməsinə görə “verilib. Bəzi tənqidçilər Pasternakın Nobel mükafatı almasını onun antisovet ruhunda yazdığı “Doktor Jivaqo” romanı ilə əlaqələndirirlər. Bununla bağlı sərt tənqidlərə məruz qalan Pasternak mükafatdan imtina etməli olur. Mükafatın medal və diplomu 1988-ci ildə yazıçının oğlu Yevgeniyə verildi. Xatırladaq ki, Pasternak 1960-cı ildə vəfat edib.

Maraqlıdır ki, 1958-ci ildə Pasternaka mükafatı təqdim etmək üçün yeddi dəfə cəhd edilmişdi.

Nobel mükafatına layiq görülmüş digər rus yazıçısı Mixail Aleksandroviç Şoloxov olub. Mükafat Şoloxova “Rusiyanın dönüş dövrlərində don kazakları haqqında eposun bütövlüyü və bədii gücünə” görə 1965-ci ildə verilib.

Əslində, mükafatın Şoloxova verilməsinin uzun tarixçəsi var. Belə ki, hələ 1958-ci ildə İsveçə səfər etmiş SSRİ Yazıçılar İttifaqının nümayəndə heyəti Boris Pasternakla Şoloxovu müqayisə edib, Pasternakın Avropadakı məşhurluğunu Şoloxovun bütün dünyadakı məşhurluğuna qarşı qoymuşdu. Lakin 1958-ci il aprelin 7-də İsveçdəki Sovet səfirliyinə göndərilən məktubda deyilirdi: “İstərdik ki, bizə yaxın olan mədəniyyət fəaliyyəti vasitəsi ilə Sovet İttifaqında Şoloxovun Nobel mükafatı almasını yüksək qiymətləndirdiklərini İsveç cəmiyyəti də bilsin... Pasternakın da bir ədəbiyyatçı kimi Sovet yazıçıları və eləcə də başqa ölkələrin məşhur yazıçıları tərəfindən qəbul edilmədiyini də cəmiyyətə çatdırmaq lazımdır”.

Bu məsləhətə baxmayaraq, 1958-ci ildə Nobel mükafatı yenə də Pasternaka verildi ki, bu da Sovet hökuməti rəhbərliyi tərəfindən çox pis qarşılandı.

Hadisənin üstündən altı il keçdikdən sonra, 1964-cü ildə fransız yazıçısı Jan Pol Sartr ona verilən Nobel mükafatından imtina etdi. Yazıçı bu addımın səbəblərindən biri kimi, Şoloxovun Nobel mükafatı almamasını göstərdi. Məhz Sartrın bu jesti 1965-ci ilin Nobel mükafatı laureatının seçimini müəyyənləşdirdi.

Beləliklə də, Nobel mükafatı tarixində Mixail Şoloxov SSRİ rəhbərlərliyinin razılığı əsasında Nobel mükafatı almış yeganə yazıçı oldu.

Dissident yazıçı, uzun illər İsveçrə və ABŞ-da yaşamış Aleksandr İsayeviç Soljenitsın 1970-ci ildə Nobel mükafatı alıb. Mükafat yazıçıya “rus ədəbiyyatının sarsılmaz ənənələrinə mənəvi gücünə görə” verilib. Soljenitsın yaradıcılığa başlayandan cəmi 7 il sonra Nobel mükafatına layiq görüldü. Bu, Nobel Komitəsi tarixində yeganə hadisədir. Yazıçının özü Nobel mükafatını siyasi görüşlərinə görə aldığını desə də, Nobel komitəsi bunu inkar edib.

Nobel mükafatını aldıqdan sonra SSRİ-də Soljenitsına qarşı əks-təbliğat başlandı. Hətta 1971-ci ildə onu öldürməyə cəhd də göstərdilər. Belə ki, yazıçıya zəhərli iynə vuruldu. Bundan sonra Soljenitsın uzun müddət xəstə yatdı.

İosif Aleksandroviç Brodski 1987-ci ildə Nobel mükafatına layiq görülüb. Mükafat ona “geniş əhatəli yaradıcılığına, aydın fikirlərinə və coşqun poeziyasına görə” verilib. Brodskinin mükafata layiq görülməsi Nobel Komitəsində o qədər də narazılıq doğurmadı. Çünki o dövrə qədər Brodski artıq bir çox ölkələrdə məşhur idi. Yazıçının özü mükafatı aldıqdan sonra verdiyi ilk müsahibəsində deyib: “Bu mükafatı rus ədəbiyyatı və Amerika vətəndaşı alıb”.

Hazırladı: NARINGÜL