Elektron ədəbiyyat və sənət portalı

İlham Əliyev Bakıda yeni tikilən və əsaslı təmir olunan təhsil müəssisələrinin açılışında iştirak edib

Bölmə: Beynəlxalq 17.09.2016

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, 311 nömrəli məktəb 2007-ci ildən fəaliyyət göstərir. Sonradan ərazidə əhalinin çoxalması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da, təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi artıq zərurətə çevrilib. Bütün amillər nəzərə alınaraq, Sabunçu dairəsində 311 nömrəli məktəb üçün üçmərtəbəli yeni binanın tikintisinə qərar verilib. İnşaat işləri yüksək səviyyədə, bütün standartlar nəzərə alınmaqla həyata keçirilib. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğını, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən Sabunçu rayonunda təhsil müəssisələrində şəraitin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində görülən işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda təhsil sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində inşa olunan 311 nömrəli məktəbin yeni binasında da şagirdlərin təlim-tərbiyəsi və tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 6700 kvadratmetrdən çox olan məktəbdə 47 sinif otağı var.

Dövlətimizin başçısı ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri ilə görüşdü, onları Bilik günü münasibətilə təbrik etdi.

Daha sonra Prezident İlham Əliyev sinif otaqlarında yaradılan şəraitlə maraqlandı.

Bildirildi ki, 960 şagird yerlik məktəbdə informatika otağından əlavə, hərbi hazırlıq, fizika, kimya, biologiya üzrə fənn laboratoriyaları yaradılıb, onların hamısı əyani vəsaitlər və tədris avadanlığı ilə təchiz olunub. Müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığı akt zalından əlavə, 540 kvadratmetr sahəsi olan və müxtəlif avadanlıqla təchiz edilən idman zalı da şagirdlərin ixtiyarına verilib.

Məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. Son illərin statistikasına görə, məktəbi bitirən məzunların 70-80 faizi tələbə adını qazanıb. Bu il məktəbi bitirənlərdən 12 nəfəri 500-dən, 5 nəfəri isə 600-dən çox bal toplayıb.

Bütün bunlar göstərir ki, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Dövlətimizin başçısının təhsilin inkişafına verdiyi önəmin nəticəsidir ki, son illərdə müasir məktəb binaları tikilir, mövcud müəssisələr üçün yeni tədris korpusları inşa olunur. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir.

Sonra Prezident İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşdü.

***

Prezident İlham Əliyev Binəqədi rayonunda əsaslı təmir edilmiş 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılmış IT STEP akademiyasında görülən işlərlə tanış olub.

Təhsil naziri Mikayıl Cabbarov dövlətimizin başçısına məlumat verdi ki, 9 nömrəli Bakı Peşə Liseyinin tədris korpusu bu il əsaslı təmir olunub. Ümumi sahəsi 2750 kvadratmetrdən çox olan korpusda yeni dərs ilindən IT STEP akademiyası fəaliyyət göstərəcək.

IT STEP akademiyası 1998-ci ildə yaradılıb və hazırda dünyanın 17 ölkəsində 44 filialı var. Akademiyada 3 ixtisas sahəsi - kompüter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanır. Tədris prosesi 1900 akademik saatdan ibarətdir və 2 il yarım çəkir. IT STEP-i bitirən müdavimlərə diplomla yanaşı, “Cisco Microsoft” və “Autodesk” şirkətlərinin sertifikatları da verilir.

Bakıda fəaliyyətə başlayan akademiyada 8 yaşından 55 yaşınadək 2100 şəxs təhsil ala bilər. Hazırda IT STEP-də təhsil almaq üçün 210 nəfər sənəd verib, ilin sonunadək bu rəqəmin 500 nəfərə çatacağı gözlənilir. Akademiyada 17 kompüter sinfi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət 4 ixtisaslaşdırılmış laboratoriya fəaliyyət göstərəcək.

Qeyd edək ki, yeni təhsil sistemində peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bunu Prezident İlham Əliyevin bu ilin aprelində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı imzaladığı Fərman da təsdiqləyir. Peşə təhsilinin inkişafı istiqamətində atılan addımlar isə ölkədə bu sahənin potensialının tam üzə çıxarılmasına imkan verəcək. Çünki ölkə iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin açılması peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyacı getdikcə artırır. Peşə təhsilində tədris prosesinin yaxşı qurulması, bu istiqamətdə özəl sektorla təhsil sahəsi arasında mövcud mexanizmlərin tətbiqinin gücləndirilməsi indi qarşıda duran əsas vəzifələrdən biridir. Onu da deyək ki, hazırda Azərbaycanda 115 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsi mövcuddur. Burada təxminən 24 minə yaxın şagird təhsil alır, 6 minə yaxın pedaqoji və köməkçi heyət çalışır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Nizami rayonundakı 32 nömrəli tam orta məktəbin yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub.

Məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 1963-cü ildən fəaliyyətdə olan məktəbdə bir neçə il bundan əvvəl əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, məktəbin maddi-texniki bazası möhkəmləndirilib. Lakin sonradan şagird sıxlığına görə məktəbin genişləndirilməsi zərurəti yarandığından, ərazidə yeni korpusun tikintisinə başlandı. Yeni korpusda 800 yerlik 40 sinif otağı yaradılıb. Bütün sinif otaqları əyani vəsaitlər, tədris ləvazimatları ilə tam təchiz olunub. Yaradılan şərait isə ümumilikdə 1150 şagirdin təhsil aldığı məktəbin imkanlarını daha da genişləndirib. Belə ki, yeni dərs ilindən həm Azərbaycan, həm də rus bölmələrindən ibarət olan məktəb birnövbəli rejimə keçir.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Bilik günündə məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları hədiyyə ediləcək.

Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəni dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil etməsi təsadüfi deyil. Çünki ulu öndər Heydər Əliyevin də dediyi kimi, təhsil millətin gələcəyidir. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Bu siyasət həm də son illərdə tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib.