Elektron ədəbiyyat və sənət portalı

Dağılan tifaq

Bölmə: «Aydın Yol»çular 17.09.2016

Faciədə bir məqam var: Nəcəf bəyə elə gəlir ki, kasıblarda namus, qeyrət kimi gözəl əxlaqi sifətlər ola bilməz. Amma İmamverdi, Kərim kimi obrazlar bəydən intiqam alaraq, bunun əksini sübut edirlər...

Bu gün müasir Ermənistan dağılan tifaqa bənzəyir. Əslində, bu ölkədə dağılmalı, dişə vurmalı bir şey qalmayıb, çünki quldur Serj və onun qulbeçələri mümkün olan hər şeyi çoxdan parçalayıb darmadağın ediblər. Gedən gedib, qaçan da qaçıb, yerdə qalan vətəndaşlar isə Serjin qurduğu hörümçək torunda çapalayır, əlləri bir yerə çatmadığı üçün zülm içində inildəyirlər.

İrəvanın siyasi həyatı da dərin çat verib, aydındır ki, o da tezliklə dağılacaq. Ermənistan Baş naziri Ovik Abramyan gözlənildiyi kimi, istefaya gedib. Abramyan deyib ki, cəmiyyətində qütbləşmə var və bu, daxili və xarici səbəblərdən irəli gəlir. Dövlət isə keçid iqtisadiyyatının doğurduğu problemlərlə üz-üzədir. Ona görə də bu vəzifələrin öhdəsindən yeni hökumət gəlməlidir. Abramyanın yerinə namizəd kimi Rusiyanın “Qazprom” şirkətinin Ermənistandakı törəmə şirkəti “ArmRosqazprom”un direktoru, İrəvanın keçmiş meri Karen Karapetyanın adı çəkilir.

Bundan başqa, xarici işlər naziri Edvard Nalbəndyan və müdafiə naziri Seyran Ohanyanın da vəzifəsini tərk edəcəyi haqda xəbərlər yayılıb.

Məsələ o həddə çatıb ki, hakimiyyətin xüsusi tapşırıqlarını yerinə yetirməkdən imtina edən erməni “qanuni oğru”lar Serjin qəzəbinə tuş gəlib və ölkədən deportasiya olunublar.

Deyilənə görə, Serj kriminal aləmdə tanınan Aleksandr Makaryan (ləqəbi “Alo”) və  Norayr Piloyanı  (“Konço”) yanına çağırtdırıb:

- Dostlar, sizə işim düşüb. İyulun 17-də Yerevanın Erebuni rayonundakı polis məntəqəsini ələ keçirmiş müxalif üsyançılar haqqında ölüm hökmü çıxarın.

Kriminal avtoritetlər bundan boyun qaçırıb bildiriblər ki, siyasətə qarışmırlar və üsyançıları öldürmək onların “səlahiyyətinə” daxil deyil. Serj bərk qəzəblənib və əmr edib ki, bu şəxsləri ölkədən kənarlaşdırsınlar.

Serjin hirsi soyumayıb və qalan oğruları da məclisə toplayıb. “Qanuni ogru”lar - Gevork Melikyan (“Gevorik Oşakanski”), Andranik Soqoyan (“Zap”), Suren Avetisyan (“Suro”) prezidentlə erməni konyakından doyunca içdikdən sonra kefləniblər. Serj əlindəki qədəhi doldurub və ayağa qalxıb.

- Uzun illərdir, şad-xürrəm yaşayırsız, sizə dəyib-dolaşan yoxdur. Bəs bunun haqqını kim ödəyəcək? Sizə məxsus obyektlərin, restoran və barların adını bircə-bircə bilirəm, vergi də ödəmirsiz, indi hesablaşmaq vaxtı çatıb. Azərilər bu gün-sabah axırımıza çıxacaq. Bir sözlə, tifaq dağılır, düşün tasa!

Hamısı bir ağızdan cavab verib:

- Hörmətli prezident, Ermənistanda məmurların əlindən quş da uçura bilmirik. Elə bil “qanuni oğru” biz yox, onlardır. Hər gün həyasızcasına var-yoxumuzu soyub-talayırlar, qəpiyimiz də qalmayıb...

Serj qədəhi birnəfəsə başına çəkib:

- Yorulmadız da yalan danışmaqdan, hamınızı qovacam, həbsxanalarda çürüdəcəm!

- Əlimizdən nə gələr axı?

- Siz belə edin: bir toplantı keçirin, qərar verin ki, mən bu gündən “qanuni oğru” hesab edilirəm. Pul olanda, tacqoyma mərasimi də təşkil edərik.

Beləliklə, Ermənistanın kriminal avtoritetləri hakimiyyətin həbs olunmuş üsyançıları öldürmək əmrini yerinə yetirmədiklərinə görə, çətin vəziyyətə düşüblər. Çünki oğru dünyasının qanunlarına əsasən Serjə belə titul vermək olmaz.

Nəhayət, çıxış yolu tapılıb. Avtoritetlərdən biri deyib ki, Serj çox peşəkar oğru, həm də quldurdur, xalqın, dövlətin pulunu elə çırpışdırır ki, heç ruhu da incimir. Elə bu səbəbdən, onu “fəxri qanuni oğru” elan etmək olar.

Təzə titulun mübarək, Serj!