Elektron ədəbiyyat və sənət portalı

Lahıc - zamanları qovuşduran məkan

Bölmə: Tarix 09.09.2016

Axır ki, bugünlərdə Lahıca getməyə vaxt tapıldı. Həmişə İsmayıllı rayonuna yolumuz düşəndə bu yaşayış məntəqəsinin yerləşdiyi istiqaməti göstərən lövhənin yanından başı göylərə söykənən dağlara həsədlə baxıb sürətlə ötüb keçərdik. Amma budəfəki səfərimizdə belə olmadı. Lahıcın adı yazılan lövhənin yanında maşının sürətini azaldıb ox işarəsi ilə göstərilən istiqamətə döndük.  Pəncərədən üzümüzə meşələrin sərin havası vurdu. Asfalt döşənmiş rahat yollar üzü dağlara tərəf uzanıb gedirdi. Meşələrlə əhatə olunmuş dağların gözəlliyinə baxmaqdan doymaq olmurdu. Elə bil təbiət ağaclardan dağların əyninə yaşıl don biçmişdi. Bu geyim dağlara çox yaraşırdı. Bütün bu mənzərələri seyr etmək insana zövq verir. Belə gözəlliyə heyran qalmamaq mümkün deyil.

Yollarda maşın, gediş-gəliş çox idi. Hamı bu qədim məkana tez çatmağa tələsirdi. Bizi çiyinlərində Lahıca aparacaq yolların da gözəlliyi diqqətimizi özünə çəkdi. Yollar qıvrılıb yatmış ilana bənzəyirdi. Sərt döngələr, dik yoxuş və enişlər təhlükələrdən xəbər verirdi. Hündür ağaclar sanki yola qalın kölgə salmaq üçün bir-biriləri ilə bərk-bərk qucaqlaşmışdılar. Ağacların kölgəsi asfaltın üstündə kəpənəklər kimi oynaşırdı. Beləcə, bizi əhatə edən gözəl mənzərələri seyr edə-edə yolumuza davam edirdik.

Zərnava kəndindəki sərt döngələrin birində maşınların sağ tərəfdə ard-arda dayandığını görüb biz də avtomobili saxlamalı olduq. Ağlıma gələn ilk fikir bu oldu ki, yəqin, qəza-filan baş verib, yoxsa bu qədər maşın yolun kənarına düzülməzdi. Astaca öz-özümə pıçıldadım ki, kaş qəza olmasın. İçimdə həyəcan yükü, maşınların arasından keçib irəli getdim. Gördüm ki, şükür, nə qəza, nə də bədbəxt hadisə baş verib. Əksinə, qarşımda bu yerlərin gözəlliyinin daha bir möhtəşəm səhifəsi açıldı. Yanaşı dayanmış dağların arasından aram-aram, ayaq saxlamadan çay axıb gedirdi. İslanmış irili-xırdalı daşlar par-par parıldayıb sayrışaraq göz qamaşdırırdı. Səmaya əl uzatmaq  istəyən və  bir-birinə bənzəməyən iki dağın arasından kanatla körpü asılmışdı. Lahıca gedən insanların diqqətini də elə bu asma körpü cəlb etmişdi. Bu gözəlliyə tamaşa etmək üçün bir anlıq burada dayanmışdılar. Uşaqlar səs-küy sala-sala körpüyə çıxıb hərəkət etməyə böyük həvəs göstərirdilər. Asma körpü ilə üzbəüz iri qayalar ilk baxışda adama vahiməli gəlir, amma yavaş-yavaş sanki adamla dostlaşıb doğmalaşırdı. Qayanın üstündə torpağın belə əli çatmadığı yerlərdə güllər bitib, çiçəklər açıb. Bu da təbiətin bir möcüzəsidir. Çiçəklərin üstündə arılar vızıldaşır, kəpənəklər uçuşurdu. Qayaların ortasından bulaq qaynayır. Bu sərin sudan bir ovuc içib yolumuza davam edirik.

Lahıca yaxınlaşdıqca yollar adama vahiməli görsənir. Nə vaxtsa burada dağları partladıb, qayaları parçalayıb yol çəkiblər. Elə yerlər var idi ki, baxanda fikirləşirsən, elə indicə dağ yerindən qopacaq, xal kimi görünən iri qayalar adamın üstünə aşacaq.

Asta-asta yolumuza davam edirik. Nə dağlar yerindən qopur, nə də qayalar üstümüzə aşır. Dağlar da, qayalar da, neçə illərdir ki, beləcə, donub yerlərində qalıblar. Torpaqdan möhkəmcə yapışıblar. Nə dağlar bir-birinə oxşayır, nə də qayalar. Hamısı bir-birindən fərqli və bənzərsizdir. İlk dəfə bu yerlərə ayaq qoyduğumdan, ətrafdakı gözəlliyə baxmaqdan gözüm dörd olub. Tanrı bu yerlərə çox gözəl qələm çəkib. Bu yerlərin təbiətinə bütün rəngləri vurub. Ona görə də ətraf rəngarəngdir, bənzərsizdir, təkrarolunmazdır.

Bir az qorxulu, bir az təhlükəli yollardan keçib, axır ki, mənzilbaşına çatırıq. Lahıcı daha da yaxşı görüb yaddaşıma yazmaq üçün ətrafıma diqqətlə göz gəzdirirəm. Elə baxıram ki, sanki bu yerlərin şəklini gözlərimə çəkəcəm. Lahıc hündür dağların ətəyində yerləşir. Əsrlərdir, illərdir ki, bu dağlar Lahıcı ovcunun içində saxlayır. Bura gələn o qədər çoxdur ki, maşın saxlamağa da yer tapmaqda çətinlik çəkirik. Başımı qaldırıb səmaya baxıram. Günəş bəxtəvər-bəxtəvər üzümə gülümsəyir. Deyəsən, o da bizim kimi bu gün çox sevinclidir.

Lahıcın darısqal küçələri, döngələri, yol-yolağası bir anlıq mənə İçərişəhəri xatırladır. Bir anlıq fikrim ötüb arxada qalmış keçmişə əl uzadır. Qulaqlarıma at kişnərtisi, qılınc səsi, ox vıyıltısı, insanların səs-küyü gəlir. Keçib getdiyimiz küçəyə iri-iri daşlar döşənib. Ətrafda gördüyümüz hər şey qədimliyini özündə saxlayıb. Küçə boyu sıralanmış mağazalarda nələr satılmır? Ürəyindən keçən hər şeyi burada tapa bilərsən. Dağ çiçəyindən tutmuş manqala qədər hər şey var. Bütün mağazalarda misgərlik sənətinin nümunələri satışa qoyulub. Emalatxanaların bəzilərinin üstünə vurulmuş tanışlıq lövhələrindən məlum olur ki, onlar XIX əsrin yadigarlarıdır.

Lahıclı oğullar atalarının, babalarının peşələrini böyük həvəslə davam etdirirlər, çiyinlərində bu gündən sabaha daşıyırlar. İrəli addım atdıqca sanki üzü keçmişə gedirsən. Elə bil burada zaman donub, bu günlə keçmiş və gələcək qovuşub. Amma bunların qarşısında bərabərlik işarəsi qoymaq olmur. Çünki zaman məsafəsinə görə bir-birlərindən uzaq və əlçatmazdırlar. 

Gələn turistlər satışa çıxarılmış əşyalara böyük maraqla baxır, ustalarla söhbət edirlər. Sonra həm ustalarla, həm də onların düzəltdikləri əşyalarla bir yerdə şəkil çəkdirirlər. Bu günlərdən, bu yerlərdən yadigar saxlamaq üçün kiçik də olsa, bir əşya alıb aparırlar. Milli geyimlərimiz də Lahıca gələnlərin diqqətini cəlb edir.

Daş döşənmiş küçə ilə irəli getdikcə, sanki ötən illərə doğru addımlayırsan. Ətrafda gördüklərimiz bir anlıq bizi sehrləyir. Sanki nağıllar aləminə düşürsən.

Gəzdiyimiz küçələrdə tez-tez bulaqlarla da rastlaşırdıq. Qaynayıb coşan sərin sudan içdikcə, dağların havasını, torpağın dadını hiss edirdik. Bulaqların cürbəcür adları da var. Məni ən çox cəlb edən “Qoşa bulaq” adı oldu. İki dəmir boru ilə axıb gələn su bir nohurda birləşir. Bir anlıq mənə elə gəldi ki, bu bulaqlardan birinin suyu keçmişdən, biri də gələcəkdən axıb gəlir və burada indiki zamanla, bu günümüzlə qovuşur. Həm keçmişdən, həm də gələcəkdən axıb gələn bulaqdan su içdim. Dadı-tamı eyni deyildi, bir-birilərindən fərqlənirdi. Elə Lahıc da mənim yaddaşımda zamanların qovuşduğu bir məkan kimi qaldı.

Ətrafda gördüyümüz hər şey diqqəti özünə cəlb edirdi. Hər əşyada, hər paltarda bir gözəllik düzümü vardı. Sanki bir anlıq nağıllardakı gözəllik məkanına düşmüşdük. Bir neçə saat gəzəndən sonra üzüyuxarı bir-birinə söykənən dağlara tərəf getdik. Lahıcın dağları ilə küçələrinin gözəliyi bir-birini tamamlayırdı. Başımı qaldırıb səmanı gözdən keçirirəm. Gözəlliyə baxmağa başı qarışan ay da hələ batmayıb, eləcə yerində donub qalıb. Sanki gözlərini bu yerlərin gözəlliklərindən çəkə bilmir. İrəli getdikcə qulaqlarıma su şırıltısı gəlir. İki əzəmətli dağın arasından  axıb gedən çayın səsidir. Çay sanki şırıltısı ilə göz işlədikcə uzanıb gedən bu gözəlliyə, zamanları özündə qovuşduran Lahıca əbədi layla çalır.

Vahid MƏHƏRRƏMOV