Payız havası

Yazarlar 09.09.2016 134

Uzun, isti, bürkülü və bezdirici avqustdan sonra payız havası özünü göstərdi, usanmış duyğular, elə bil sərin külək və yağışla cana gəldi...

Yəqin ki, bu ilin yayını çox xatırlayacağıq: şəxsən mənim yaşadığım illərdə payız havasından ötrü bu qədər darıxdığım yadıma gəlmir...

Ümumiyyətləsə payız – xatirələr fəslidi: bu dünyada az-çox yaşayanlar yaylaqdan, yaxud istirahətdən qayıtdıqlarını, ilk dəfə məktəbə getdiklərini, ali məktəbə qədəm qoyduqlarını, əmək fəaliyyətinə başladıqlarını, ailə qurduqlarını... payız duyğularının havasında xatırlayırlar. Yaxın keçmişəcən ağsaqqallarımız, ağbirçəklərimiz əksər vaxtlarda xeyir işləri payıza saxlayardılar. Payız arzuların gerçəkləşdiyi, çəkilən zəhmətin bəhrə verdiyi, yeni və sanballı işlərə xeyir-dua verildiyi fəsildir.

Payız təkcə çöllərin, bağların, bostanların... barı-bərəkətilə yadda qalmır. Dönüb tarixin səhifələrinə göz gəzdirsən, görərsən ki, elə ən əlamətdar hadisələrin xeyli hissəsi payızın payına düşdür. 98 il əvvəl müstəqillik əldə eləmiş Azərbaycanın  parlamenti payızın ilk günlərində - sentyabrın 7-də açılıb; Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu məmləkətimizin paytaxtı Bakını bir həftə sonra – sentyabrın 15-də azad edərək öz sahibinə qaytarıb; Azərbaycan mədəniyyətinin iki nəhəng siması – Üzeyir bəy Hacıbəyli və Müslüm Maqomayev sentyabrın 18-də dünyaya göz açıblar; oktyabrın 18-də Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşub, dünya dövlətləri birliyinin bərabərhüquqlu üzvünə çevrilib. Bu sadalamanı yenə də uzatmaq olar...

Fəsillərdən yaza və payıza daha çox şeirlər və mahnılar həsr edildiyinin də, məncə, bir mənası var: yaz – doğum, dünyaya gəlmək, pöhrələyib boy atmaq, payız – yetkinlik, bar vermək, əməyinin nəticəsini görmək fəslidir. Elə bil, payızda tökülən yarpaqlar insana ömrün axarını və mənasını xatırladır: doğulan, bir gün dünyadan köçəcək, amma torpağın üstü boş qalmayacaq, yeni pöhrələr cücərəcək, ağaclar yarpaqlayacaq, bar gətirəcək – beləcə həyat davam eləyəcək.

Payız məndən ötrü həm də yazı-pozuyla məşğul olmaq ayıdır: xatırladığım qədər araya-ərsəyə gətirdiyim 6 kitabın hamısını payız aylarında, yağış mövsümü başlayanda qələmə almışam. Elə bil payız məndən ötrü beynimdəkiləri kağıza köçürmək, o biri fəsillərin sıxıntısından qurtarmaq, beləcə, boşalıb yüngülləşmək üçün İlahi nəfəslikdi. Bədii yazılarımdakı payız havasının, yağışlı epizodların, xəzan səhnələrinin çoxluğu da, güman ki, bununla bağlıdı.

Bir də payız meşəsinin vurğunuyam. Yarpaqların o ağlagəlməz rənglərini görmək, xəzəlləri ayaqlaya-ayaqlaya meşə cığırında gəzmək, rastına çıxan giləmeyvələrdən dadmaq, hələ yayın hərarətini az-çox saxlayan torpağın üstünə uzanıb səmaya tamaşa eləmək – bütün bunlar məndən ötrü idilliya deyil, daha çox həyatın mahiyyətinə varmaqdır. Bir neçə il əvvəl payızın ortalarında qələm dostum Nurafizlə Masallı və Yardımlı arasındakı payız meşəsinin gözəlliyindən necə təsirləndiyimizi, xeyli dayanıb o mənzərəni yaddaşımıza və ruhumuza həkk eləməyə çalışdığımızı hələ də unuda bilmirəm...

Payız havası özünü göstərdi. Təki hamı üçün düşərli olsun!..