Elektron ədəbiyyat və sənət portalı

Bir dəniz çağlayırdı...

Bölmə: Tarix 09.09.2016

Xalqımızın yüksək dəyər verdiyi, sevə-sevə qoruyub yaşatdığı, əzizlədiyi Qurban bayramından yazmaq istədim.

Azərbaycanlılara xas mərhəmət, dostluq və yoldaşlıq, ahıllara, valideynlərə hörmət və ehtiram, dar ayaqda çevrədəkilərlə əl-ələ verib çətinliyə sinə gərmək, imkansıza əl tutmaq və bu kimi əvəzsiz keyfiyyətlər barədə söhbət açmağı düşünürdüm. Bir də gördüm ki, candan əziz sevdiyim Xəzər, onun lacivərd dalğaları qoynunda yaşayan fədakar insanlar, onların şərəfli həyatından bəhs edən yazı alınıb.

Məncə, dənizin sahilində yerləşən şəhərlərdə doğulub boya-başa çatan adam üçün bu, adi haldır: harda olsan da, nazlı Xəzər üçün darıxırsan, nağıl kimi şirin Bakının bütün yolları dəniz kənarına aparanda hədsiz məmnunluq duyursan, evdə, ailədə bütün söhbətlər dənizlə başlayıb, dənizlə də da bitəndə dünyanın ən xoşbəxt adamına çevrilirsən... Nə isə, hər birimiz Xəzərin ecazkar sirrini qəlbimizdə gəzdirib ondan ruh alırıq.

Əziz Qurban bayramının el-obamıza qədəm basdığı bu xoş günlərdə yenə də  Xəzərin bu gününü, onun qoynunda yaşayan dəniz xasiyyətli insanların mətanətini qələmə aldım. Xatirələr məni xəzri küləyi  kimi qoynuna alıb  çox uzaqlara, 48 il əvvələ apardı.  Söz vaxtına çəkər, deyiblər. 1968-ci ildə, Qurban bayramı ərəfəsində, Abşeron sahillərində baş vermiş bir əhvalatı xatırladım.

...1968-ci ilin isti avqust gecəsi külək Abşeron  bağlarının şirin yuxusuna elə haram qatdı ki, gəl görəsən. Xəzri gecə gəldi. Balıqçı Səfərəli atama necə demişdisə, elə də oldu. Çox qəribə adam idi bu Səfərəli. Arıq, çəlimsiz, “Kazbek” də damağından düşmürdü. Yay-qış başına “aerodrom” kepka qoyurdu, brakonyerlik üstündə iki dəfə həbsdə yatsa da balıqçılıqdan əl çəkmirdi. Dənizi də beş barmağı kimi tanıyırdı, bircə dəfə gözucu baxmaqla havanın necə olacağını dəqiq deyirdi: xəzri olacaq, yoxsa gilavar.

Səfərəli gündüzlər su maşını ilə Nardarandan Bilgəh bağlarına şirin quyu suyu daşıyır, gecələr də qayıqla balığa gedirdi. Bir dəfə atama dedi:

- Sabir qədeş, bu su daşımaq elə-belədir, mənimçün. Uçastkovı əl çəkmir. Deyir, gərək işləyəsən, mən də dəftərdə sənin adının qabağına quş qoyam. Bilirsən, fabrikdə, zavodda işləmək mənlik deyil. Anam bizi lodkada doğub. Bütün nəslimiz balıqçı olub.  Atamı da, əmilərimi də, üç qardaşımı da  dəniz aparıb. Mənim də qismətimə dənizdə ölmək yazılıb. (İllər sonra eşitdim ki, Səfərəli bir gecə balığa gedib, qayıtmayıb).

Gecə xəzri olacağı barədə xəbərə hamıdan çox mən sevinirdim. Qonşuluqda yaşayan dostlarıma - Elman və Romana (hər üçümüzün 11 yaşı vardı) günorta bu barədə danışanda, mənə inanmayıb lağa qoydular. İnanmadılar, məcbur qalıb, mərcləşdik. Səfərəliyə inandığım üçün geri çəkilmək fikrim yox idi. Uduzsaydım, “28”-i (velosipedin markasına görə, onu belə adlandırırdılar) iki günlüyünə dostlarıma verib, özüm piyada gəzməli olacaqdım. Sevincimin ikinci səbəbi isə bu idi ki, güclü xəzri əssə, səhərə yaxın atamla ləpədöyənə, balıq yığmağa gedəcəkdik.

Bəli, səhv anlamadız, balıq tutmağa yox, məhz balıq yığmağa. Xəzərin belə vaxtları da var idi. Güclü külək dalğaları elə şahə qaldırırdı ki, balıqlar yolunu azıb ləpədöyənə üz tuturdular. Dəniz onları sahilə atan kimi, biz də dəyənəklə başlarından vurub  keyləşdirirdik, sonra da yığıb evə aparırdıq... O dövrlərdə indiki kimi dəbdəbəli bağlar, villalar, ciplər və s. yox idi. Bağ evləri çox sadə tikilirdi. Bugünkü hündür daş hasarları, qurudulmuş tikan kollarından ibarət çəpərlər əvəz edirdi. Bəzən heç çəpər də olmurdu. Adamlar kasıb dolanırdı. Buna baxmayaraq, hamı sevinci də, kədəri də, son tikəsini də bir-biri ilə paylaşırdı, sanki böyük, mehriban ailə kimi yaşayırdıq. Bağ evlərinin çoxunda soyuducu olmadığından, ərzaqları soyuq saxlamaq üçün vedrəyə qoyub su quyusuna sallayırdılar.      

... Atam şalvarının balaqlarını çırmalayıb ləpədöyəndə dayanmışdı. Əlində cib fənəri var idi. Dalğalar elə at oynadırdı ki, hamımız təpədən-dırnağa kimi islanmışdıq. Atam əllə tutduğu balıqları bizə tərəf tullayıb elə hey deyirdi ki, yaxın gəlməyin, sahildə dayanın, yoxsa dəniz sizi aparar...

Dəniz bizi aparmadı. Hələ üstəlik, 5-6 iri nərə balığı da “pay” verdi. Səhər yenicə açılırdı, biz bağlararası qumluq yolla evə qayıdırdıq. Yığdığımız balıqları həsir zənbilə qoyub  “28”-imə yukləmişdik. “Demokrat Elman” elə hey velosipedin yük oturacağına minməyə çalışırdı, mən isə qoymurdm. Qumsalda sürmək onsuz da çətindir axı.”Demokrat Elman”ın ailəsi – Dadıxalar, İrandan köçüb gəlmişdilər. Biz mənasını anlamasaq da, Elman hamıya deyirdi ki, onların ailəsi demokratdır, gün gələcək qonşu ölkədə inqilab edəcəklər, sonra da Elmangil köçüb İrana gedəcəklər, çünki bütün qohum-əqrəbaları orada qalıb.

O biri dostum Roman isə atamdan geri qalmamağa çalışırdı. Roman qonşuluqda müvəqqəti yaşayan Poqosun oğlu idi. Bağımızın yaxınlığında azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarından birinə torpaq sahəsi ayrılmışdı. Poqos da həmin qonşu üçün  ev, hovuz, yardımçı otaqlar tikirdi. Arvadı Asmik də Poqosa fəhləlik edirdi. Ailə həyətin bir küncündə müvəqqəti tikilmiş kiçik daxmada yaşayırdı. Roman hər gün bizə gəlir, birlikdə vaxt keçirirdik. Anamın bişirdiyi yeməkləri çox sevirdi...

O dövrdə Qurban bayramının  rəsmi qeyd edilməsi qadağan olunmuşdu. Amma adamlar bu qadağaya baxmayaraq, gizlincə bayramlaşır, bir-birini təbrik edirdilər. Bu balıq ovu da çox münasib vaxta təsadüf elədi: bir neçə gündən sonra Qurban bayramı idi.

Gətirdiyimiz nərə balıqları əsl Qurban sovqatı oldu. Anam ovu tikələrə böldü, mən də qapı-qapı payladım, qonşular üzümdən öpüb “Allah qəbul eləsin” deyirdilər. O vaxt hələ mənasını anlamasam da, yadıma gəlir ki, çox xoşbəxt idim.

Fərhad SABİROĞLU